525.Az

Milli həmrəyliyə qarşı total hücumlar - Sosial şəbəkədə yazılanlar


 

Milli həmrəyliyə qarşı total hücumlar - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Samir Feyruzov, jurnalist:

- Ölkədə neqativ abu-hava formalaşdırmaqda məqsəd nədir? - Milli həmrəyliyə qarşı total hücumlar başlayıb.

Son günlər ölkədə baş verən neqativ hadisələri düzgün qiymətləndirmək və cəmiyyətdə mənfi abu-hava yaradan proseslərin ictimailəşdirilməsinin mənbəyini, ideoloji hədəflərini düzgün müəyyənləşdirmək üçün Prezident İlham Əliyevin andiçmə mərasimində nitqi ciddi şəkildə və dəfələrlə təhlil edilməlidir. Bu nitq əsas konsepsiya kimi qarşıya qoyulmalıdır. İlham Əliyevin budəfəki çıxışını əvvəlki çıxışlarından fərqləndirən ciddi detallar var.

Diqqət edin, sanki Prezidentin milli həmrəyliklə bağlı çağırışlarının, milli-mənəvi dəyərlər barədə söylədiyi fikirlərin hər biri üzərində işləyib, cəmiyyətə qarşı total hücumlar hazırlayıblar.

- İ.Əliyev belə bir cümlə işlətdi: "Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir..."

Prezident seçkilərinin keçirildiyi gün və ondan sonrakı dönəmdə cəmiyyətdə mənfi abu-hava yaradan videolar ötürülür, xalq neqativ, aqressiv və emosional notlarla yüklənir.

- İ.Əliyev daha sonra deyir: "Ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır..."

O, ənənəvi ailə dəyərlərinin qorunub saxlanılmasından və "mütərəqqi, yad dəyərlər"in cəmiyyətdən silinməsindən də danışdı.

Öldədaxilində risklərin olduğu nümayiş etdirilir. Xüsusilə, Azərbaycan xalqı üçün həssas olan ailə-məişət məsələləri və təhsil müstəvisində cinayət tərkibli və neqativ hadisələrin ictimailəşdirilir. Hansı sahədə ciddi boşluqlar varsa, həmin həssas nöqtələrdən hücumlar təşkil edirlər. Bizim cəmiyyət isə fərqli günahkarlar seçir və ictimai qınağa məruz qoyur: məktəb, müəllim, şagird, valideyn... Bütün bunlar təsadüf deyil, hər şey bu qədər sadə ola bilməz.

- İ.Əliyev vurğulayır: "Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır..."

Heç kəs şübhə edə bilməz, İ.Əliyev 17 il ərzində hər gün dünya ictimaiyyətini ədaləti bərpa etməyə, beynəlxalq hüququn təmin edilməsinə səslədi. Amma olmadı. Nəticədə Azərbaycan Ordusu beynəlxalq hüququ və ədaləti təmin etməklə dünyada yeni presedent yaratdı. Vaxtilə mövcud olan separatçı rejimin rəhbərləri, erməni cəmiyyətinin siyasi liderləri həbs edilib və bu gün Bakıda təcridxanada saxlanılırlar. Ermənistanın eyni dərəcəli adekvat addımlar atması üçün gücü və hüquqi əsasları yoxdur. Amma azərbaycanlı idmançının "beynəxalq axtarış"la Moskvada saxlanılması erməni cəmiyyətində adekvat addım kimi təqdim edilə bilər.

Son günlər ölkədə sensasiya yaradan videoların yayılmasını, daha çox ailə-məişət, təhsil müstəvisində gündəmin sürətli şəkildə dəyişdirilməsini və nəticədə cəmiyyətin emasional notlarla yüklənməsini təsadüf hesab etmirəm.

 

Rövşən Əliyev, sosial şəbəkə istifadəçisi:

- Qloballaşma indiki müharibələri çox qəlizləşdirib. Yanvarda Rusiya Xarkova Şimali Koreya istehsalı olan ballistik raket atır. Böyük Britaniyadakı "Conflict Armament Research" təşkilatı raketin qalıqlarından 290 komponenti araşdırır.

Nə görsə yaxşıdır? Komponentlərin 75%-ni ABŞ şirkətləri işləyib-hazırlayıb, satıb. Qalan 16%-i Avropa, 9%-i isə Cənub-Şərqi Asiya şirkətlərinə aiddir. Ümumilikdə bu istehsalda əli olan 26 şirkət müəyyənləşib ki, bunlar da ABŞ, Çin, Almaniya, Yaponiya, Niderland, Sinqapur, İsveçrə və Tayvanda yerləşir.

 

Müşfiq Şükürov, filosof:

- Bulinqin olmasında heç kim günahkar deyil. Bulinq həmişə olub, var və olacaq. Bütün ölkələrdə. Çünki insanın təbiətində vəhşilik, rəqabət var. Uşaqlar da təbiətlərini bəzən açıq ifadə edə bilirlər. Gücləri çatanda müəllimlərinin canlarını boğazlarına da yığa bilərlər. Uf demədən. Bir rus dili müəlliməmizi ağlatmağımız yadıma düşəndə həmişə utanıram. Uşaqları mələk kimi görmək istəyirik. Onlar isə mələk deyillər, uşaqdırlar. İnsan təbiətinin çılpaq halıdırlar.

Kontrolu artıraraq bu halları aradan qaldıra bilərik. Amma bilməliyik ki, kontrolun artması ilə həyat məhbəsə dönüşür.

Ümumiyyətlə, insan təbiəti haqqında qədim filosoflar indikilərdən daha çox bilərdilər və daha çox da danışardılar bu haqda. Təhsil dərin insan fəlsəfəsinə, konsepsiyasına söykənməlidir. İndi isə bu barədə nə danışmağı və də müzakirə etməyi sevmirlər. Təbiətdən danışanda adamı antihumanist, qeyri-potitkorrekt sayırlar.

İndi insan təbiətini öyrənmirlər, onu uydururlar.

 

Xatirə Hüseynova, BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri:

- Səhər məktəblilərin məlum bulinq videosunu 7-ci sinifdə oxuyan qızım Banu gördü. Mən də əsəblərimi cilovlayıb olar-olmazdan danışmaq istədim. Dedi ki, "ana, deyəsən, bu qızlar bir az çox seriala baxırlar". Gördüm ki, tam haqlıdır. Qızın hərəkəti, danışığı, mimika və jestləri hamısı seriallardan gəlir. Budur yumşaq gücün vurduğu zərbə.

Klassik "bizim dövrümüzdə" söhbətlərini o qədər də sevmirəm. Amma bu bir gerçəkdir ki, bizim qəhrəmanımız "Sehrli xalat"dakı Rəşid, "Ögey ana"dakı İsmayıl, "Bir qalanın sirri"ndəki Elşən, Mətanət, "Uzaq sahillərdə"ki Mixaylo, "Yeddi oğul istərəm"dəki Cəlal idi.

İndi uşaqlarımızın qəhrəmanları kimdir? Bütün günü efirləri zəbt eləmiş məişət proqramlarının qəhrəmana çevirdiyi gülxanımlar...

Üstəgəl, elə o proqramların təsirindən çat verən ailə institutunun və cəmiyyətin lazımınca verə bilmədiyi tərbiyə, təhsil. Nəticə də belə - cahillik, savadsızlıq, kitabsızlıq.

Belə davam etsə, bu videoları hələ çox görəcəyk.

 

Zaur Əliyev, dosent:

- Azərbaycan futbolu "Qarabağ" və onun məşqçisi Qurban Qurbanovun sayəsində dünyada ilklərə imza atır. Qürur yerimiz olan bu komanda hazırda dünyanın ən yaxşı klubları sırasında yer tutur. Bəs Azərbaycanda ilk futbol klubu və oyunu nə zaman olub? Rast gəldiyimiz bəzi sənədlərdə Azərbaycanda futbol oyunları 1905-ci ildən keçirilib. Lakin bu oyunda azərbaycanlıları yaxın qoymayıblar ki, iştirak etsinlər. Əsasən xarici neft şirkətlərinin əcnəbi işçiləri öz aralarında futbol oynayıblar.

Azərbaycanlıların ilk rəsmi oyunu Balaxanı kəndində həyata keçib. Özü də bu oyunun keçirilməsi birbaşa Əlibaxış Qədimov və ya Məşədi Kampan kimi tanınan Balaxanı neft milyonçusunun sayəsində olub. Qardaşları ilə neft kampaniyası yaradan Əlibaxış Qədimov Balaxanı camaatı tərəfindən daha çox Mer Kampan adı ilə tanınıb. Bu adla o, kampaniya yaratmasından sonra məşhurlaşıb. Mer Kampanın o dövrdə cəmi 2 neft buruğu və çoxsaylı neft quyuları olub. Buruq, buruqda tətbiq olunan avadanlıqlar o dövlər üçün çox böyük xərclərə başa gəlib. Neft quyuları isə Balaxanıda saysız-hesabsız olub. Kampan Qədimovun əliaçıqlığı haqda bu gün də əfsanələr dolaşır. Nobel qardaşları kimi, digər neft milyonçuları özlərinə kompaniya yaratmaq istəyiblər. Bu məqsədlə qruplarına daxil etmək üçün özlərinə yeddinci neft maqnatı axtarıblar. İngilislər Bakı kəndlərində tez-tez olublarmış. Onlar Əlibaxış Qədimovla görüşüb öz sıralarına dəvət ediblər. İlk öncə milyonçu buna razı olmayıb. Səbəb kimi də ingilislərin yerlilərə qarşı münasibəti olub. Hətta ingilislərin neft mədənində olanda ayaqla oynanılan oyuna belə azərbaycanlıların yaxın buraxılmaması onu narahat edən məsələ olub.

İngilislər təklif edirlər ki, Mer Kampan da özünə bir komanda yaratsın, əgər azərbaycanlılar oynaya bilsələr, onlar futbola maraq göstərən istənilən komandaya dəstək olacaqlar.

Razılşama əldə edilir və Mer Kampan camaatı yığır və oynaya bilənlərə hərəsinə 10 qızıl pul verəcəyini deyir. 25 nəfər seçilir və oyun üçün Balaxanda təcili oyun meydançası tikilməsi başlanır. Elə ilk futbol klubu kimi də "Balaxanı futbolçular dərnəyi" adlı komanda qeydiyyatdan keçib. 1910-cu ildə ilk dəfə futbol oyunu Balaxanıda keçirilir. Oyun ingilislərin qələbəsi ilə yekunlaşsa da ondan sonra Azərbaycanda futbol inkişaf etməyə başlandı. Mer Kampan da sözünü tutub oyunçulara qızıl pulla mükafat verir və hər ay onlar üçün aylıq maaş ayırır. Sovetlər Azərbaycanı işğal edib onun var dövlətini əlindən alan günə qədər də klubun sponsoru və sahibi olur.

Bir sözlə, Azərbaycana  azərbaycanlıların oynadığı ilk futbolu gətirən kişi də Mer Kampan adı ilə tanınan balaxanılı milyonçu Əlibaxış Qədimov olur.

Bakıda ilk rəsmi çempionat 1911-ci ildə keçirildi və "Britaniya klubu" komandasının qələbəsi ilə nəticələndi. 1912-ci ildə isə Azərbaycan futbolçuları ilk beynəlxalq görüşlərini keçirdilər və Tiflisdə yerli "Sokol" komandasına 4:2 hesabı ilə qalib gəldilər.

 

Naila Balayeva, jurnalist:

- Bir məktəb şagirdinin digərini aşağıladığı videoya baxanda yadıma hələ beşinci sinifdə yaşadığım bir hadisə düşdü. Sinifimizdə Mehriban adlı qız oxuyurdu. Gülşən adlı da bir ataman var idi. Bu Mehribanın valideynləri boşanırdı, ailə uşağa ümumiyyətlə fikir vermirdi. Bir gün həmin Gülşənin bu Mehribanın təxminən bu videodakı qızın başına gətirdiyi bir hadisəni gətirməsinin  şahidi oldum. Məktəbdən qıraqda qızı qısnamağı bir yana, sinifdə də ona "bitlibaş" deyirdi. Hamı da baxıb gülürdü. Bu Gülşənin yeganə çəkindiyi adam mən idim. Bu qızı götürdüm himayəmə. Həm dərslərinə baxırdım, ələ salanlara da dedim biriniz buna dəysəz, qarşınızda məni görün. Sinifkom idim. Bu Gülşən də çalışırdı mənə baş qoşmasın. Nə isə dediyim odur ki, belə hallar həmişə olub. Sadəcə əvvəllər biz bunu bilmirdik, indi sosial şəbəkə sağ olsun, bilirik. Günah da valideynlərdədir. Uşaq dünyaya gətirirsizsə yiyə durun, cəmiyyətə faydalı biri böyütməyəcəksizsə, heç doğmayın. Valideyn olmaq məsuliyyətini dərk etmirsinizsə, olmayın! Aşağılayanın valideynini cəmiyyətə bir şeytan, aşağılananın ana-atasını isə bir kölə böyütməkdə qınayıram!

 





23.02.2024    çap et  çap et