525.Az

Köhnə avtomobillərin utilizasiya pulu o qədər azdır ki...


 

ONLARI HİSSƏ-HİSSƏ SATMAQ DAHA SƏRFƏLİDİR

Köhnə avtomobillərin utilizasiya pulu o qədər azdır ki...<b style="color:red"></b>

Məlum olduğu kimi, fevralın 1-dən etibarən ölkədə avtomobillərin texniki baxışı zamanı utilizasiya haqqı hesablanır. Bu, avtomobilin ilinə uyğun olaraq tətbiq olunur. İstehsal ili 10 ilədək olanlarda 10 AZN, istehsal ili 10 ildən 20 ilədək olanlarda 20 AZN, 21 ildən 30 ilədək olanlarda 30 AZN və 31 ildən daha artıq müddəti əhatə edən avtomobillər üçün isə 40 AZN utilizasiya haqqı müəyyənləşib. Ölkəyə idxal olunan, yaşı dörd ildən çox olan avtomobillərə görə 400 manat, yaşı yeddi ildən çox olan avtomobillərə görə isə 700 manat utilizasiya haqqı alınması nəzərdə tutulub.

 

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə 1 milyon 700 mindən çox avtomobil qeydiyyata alınıb ki, onların mütləq əksəriyyəti köhnə avtomobillərdir. Rəsmi rəqəmlər göstərir ki, Azərbaycandakı avtomobillərin cəmi iki faizinin yaşı iki ildən azdır. Avtomobillərin daha üç faizinin istismar müddəti iki-beş il aralığındadır. İstismar müddəti beş ildən 10 ilədək olan avtomobillərin toplam saydakı payı 11.9 faizdir. İstismar müddəti 10 ili aşan avtomobillərsə ölkə avtoparkının 83 faizi qədərdir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, utilizasiya proqramı əsasən istismarda olan və olmayan köhnə avtomobillərə şamil olunacaq. Dövlət vətəndaşa köhnə avtomobilin utilizasiyaya verilməsi üçün 1500 manat dəyərində vauçer təqdim edəcək. Bu gün Azərbaycanda metalloma çevrilən avtomobillər var. Bu avtomobillər ekosistemə böyük zərər vurur. Avtomobildə olan yağlar tədricən torpağa çökür. Bu maddələrin içməli suya qarışma ehtimalı böyükdür. Atılmış tullantı həm də şüalanma mənbəyidir. Ona görə belə köhnə avtomobillər yığışdırılmalıdır.

Eldəniz Cəfərov utilizasiyaya cəlb olunacaq avtomobillərə ödəniləcək məbləğin az olması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib. Ekspert qeyd edib ki, utilizasiyaya görə vətəndaşlara ödəniləcək məbləğ dəyişə bilər: "Elə avtomobillər var ki, onlara daha yüksək utilizasiya haqqı ödənilə bilər. Bəzi avtomobillər var ki, onların heç bir ehtiyat hissəsi yoxdur. Ona görə 1500 manat utilizasiya haqqı verməyə dəyməz. Amma elə avtomobillər də var ki, ağır qəza səbəbindən yararsız vəziyyətə düşsə də, ehtiyat hissələri yerindədir. Belə avtomobilə 1500 manat utilizasiya qiyməti ödəmək düzgün deyil. Çünki avtomobilin təkcə motorunun qiyməti minlərlə manat dəyərindədir".

Eldəniz Cəfərovun qənaətinə görə, köhnə avtomobilini utilizasiyaya verməkdə əhalini maraqlandırmaq üçün yerli avtomobil şirkətləri ilə yanaşı, dilerlərə də vauçerlər tətbiq olunmalıdır. Onun təklifinə görə, rəsmi avtomobil satışı mərkəzləri də bu prosesə qoşula bilər. Çünki bəzi insanlar ola bilər ki, yerli avtomobil almaq istəməsin.

Eldəniz Cəfərov onu da bildirib ki, digər problemlərdən biri sahibləri olmayan avtomobillərin utilizasiyaya cəlb olunması ilə bağlıdır. O deyib ki, bu məsələdə Türkiyə təcrübəsindən istifadə oluna bilər: "Sahibi dünyasını dəyişən köhnə avtomobillərin utilizasiyaya cəlb olunması üçün həmin şəxslərin varisləri tapılmaldır. Onların razılığı alınaraq köhnə avtomobillər utilizasiyaya cəlb oluna bilər".

Ekspert deyir ki, bu zaman müəyyən problemlərin üzə çıxacağı gözləniləndir. Əgər avtomobilin cəriməsi varsa, yaxud cərimə meydançasında saxlanıldığı üçün duracaq haqqı yığılıb qalıbsa, varis onu ödəməkdən imtina edirsə, bu zaman avtomobildən imtina ərizəsi yazmalıdır.

Ekspert utilizasiya proqramının Azərbaycanın avtomobil bazarına təsirlərindən də danışıb. Onub sözlərinə görə, Azərbaycanda avtomobillərin qiyməti aprel ayından etibarən bahalaşacaq: "Ölkəyə idxal olunan avtomobillərinin aprel ayından qiymətinin 5 faiz artacağı gözlənilir. Həmçinin idxal olunan köhnə avtomobillərin qiyməti 3 faiz bahalaşacaq. Buna səbəb ölkəyə idxal olunan avtomobillərə istehsal ili 4-7 ilədək olduqda 400, 7 ildən artıq olduqda 700 manat utilizasiya haqqının ödənilməsidir".

Ekspert onu da əlavə edib ki, avtomobil bazarında canlanmanın Novruz tətillərindən sonra müşahidə olunacağı gözlənilir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının dediyinə görə, bu gün cərimə meydançalarında istismara yararsız, köhnə avtomobillərin sayı çoxdur. Bu halda vətəndaş gedib ya imtina ərizəsi yazmalı, ya da dayanacaq haqqını ödəməlidir: "O avtomobillər orada çürüməməlidir. Vətəndaş ya gəlib öz avtomobilinin duracaq haqqını ödəyərək onu cərimə meydançasından götürməlidir, yaxud da avtomobildən imtina ərizəsi yazmalıdır. İnzibati Xətalar Məcəlləsinə görə, əgər cərimənin tətbiq edilməsindən beş il keçibsə, ondan heç kəs cəriməni tələb edə bilməz. Aidiyyəti qurum tərəfindən həmin cərimə silinməlidir. Amma avtomobillər illərlə mühafizə edildiyindən, duracaq haqqı ödənilməlidir. Bu məbləğin bağışlanması ilə bağlı heç bir qərar yoxdur. Minik avtomobili neçə gün duracaqda qalıbsa, sahibi gününə 1 manatdan duracaq haqqı ödəməlidir".

Ekspertin sözlərinə görə, hazırda paytaxtda cərimə meydançalarında elə avtomobillər var ki, onların duracaq haqqı utilizasiya üçün ödəniləcək məbləğdən bahadır. Bu halda onları dayanacaqdan çıxartmaq avtomobil sahibinə sərf etməyəcək. Yaxud cəriməsi avtomobilin qiymətindən baha olan avtomobillər var ki, sahiblərinin həmin avtomobillərlə maraqlanacağı inandırıcı görünmür. Buna görə də hökumətin güzəşt tətbiq etməsi, borcları silməsi mümkündür.

"Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən vurğulanıb ki, paytaxtda illərdir cərimə meydançasında qalan avtomobillərin utilizasiya proqramına cəlb edilməsi üçün həmin avtomobillərin dayanacaq haqqı ödənilməlidir. Hazırda paytaxtda cərimə meydançalarında illərdir qalan, dayanacaq haqqı ödənilməyən avtomobillər var. Həmin avtomobillərin bir qismi istismara yararsız vəziyyətdədir. Sahibləri həmin avtomobilləri utilizasiyaya təqdim etmək üçün illərdir yığılıb qalan duracaq haqqını ödədikdən sonra şəxsi minik avtomobillərini duracaqdan götürə bilər.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə əsasən, bazarda 1050 manatdan baha satıla bilən avtomobillərin utilizasiya proqramına cəlb edilməsi çətin olacaq. Çünki utilizasiya üçün ödənilən məbləğ azdır. Belə olan halda avtomobillərin ehtiyat hissələrini çıxarıb satmaq utilizasiyaya verməkdən daha sərfəlidir: "Hazırda paytaxtda cərimə meydançalarında elə avtomobillər var ki, onların duracaq haqqı utilizasiya üçün ödəniləcək məbləğdən bahadır. Bu halda onları dayanacaqdan çıxartmaq avtomobil sahibinə sərf etməyəcək. Yaxud cəriməsi avtomobilin qiymətindən baha olan avtomobillər var ki, sahiblərinin həmin avtomobillərlə maraqlanacağı inandırıcı görünmür. Buna görə də hökumətin güzəşt tətbiq etməsi, borcları silməsi mümkündür".

Ekspert deyib ki, Mərkəzi Asiya ölkələrində, Rusiyanın ölkəmizə yaxın olan ərazilərində, qonşu İranda bu tip avtomobillərin ehtiyat hissələrinə daha çox ehtiyac var: "Avtomobillərin utilizasiya yaşı dünyanın müxtəlif ölkələrində müxtəlif illəri əhatə edir. Məsələn, Böyük Britaniya və Fransa kimi Qərbi Avropa ölkələrində avtomobillər 7-8 illik istismardan sonra utilizasiyaya verilir. Baltik ölkələrində bu müddət 12 il, Lüksemburqda 4 ildən az, Səudiyyə Ərəbistanında isə 3 ildən azca çoxdur. ABŞ-da avtomobillər 10-11 ildən, Rusiyada 12-13 ildən, Kubada 38 ildən sonra utilizasiya edilir.

İnkişaf etmiş ölkələrdə vətəndaşları avtomobillərin utilizasiyasına stimullaşdırmaq üçün müxtəlif proqramlar tətbiq olunur. Bunların bir qismi məcburetmə xarakterlidir: müəyyən istismar müddətini keçən avtomobillər üçün vergi məbləği kəskin artırılır. Həvəsləndirmə xaraterli tədbirlərə avtomobilini vaxtında utilizasiyaya verənlərə birdəfəlik ödənişin edilməsi, həmçinin yeni avtomobil almaq üçün güzəşt kuponunun verilməsi daxildir. Əksər ölkələrdə utilizasiya haqqı avtomobil satın alınarkən ödənilir, bəzilərində yol vergisinin tərkibinə daxil edilir. Avropa və ABŞ-da köhnə maşınların təkrar emalını istehsalçı şirkətlər həyata keçirir. Məsələn, Avropa İttifaqının direktivinə əsasən İttifaq ərazisində istehsal olunan avtomobillərin detallarının 95 faizi təkrar istifadə üçün yararlı olmalıdır. Almaniyada istehsalçı şirkətlər bu tələbə tam əməl edirlər. Məsələn, "Mercedes-Benz" şirkəti təkrar emalı mümkün olan detalların üzərinə xüsusi işarə vurur".

Sevinc QARAYEVA

 





22.02.2024    çap et  çap et