XX əsr Azərbaycan üçün böyük sınaq mərhələsi kimi tarixin yaddaşına yazıldı. Əsrin əvvəllərindən başlayan ağır illər sonralar daha miqyaslı hadisələrlə yadda qaldı. 1905-1906-cı illərin türk-müsəlman qırğınlarını, 1918-ci ilin mart soyqırımını xalqımız üçün əsrin ilk qətliamları kimi səciyyələndirmək mümkündür. Bu hadisələri məhz qətliam adlandırmaq lazımdır. Çünki özünümüdafiə gücü olmayan insanların qanına susamaq yalnız belə qələmə verilə bilər.
Mart soyqırımından sonra qurulan Azərbaycan Xalq Cümhuriyyətinin qısa ömrü xalqımızın sevincini gözündə qoydu. 71 illik müstəmləkəçilik dövründə mənəvi cinayətlər vüsət almağa başladı. 37-ci ilin represiyası isə sovet hökumətinin, Stalin hakimiyyətinin ən bağışlanmaz fəlakəti idi... Bütün baş verənlərə baxmayaraq, xalqımız milli ruhunu içində yaşatdı və 71 il sonra yenidən azad ola bildik. Qanlı yanvar faciəsinin ardınca qazanılan müstəqilliyin sonrakı illərində də ağır sınaqlardan keçməli olduq. Bu demokratiya Azərbaycana çox baha başa gəldi və əsrin növbəti dəhşətli tablosu yarandı: Xocalı soyqırımı...
Həqiqətən, Xocalı soyqırımı Azərbaycanın tarix salnaməsinin ən dəhşətli, qandonduran hadisələri sırasındadır. Bu gün Xocalıda Azərbaycanın şanlı üçrəngli bayrağı dalğalansa da, tarixi, başımıza gətirilən müsibətləri unutmamalıyıq və gələcək nəsillərə ötürməliyik. Erməni cəlladlarının xocalılara qarşı tarixdə görünməyən işgəncələr verməsindən 32 il ötür...
Ümumilli lider Heydər Əliyev Xocalı faciəsindən bəhs edərkən deyirdi ki, Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir!..
Tarixi səhifələrə nəzər saldıqca o məşum hadisənin təfərrüatları ağlasığmaz təəssürat yaradır. Xocalı faciəsi bir gecənin işi deyildi. Qarabağda problemlərin alovlandığı ilk gündən Xocalı ilə bağlı erməni şovinistləri tərəfindən planlar cızılmışdı. Onların məqsədi Xocalını yer üzündən silmək idi...
1991-ci ilin oktyabrında Xocalı tamamilə blokadaya alınmışdı. Avtomobil yolları bağlanmışdı, yalnız helikopter vasitəsilə şəhərə getmək mümkün idi. Şuşa səmasında helikopterin vurulmasından sonra şəhərlə bütün əlaqələr kəsildi. Xocalıların əzmkarlığı, cəsurluğu sayəsində şəhər hələ də müdafiə edilirdi.
Fevralın 25-i axşam 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutdular. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq günahsız insanların həyatına son qoydular. Müxtəlif istiqamətlərdən hücum edərək dinc əhaliyə müsibət yaşatdılar. Xocalı alov içində idi. Özlərini itirən xocalılar isti ocaqlarından didərgin olub meşəyə tərəf qaçdılar. O meşə dinc əhali üçün qışın soyuğunda cəhənnəmə çevrildi. Uşaqlar, qadınlar, qocalar vəhşiliklə öldürüldülər. Xocalıların bəziləri diri-diri yandırıldı, dəriləri soyuldu. Çoxusunun gözü çıxarıldı.
Statistik məlumatlara görə Xocalı faciəsində 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Əsir götürülənlərə amansız işgəncə verilib. Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Erməni yazıçısı Zori Balayan “Ruhumuzun dirçəlişi” kitabında yazırdı: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq...”
Kitabdan qeyd olunan bu hissə təkcə bir yazıçının yox, erməni millətinin xəstə təfəkkürünün, vəhşi xislətinin, insanlıqdan kənar düşüncələrinin bariz nümunəsidir.
Qeyd etdiyimiz kimi, Ermənistan Xocalını dünyadan silməyə çalışırdı. Onlar elə zənn edirdilər ki, buna nail olublar. Fəqət müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun yenilməz gücü düşmənin arzusunu puç etdi. Bu gün Xocalı erməni tapdağından xilas olub. Orada amansızlıqla şəhid olan soydaşlarımızın qanı yerdə qalmayıb. Ərazi bütövlüyümüzün bərpası bütün yaralarımızı qaysaqlandırdı.
Xocalı qurbanlarını hörmətlə anır, ruhlarına dua edirəm...
Mir Ramil Abdullayev
Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu