525.Az

Cümhuriyyət tarixinin Lənkəranla əlaqəli səhifələri - Etibar Əhədov yazır


 

Cümhuriyyət tarixinin Lənkəranla əlaqəli səhifələri - <b style="color:red"> Etibar Əhədov yazır</b>

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsində, Cümhuriyyətimizin təşəkkül tapmasında Lənkəranda yaşamış və çalışmış vətənpərvər ziyalıların əməyi, peşəkar hərbçilərin rolu, Xalq Cümhuriyyətinin banilərindən biri olan Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin Lənkəran ziyalıları ilə məsləkdaşlıq əlaqələri tarixin yaddaşında silinməz izlər qoyub. Lənkəranda M.Ə.Rəsulzadənin, o cümlədən, haqqında məlumat verəcəyimiz digər parlament üzvlərinin adını daşıyan küçələr var.

Tarixçilər, bütövlükdə oxucular üçün də maraqlı ola biləcəyini düşünərək onların bəziləri ilə oxucuları tanış etmək istərdim.

Mirzə Səlim Axundzadə

1985-ci ilin yay aylarından biri idi. Ömrünün yarıdan çoxunu Azərbaycanın müxtəlif rayonlarında mühəndis-geoloq işləmiş, söz-sənət sahibi İshaq Axundzadə məsul katib işlədiyim "Leninçi" (indiki "Lənkəran") qəzeti redaksiyasına gəlmişdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin ilk yaradıcılarından biri, əmisi Hacı Mirzə Səlim Axundzadə haqqında xatirələrini və əlyazmasını mənə təqdim etdi. Sovetlər dövründə həmin əlyazmanı olduğu kimi dərc etdirmək mümkün deyildi. Bu gün yaddaşımı bir daha vərəqləməklə makinada yazılmış və qatı çoxdan saralmış vərəqləri yenidən nəzərdən keçirməli oldum.

İshaq Axundzadə qeyd etdi ki, əmisi Hacı Mirzə Səlim Axundzadə 1872-ci ildə Lənkəran şəhərində anadan olub. Atası Mirzə İsmayıl Qasir tanınmış şair və maarifçi idi. Hacı Mirzə Səlim ilk təhsilini atasının Lənkəranda açdığı "Üsuli-cədid" məktəbində almışdı. Sonra Lənkəranda rus gimnaziyasını bitirib, bir müddət şəhər polis idarəsində, sonra isə Əsgər xan Talışinskinin yanında katiblik etmişdi. Çox keçmədən Lənkəran mədrəsəsində, Ərdəbil, Zəncan və nəhayət, Nəcəfdə mükəmməl dini təhsil almışdı. Həmin illərdə Həcc ziyarətinə getmiş, təhsilini bitirdikdən sonra Türkiyə və bir sıra Avropa ölkələrinə səyahətə çıxmışdı.

Lənkərana qayıtdıqdan sonra bir müddət axundluq edir. Dinin əsaslarını təhrif edən bəzi mollalar və onların himayədarlarının davranışlarına qarşı etiraz olaraq axundluqdan uzaqlaşır və müəllimliyə başlayır. 1911-ci ildən 1916-cı ilədək Lənkəran şəhər gimnaziyasında islam dini, şəriət və fransız dilindən dərs deyir.

İshaq Axundzadə sözünə davam edərək dedi ki, əmim Hacı Mirzə Səlim Axundzadə 1916-cı ilin əvvəllərində yenidən Türkiyəyə gedib. Rusiyada 1917-ci ildə fevral burjua inqilabından dörd ay sonra, yəni iyun ayında Vətənə qayıdan Hacı Mirzə Səlim Müsavat Partiyasına üzv olur. İnqilabın təsiri ilə hər yerdə olduğu kimi, Lənkəranda da siyasi və ictimai canlanma başlamışdı. Hər məhəllədə icraiyyə komitələri təşkil olunurdu. Bu təşkilatları vahid bir mərkəzdə birləşdirmək üçün Hacı Mirsəmidin evində böyük bir yığıncaq çağırılır. Yığıncaqda 200 nəfərdən artıq yerli ziyalı iştirak etmişdi. Hacı Mirzə Səlim Axundzadə bu yığıncaq barədə yazırdı: "İspolnitelnı komitet" (İcraiyyə Komitəsi - red.) təşkil etmək üçün Mirzə İshaq Mövsümzadəni katib seçdik. O, irəli sürülən namizədlərin adlarını qeydə aldı. Sonra gizli səsvermə yolu ilə 7 nəfər seçildi: Hacı Rza Qurbanov, Mirzə Vahab Məmmədov, Musa bəy Nurullayev, Qulamhüseyn Məmmədov, Mirzə İshaq Mövsümzadə, Xudaverdi bəy Kələntərov və bəndəniz Hacı Mirzə Səlim Axund Axundzadə. Bu yeddi nəfər bir komitə təşkil edib, hamıdan çox səs alan mən Mirzə Səlimi sədr, Mirzə İshaq Mövsümzadəni katib, bir nəfər sədr müavini, bir xəzinadar və üç üzv təyin edildi. Bu təşkilat şəhərdə asayişi təmin etməyə və bəzi təşkilati işlərlə məşğul olmağa başlamışdı".

1918-ci il yanvarın 9-da Bakıdan teleqram gəlir ki, "Müsavat"ın Lənkəran təşkilatından bir nəfər rus dilini bilən kəs ayın 10-da Bakıda olmalıdır ki, Tiflisə gedib orada erməni və gürcülərlə birlikdə Seymin işində iştirak etsin.

Hacı Mirzə Səlim Axundzadə bu barədə xatiratında belə yazır: "Mən təklif etdim ki, Ağa Məmmədli getsin. Lakin təşkilat üzvləri mənim getməyimi məsləhət gördülər. 1918-ci il yanvarın 10-da Bakıya gəlib "Açıq söz" idarəsinə getdim və "Xeyriyyə"də sakin oldum. Məhəmməd Əmin Rəsulzadə məni görcək ehtiram göstərdi. Həmin axşam saat 8-də qatarla Bakıdan Tiflisə yola çıxdıq. Heyətimizdən adları yadımda qalan yoldaşlar bunlardır: Məhəmməd Əmin bəy Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Məhəmmədhəsən bəy Hacinski, Mehdi bəy Hacıbababəyov, Cavad bəy Məlikyeganov, Mehdi bəy Mustafabəyov, Mahmudov, Məmmədyusif Cəfərov, Fətəlixan Xoyski, Doktor Həsən bəy Ağayev, İslam bəy Qobulov. Gəncədə Yusif bəy Nəsibbəyli vaqona minib bizə qatıldı. "İttihad" firqəsindən Soltanməcid Qəniyev, doktor Miryaqub və Heybətulla bəy də bizimlə idilər. Qatar yavaş hərəkət edirdi. Hər bir münasib bir yerdə dayanıb burada toplanan camaat üçün müvafiq nitqlər edilirdi. Yanvarın 12-də Tiflisə varid olduq".

1918-ci il fevralın 23-də Zaqafqaziya Seymində yeni dövlətimizi "Azərbaycan Cümhuriyyəti" adlandırmaq qərarını imzalayan on ikinci millət vəkili Hacı Mirzə Səlim Axundzadə idi: "Tiflisdə iş belə oldu ki, hər üç millət ayrılıb özlərini müstəqil respublika elan etdi. Biz "Oriyent" mehmanxanasında qalırdıq. Bizim 28 nəfərdən ibarət olan və Seymin işlərində iştirak edən heyətimiz orada müşavirə keçirib, Qafqazın bu qiymətli diyarını "Azərbaycan Cümhuriyyəti" adlandırmağı qərara aldıq".

Qeyd edim ki, həmin tarixi hadisə ilə əlaqədar "Azərbaycan" qəzetinin 14 noyabr 1991-ci il tarixli nömrəsində Mirzə Səlim Axundzadə haqqında məqaləm də dərc olunub. Yazıda deyilir: "Belə bir vaxtda ermənilərlə müsəlmanlar arasında münaqişə daha da kəskinləşmişdi. Seymin işində iştirakçı müsəlmanlar kömək üçün Türkiyəyə müraciət etməyi qərara aldılar.

Türkiyə Nazirlər Kabinetinin bəzi üzvləri bildirdilər ki, Lenin Qars və Ərdahanı Türkiyəyə qaytardığı üçün Türkiyə qoşunu Rusiyanın daxili işlərinə müdaxilə etməməli və Qafqaza girməməlidir. Lakin Tələt paşa ilə Ənvər paşa etiraz edib deyirlər: "Erməniləri buraxmaq olmaz ki, Qafqazda müsəllah surətdə bizim müsəlman qardaşlarımızı qırıb fəna edəndən sonra oradakı ana və bacılarımızın namusuna təcavüz etsinlər. Necə olur-olsun, qafqazlıların müavinət və imdadına qoşun göndərmək lazım və vacibdir".

Ənvər paşa qardaşı Nuru paşanı və əmisi Xəlil paşanı 25 min nəfərlik qoşunla Qafqaza göndərir. Gürcülər qoşuna yol vermirlər. Nuru paşa yolu dəyişərək başqa tərəfdən Gəncəyə daxil olur. Buradan dörd min türk əsgəri Hacı Mirzə Səlim Axundzadənin müşayiəti ilə Zəngəzura tərəf hərəkət edir. Məqsəd ermənilərin mühasirəsində olan müsəlmanları azad etmək idi. Mirzə Səlim Axundzadə tapşırığı yerinə yetirir. Beləliklə, Zəngəzurda əmin-amanlıq yarada bilir. Ona görə də yerli camaat onu Azərbaycan Cümhuriyyəti parlamentinə deputat seçir.

Mirzə Səlim Axundzadə 1918-ci il mayın 26-da yaranmış Azərbaycan Milli Şurasının üzvü idi. Mayın 27-də Qafqaz canişini sarayına toplaşmış müsəlman nümayəndələri yaranmış siyasi vəziyyəti müzakirə edirlər. Azərbaycan Milli Şurasının rəyasət heyəti seçilir. M.Ə.Rəsulzadə onun sədri olur. 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini dinləyən Şura üzvləri sırasında Mirzə Səlim Axundzadə də var idi.

Söhbətimiz zamanı İshaq Axundzadə bildirdi ki, Hacı Mirzə Səlim Axundzadə 1914-cü ildə Teymur bəy Qulubəylinin qızı Münəvvər xanımla ailə qurub. Onların Ayişə (Məsmə) və Cəmilə adında iki qız övladı olub. Lakin Mirzə Səlim 1920-ci ildə mühacirət etdikdən sonra böyük qızı 1921-ci ildə, kiçik qızı 1923-cü ildə rəhmətə gedib. Mühacirət dövründə Mirzə Səlim Axundzadənin Məhəmməd Əmin Rəsulzadə ilə bəzi görüşləri olub. O, Əfqanıstanı və Türkistanı dolaşandan sonra İranda məskən salıb. 1924-cü ildə qaynı Məşədi Ağa bəy öz bacısını, yəni M.S.Axundzadənin həyat yoldaşını Lerik yolu ilə onun, yanına - Ərdəbilə aparır, özü isə Lənkərana qayıdandan sonra həbs edilir. Hacı Mirzə Səlimin İranda iki oğlu olub. Böyüyü İsaq (Rövşən) 1927-ci ildə, kiçiyi Zahir 1930-cu ildə dünyaya gəlib. Bir müddət Ənzəli şəhərindəki hökumət mədrəsəsində müəllimlik edib. 1930-cu il dekabrın 15-də 58 yaşında İranda dünyasını dəyişmiş Hacı Mirzə Səlim Axundzadənin qəbri Ənzəlinin "Laləzar" qəbiristanlığındadır.

(Ardı var)

 





22.02.2024    çap et  çap et