525.Az

Alimliyi insanlığından ayrılmayan dəyərli müəllim…


 

ELMİRA HƏMZƏYEVA - 65

Alimliyi insanlığından ayrılmayan dəyərli müəllim…<b style="color:red"></b>

Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının baş müəllimi Elmira Həmzəyeva haqqında danışmaq istəyəndə zaman məni tələbəlik illərimə aparır. Bizə — BDU-nun Filologiya fakültəsinin sonuncu kurs tələbələrinə  Elmira xanım o zaman “Ümumi dilçilik”dən seminar aparırdı. Necə deyərlər, elə o vaxtdan mənim də ümumi dilçilik sevgim başladı. Çünki o, sözün həqiqi mənasında, təpədən-dırnağa müəllimdir. Sevindirici (və son dərəcədə qürurverici) hal ondadır ki, Elmira xanımın müəllimliyi onun alimliyindən və insanlığından ayrılmazdır.

Elmira xanım, heç şübhəsiz, bu gün də dil haqqındakı elmin klassiklərini tələbələrinə yüksək səviyyədə tədris edir, onları elmi işlərə həvəsləndirir. Onun elmi maraq dairəsindən danışanda, ilk növbədə, 2004-cü ildə uğurla müdafiə elədiyi “Üzeyir Hacıbəylinin əsərlərində antroponimlər” adlı dissertasiyası və 2007-ci ildə həmin mövzuda monoqrafik tədqiqatından “Üzeyir Hacıbəylinin antroponimiyası”ndan ayrıca bəhs etməliyik. Azərbaycan onomastikasının uğurlarından biri kimi qiymətləndirilməsi şübhə doğurmayan bu tədqiqatda dahi Ü.Hacıbəylinin əsərlərindəki əsas, köməkçi adlar, eləcə də, antroponimlərin mənşəyi və quruluşu sistemli araşdırılıb. Və araşdırmanın sonunda təqdim olunmuş “lüğət” də elmi işin dəyərini bir xeyli artırıb. E.Həmzəyeva tamamilə haqlıdır ki, “klassik sənətkarların bədii leksikasının əhatəli və dərindən öyrənilməsi həmin sənətkarın yaradıcılıq keyfiyyətləri ilə yanaşı, bütövlükdə milli ədəbi dilin lüğət tərkibini, onun inkişaf dövrlərini dəqiqləşdirmək, bu dövrün tarixi mərhələlərini müəyyənləşdirmək işinə yaxından kömək edir”.

Bundan əlavə, Elmira xanımın Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunmuş “Türk mənşəyi Azərbaycan şəxs adları sözlüyü” (2004) kitabçası onunla əlamətdar hadisədir ki, bizim dilçiliyimizdə Azərbaycan-Türk mənşəli şəxs adlarına həsr olunmuş ilk təşəbbüsdür. Sözlükdə 1500-ə qədər (1000-ə yaxın kişi, 500-ə yaxın isə qadın) şəxs adı təqdim olunub. Tərtibçinin belə bir fikri ilə razılaşmaq lazım gəlir ki, “gələcəkdə xalis Azərbaycan – Türk mənşəli şəxs adlarının dilçilik və etimoloji baxımından araşdırılması həm Azərbaycan xalqının tarixi, həm dil tariximiz, həm soykökümüz və s. haqqında qiymətli faktların üzə çıxarılmasına imkan verər”.

Elmira xanımın dilçiliyimizə bəxş etdiyi töhfələrdən biri də həmtərtibçisi olduğu "Latınca-Rusca-Azərbaycanca frazeoloji ifadələr lüğəti"nin hazırlanmasıdır. Sirr deyil ki, "bədii əsər " mahiyyəti daşıyan frazemlər birbaşa etnosun mədəni nüvəsini təşkil edir. Bu baxımdan, lüğət ölü bir dilin mədəniyyət pıçıltısı kimi xarakterizə oluna bilər.

Göründüyü kimi, Elmira xanımın dilçilik missiyası kəmiyyətdən çox, keyfiyyətə arxalanır...

Tələbələrə ana qayğısı ilə yanaşan, sözü qədər ürəyi də böyük müəllimimizə yaşının müdrik çağında yeni-yeni elmi-pedoqoji nailiyyətlər, möhkəm can sağlığı arzulayırıq! Doğum gününüz mübarək, əziz Müəllimimiz!

 





23.02.2024    çap et  çap et