525.Az

Vətən sevdalısı


 

Vətən sevdalısı<b style="color:red"></b>

"Mənim Vətən xəstəliyim var, Allah şəfa verməsin" - dediyi bu sözlər çoxlarının dilində əzbər olanda Əli hələ məktəbliydi.

Vətən xəstəsiydi Əli - dərmanı işğal altında olan torpaqlarımızın azadlığıydı.

Əli Rahin oğlu Seyidov 1999-cu il  iyulun 11-də Bakıda anadan olmuşdu. 2006-2017-ci illərdə Rixard Zorge adına 90 nömrəli məktəbdə oxumuşdu. Uşaqlıqdan idmanla məşğul olurdu. Müxtəlif idman yarışlarında iştirak edən Əli 15 qızıl, 6 gümüş, 3 bürünc medal qazanmışdı. Məşqçiləri, yaxın dostları ona çox güvənir, idmandan ayrılacağını güman etmirdilər. Ancaq Əli hərbçi olmaqda qərarlıydı.

Orta təhsilini başa vurub sənədlərini Hərbi Akademiyaya verir. Qəbul oluna bilməsə də, fikrindən dönmür. 2018-ci ildə həqiqi hərbi xidmətə yollanır. Goranboyda Ballı Qayada xidmətə başlayır. Xidmət zamanı da müxtəlif təşəkkürnamələrə layiq görülür. Bütün tapşırıqları yerinə yetirərkən birinci olduğundan "Yırtıcı" ləqəbi ilə müddətli hərbi xidmətini başa vuran Əli ailəsinin yanına MAXE olmaq qərarı ilə qayıdır.

"Məsləhətləşərdik həmişə. Hərbçi olmağına da etiraz etmədim. Özüm də hərbə maraq göstərmişəm, hərbçi olmaq istəmişəm, arzumu reallaşdıra bilmədim. Ona görə Əlinin hərbçi olmasına sevindim əslində. O, Hərbi Akademiyaya imtahan verdi. 2 balını azaltdılar. Əli ruhdan düşmədi, "onsuz da mən hərbçi olacağam" dedi. Uşaqlıqda  geyimlərinə bayraq tikdirərdi. Vətənpərvər ruhda böyüyürdü Əli. "Torpaqlarımızı azad edəcəyəm, 22 yaşında məni hamı tanıyacaq" deyirdi. Elə də oldu. İndi onu hamı tanıyır" - deyir övladlarına həm ana, həm də ata olan Lalə xanım.

Qardaşı Məhəmməd Seyidov: "İdmanda uğurları çox idi. Kinqboksla, üzgüçülük və futbolla da məşğul olurdu. İştirak etdiyi bütün yarışlarda fərqlənirdi. Əli yorulmaq bilmirdi. Məşqçilərimiz idmanda qalmasını istəyirdi. İdmanı sevən, bu qədər uğurları olan biri üçün idmandan ayrılmaq çətindi əslində. Əli ayrıldı. Hərbini seçdi. Onun üçün Vətən birinci idi. Həqiqi hərbi xidmətdə olanda artıq diqqət çəkmişdi, qaçışda, qol gücündə, silahı söküb-yığmaqda birinci olurdu. Müddətdən artıq hərbi xidmətə də özü qərar verdi. Ən böyük arzusu torpaqlarımızın azadlığı uğrunda vuruşmaq idi".

Əli savaşa XTQ-nin kəşfiyyatçısı kimi qatıldı. 21 düşmən postunun məhv edilməsində cəsurluğu, qəhrəmanlığı ilə fərqləndi. "Suqovuşanın fatehi" oldu.

Döyüş yoldaşı Nicat Mirəliyevin söylədikləri: "Hərbiyə gələndən seçilib Əli. Döyüşlərdə də çox igidlik göstərdi. Neçə dəfə əlbəyaxa döyüşlər oldu. Əli elə çevik, elə cəld idi ki, bircə dəfə də geri çəkilmədi, məğlub olmadı, qəhrəmanlıq simvolu olan Mübariz İbrahimovun postunda da, düşmən təxribatlarının qarşısının alınmasında da igidlik göstərdi".

Vətən müharibəsi qazisi Sərxan Yolçuyev: "Əli kimi oğullar qələbə qazandırdı bizə. Elə cəsur, elə qorxmaz idi ki... Şəhidlik hamıya nəsib olmur. Torpaqlarımızın azadlığı yolunda şəhid olmaq hər birimiz üçün müqəddəs idi. Əminəm ki, Əlinin də, bütün şəhidlərin də ruhu şaddır, çünki hər biri qələbəyə inanırdı, qalib olacağımıza əmin idi".

İkinci Qarabağ savaşının qazisi Xəzər Əliyev: "Hərbi xidmətdə bir yerdə olmuşuq. Bütün təlimlərdə, tapşırıqların yerinə yetirilməsində birinci olardı. XTQ-ə keçmək elə də asan deyil. Əli ən çətin sınaqlardan da çıxdı. Əsl kəşfiyyatçı idi. Müharibədən əvvəl Ağdamda sərhəddə xidmətdə idik. İşğalda olan torpaqları hər gün görürdük. Bu, çox ağır idi. Elə deyirdi ki, biz o yerlərə belə uzaqdan baxa bilmərik, mütləq torpaqları azad etməliyik".

Arzusuna çatdı Əli. Torpaqların azadlığı uğruna savaşın qələbə sevincini daddı. Tərtər-Suqovuşan uğrunda döyüşlərdə əlçatmaz zirvəyə ucaldı.

Əli Seyidov 2020-ci il oktyabrın 10-da Bülbülə Şəhidlər xiyabanında dəfn olunub, "Vətən uğrunda", "Suqovuşanın azadlığına görə", "Ağdamın azadlığı uğrunda", "Cəsur döyüşçü", "Döyüşlərdə fərqləndiyinə görə" medalları ilə təltif edilib.

Sinif rəhbəri Maqsud Mirzəyevin yaddaşında Qarabağ hadisələrinin müzakirəsi zamanı həmişə  "Torpaqlarımızı müharibə yolu ilə ala bilərik" deyən Əli məsuliyyətli, çalışqan, nümunəvi şagird kimi qalıb.

...Anasına "Validəm, sultanım" deyər, sevib oxşayar, doğum günündə təbrik etməyi unutmazdı. Ölümündən sonra da fərqli oldu.

"Gözəl gözlü anam, cənnətim, Validə sultanım, ad günün mübarək. Bağışla ana, yanında ola bilmirəm, amma ruhum hər zaman yanındadır. Səsini eşidib, qoxunu duyuram anam. Gözlərin ağlamasın, təbəssümün solmasın, həmişə olduğu kimi möhkəm dayan, anam. Bilirəm, yoxluğum dözülməzdi, gözlərin hər yanda məni axtarır, inan ki, yerim gözəldi. Əziz oğlun Əli".

May ayının 5-i  Lalə xanımın doğum günüdür. 2021-ci ilin mayında da hər il onu təbrik edən oğlundan məktub aldı. Ana çaşıb qaldı. Fırfıra kimi yerində fırlandı. Qapıya qaçdı, küçəyə çıxdı. Oğlunu harayladı. Səsi kəndin o başına getdi, gah da içinə doldu: Əliii, Əliii, hardasan?

"Şəhadətindən 7 ay sonra mayın 5-də aldım bu məktubu. Elə bildim özü də gəlib, sağdır. Dəli kimi axtardım onu. Nə baş verdiyini anlamadım. Demə, məktubu dostuna göndərib, "Şəhid olsam, bu məktubu anama çatdırarsan" deyib. Kimin ağlına gələr? Yaralandığını, xəstəxanada olduğunu, məndən gizlətdiyini düşündüm. Nələr çəkdim bir bilsəniz. Neçə gün özümə gələ bilmədim. Şəhidliyə hazır imiş oğlum. "Mübariz İbrahimov kimi qəhrəman olacağam" deyərdi. Arzusuna çatdı. Çətindir, amma oğlumla qürur duyuram. O, mənim həsrət dolu qürurumdur. Azərbaycan uğruna, vətən uğruna şəhid oldu. Əli bütün şəhidlərdir, bütün şəhidlər də Əlidir mənim üçün" - deyir Əlinin anası Lalə xanım.

Son dəfə geyindiyi köynəyini hər gün bağrına basan ananın sözlərini unutmuram: "Ağırdır. Yoxluğundan varmış kimi danışmaq çətindir mənə. Yoxdur. Amma həm də hər yerdədir Əli".

...Həqiqi hərbi xidmətinin andiçmə mərasimində təşəkkürnamə ilə birlikdə ona verilən bayrağı öz əlləri ilə asıb qapılarından Əli. O bayraq indi də dalğalanır igidimizin  yaşadığı evin qarşısında. Nə qədər ki Əlilər doğulur, böyüyür, yaşayır bu yurdda, Vətən bayrağı beləcə qürurla dalğalanacaq.

 

 





22.02.2024    çap et  çap et