525.Az

Ümumdünya Yazıçılar Təşkilatının sədri Azərbaycan Yazıçılar Birliyində olub


 

Ümumdünya Yazıçılar Təşkilatının sədri Azərbaycan Yazıçılar Birliyində olub<b style="color:red"></b>

Fevralın 21-də Azərbaycan Yazıçılar Birliyində Azərbaycan Ədəbiyyat Fondu və Ümumdünya Yazıçılar Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan ədəbiyyatının aparıcı dünya ədəbiyyat platformalarına inteqrasiyası" mövzusunda dinləmə keçirilib. Tədbirdə Ümumdünya Yazıçılar Təşkilatının sədri Marqarita Alın məruzəsi dinlənilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AYB sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Birliyin Beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, AYB katibi Elçin Hüseynbəyli çıxış ediblər. Çıxışlarda Azərbaycan ədəbiyyatının dünyada layiqincə təmsil olunmasında Azərbaycan Yazıçılar Birliyinin maraqlı olduğu qeyd edilib. Həmçinin ədəbiyyatımızın beynəlxalq müstəvidəki yeri, həyata keçirilmiş və görüləcək işlər diqqətə çatdırılıb.

Marqarita Al məruzəsində bildirib ki, Ümumdünya Yazıçılar Təşkilatının əsas məqsədi dünya yazıçılarının yaradıcı səylərinin dünyanın humanitar sferasının gələcəyi uğrunda birləşdirilməsi, mədəniyyətin, ədəbiyyatın, mənəvi dəyərlərin dünyada sabitliyin qorunmasında həlledici rolunun təmin edilməsidir.

Ümumdünya Yazıçılar Təşkilatı rəhbərliyinin Bakıya gəlişinin səbəbləri Azərbaycan ədibləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, dünya mədəni əlaqələrinin yeni dinamik inkişafında Azərbaycan mədəniyyətinin rolunun artırılması, eyni zamanda, Ümumdünya Yazıçılar Təşkilatının yaranma ideyasının beşiyi sayılan Azərbaycan yazıçılarının dünyanın böyük ədəbiyyat platformalarında təmsil olunmalarını təmin etməkdir.

Dinləmə zamanı Azərbaycan Ədəbiyyat Fondunun ədəbiyyatımızın beynəlxalq müstəviyə çıxmasında Ümumdünya Yazıçılar Təşkilatı ilə birgə görəcəyi işlərə ayrıca toxunulub, azərbaycanlı yazıçıların Nigeriya konqresində iştirakı məsələsi müzakirə edilib.

Daha sonra qonaqlar AYB sədri Anarla görüşüblər. Tədbir sual-cavab formatında davam edib.

 





23.02.2024    çap et  çap et