525.Az

Əzizim Ordubada...


 

Əzizim Ordubada...<b style="color:red"></b>

Prezident İlham Əliyev fevralın 21-də "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb. Bu sərəncam özündə böyük tarixi əhəmiyyət kəsb etməklə yanaşı, həm də hər birimizi sevindirdi. Ordubad tarixi bir əsər kimi oxunmağa, qorunmağa və sevilməyə layiq bir şəhərdir. Sərəncam Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi işinə öz mühüm töhfəsini verəcəkdir. İllərdir ki, bu qədim diyar Azərbaycanın incisi kimi dillər əzbəridir. Çox az adam tapılar ki, Naxçıvana səyahəti zamanı Ordubadı görməmiş geri dönə. Hələ XX əsrin əvvəllərində bu gözəl yurdu ziyarət etmiş Nefodov soyadlı bir səyyah yazıb: "Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir".

Qədim yaşayış məskənlərindən olan Ordubad özündə müxtəlif tarixi dövrlərə məxsus abidələri birləşdirir. Tunc və ilk Dəmir dövrlərinə aid edilən Gəmiqaya abidəsi,  Xarabagilan şəhər yeri, Qeysəriyyə binası, mədrəsə, məscid, qədim məhələllələr, buzxana, hamam və karvansaralar bu yurd yerinin zəngin tarixi və mədəni irsindən soraq verir. Şəhərin qədim məhəllələrində hələ də taqqılbab və zəncilbabı olan qapılar ayrı bir mövzudur. Məhəllələrin meydanlarında, eləcə də yaşayış evlərinin həyətində unikal hidrotexniki qurğulara malik kəhrizlərin suyundan isə içməmək günah olar. Tarixi və milli dəyərlərinə həssaslıqla yanaşan əhali adət-ənənələrin yaşadılması işində də mühafizəkardır. Artıq bir neçə ildir ki, Sərşəhər meydanı tək ordubadlıları deyil, Novruz bayramı günlərində muxtar respublikanın, eləcə də ölkənin digər bölgələrindən gələnləri öz sehrinə salır. Tarixi məhəllədə milli ənənələr əsasında qeyd edilən bayram şənliklərində iştirak etmək istəyənlərin sayı ilbəil artır. Milli bayramları xüsusi şövqlə qeyd edən ordubadlılar hələ də Novruzun atributlarından olan paxlavanı mis məcmeyilərdə təndir və kürələrdə bişirirlər.

Ordubad həm də turizm nöqteyi-nəzərindən diqqət çəkən bölgələrdəndir. Tarixi-mədəni turizmin əsas qaynaqlarından olan Ordubad ötən illər ərzində muxtar respublikada bu sahənin inkişafına mühüm töhfələr verib. Qonağımız gələndə fəxrlə aparıb göstərə biləcəyimiz yerdir Ordubad. Burada həm təbiət, həm tarix, həm mədəniyyət, həm qonaqpərvərlik var. Zəhmətkeş ordubadlıların ərsəyə gətirdiyi məhsullar bazarlarda adla tanınır. Mətbəxi  çeşidliliyi və dadı ilə nömrə birdir.

Ordubad həm də ziyalılar məskənidir. Bura Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi kimi Azərbaycana elm, təhsil işığı saçan maarif fədailərinin yurdudur.

Ordubad keçmişlə günümüz arasında mənəvi və maddi-mədəniyyət nümunələri ilə göz oxşayan körpüdür. İmzalanan sərəncam bu körpünün bünövrəsinin möhkəmlənməsinə və gələcək nəsillərə miras qalmasına vəsilə olacaqdır.

Yolunuzu Ordubaddan salın, tarix qoxulu məhəllələrindən, "Qılınc və qələm"li muzeylərindən, bənzərsiz məscidlərindən, abi-həyat car olan çeşmələrindən. Taqqılbablı, zəncilbablı qapılarını döyüb içəri keçin, qonaqpərvər, mehriban, gülərüz insanlarını tanıyın, tanıdın.

 

Əzizim Ordubada

Yol gedir Ordubada

Tarix görmək istəyən

Verməsin vaxtı bada.

 

Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş redaktoru

 





23.02.2024    çap et  çap et