525.Az

Azərbaycan "yaşıl dünya" naminə 


 

Azərbaycan "yaşıl dünya" naminə <b style="color:red"></b>

Azərbaycan bu il çox mühüm tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə yekdil qərar ilk növbədə beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadı, eyni zamanda bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdir.

Bu gün iqlim dəyişiklikləri dünya üçün narahatlıq doğuran qlobal problemə çevrilib. Bu problemin həlli üçün beynəlxalq birlik tərəfindən müzakirələr aparılır, müəyyən qərarlar qəbul edilir, addımlar atılır.

Qeyd etmək lazımdır ki, iqlim dəyişikliyini göstərən əsasən dörd göstərici var. Bunlar parnik (istixana) qazlarının konsentrasiyası, dəniz səviyyəsinin qalxması, okean suyunun istiliyi və okeanın turşulaşmasıdır. Eyni zamanda qeyri-sabit hava şəraiti də tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində problemlər yaratmaqdadır.

İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar - karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Təbii ki, bu proseslər dünyanın bir parçası olan Azərbaycandan da yan keçmir. Ölkəmiz bu istiqamətdə tədbirlər görür, öz öhdəliklərini yerinə yetirir. Yada salaq ki, Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiq edib.

Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün Doha əlavəsi də qəbul edilib. Paris Sazişi isə 2016-cı ilin oktyabrında ratifikasiya olunub.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də bu məsələ diqqət mərkəzindədir. Prioritetlər sırasında Azərbaycanda dayanıqlı inkişaf edən rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkə-mizin rəqabət qabiliyyətli insan kapitalı və müasir innovasiyalar məkanına çev-rilməsi, həmçinin işğaldan azad olunan ərazilərə qayıdışın və təmiz ətraf mühitin gerçəkləşdirilməsi istiqamətləri və s. yer alıb.

5 milli sosial-iqtisadi inkişaf prior

itetindən biri "təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə" olaraq müəyyənləşdirilib. Bu təşəbbüsə uyğun olaraq artıq neçə ildir ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllaşmanın bərpası və artırılması, su resurslarından səmərəli istifadənin və dayanıqlı enerji mənbələrinin təmin olunması üzrə layihələrin icrasına başlanılıb. Bununla əlaqədar istixana qazları emissiyasını baza (1990-cı il) göstəricisi ilə müqayisədə 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmaq qarşıya əsas hədəf kimi qoyulub.

Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfəsini verir. Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Prezidentin imzaladığı sərəncam da bunu bir daha sübut edir. Sərəncamda vurğulanıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Hazırda yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. Ümumiyyətlə isə ölkəmizin alternativ və bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür.

Ölkəmizdə bərpaolunan enerji potensialının yüksək olması isə təbii olaraq istər Qarabağda, istərsə də Naxçıvan Muxtar Respublikasında yaşıl enerji layihələrinin həyata keçirilməsinə beynəlxaq marağı daha da artıracaq. Məlumdur ki, respublikamız artıq 3 əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisin istehsal ediləcəyi, bu həcmin 10 qiqavatının "Masdar" şirkəti, 12 qiqavatının "Fortescue" şirkəti üzərinə düşdüyü nəzərdə tutulub. "ACWA Power" şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb.

Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində bununla bağlı deyib: "Vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro - su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır. Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki, yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib".

Göründüyü kimi həm artıq görülmüş işlər, həm də qarşıya qoyulan hədəflər ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı davamlı mübarizə apardığını əyani şəkildə sübut edir. Bu isə təbii olaraq beynəlxalq birlik tərəfindən də yüksək qiymətləndirilir. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilə bilər.

Azərbaycanda alternativ enerji mənbələrinin axtarılması və bu sahədə çox mühüm tədbirlərin həyata keçirilməsi göstərir ki, bu gün yaşıl dünya yaradılması, ekologiyanın qorunması, yaşıllıqların artırılması, meşə zolaqlarının yaradılması çox vacibdir və bu insanların sağlamlığı üçün də olduqca əhəmiyyətlidir. COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi bir daha göstərir ki, dövlətimiz bu yaşıl dünya, insanların sağlamlığının qorunması üçün gərəkən bütün tədbirlərin həyata keçirilməsində maraqlıdır. Təbii ki, bu tədbir qeyd edilən məqsədlərə nail olunmasında öz sözünü deyəcək.

 

 





23.02.2024    çap et  çap et