Ziba AĞAYEVA
Fəlsəfə elmləri doktoru
Ümummilli lider Heydər Əliyevin siyasi irsi Azərbaycan tarixinə milli-mənəvi dirçəliş və sosial-siyasi tərəqqi dövrünün təminatçısı kimi əbədi həkk olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncamında deyilir: "Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxsahəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir". Bu nöqteyi-nəzərdən Heydər Əliyevin siyasi irsi müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi məzmununu, onun əsaslandığı dəyərlər sisteminin mahiyyətini əks etdirən mükəmməl konsepsiya kimi daim elmi ictimaiyyətin diqqətini özünə çəkir. Tarix elmləri doktoru Eynulla Mədətlinin "Heydər Əliyev İli" çərçivəsində hazırlanaraq işıq üzü görmüş "Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq və Azərbaycan-Türkiyə birliyinin fəlsəfəsi" adlı yeni elmi, tarixi, fəlsəfi mahiyyət daşıyan kitabı da bu qəbildən olan tədqiqat əsərlərindəndir. Kitab Ümummilli lider Heydər Əliyevin siyasi irsinin müxtəlif aspektlərinin, Azərbaycan dövlətçiliyinin, milli dövlətçiliyimizin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq ideologiyasının, Azərbaycan-Türkiyə birliyinin təməl prinsipi olan "Bir millət, iki dövlət" formulununuğurla reallaşmasının, həmçinin Ulu öndərin mədəniyyət siyasətində olduqca böyük önəm verdiyi mənəvi dəyərlərimizin tarixi-siyasi-fəlsəfi təhlilinə həsr olunub.
Ədalət naminə qeyd etmək lazımdır ki, əsər Heydər Əliyevin siyasi fəaliyyətinə, siyasi irsinin öyrənilməsinə həsr olunmuş geniş və hərtərəfli elmi tədqiqat işi olub, bu dövrü öyrənən, təbliğ edən elmi ictimaiyyət üçün gərəkli elmi mənbədir. Kitabın "Giriş" hissəsində müəllif yazır: "Tarix sübut edir ki, siyasi irs əsasən xalqların yetişdirib tarix səhnəsinə çıxardığı rəhbərlərin, sərkərdələrin, görkəmli şəxsiyyətlərin geniş miqyaslı ictimai-siyasi fəaliyyəti ilə formalaşır. Bu siyasi liderlərin şəxsi məziyyətləri, milli-mənəvi keyfiyyətləri fonunda cəmiyyətdə milli iradə formalaşır, milli inkişaf yolu müəyyənləşir, milli dövlətçilik bərqərar olur, beləliklə də, zəngin və əbədi milli irs yaranır". Yəni xalqın önündə gedən siyasi liderin, onun inandığı, güvəndiyi rəhbərin, xalqın varlığı və müqəddəratı üçün məsuliyyət daşıyan sərkərdənin şəxsi keyfiyyətləri həm də dövlətlərin, xalqların taleyini müəyyənləşdirən vacib amildir.
Üç fəsil on iki yarımfəsildən ibarət kitabı oxuduqca Heydər Əliyev siyasi irsinin və azərbaycançılıq məfkurəsinin fəlsəfi dərkini özündə ehtiva edən birinci fəsildə yeni məqamların təhlili diqqətimizi cəlb edir. Bu fəsildə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, daxili və xarici siyasət strategiyasının müəyyənləşdirilməsində, ümumilikdə Azərbaycan Respublikasının inkişafında, ölkədə asayiş və sabitliyin bərqərar edilməsində, xalqımızın rifah halının yüksəldilməsində bir lider olaraq Heydər Əliyevin siyasi irsinin dünyada gedən mürəkkəb proseslər kontekstində, ölkəmizin dayanıqlı siyası və iqtisadi inkişafı narativində, eyni zamanda gələcək uğurlu perspektivlərdə hədəfə çatmaq naminə siyasi fəaliyyətlərdə öyrənilməsinin və rəhbər tutulmasının əhəmiyyəti vurğulanır və fəlsəfi baxımdan təhlil olunur.
Heydər Əliyevin azərbaycançılığa dair fəlsəfi baxışlarını təhlil edən tədqiqatçı yazır ki, bütün varlığı ilə böyük azərbaycanlı olan Ulu öndər cəmiyyətin bütövləşməsi, Azərbaycançılıq məfkurəsinin ölkədə yaşayan bütün xalqların nümayəndələrinin vahid milli həmrəyliyinin aparıcı amilinə çevrilməsi istiqamətində tarixi xidmət göstərib. Heydər Əliyev vurğulayırdı ki, Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün son dərəcə vacibdir. Ulu öndərin fəlsəfi baxışına görə, Azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümümbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvü şəkildə birləşdirən Azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. Bu fəsildə həmçinin Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi, Naxçıvanın böhrandan çıxarılmasında Türkiyə ilə tərəfdaşlığın təməlinin qoyulması mərhələsi tarixi-siyasi aspektdən tədqiqata cəlb olunur.
Kitabın "Heydər Əliyevin siyasi irsi və qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlər" adlı ikinci fəslində "Bir millət, iki dövlət" konsepsiyasının Naxçıvan mərhələsi, Azərbaycan-Türkiyə arasında sonrakı illərdə davam edən strateji əməkdaşlıq, iki ölkənin birliyin strategiyası və fəlsəfəsi mahiyyət etibarı ilə yeni kontekstdə, tarixi hadisəyə yeni yanaşma sərgiləməklə tarixi-siyasi aspektdən təhlilə cəlb edilir. Müəllif ölkəmiz üçün aktual problemləri tədqiqata cəlb edərək, tarixi hadisələrə müvafiq təhlillər verməklə tədqiqatın məqsədi baxımından bəzi prinsipial məqamlara aydınlıq gətirib. Xüsusilə təqdirlayiqdir ki, müəllif XXI əsrin əvvəllərindən etibarən Heydər Əliyevin siyasi irsini yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin "Bir millət, iki dövlət" düsturunu Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının strategiyasına çevirdiyini, bu xəttin ümumtürk birliyinin formalaşması yolunda xüsusi əhəmiyyət kəsb etdiyini geniş fəlsəfi təhlilə cəlb edib.
Kitabın "Heydər Əliyevin siyasi irsində dövlətçilik ənənələri və mədəniyyət fəlsəfəsi" adlanan üçüncü fəslində Ulu öndərin tariximizin 35 ilə yaxın bir dövrünü əhatə edən siyasi irsində Azərbaycan Xalq Cümhuriyyətinə münasibəti müstəqil dövlətçilik ənənəsinin bir mərhələsi olaraq tarixi yaddaş, "dinamik varislik" prizmasından təhlil edilib. Tədqiqatçının məntiqi nəticəsinə görə: "Heydər Əliyev bu məsələni məharətlə Azərbaycanda dövlət quruculuğunun ümumi fəlsəfəsi və siyasi-ideoloji özəlliyi ilə sıx bağlamışdır. Heydər Əliyev AXC-nin yaranmasını tarixi hadisədən bu gün müstəqil dövlət qurmağın fəlsəfəsinin mühüm bir fraqmentinə çevirə bilmişdir". Bu fəsildə həmçinin Ulu öndərin dövlətçilik ənənələri və mədəniyyət faktoruna strateji zənginlik amili kimi münasibəti, Heydər Əliyev siyasi irsində xalqımızın öz kökünə, milli mədəniyyətinə bağlılığını təmin edən milli-mənəvi dəyərlər sisteminin fəlsəfi mahiyyəti, Ümummilli liderin siyasi irsində islam həmrəyliyi təcrübəsi və milli xüsusiyyətlər, eləcə də onun xalq mədəniyyətinə münasibəti məsələsi də diqqətdən kənarda qalmayıb, yeni baxış bucağından təhlil edilərək, mükəmməl konsepsiya kimi təqdim edilib.
Müəllifin monoqrafiya üçün seçdiyi ad uğurludur, əsərin məntiqinə və məzmununa tam uyğundur. Bunu kitabın bütün bölmələrində tədqiqatçının tarixi faktları məntiqi ardıcıllıq baxımından düzgün təhlil edərək, qarşısına qoyduğu məqsədə uğurla nail olması da sübuta yetirir.
XX yüzilliyin II yarısından etibarən Azərbaycan siyasətinin ən parlaq nümayəndəsi olan Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, onun siyasi irsinin araşdırılmasına ehtiyac daima duyulacaq, bu mövzuda daha çox kitablar yazılacaq, araşdırmalar aparılacaq. Çünki Ümummilli liderin Azərbaycan xalqının gələcəyi naminə göstərdiyi əvəzsiz xidmətlər ona tarixin yaddaşında əbədi qalmaq hüququ qazandırıb. Eynulla Mədətlinin "Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq və Azərbaycan-Türkiyə birliyinin fəlsəfəsi" adlı yeni kitabı bu fenomenal şəxsiyyətə, onun zəngin siyasi irsinə bir fəlsəfi baxış nümunəsi olub, geniş elmi ictimaiyyət üçün nəzərdə tutulan əsərdir.