525.Az

“Güclü Dövlət, güclü Lider”: Azərbaycanın uğur fəlsəfəsi


 

“Güclü Dövlət, güclü Lider”: <b style="color:red">Azərbaycanın uğur fəlsəfəsi</b>

Müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edən uğurlarımızın əsas şərti Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətdir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan məhz Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi də şöhrət tapdı.

Prezident İlham Əliyev hər zaman xalqına arxalanır, xalqından güc alır və bunun üçün daim xalqının yanındadır. Bu birlik, həmrəylik, Prezidentinə güvən, inam 44 günlük müharibədə tarixi Zəfərimizə yol açdı. “Dəmir yumruq” müharibənin rəmzinə çevrildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Ordusu milli qürurumuzu, kimliyimizi özünə qaytaran Qələbəyə imza atdı. Cənab İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı.

Ən müvəffəqiyyətli dövlətlər, güclü liderlərin idarə etdiyi dövlətlərdir. Güclü liderlər vizyonları, iradələri və effektiv idarəetmə təcrübələri ilə dövlətin vətəndaşlarının maraqlarını qorumaq və inkişaf etdirmək üçün effektiv strategiyalar tətbiq edirlər. Bu liderlik keyfiyyətləri dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə, o cümlədən siyasi, iqtisadi, sosial və mədəni sahələrdə istifadə olunaraq dövlətin gücünü və bu gücün effektivliyini təmin edir. Güclü dövlət güclü liderliyin məntiqi nəticəsidir. Müdrik tədbirlər sayəsində dövlətin maliyyə stabilliyinin təmininə və iqtisadiyyatının sürətli inkişafına yol açır, sosial problemlərin həllində və beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində bu çağırışı etmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu tarixi müraciətdən 20 ildən artıq vaxt keçir. Bu illərin Azərbaycanın həyatında hansı yeniliklərə imza atdığını, hansı mühüm hadisələri çoxəsrlik tariximizə yazdığını görürük - dünyaya səs salan inkişaf modelimiz bunu bariz şəkildə təqdim edir. Qazanılan uğurlar, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi, xalqımızın xoşbəxt xalqlar sırasında qərarlaşması 2003-cü ildə etdiyi seçimdə yanılmadığını, cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə inamla irəlilədiyini nümayiş etdirir. Bu illər ərzində güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın qüdrətinə çevrildi. Cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsi gətirdi. Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin 20 ili ərzində həm də siyasi fəaliyyətində “güclü iqtisadiyyat-güclü dövlət” prinsipinə əsaslanıb.

Mövcud geosiyasi və geostrateji situasiyalar, regionda həyata keçirilən bütün beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının diqqətə alınması ilə formalaşır. Bu, prosesi müşahidə edən daxili auditoriya üçün də mühüm üstünlüklər formalaşdırır - mənəvi birliyin təmin edilməsi, cəmiyyətdə müsbət əhval - ruhiyyənin yaranması, ideya və dəyərlər sisteminin formalaşması daha pozitiv xəttlə inkişaf edir. Bu xüsusiyyətlərin təsiri ilə ölkəmizdə siyasi sabitlik qorunur və gələcək inkişaf üçün zəmin yaradılır. Prezident İlham Əliyev fəaliyyəti və davranışı ilə Azərbaycan siyasi sisteminə, məntiqi mülahizələr və analitik təhlilə əsaslanan, mütərəqqi, milli məqsədlərə xidmət edən siyasi realizmin nümunəsini təqdim edir.

Cənab İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən zaman bildirmişdi ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacaq, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcək. Çünki Heydər Əliyev siyasi kursu Azərbaycanın bu günü, sabahı və gələcəyi üçün uğurlu siyasi xəttdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtarıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru inamlı addımlar atıb. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlətçilik ənənələri qurulub, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirib, sabitlik yaradılıb və inkişaf başlayıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə bu siyasi kursun inkişaf etdirilməsi Azərbaycana mühüm uğurlar qazandırıb. Bu müddət ərzində regionda reallaşdırdığımız təşəbbüslər, layihələr əməkdaşlığın inkişafında da əsaslı dayağa çevrilib. Müstəqil siyasət, milli maraqlarımızın qorunması və multikultural cəmiyyətin inkişafı, milli-dini tolerantlıq uğurlarımızın təməl prinsipinə çevrilib.

Ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edən, hədəflərini reallaşdıran, cəmiyyətin enerjisinin bu hədəflərə səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevirən dövlət başçısı, lider xalqının, dövlətinin gələcəyinin qarant altında olmasına və dinamik inkişaf yoluna çıxmasına əsas yaradır. Bu mənada Azərbaycan xalqının gələcəyi əmin əllərdədir.

Azərbaycan coğrafi arealda sülh, tərəqqi və əməkdaşlıq adasına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilib. Bu amil getdikcə daha qabarıq hiss olunur, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, beynəlxalq təşkilatların hesabatlarında bütün sahələrdə əldə olunan uğurlar təqdir edilir, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar nəticəsində müasir Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz regional lider statusunu və qlobal əhəmiyyətini kifayət qədər oturuşdurub. Planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi iğtişaşların müşahidə olunduğu, hətta aparıcı ölkələrin belə iqtisadi - maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycanın inkişafı yüksək səviyyədədir. Şübhəsiz, bütün bu nailiyyətlərin arxasında güclü lider fenomeni dayanır.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ictimai-siyasi həyatın bütün sahələrində sürətli inkişaf müşahidə olunmaqdadır. Azərbaycanın iqtisadi və hərbi potensialı güclənib, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin vətəndaşlar tərəfindən birmənalı dəstəklənməsini təmin edən mühüm amillərdən biri də ölkəmizdə siyasi sabitliyin, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, siyasi dialoq mühitinin təmin olunmasıdır. Eyni zamanda, bu siyasət Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Azərbaycanın bir çox sahələrdə əldə etdiyi uğurları ilə hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı və davamlı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edən amilə çevrilib. Nəticə etibarilə, çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Dünya azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında sıx birləşib, Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, Onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır.

Xalq-iqtidar birliyi, güclü milli həmrəylik ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyinə əminlik formalaşdırır. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”. 

Ziyafət Həbibova,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru

 





22.02.2024    çap et  çap et