525.Az

Ədəbiyyatşünaslığın əbədiyaşar patriarxı - Həmid Araslı - 115


 

Ədəbiyyatşünaslığın əbədiyaşar patriarxı - <b style="color:red"> Həmid Araslı - 115</b>

Zəhra ALLAHVERDİYEVA
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

 

Azərbaycanın görkəmli elm xadimi, klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı və naşiri akademik Həmid Araslı 1909-cu il fevralın 23-də Gəncə şəhərində anadan olub. Atası Hacı Məhəmmədtağı öz dövrünün ziyalı şəxsiyyətlərindən olub, ruhani təhsili alıb, şəriət və fiqh elmlərini dərindən bilib. Atasını çox erkən itirən Həmid Araslı anası Dürrəbəyim xanımın himayəsi ilə 6 yaşından Gəncənin Şah Abbas məscidində təhsil alıb, anası vəfat etdikdən sonra qohumlarının köməyilə 1922-ci ildən Gəncə Darülmüəllimi Seminariyasında, daha sonra Bakıda  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub, 17 yaşından başlayaraq, pedaqoji fəaliyyəti ilə yanaşı, bir sıra məsul vəzifələrdə, o cümlədən, Elmlər Akademiyası və Bakı Dövlət Universitetində çalışıb.

Onun gəncliyi XX əsrin ağır 30-cu illərinə təsadüf edib. Ciddi və təmkinli xarakteri, əzmlə, lakin son dərəcə ehtiyatla irəliləməsi ona hələ gənclikdən cəmiyyət içində  möhkəm etibar və nüfuz qazandırıb. Öz elmi rəhbəri Bəkir Çobanzadə, müəllimi Abdulla Şaiq, həmkarı Əli Nazimlə birgə "Türk dili və ədəbiyyatı" proqramının tərtibi və dərsliklərin hazırlanması işində mühüm fəaliyyət göstərib, Azərbaycan xalqının tarixinin çox ağır zamanında yorulmadan milli ədəbiyyatımızın təbliği sahəsində çalışıb.

1937-ci ildə başlanan amansız repressiya, yüzlərlə şair, alim və ziyalılarımızın məhv edilməsi, qədim tarixi-ədəbi mənbələrin qadağan olunması, ərəb əlifbasında olan məxəzlərin yandırılması, tələf edilməsi, gizlədilməsi imperiya rejiminin məkrli siyasətinə xidmət edirdi.

Həmid Araslı belə bir çətin dövrdə, yəni 1938-ci ildə qədim türkdilli abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanını Azərbaycanda ilk dəfə latın əlifbasında nəşr etdirdi və bununla da bədxahlarımızı fakt qarşısında qoyaraq susdurdu. O, "Dədə Qorqud" dastanlarının Azərbaycanda yazıldığını və burada təsvir olunan Oğuz bəylərinin ana vətəninin Gəncə, Bərdə, Şərur, Dərbənd və başqa ərazilərimizin  olduğunu, Azərbaycan ərazisinin qədim türklərin ulu məskəni olduğunu dastanda mövcud olan faktlar əsasında sübut etdi. Doğrudur, onu cəzalandıraraq, o zamankı komsomol sıralarından çıxardılar, təhdid etdilər, amma öz məsləkindən çəkindirə bilmədilər.

H.Araslının əvəzsiz xidmətlərindən biri də onun Azərbaycan klassik ədəbiyyatının nəşri və tədqiqi sahəsindədir. Xatırladaq ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının farsdilli nümayəndələrinə münasibət də birmənalı deyildi. Farsdilli poeziyanın ədəbiyyat tariximizə salınması, yaxud salınmaması haqqında müzakirələr gedirdi. Hələ o dövrə qədər dünya elmi xəbərsiz idi ki, X-XI əsrlərdən başlayaraq, Şərq xalqlarının mədəni inkişaf tarixində müstəsna rolu olan farsdilli ədəbiyyat təkcə iranlılara məxsus deyildir. O, həm də digər müxtəlif sivil xalqların mühüm iştirakı və fəaliyyəti ilə yaradılmış müştərək mədəni sərvətdir və XII əsrdə yetişən Nizami Gəncəvi yaradıcılığı yüksək səviyyəyə qalxmış türk-Azərbaycan mədəniyyətinin zirvə göstəricisidir. Belə bir zamanda yalnız Azərbaycan alimlərinin ağır zəhməti, səyi nəticəsində həqiqət dünyaya yol açdı və bu işdə H.Araslının müstəsna xidməti vardır. O, Nizami yaradıcılığının Azərbaycan xalqının milli mədəniyyəti zəminində formalaşdığını qeyd edərək yazırdı: "...Nizaminin əsas qüvvət və qüdrət mənbəyi şərqşünaslar üçün bu günə qədər məchul olaraq qalıb. Hətta şairin əsərlərinə şərh yazan alimlər belə onun əsas qüdrət və qüvvət mənbəyi olan o zamankı Azərbaycan mədəniyyəti ilə, onun adət və ənənələri ilə yaxından tanış olmadıqlarından, şairin ayrı-ayrı ifadə və təşbihlərini, işlətdiyi sözlərin mənasını doğru, düzgün izah edə bilməmişlər".

Görkəmli alimin "Nizaminin müasirləri" kitabına qüdrətli sənətkarla eyni dövrdə yazıb-yaradan Azərbaycan şairlərindən Əbülüla Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Qivami Mütərrizi, Fələki Şirvani, İzzəddin Şirvani, Mücirəddin Beyləqaninin həyat və yaradıcılığı haqqında məlumat, qəzəl və qəsidələrindən nümunələr salınmışdı.

Şərq xalqlarının tarixində böyük Səlcuq dövrünün əsas cəhətlərinin geniş təhlil olunub, XII əsrdə Hindistandan tutmuş Kiçik Asiyaya qədər ədəbi dil kimi işlənən fars dilinin yayılma səbəblərinin aydınlaşdırılmasında şərqşünaslardan Y.N.Marr, A.Y.Yaqubovski, A.Y.Krımski, M.Ə.Rəsulzadə, Y.E.Bertelslə yanaşı, Həmid Araslının mühüm əməyi olub. Onun tarixi  xidmətlərinin başlıca cəhəti ondan ibarət oldu ki, Avropanın "İran mədəniyyəti" altında tanıdığı, əslində Yaxın Şərqin, Orta Asiya və Azərbaycanın böyük sənətkarları tərəfindən yaradılmış mədəniyyətin mahiyyət və özəlliklərini açaraq, farsdilli ədəbiyyat haqqında dünya şərqşünaslığında yer almış yanlış fikirləri aradan qaldırdı.

Qısa bir zamanda Həmid Araslı Nizami Gəncəvi yaradıcılığında Azərbaycan xalqına xas milli status səviyyəli məsələlərin araşdırılmasını əsas məqsəd və başlıca vəzifə olaraq qarşıya qoyub.  Şairin əsərlərinin xalq yaradıcılığı ilə sıx bağlılığını - Nizami şeirinin türkçülük məzmununu, mövzu, süjet, düşüncə tərzi, frazeoloji ifadə və birləşmələr, atalar sözləri və məsəllər, o cümlədən, Nizaminin dilində çoxsaylı Azərbaycan sözlərinin işlənməsi və sair  məsələləri ciddi şəkildə öyrənməklə elə qiymətli tədqiqlər aparıb ki, bu araşdırmalar nizamişünaslıqda günümüzə qədər öz elmi əhəmiyyətini saxlamaqdadır.

H.Araslının Azərbaycan nizamişünaslığında xidmətlərindən biri də Nizami Gəncəvi əsərlərinin tərcümə və nəşri sahəsində olmuşdur. Bu sahədə görülən işlərdən "Nizami. Lirika" (sətri tərcümə, tərtib, müqəddimə və şərhlər H.Araslı, Bakı, 1940) kitabını göstərə bilərik.

Bu kitab Nizami "Divanı"nı bütöv şəkildə əks etdirməsə də, görülmüş iş son dərəcə əhəmiyyətli idi. Qeyd edək ki, Nizami "Lirika"sının ilk poetik tərcüməçiləri - Ə.Vahid, C.Xəndan, N.Rəfibəyli, M.Dilbazi və O.Sarıvəlli kimi gözəl şairlərimiz olublar. Həmid Araslı, sözün əsl mənasında, söz-sənət sərrafı idi. Hər bir qəzəl və qəsidənin tərcüməçisini özü müəyyən etmişdi. Mən bir araşdırıcı olaraq gənclik dövrümdə qəzəllərin tərcümələrinə diqqət etdikdə, bir məsələyə təəccüb edirdim. Nizami Gəncəvinin vəzni rəvan, mənası asan, axıcı şeirlərinin əksəriyyətinin tərcüməsi, məsələn, Əliağa Vahid kimi qüdrətli bir sənətkara tapşırılmışdı. Eləcə də,  dövrün məşhur şair və alimlərindən Cəfər Xəndana tərcümə üçün verilən şeirləri Nizami elə aydın və incə sənətkarlıqla yazıb ki, bunlar sözbəsöz adekvat türk dilinə çevrilə bilən sənət nümunələridir. Məsələn:

 

Ərəq əngixte əz qol, qəsəb əfkənde ze mah,

Məgər əz bim-e rəqiban beşetab aməde bud?

 

Cəfər Xəndan tərəfindən edilmiş adekvat tərcümə:

 

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,

Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi. 

 

Demə, Həmid müəllim istedaddan əlavə, tərcüməçi şairlərin xarakterinə də diqqət edirmiş və onların bütün var qüvvəsini, iradəsini sərf edəcəyinə, məqsədə nail olacağına inanırmış. 

H.Araslının müstəsna xidmətlərindən biri də 1943-1944-cü illərdə nəşr olunmuş ikicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"dir. Alim 1960-cı ildə nəşr olunan üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabını nəşr etdirmişdi. O, ədəbiyyat tariximizə  Məhsəti Gəncəvi, Qivami Mütərrizi Gəncəvi və başqa adları o dövrə qədər ədəbiyyat tarixinə salınmayan sənətkarlarımızı daxil etmişdi.

O, ömrünün sonuna qədər öz amallarına sadiq qaldı. XX əsrin 80-ci illərində Türkiyə arxivlərində şairin vəqfinə dair xüsusi mülkiyyəti təsdiq edən sənədin tapılması ilə əlaqədar H.Araslı "Nizami vəqfi haqqında yeni sənəd" adlı məqaləsində məlumat verir, şairin həyatı haqqında o dövrə qədər mövcud bir çox dolaşıqlara son qoyaraq yazırdı: "Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur".

Həmid Araslı "Əziz ana!" dediyi doğma vətəninin mənafeyi naminə ömrünün sonuna qədər mübarizə apardı. 1981-ci ildə Şah İsmayıl Xətainin mənşəyi haqqında yalan və saxtakarlıqlarla dolu "Tarixin qəlbindəki sirlər" kitabının müəllifi Firuz Mənsurini farsa nökərçilik etməkdə günahlandırır və bu kitabın azərbaycanlıların mənşəyini "farslaşdırmaq üçün" saxtakarlığa əl atıb yeni-yeni yalanlar quraşdıran Pəhləvi xanədanının, Məhəmməd Rza şahın son saxta işlərindən olduğunu göstərirdi. Görkəmli alim dəqiq faktlar əsasında Səfəvilər dövründə dövlət idarəçiliyində yazışmaların və bədii ədəbiyyatın Azərbaycan türkcəsində olduğunu göstərirdi.

Həmid Araslı türk dünyasının böyük oğludur. O, ən çətin vaxtlarda, qadağaların olduğu bir dövrdə Azərbaycan və Türkiyə arasında möhkəm əsaslı bir körpüyə çevrilmişdi. Agah Sirri Ləvənd, Əbdülbaqi Gölpınarlı, Əli Nihad Tərlan, Hasibə Mazıoğlu, Faruq Timurtaş, Hüseyn Ayan və başqa məşhur türk alimləri ilə sıx yaradıcılıq əlaqələri qurmuş, Azərbaycanın dahi klassiklərinin dünyada tanınmasına yorulmaq bilmədən bir ömür sərf etmişdi.

Özbək ədib və alimlərindən Sədrəddin Ayni, Qafur Qulam, Aybək, Məqsud Şeyxzadə, A.Xaytmetov, N.Mallayevlə yaradıcılıq əlaqələri qurmuş və gənc alimlərin yetişməsində bilavasitə mühüm rol oynamışdı.

Görkəmli alimin elmi əsərləri dünyanın bir çox ölkələrində, o cümlədən, Moskva, Ankara, Kabil, Daşkənd, Tiflis, Bağdadda və başqa şəhərlərdə dəfələrlə nəşr olunub.

H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. O, 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə isə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb.

Akademik Həmid Araslı əsl elm fədaisi, dünyada tanınan nüfuzlu alim, öz doğma xalqının ədəbiyyat və mədəniyyətinin tükənməz bilicisi və təbliğatçısı idi. Azərbaycanın, eləcə də Türk dünyasının böyük ustad oğlu Həmid Araslının ruhuna Allahdan rəhmət diləyirəm!

 

 

 

 





23.02.2024    çap et  çap et