525.Az

Ustad yadigarları: görüşlər, söhbətlər, xatirələr


 

GÖRKƏMLİ XANƏNDƏ, UNUDULMAZ ŞƏXSİYYƏT ƏLİBABA MƏMMƏDOVUN RUHUNA DƏRİN EHTİRAMLA

Ustad yadigarları: <b style="color:red"> görüşlər, söhbətlər, xatirələr</b>

(Əvvəli ötən sayımızda)

 

Ustad Əlibaba Məmmədov həm də xeyirxah əməllər sahibi idi. Fenomenal yaddaşa malik olan müəllimimiz təhsil müddətində bizə çox olaylardan söhbət açmışdı. O cümlədən, əliaçıqlıq edib insanlara göstərdiyi yardımlardan danışmışdı. Bunları biz də dinləyib nümunə götürək deyə söyləyirdi. Bir dəfə gecə vaxtı restorandan çıxanda soyğunçulara tuş olub cibindəki pulları onlara verməli olan birisi, naəlac qalaraq, Əlibaba müllimin qapısını döyübmüş. Sonrasını ustad belə xatırlayırdı: "Çox çətinliklə, sifəti allanmış halda dillənib dedi: "Əlibaba müəllim, səndən borc pul istəyirəm. Bu şəhərdə qohum-qardaşım yoxdu, nə də ərkim çatan tanış var. Televizorda görüb, radioda səsini eşidib, səni tanımışam. Sağ olsun taksi şoferi, adını çəkəndə ünvanını öyrənib məni buraya gətirdi..."

Böyüklərdən eşitmişdim ki, sənə uzanan əli heç vaxt boş qaytarma. Durub, istədiyinin üstünə bir az da məbləğ əlavə edərək gətirib ona verdim. Pulu saymadan cibinə qoydu. "Narahat olmayın, Şəkiyə qayıdım, uzağı bir aya əmanətini çatdıracağam. Allah köməyiniz olsun!" - deyib getdi.

Şəkilinin verdiyi bir aylıq vədə dönüb ikiay oldu. Ondan xəbər-ətər yox idi. Xanımım arada mənə dedi ki, o pulun fatihəsini ver, fırıldaq adama ürcah olmusan.

Mən isə: "Narahat olma, o kişi elə iş tutmaz", - deyə cavab verdim.

"A kişi, bu yaşa çatmısan, hələ də sənə kələk gələni tanımırsan. Ünvanını, nə işin sahibi olduğunu da demədi".

Bəlkə də xanımın dediyində bir həqiqət vardı... Amma bir günorta, rəhbəri olduğun "Humayun" ansamblının məşqindən gəlib evdə yemək yediyim yerdə qapının zəngi çalındı. Durub qapını açanda gözümə inanmadım. Həmin o şəkili kişi qarşımda durub üzümə gülürdü.

- Əlibaba müəllim, bağışlayın ki, verdiyim vədə xilaf çıxıb gecikmişəm. Rayonda təsərrüfat vaxtıdır, kənara addım atmaq olmur.

- A kişi, içəri keç görüm, - dedim. - Qayınanan səni çox istəyir, süfrə başına gəlib çıxmısan.

- Yox e, çox istəsə idi, qızını mənə verməzdi, - deyib qımışdı.

Xanımım ona da yemək gətirdi. Onun da üzündə təbəssüm gördüm. Zarafat deyildi, fırıldaq saydığı adam indi üzbəüz oturub, mənimlə bir masa arxasında nahar edirdi. Yenidən qapının zəngi çalındı. Şəkili dilləndi:

- Qardaş, narahat olmayın, bizim uşaqlardı. Bir az ayın-oyun gətirmişəm. Onları yuxarı daşısınlar. Zəhmət deyilsə, bir yer göstərin, ora yığsınlar.

Şəkili tanışım, daha doğrusu, özünün dediyi kimi, qardaşım nahar edib, əmanəti qaytararaq çıxıb getdi. Yoldaşımla dəhlizdə durub, onun gətirdiyi sovqatı yerləşdirməkdən ötrü baş sındırırdıq. Belə qərara gəldik ki, sovqatın bir hissəsini qohum-qardaşa verək. Belə də etdik".

Bir gün ustada zəng vurub əhvalpürsanlıq etdim. Səsinin tonu xoşuma gəlmədi. Əməliyyatdan sonra evə dönmüşdü. "Kaspar" klinikasında yatanda onu ziyarət etmişdim. Dediyindən belə məlum oldu ki, əməliyyatı uğurlu keçməyib, ikinci dəfə əməliyyat olunmuşdu. Oğlumla birlikdə 7-ci mikrorayondakı evinə getdik. Sonradan Prezidentin ona verdiyi, Rəsulzadə qəsəbəsindəki mənzilinə köçdü. Tələbəsi Könül Qəmbərova ona qulluq edirdi. Ustadın ayaqları yer tutmurdu. Sərbəst yeriyə bilmirdi. Oğlum Vəfa qoluna girib, vanna otağına aparıb, yuyunmasına yardımçı oldu. Könülün verdiyi çayı içə-içə ustadla söhbətləşib xatirələri çözələdik. Rəngi-ruhu avazımış, arıqlamışdı. Danışığında da kefsizliyi hiss olunurdu. Ona təsəlli vermək istədim:

- Əziz müəllimim, inşallah, tezliklə ayağa durub, işinə-gücünə gedəcəksiz. Tələbələr səbirsizliklə sizi gözləyirlər...

- Yox, Əkrəm! Bu həna o hənadan deyil. Mən bilirəm də... Ayaqlarım sanki özümün deyil.

O, əyilib əsəbi halda ayaqlarına vurmağa başladı. Əlindən tutdum. Əli ovcumda ola-ola:

- Ustad, ayaqlarının tutulması müvəqqəti haldır. Bu, keçirdiyiniz əməliyyata xas olan cəhətdir. Zarafat deyil, qısa müddət ərzində iki dəfə əməliyyat olunmusuz. Vallah, beş-on günə sağalıb, ayağa duracaqsız. Mənə inanın! - dedim.

- Təki elə olsun.

Deyəsən, sözlərim ona əsər etmişdi. Gözlərində işıq gördüm. Bu hal məni çox sevindirdi. Çox keçmədi ki, ustad sağalıb ayağa durdu. Neçə illər dərsinə getdi. Mən də arada vaxt tapanda dərslərində iştirak edib, tələbəlik illərimi yada salırdım. Neçə-neçə muğam müsabiqələrində başda oturub, dəyərli fikirlərini gənc muğam ifaçılarına çatdırdı. Qaliblərin qala-konsertləri onsuz keçməzdi. Birinci mükafatı qalibə, adətən, Əlibaba müəllim təqdim edərdi.

 Tələbəlik illərimdə Sumqayıt və Siyəzəndəki konsertlərində ustadımla bir səhnədə çıxış etmişəm. Maştağa toyuna məni apararaq oxumağıma vəsilə olub. Sözsüz ki, uğurlarımın əsas səbəbkarı o idi.

Tələbələrinə məsləhət verib, deyərdi: - Televiziya və radioda çıxış üçün tələsməyin. Çalışın ki, dinləyicinin qabağında bomba kimi partlayın. İlk çıxışında yaddaşlara necə hopdunsa, elə də qalacaqsan.

Təsadüf ola bilərdi ki, Filarmoniyada konsertinə getməyim. Çalışırdım ki, çıxışlarını daim izləyim. El arasında toy-düyünlərdə ad çıxarmış bəzi sənətkarlara meydangir deyirlər. Əlibaba müəllim həm səhnədə, həm də toyxanada əsl meydangir idi. Böyük səhnə təcrübəsinə və mədəniyyətinə malik idi. Çıxış vaxtı tamaşaçıların istəklərini sanki havada oxuyardı. Onların zövqünü oxşayan təsnif, muğam və mahnılar ifa edərdi. Hər konserti anşlaqla keçərdi. Özü bu barədə deyirdi: "Konsertlərimə Bakı və ətraf kəndlərdən, o cümlədən, Maştağadan çoxlu tamaşaçı gəlir. Onlar sənətimə dəyər verir, xətrimi əziz tuturlar. Sağ olsunlar! Tanrının nəzəri üstlərində olsun".

Əlibaba müəllimin bir üstünlüyü də bu idi ki, kəmiyyətə görə deyil, keyfiyyətə görə özünə repertuar seçib oxuyardı. İlk növbədə səsinə düşən mahnıları ifa edərdi. Bəlkə də bəstələdiyi mahnıları öz səsinə görə ərsəyə gətirmişdi. Hər halda, bu, mənim subyektiv fikrimdir.

Nazirlər Kabinetində Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin köməkçisi vəzifəsində çalışdığım vaxtlar idi. Bir söhbətimiz zamanı muğamdan, musiqi ifaçılarımızdan söz düşəndə Elçin müəllim məndən:

- Muğam dərsini kimdən almısan? - deyə soruşdu.

- Əlibaba Məmmədovdan.

- Belə de... O həm pedaqoq, həm də xanəndə kimi gözəl sənətkardır. Onun bəstələdiyi mahnılara vaxt tapdıqca qulaq asıram. Təbi rəvandır. Əlibaba müəllim konservatoriya təhsili görmüş olsaydı, daha böyük əsərlər yaradardı.

Elçin müəllimin ustadım haqqında dediyi bu fikirlər Əlibaba müəllimə, onun sənətinə verilən dəyər, böyük ziyalı qiymətidir.

Vaxtilə Əlibaba müəllimdən dərs almış sənətkarlardan bəziləri haqqın dərgahına gediblər artıq. Allah onlara rəhmət eləsin. Məmmədbağır Bağırzadə çox böyük talant sahibi idi. Əlibaba müəllimdən muğamlarımızı əxz edən tələbə dostum ustadın etimadını doğruldaraq peşəkar xanəndə oldu. O, özü də şeirlər yazıb, mahnılar bəstələyirdi, Xalq artisti fəxri adına layiq görülmüşdü. Təəssüf ki, əcəl onu tez yaxaladı. Ruhu şad olsun.

Ustadın digər tələbəsi Məhəmmədəli Şahverdiyevin də yaxşı, dolu səsi vardı. Hər dərsdə müəllimimiz ona "Sudan gələn sürməli qız" xalq mahnısını oxutdurardı. O, mahnını tamam başqa şövqlə oxuyardı. Mahnının ruhuna uyğun muğam ifa edər, mahnıya yeni çalar gətirərdi. Onu da qeyd etməyi özümə borc bilirəm ki, Məhəmmədəli kimi bu xalq mahnısını oxuyan ikinci bir ifaçı görməmişəm. Çox təəssüf ki, səhlənkarlıq edərək mahnını o zaman lentə aldırmadı. Tələbə dostumuz Biləcəridə şəxsi təsərrüfatı ilə məşğul olur, həm də toylara gedirdi. Şəkər xəstəliyindən əziyyət çəkən tələbəlik dostum dünyasını dəyişib. Onun da ruhu şad olsun.

Elmira Məmmədova bir müddət Əlibaba müəllimin rəhbərlik etdiyi "Humayun" xalq çalğı alətləri ansamblının solisti oldu. Sonradan İsrailə köçdü.

Bu sətirlərin müəllifi - mən də beş-altı il sənətdə qaldım. Abşeron kəndlərində, Şuşa, Ağdam, Gəncə, Karsnovodsk-Türkmənbaşı, İrəvan və başqa şəhərlərdə, bölgələrimizin neçəsində toylarda xanəndəlik etdim. Etiraf etməliyəm ki, Qarabağ toylarının gözəlliyini və xanəndəyə olan hörməti, eləcə də Bakı kəndlərində sənətkara verilən yüksək dəyəri bəzi bölgə və kəndlərimizdə görməmişəm. Tale elə gətirdi ki, muğamı daha yaxşı başa düşüb anladığım bir vaxtda canıma, qanıma hopmuş bu sənətdən getməli oldum. Dövlət məmuru oldum və oxumağıma son qoyuldu. Amma dost-tanış məclislərində məni oxutdurdular, alqışlar aldım. Dostum filologiya elmləri doktoru Abid Tahirlinin yubileyində məndən oxumağımı xahiş etdi. Müştəbehlik olmasın, tarzənin gözəl müşayiəti təbimi coşdurdu. Bir-iki ağız "Mənsuriyyə" oxudum. İfanı bitirər-bitirməz məclisdəkilərdən bir nəfər durub icazə almadan mikrofonu götürüb dedi:

- Siz bu səslə xalqa xəyanət edib, gedib oturmusunuz idarədə...

Belə hallarla çox üzləşmişəm.

Əlibaba müəllimlə ömrünün sonuna kimi ünsiyyətdə qaldım. Bir dəfə telefonda mənə dedi:

- Əkrəm, mənə olan hörmətin, müəllim-tələbə münasibəti imkan verir ki, bunu deyim: səndən başqa mənimlə mütəmadi əlaqə saxlayan ikinci tələbəm yoxdur. Müəllimin kimi səndən bir xahişim var. Daha qocalmışam, zarafat deyil, doxsanı xırdalayıram. Mən dünyadan köçəndə Seyranı tək qoyma. Sən dövlət adamısan. Yanında ol, bəzi işlərdə ona əl tut, köməyini əsirgəmə...

Çox narahat oldum. İstəmirdim ki, onun dilindən "ölüm" sözünü eşidim. Necə ola bilər, dərs keçdiyi vaxtlarda bizə tək müəllim deyil, ata kimi nəsihət verən, həyatın doğru-düzgün istiqamətlərini anladan müəllimimiz ölümdən danışıb, məndən kömək istəsin?! İndinin özündə də o səs qulaqlarımda səslənir.

Mən onun əziz-xələfi, madər oğlu Seyrana köməklik edə bilmədim. Əlibaba müəllim bir daha mənə zəng vuraraq xahiş etmədi. Ölümündən iki gün qabaq son dəfə ona zəng vurdum. Telefonu nəvəsi götürdü: "Yatıb" - dedi. Əslində əziz müəllimim danışa bilmirdi. Onun madar oğlu Seyran dünyasını dəyişmişdi. Bundan bir il qabaq isə böyük qızı haqqın dərgahına qovuşmuşdu. Övlad itkisinə dözməyən ustadım oğlunun vəfatından səkkiz gün sonra bizə və həyata əbədilik əlvida dedi. Haqq dünyasının qapısından keçərək, nurlu məskənin əbədi sakini oldu. Yeganə təsəllimi onda tapıram ki, Fəxri xiyabanda tabutunun altına girib, ona olan son borcumu, sayqımı belə ifadə etdim.

Uyuduğu yerə hərdən baş çəkib onunla xəyalən həmsöhbət oluram. Belə anlarda bəzən mahnıları qulağımda səslənir. Mahnılarının arxasından bizə boylanan Əlibaba müəllimi dipdiri görürəm. Deməli, o, mənən sağdır, mahnılarında yaşayır və əbədi olaraq yaşayacaq. Şəhid Xudayar Yusifzadə onun "Vətən yaxşıdır" mahnısında yaşadığı kimi.

Qəbrin nurla dolsun, əziz Ustad, ruhun şad olsun!

 





22.02.2024    çap et  çap et