Martın 3-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə-1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 3-də Çilov adasında yerləşən məktəbin, həmçinin tədrisi ingilis və fransız dillərində olan məktəblərin şagirdləri də imtahan verirlər.
Bu barədə 525.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, buraxılış imtahanı verəcək şagirdlər müvafiq linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini DİM-in saytından öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə “Adobe Reader” proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.