525.Az

"Azərbaycan TÜRKSOY-un qurucu ölkəsi və ən fəal üzvlərindən biridir" - Sultan Raev


 

SULTAN RAEV: "ŞUŞAMIZDA KEÇİRDİYİMİZ TƏDBİRLƏRDƏ BİZİ BİRLƏŞDİRƏN ORTAQ MƏDƏNİYYƏTİN ƏKS-SƏDALARI DÜNYAYA SƏS SALDI"

"Azərbaycan TÜRKSOY-un qurucu ölkəsi və ən fəal üzvlərindən biridir" -<b style="color:red"> Sultan Raev</b>

Türkdilli ölkələrin mədəni əlaqələrinin birləşdirilməsinə xidmət edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı  (TÜRKSOY) yarandığı gündən ən nüfuzlu tədbirlərin həyata keçirilməsini təmin edib, yüzlərlə mütərəqqi təşəbbüsün müəllifi kimi türk dünyasının maddi-mədəni irsinin təbliğində əlindən gələni əsirgəməyib. Ötən il TÜRKSOY fəaliyyətə başlamağının 30 illiyini silsilə tədbirlərlə qeyd etdi. TÜRKSOY-un baş katibi, Qırğızıstanın dövlət xadimi Sultan Raevlə geridə qalan səmərəli illər və gələcək planlar barədə həmsöhbət olmuşuq.

***

- Hörmətli Sultan bəy, TÜRKSOY-un türk dünyasındakı funksiyası barədə qənaətləriniz və bu yolda əsas məqsədləriniz nələrdir?

- Türk cümhuriyyətlərinin yaratdığı ilk beynəlxalq təşkilat olan, təsis müqaviləsində mədəniyyət nazirlərimizin imzaları çəkilən, bu gün türk dünyasının ilk əməkdaşlıq təşkilatı adını daşıyan TÜRKSOY-da türk dünyasının tarix boyu dünya mədəniyyətinə verdiyi töhfələri əvvəlcə öz xalqlarımıza, sonra isə bütün dünyaya izah etmək istiqamətində səylər göstəririk. Təşkil etdiyimiz mədəniyyət və incəsənət tədbirləri ilə türk xalqları arasında qardaşlıq bağlarını gücləndirməyi hədəfləyirik. Biz ortaq mədəniyyətimizi, dilimizi, tariximizi, incəsənətimizi, adət-ənənələrimizi araşdırır, qoruyur, gələcək nəsillərə ötürməklə onların daimi olması üçün fəaliyyətimizi əzmlə davam etdiririk.

Tarixi proses boyu türk dövlətlərini xatırlasaq, onlarla dövlətin adını saya bilərik. Hətta bəzi adları saymaqda çətinlik çəkərik. Tarixin bizə göstərdiyi kimi, nəzərə almalıyıq ki, dövlətlərin sayı dəyişə bilər, adları dəyişə bilər, amma bizi birləşdirən, bir-birimizə bağlayan ortaq mədəniyyətimizin bir olduğunu, dəyişməz olduğunu ağlımızdan çıxarmamalıyıq.

Biz müxtəlif sahələr üzrə təşkil etdiyimiz tədbirlərlə xalqlarımız arasındakı bu ortaq duyğunu, tarixiliyi və empatini yaşadan zəngin mədəniyyətimizin qardaş xalqlarımıza və bizi az tanıyan digər xalqlara çatdırmaqda öncül olmağa çalışan bir qurumuq.

- Gəlin, tarixə nəzər salaq: TÜRKSOY necə quruldu? İllərdən bəri hansı istiqamətlər üzrə fəaliyyət göstərir?

- Uzun illər bir-birindən uzaq və ayrı yaşayan türk xalqlarının yaxınlaşmasının yolu 1991-ci ildə ölkələrimizin müstəqillik əldə etməsi ilə açıldı. 1992-ci ildə İstanbulda bir araya gələn türk cümhuriyyətlərinin mədəniyyət nazirləri müstəqillik əldə edildikdən qısa müddət sonra ortaqlığa doğru böyük addım ataraq institusional struktur ətrafında təşkilatlanma zərurətini dəyərləndirdilər. Bu səylərdən sonra 1993-cü ildə Almatı şəhərində keçirilən təsis toplantısında o zamankı adı ilə "Türk Mədəniyyəti və İncəsənətinin Ortaq İdarəsi" yaradıldı. Beləliklə, otuz ildir fəaliyyət göstərən TÜRKSOY-un təməli qoyuldu. Əslində, hər şeyin türk cümhuriyyətlərinin müstəqillik əldə etməsi ilə başladığını söyləsək, heç də yanılmarıq. Türk cümhuriyyətləri müstəqillik dövrü ilə birlikdə münasibətlərini daha da dərinləşdirmiş, çiyin-çiyinə dayanaraq əlaqələrini gücləndirmişlər. TÜRKSOY təşkilatı da bu dövlətlərlə birlikdə inkişaf edərək 30 ili geridə qoyub.

Təşkilatımız yarandığı gündən bəri hər il qardaş ölkələrdən yüzlərlə sənətçinin iştirakı ilə teatrdan kinoya, musiqidən təsviri sənətə, ədəbiyyatdan operaya qədər geniş bir sahədə bir çox tədbirlər təşkil edir. Bu tədbirlərimiz sayəsində ortaq türk mədəniyyətinin paydaşları bir-birlərini daha yaxından tanımaq imkanı əldə edirlər. Bu qarşılıqlı əlaqələrin ən canlı nümunələri müxtəlif sahələr üzrə təşkil etdiyimiz bədii görüşlərimizdir. Hər il bədii görüşlər çərçivəsində türk dünyasından fotoqrafları, rəssamları, opera ifaçılarını, şairləri, media mənsublarını, teatr qruplarını, rəqs və musiqi kollektivlərini bir araya gətiririk. Bu görüşlər sayəsində müvafiq sahənin nümayəndələri arasında dostluqlar qurulur, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi artırılır, onlara öz ölkələrinin hüdudlarından kənarda öz sənətlərini nümayiş etdirmək imkanları yaradılır.

Təşkilatımız türk mədəniyyətinin qabaqcıl simalarına həsr olunmuş anım illəri elan etməklə yanaşı, hər il bir şəhərimizi də Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edir. Bu il Türkmənistanın Anau (Anev) şəhəri bu adı daşıyacaq. Bu titulu Astana, Eskişehir, Türküstan, Şəki, Oş, Xivə və Şuşa kimi türk tarixində mühüm yeri olan şəhərlər uğurla daşıyıb.

- 14 üzvü olan belə bir qurumda qərarvermə prosesi necə tənzimlənir?

- Təşkilatın ali qərar qəbuledici orqanı TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurasıdır. Hər il fərqli üzv ölkədə keçirdiyimiz Daimi Şuranın iclaslarında nazirlərimiz hesabatları dinləyir, gündəlikdəki məsələləri müzakirə edir və növbəti ilin fəaliyyət planını təsdiq edirlər. Məsələn, TÜRKSOY tərəfindən məşhur türkmən mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illiyi ilə əlaqədar 2024-cü il "Məhtimqulu Fəraqi İli" elan edilib. Türkmənistanın təklifi ilə müzakirə edilən və yekdilliklə qəbul edilən bu təklif bizim qərar qəbuletmə proseslərimizlə bağlı bir nümunədir. Qəbul edilən qərarlar dövlət başçılarımızın himayələri ilə il boyu planlı şəkildə həyata keçirilir.

Bunu da qeyd etmək istərdim ki, Baş Katibliyin əsas funksiyalarından biri də Mədəniyyət nazirlikləri arasında koordinasiyanı təmin etmək və əməkdaşlığı dərinləşdirməkdir.

- TÜRKSOY-un elan etdiyi anım illəri və təşkil etdiyi anım tədbirləri haqqında ətraflı məlumat verə bilərsinizmi? Bu layihələr türk dünyasının mədəni irsinə hansı töhfələri verir?

- TÜRKSOY ortaq türk mədəniyyətinə xidmət edən, ölməz əsərlər miras qoyan dəyərli şəxsiyyətlərin anılmasına və onların mədəni mirasının gələcək nəsillərə çatdırılmasına böyük əhəmiyyət verir. Bununla əlaqədar Mədəniyyət nazirliklərimizin təklifi və Daimi Şuranın təsdiqi ilə türk mədəniyyətinə töhfələr vermiş qabaqcıl simaların doğum və ya vəfat ildönümləri ilə bağlı TÜRKSOY anım illəri elan edir. Bu layihə çərçivəsində 2010-cu ildən başlayaraq türk mədəniyyətinin bir çox görkəmli şəxsiyyətləri öz örnək həyatları və qoyub getdikləri ölməz əsərləri ilə yeni nəsillərə tanıdılıb. Anım illəri çərçivəsində təşkil etdiyimiz tədbirlər və nəşr etdiyimiz kitablar vasitəsilə yolumuzu işıqlandıran böyük şəxsiyyətlərimiz, sözün əsl mənasında, yenidən doğuldular.

Təkcə 2023-cü ildə təşkil etdiyimiz anım tədbirləri ilə Toktobolot Abdumomunov, Ahmet Baytursınulı, Tugölbay Sıdıkbekov, Tofiq Kazımov, Cengiz Aytmatov, Şandor Petöfi, Dimitri Kara Çoban, Sayakbay Karalayev kimi türk dünyasının görkəmli simalarını hörmətlə yad etdik. Bundan əlavə, Daimi Şuranın qərarı ilə 2023-cü il anadan olmasının 100-cü ildönümündə Baken Kıdıkeyeva (Qırğızıstan) və İsmət Güney (ŞKTC), anadan olmasının 125-ci ildönümündə Temirbek Jurgenov (Qazaxıstan), anadan olmasının 150-ci ildönümündə Mehmet Akif Ersoy (Türkiyə), anadan olmasının 1050-ci ildönümündə Əl-Biruni (Özbəkistan) ili elan edildi. Çap etdiyimiz dəyərli əsərlərlə, eləcə də, il ərzində müxtəlif ölkələrdə təşkil etdiyimiz onlarla tədbirlə bu önəmli şəxsiyyətləri yad edərək gələcək nəsillərə ötürmək şərəfinə nail olduq.

- 2023-cü il TÜRKSOY-un təşkil etdiyi maraqlı tədbirlərlə yadda qaldı. Həm qurumun 30 illik yubileyinə həsr olunmuş tədbirlər, həm də digər mədəni toplantılar beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. Ötən ilki yubiley tədbirləri baş katib kimi sizə nə kimi təəssüratlar bağışladı?

- 2023-cü ildə biz təşkilatımızın institusional potensialının təkmilləşdirilməsi istiqamətində səylərimizi davam etdirdik, digər tərəfdən fəaliyyətimizin müxtəlifliyini və miqyasını artırdıq.

İlk növbədə, təşkilatın strukturunu növbəti 10-15 ili uğurla həyata keçirməyə qadir səviyyəyə gətirdik. Yeni şöbələr yaratdıq və kadr müxtəlifliyimizi artırdıq. Hazırda TÜRKSOY-da bütün təsisçi ölkələrdən əməkdaşlarımız çalışır. Yeni hazırladığımız Vizyon (Baxış) sənədi ilə fəaliyyətimizin istiqamətini müəyyən etdik. Bu Vizyon sənədində, xüsusilə, gənclər üçün çox mühüm yer ayırmışıq. Belə ki, TÜRKSOY gənclərlə bağlı fəaliyyətlərini günü-gündən artırmaqdadır.

Təşkilatımız üçün ən önəmli hadisə, sözsüz ki, 30 illik yubileyimiz oldu. Qeyd etmək istərdim ki, 2023-cü ildə TÜRKSOY-un quruluşunun 30 illiyi yüksək səviyyədə bütün üzv ölkələrimizdə hər bir üzv ölkənin mədəniyyət xadimləri və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilərək geniş səpgidə, rəngarəng tədbirlərlə qeyd olundu.   30 illik yubiley tədbirlərimiz çərçivəsində Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda, Türkiyədə və Azərbaycanda təşkil etdiyimiz musiqi, teatr və kino festivallarında, konsertlərdə, anım toplantılarında, kitab təqdimatlarında, sərgilərdə, seminarlarda 4000-ə yaxın sənətçi iştirak edərək ölkələrimizdəki mədəniyyət hadisələrini zənginləşdirdilər.

Azərbaycanda oktyabr ayında yubiley münasibətilə keçirdiyimiz silsilə tədbirlər Heydər Əliyev Mərkəzində təşkil olunan möhtəşəm konsertlə başa çatdı. Konsert proqramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yubiley münasibətilə TÜRKSOY-a ünvanladığı təbrik məktubunun oxunuşu ilə başladı. Türk dünyasından gəlmiş incəsənət ustalarının gözəl ifaları konsertə xüsusi rəng qatdı. Yeri gəlmişkən qeyd etmək istərdim ki, TÜRKSOY-un 30 illiyinə həsr olunmuş şeir müsabiqəsində birinci olmuş türkiyəli şair Kənan Çarboğanın şeirinə tanınmış bəstəkar Cavanşir Quliyevin bəstələdiyi TÜRKSOY-un yubiley marşı ilk dəfə məhz bu konsertdə səsləndi.

Yubiley münasibətilə ilboyu keçirdiyimiz tədbirlərimizi Parisdə YUNESKO mərkəzinin səhnəsində üzv ölkələrin musiqi və rəqs kollektivlərinin iştirak etdiyi əsrarəngsiz konsert proqramı ilə yekunlaşdırdıq. Həm üzv ölkələrimizdə, həm də YUNESKO-da keçirdiyimiz yubiley tədbirlərimiz yerlərdə çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı və mediada geniş işıqlandırılaraq TÜRKSOY-u geniş kütlələrə tanıtmağa bir daha vəsilə oldu.

TÜRKSOY-un yubiley və ənənəvi tədbirləri ilə yanaşı, Bişkekdə keçirilən Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən sənətçinin qalib gəldiyi 3-cü "Meykin Asiya" Beynəlxalq Musiqi Müsabiqəsi, ölkələrimizin əlifbalarında latın hərflərinə keçidə misilsiz töhfələr verən Türk Dili Forumu, 1-ci "Supara" Türk Xalqlarının Ənənəvi Kulinariya Etno Festivalı, 3-cü "Qorqud Ata" Film Festivalı (Bakı/Şuşa), 1-ci TÜRKSOY Teatr Festivalı (Bakı/Şuşa), 1-ci TÜRKSOY Tələbə Tamaşaları Festivalı (Daşkənd) təşkil etdiyimiz çoxsaylı tədbirlərdəndir.

 

- Ötən il həm də Qarabağın incisi olan Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı seçildi və TÜRKSOY bu münasibətlə Şuşada tədbirlər təşkil etdi. Gəlin birinci bu barədə danışaq; Sultan bəyin Şuşa təəssüratı necədir? Həmin yerlərin bənzərsiz təbiətini necə xatırlayırsınız?

- 2023-cü il həm də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin TÜRKSOY tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi və bu münasibətlə ilboyu Şuşada silsilə tədbirlərin keçirilməsi ilə yadda qaldı. İlin əvvəlindən sonuna qədər TÜRKSOY-a üzv ölkələrin YUNESKO Milli Komissiyalarının Toplantısı, Xarıbülbül Festivalı, Fotoqraflar və Rəssamlar Simpoziumları, foto, rəsm və əl işləri sərgiləri, Türk Dünyası Media Forumu, 1-ci Türk Dünyası Mədəniyyət Forumu, TÜRKSOY-a üzv ölkələrin Teatr Rəhbərləri Şurasının Toplantısı, TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının Toplantısı, Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis Toplantısı, "Şuşa-2023" ilinin rəsmi açılışı və bağlanışı, digər çoxsaylı tədbirlər üzv ölkələrin mədəniyyət nazirlərinin, alimlərin, media nümayəndələrinin, mədəniyyət xadimlərinin, incəsənət ustalarının iştirakı ilə Şuşada keçirilərək dünyaya Şuşanı bir mədəniyyət şəhəri kimi tanıtdı.

Mən şəxsən Şuşa azad olunandan sonra bir neçə dəfə oraya səfər etmişdim. Şuşanın füsunkar təbiəti hər bir şəxs kimi məni də valeh etmişdi. Ona görə bu torpaqlar Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Bülbül və onlarla görkəmli şəxsi dünya mədəniyyətinə bəxş edib. İnşallah, Qarabağda bundan sonra doğulub böyüyəcək insanların arasından neçə-neçə tanınmış şəxslər çıxacaqdır. Təsadüfi deyil ki, mən müsahibələrimin birində demişdim ki, Şuşada bundan sonra güllə səsləri yox, musiqi səsləri eşidiləcək. Doğrudan da, il boyu gözəl Şuşamızda keçirdiyimiz tədbirlərdə bizi birləşdirən ortaq mədəniyyətimizin əks-sədaları dünyaya səs saldı və bundan sonra da səs salmağa davam edəcək.

Biz həmçinin Ankaradakı TÜRKSOY-un qərargahında və digər mədəniyyət ocaqlarında Azərbaycan mədəniyyət nazirinin, Şuşanın rəhbər şəxslərinin, Azərbaycan incəsənət ustalarının və şuşalı rəssamların iştirakı ilə silsilə tədbirlər keçirərək Şuşanın tarixini və mədəniyyətini ankaralılarla tanış edə bildik.

- Ümumiyyətlə, TÜRKSOY-un fəaliyyətində Azərbaycanın funksionallığını necə qiymətləndirirsiniz?

- Azərbaycan TÜRKSOY-un qurucu ölkəsi və ən fəal üzvlərindən biridir. Bu illər ərzində tərəfimizdən həm TÜRKSOY-da, həm Azərbaycanda, həm də üzv ölkələrdə Azərbaycan mədəniyyətinə və onun nümayəndələrinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Azərbaycanın dahi şəxsiyyətləri Mirzə Fətəli Axundzadənin 200 illiyi, Molla Pənah Vaqifin 300 illiyi, İmadəddin Nəsiminin 650 illiyi, Qara Qarayevin 100 illiyi, Nizami Gəncəvinin 880 illiyi, Fikrət Əmirovun 100 illiyi münasibətilə anım illəri elan edilib. Bundan əlavə, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Firidun Bəy Köçərli, Əbdürrəhman bəy Haqverdiyev, Əhməd Cavad, Hüseyn Cavid, Cəfər Cabbarlı, Tofiq Kazımov, Həsən Seyidbəyli, Aşıq Ələsgər, Cəlil Məmmədquluzadə, Rasim Ocaqov və neçə-neçə ümumtürk mədəni irsinə töhfə vermiş Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri ilə bağlı tədbirlər keçirilib, əsərləri yayımlanıb, səhnəyə qoyulub.  

TÜRKSOY-un təşəbbüsü ilə 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində və 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində TÜRKSOY Kafedraları yaradılıb və indi də aktiv fəaliyyət göstərirlər. Bu mərkəzlərdə mütəmadi olaraq müştərək tədbirlər həyata keçiririk.

Bundan əlavə, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycanda Atatürk Mərkəzi, Əlyazmalar İnstitutu və digər qurumlarla da fəal əməkdaşlıq edir, müxtəlif səpkili tədbirlər təşkil edirik.

Məsələn, Azərbaycan Bəstəkarlar İttifaqı ilə 10 ildən artıqdır ki, hər il Şəkidə Beynəlxalq İpək Yolu Musiqi Festivalının keçirilməsində fəal əməkdaşlıq edirik.

Ümumiyyətlə, Azərbaycanla bağlı bütün tədbirlərimizdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin TÜRKSOY-a yaxından dəstək verdiyini xüsusi bildirmək istəyirəm. Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Adil Kərimliyə TÜRKSOY-a göstərdiyi dəstək üçün minnətdarlığımı ifadə etmək istəyirəm. 

Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlının təcrübəsi, peşəkarlığı, təşkilatçılıq qabiliyyəti və türk dünyasına bağlılığı ölkəsi ilə TÜRKSOY arasında əlaqələrin yüksələn müstəvidə inkişaf etməsinə və təşkil olunan tədbirlərin yüksək səviyyədə keçirilməsinə vəsilə olur. Xüsusən, bu, Şuşa-2023 Türk Dünyası Mədəniyyət Paytaxtı çərçivəsində təşkil olunan beynəlxalq tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsində özünü büruzə verdi.

- TÜRKSOY-un təşəbbüsü ilə müəyyən sahələr üzrə mühüm birliklər yaradılıb. Bu birliklərin dəqiq funksiyaları nədən ibarət olacaq?

- Bildiyiniz kimi, TÜRKSOY-un üzv ölkələrində dəyərli həmkarlarımız çalışırlar. Lakin onların ixtisası müəyyən sahələrlə məhduddur. Biz müəyyən sahələr üzrə işləri koordinasiya etmək məqsədilə bəzi məsələləri sahə mütəxəssislərinin öhdəsinə buraxmağı daha uyğun hesab etdik. Bu səbəbdən 2023-cü ildə TÜRKSOY çərçivəsində bir neçə sahə üzrə birliklər yaradaraq bu sahədə hədəflərimizə çatmaq yolunda mühüm addım atdıq.

Yeni qurduğumuz Türk Dünyası Mədəniyyət və İncəsənət Universitetləri Birliyi, Türk Dünyası Kino Birliyi, Türk Dünyası Kulinariya Birliyi, Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyi, Türk Dünyası Yazarlar Birliyi, Türk Dünyası Muzeylər Birliyi kimi birliklərin önümüzdəki dövrdə mədəniyyətin müvafiq sahələri üzrə üzv ölkələrimizin qurumları və məsləkdaşları arasında əlaqələrin genişlənməsinə və bu sahələrin qarşılıqlı inkişafına təkan verəcəyinə inanırıq. Məqsədimiz TÜRKSOY-u daha səmərəli və güclü bir təşkilata çevirməkdir.

İnanıram ki, TÜRKBİR adlandırdığımız Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyi qarşıdakı dövrdə Mədəniyyət Paytaxtı seçilən şəhərlərimizin təcrübə mübadiləsi və qarşılıqlı əlaqələrinin davam etdirilməsində çox mühüm rol oynayacaq. Daha bir mühüm qurumumuz olan Türk Dünyası Kino Birliyi (TÜRKFİLM) artıq ölkələrimiz arasında birgə istehsalın sayını artıracaq mühüm prosesləri həyata keçirməyə başlayıb. Tam əminəm ki, yaxın gələcəkdə birgə istehsalın maliyyələşdirilməsi mexanizmi həyata keçirilə bilər. Ümumiyyətlə, qurulan birliklərin məhsuldar fəaliyyəti və layihələrin reallaşdırılması üçün sözsüz ki, müəyyən maliyyə dəstəyinə ehtiyac var. Eynilə, muzey sahəsində də mühüm addımlar ərəfəsindəyik. Tarixdə ilk dəfədir ki, muzey direktorlarımız əcdadlarımızın irsinin qorunub saxlanılması və tanıdılması üçün sistemli şəkildə bir araya gələrək çoxtərəfli əsasda birgə mühüm layihələr həyata keçirirlər.

İnanıram ki, Türk Dünyası Mədəniyyət Vizyonu (Baxışı) çərçivəsində həyata keçirdiyimiz və TÜRKSOY-un çətiri altında yaradılan bu birliklər qarşıdakı dövrdə çox uğurlu işlərə imza atacaqlar.

- TÜRKSOY-un 2023-cü ildəki fəaliyyətini nəzərə alsaq, xüsusi qeyd etmək istədiyiniz başqa nailiyyətlər və ya çətinliklər varmı?

- Təbii ki, biz çoxlu çətinliklərlə üzləşirik. İqtisadi çətinliklər, bəzən siyasi çətinliklər... İndiyə qədər bir çox çətinlikləri dəf edə bilmişik və birgə olduğumuz müddətcə uğur qazanacağımıza əminəm. Nailiyyətlərimizdən danışsam, məncə, son dövrün ən böyük uğuru TÜRKSOY ailəsi daxilində Özbəkistan və Türkmənistanın fəaliyyətlərinin artmasıdır. Beləliklə, ailəmizin bütün üzvləri bir araya gələrək mədəni inteqrasiyaya öz töhfələrini verirlər. Bu müddət ərzində keçirdiyimiz təbirlərdə biz Özbəkistan və Türkmənistan xalqları, onların sənətçiləri ilə əvvəlki illərdən daha çox görüşdük. Onların sənətçilərini ölkələrimizdəki tədbirlərə dəvət etdik və gələcək fəaliyyətlərlə bağlı mühüm qərarları birlikdə verdik. Biz şadıq ki, ölkələrimizin mədəniyyət qurumları arasında ikitərəfli və çoxtərəfli əlaqələr günü-gündən dərinləşir. Biz bunu böyük uğur kimi görürük.

Bu qarşılıqlı əlaqələrin davamlı olması üçün Daimi Şurada aldığımız qərarla Mədəniyyət nazirliklərinin əməkdaşlarını ildə iki dəfə yüksək vəzifəli dövlət qulluqçuları iclaslarımızla bir araya gətirməyə başladıq. Məqsədimiz TÜRKSOY ilə nazirliklərimiz arasında həyata keçiriləcək layihələrin müzakirəsi və ortaq koordinasiyasıdır. Düşünürəm ki, bu görüşlərin bəhrəsini yaxın gələcəkdə daha aydın görəcəyik. TÜRKSOY çərçivəsində hər bir görüşümüz qardaşlığımızı və birliyimizi gücləndirən yeni toxumlar əkir. İndi dünya şahiddir ki, bu toxumlara nə qədər əhəmiyyət veririk. Azərbaycanın Qarabağ zəfərində, Türkiyədə baş verən kədərli zəlzələdə, Qazaxıstanda baş verən yanğınlarda bir yerdə olduq, müxtəlif platformalarla birliyimizi, qardaşlığımızı, qeyd-şərtsiz dəstəyimizi göstərdik.

Türkiyədə baş verən zəlzələ fəlakətinə ayrıca toxunmaq istərdim. Hər birimiz çox kədərləndik, amma "Dost dar gündə tanınar" atalar sözünü bir daha anladıq. Türk dünyası bu dəhşətli hadisənin ilk anlarından "Biz birlikdəyik" deyərək köməyə gəldi. Qardaşlarının dərdinə şərik olub onları qucaqlayaraq yaralarını sağaltmağa çalışdı. TÜRKSOY-un təşəbbüsü ilə həyata keçirilən "Biz birlikdəyik" kampaniyası qarşılıqlı yardım səfərbərliyinin və qardaş həmrəyliyinin ən gözəl nümunələrini göstərdi. Bu, bizim ən böyük uğurumuzdur! Mən bu ailənin bir parçası olduğum üçün fəxr edirəm.

- 2024-cü ildə TÜRKSOY-un planları nədir? Türk dövlətlərini hansı yeni xəbərlər, təşəbbüslər gözləyir?

- Qeyd etdiyim kimi, 2024-cü il "Məhtimqulu Fəraqi İli" elan olunması ilə yanaşı, Türkmənistanın tarixi Anau şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Ona görə bu il TÜRKSOY-un bir çox ənənəvi tədbirlərinin Türkmənistanda keçirilməsi planlaşdırılıb. Novruz bayramları çərçivəsində "Anau-2024" ilinin rəsmi açılışı və silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

Biz tez-tez ölkələrimizin tarixi və mədəni irsini, turizm gözəlliklərini bir-birimizə lazımınca izah edə bilmədiyimizi bildiririk. Bu çərçivədə "Türk dünyasının şah əsərləri" adlı xüsusi layihə həyata keçirməkdəyik. Bununla əlaqədar biz maddi və qeyri-maddi mədəni irsimizin sistemli şəkildə siyahıya alınması və onun daha geniş auditoriyaya tanıdılması üçün müəyyən işlərə başlamışıq. Bu layihəni digər beynəlxalq Türk əməkdaşlıq təşkilatları ilə koordinasiyalı şəkildə edəcəyik.

Türk dünyasının sərhədlərini aşmağımıza imkan verən fəaliyyətimizə toxunsam, BMT və YUNESKO başda olmaqla, beynəlxalq sistemin bütün hörmətli aktyorları ilə əməkdaşlığımızı artırmaqdayıq. Belə ki, biz bu beynəlxalq təşkilatlar daxilində nüfuzumuzu və təsir dairəmizi günü-gündən artırırıq. 2023-cü ildə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansına üzv qəbul olunduq. Biz YUNESKO-nun fəaliyyətlərini yaxından izləyirik. Qarşıdakı dövrdə biz ümumi mədəniyyətimizə təhlükə yarada biləcək məsələlərdə beynəlxalq qurumlarla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik.

Türk mədəniyyətinin ayrılmaz və önəmli parçası olan teatr sahəsinə xüsusi diqqət yetiririk. TÜRKSOY-un nəzdində qurulmuş üzv ölkələrin Teatr Rəhbərləri Şurası 2011-ci ildən fəaliyyət göstərir və hər il bir ölkədə toplantılarını həyata keçirir, teatrlarımız arasında əlaqərin inkişafı üçün vacib qərarlar müzakirə olunur. Teatr Rəhbərləri Şurasının 9-cu toplantısını keçən il Şuşada həyata keçirdik. Bildiyiniz kimi, milli teatr ana dilin yaşadılması və inkişaf etdirilməsi üçün çox mühüm rol oynayır. Özəlliklə qeyri-türk dövlətlərində yaşayan türk xalqlarının teatrları bu dəstəyə və diqqətə daha çox ehtiyac duyurlar. Dramaturqlarımızın əsərlərini toplayıb, tərcümə etdirib teatr almanaxları çap etdiririk. Bu almanaxları rejissorlarımız üçün vacib mənbə hesab edirik. Onlar bu kitabdakı pyeslərdən faydalanaraq teatrlarının repertuarlarını qardaş türk dramatuqlarının əsərləri ilə zənginləşdirmək imkanı tapa bilərlər. Bundan əlavə, ölkələrimizdə təşkil olunan teatr festivallarına da önəm veririk. Keçən il Azərbaycanda başlatdığımız və uğurla başa vurduğumuz TÜRKSOY Teatr Festivalının 2-cisini bu il Aşqabadda keçirəcəyik. Teatr sahəsi üçün gənc kadrların hazırlanmasına da böyük önəm veririk. Bu məqsədlə keçən il Daşkənddə Türk Dünyası Mədəniyyət və İncəsənət Universitetləri tələbələri arasında 1-ci TÜRKSOY Tələbə Tamaşaları Festivalı keçirdik. Bu il isə Festivalın 2-cisini Bakıda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə həyata keçirməyi nəzərdə tutmuşuq. Bizim məqsədimiz festivallar vasitəsilə həm tələbələr, həm də universitetlərarası əlaqələrin qurulmasına və əməkdaşlığın genişləndirilməsinə təkan vermək, o cümlədən, teatr sahəsi üçün gənc kadrların hazırlanmasına dəstək göstərməkdir.

Bu dövrdə xüsusi diqqət yetirdiyimiz digər sahə kinodur. Son iki ildə "Qorqud Ata" Türk Dünyası Film Festivalı yetkinləşmiş genişmiqyaslı tədbirə çevrilib. Festivalımızı keçən il ilk dəfə Türkiyədən kənarda Azərbaycanın ev sahibliyi ilə təşkil etdik. 4-cü "Qorqud Ata" Film Festivalımızı isə bu il Türkmənistanda keçirəcəyik. İnanıram ki, "Qorqud Ata" Türk Dünyası Film Festivalı yaxın gələcəkdə bütün dünyada tanınacaq və mötəbər kino festivalları sırasında layiqli yerini alacaq. Bu layihənin Türk Dünyasında yeni ortaq film istehsallarına yol açması ən böyük arzumuzdur.

Belə ki, bu il Azərbaycan Mədəniyyət Nazirliyinin təklifi ilə Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayevin ssenarisi əsasında "Molla Nəsrəddin - çətin günlərimin dostu" filminin çəkilişləri nəzərdə tutulub. Bu film TÜRKSOY-un koordinasiyası ilə üzv ölkələrin kinematoqraflarının iştirakı ilə hazırlanacaqdır. Artıq hazırlıq işlərinə başlanılıb. Sözügedən film kino sahəsində TÜRKSOY-un ilk ortaq layihəsidir. İnanırıq ki, "Molla Nəsrəddin" filmi yüksək səviyyədə hazırlanaraq tamaşaçılara təqdim olunacaq.

- İndidən qərar verilib ki, 2025-ci il türk dünyasında "Bəxtiyar Vahabzadə İli" olacaq. Bu təşəbbüs necə yarandı və qarşıya qoyulan məqsəd nədir?

- Beynəlxalq təcrübəni diqqətə alaraq, tədbirlərin yüksək səviyyədə təşkil olunması və müvafiq büdcələrin əvvəlcədən nəzərdə tutulması məqsədilə TÜRKSOY-un Daimi Şurası il elan olunacaq paytaxtların və şəxslərin adlarını iki il öncədən müəyyən etməyi qərarlaşdırıb. Bununla əlaqədar keçən ilin oktyabr ayında Şuşada keçirilən TÜRKSOY-un Daimi Şurasının 40-cı iclasında Azərbaycan Mədəniyyət Nazirliyinin təklifi əsasında 2025-ci il anadan olmasının 100 illiyi ilə əlaqədar "Bəxtiyar Vahabzadə İli" olaraq qəbul edildi. Müasir türk ədəbiyyatının görkəmli nümayəndəsi şair Bəxtiyar Vahabzadə türk dünyasında sevilən və tanınmış şairlərdən biridir. On il əvvəl biz onun 90 illiyi münasibətilə seçilmiş şeirlərini tərcümə edərək altı müstəqil türk dövlətinin dillərində çap etdik və Ankarada, Bakıda, Bişkekdə, Almatıda təqdimatlarını keçirdik. Gələn il üçün türk dünyası sevdalısı, şair və dramaturq Bəxtiyar Vahabzadənin türk dünyasında daha geniş kütlələrə və gənc nəsillərə tanıtmaq məqsədilə müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq.

- Son illər türk dövlətləri arasındakı əməkdaşlığın yeni yüksək səviyyəyə qalxması TÜRKSOY-un fəaliyyətində hansı müsbət təsirlərlə özünü büruzə verdi?

- Türk dövlətləri arasında son illər bütün sahələrdə əməkdaşlıq səviyyəsi yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu, ilk növbədə, üzv ölkələrin dövlət başçılarının bilavasitə diqqəti və dəstəyi sayəsində baş verməkdədir. Keçirilən Zirvə toplantılarında hər bir ölkə başçısının çıxışlarında TÜRKSOY-un fəaliyyəti xüsusi olaraq qeyd olunur. Türk dövlətləri arasında ikitərəfli mədəni əlaqələrin genişlənməsi TÜRKSOY çətiri altında bu ölkələrin çoxtərəfli əməkdaşlığının inkişaf etməsinə bilavasitə müsbət təsir göstərir. Bu, özünü TÜRKSOY-un 30 illik yubiley tədbirlərinin yüksək səviyyədə hər bir ölkədə qardaş ölkələrin sənətçilərinin geniş iştirakı ilə baş tutmasında özünü büruzə verdi. Fürsətdən istifadə edib, dövlət başçılarımıza TÜRKSOY-a göstərdikləri diqqət və dəstəkləri üçün dərin minnətdarlığımı bildirirəm.

Nadir YALÇIN

 





23.02.2024    çap et  çap et