|
|
|
|
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Seyran Ohanyanın başçılığı ilə erməni silahlı dəstələri 366-cı motoatıcı alayla birlikdə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki yalnız azərbaycanlıların yaşadığı 57 yaşayış məntəqəsindən biri olan Xocalı şəhərini və yaxınlığında yerləşən hava limanını zəbt edərək yerli əhaliyə qarşı dəhşətli soyqırım törətdilər. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Xocalı strateji baxımından Qarabağın əlverişli yerində yerləşirdi, çünki dəmir yol xətti və hava limanı vardı. Buna görə də ermənilər üçün Xocalını yerlə-yeksan etmək qarşıya qoyulan ən birinci məqsəd idi.
1990-cı illərdə sovet senzura qorxusundan qurtula bilməyən Azərbaycan mətbuatı Xocalı soyqırımı haqqında məlumat verməkdə ya çətinlik çəkirdi, ya da hadisənin faciəviliyini görməzdən gəlirdi. 1992-ci ildə Xocalı soyqırımının baş verdiyi zaman dünya mətbuatında faciənin işıqlandırılmasında ən böyük fəallığı Türkiyə mediası göstərmişdir. Xocalı soyqırımı 1992-ci ildə Türkiyənin ən fəal mətbuat orqanlarında – “Cumhuriyet”, “Hürriyet”, “Milliyet”, “Türkiye”, “Tercüman”, “Meydan” qəzetləri, “Azerbaycan Türk kültür dergisi”ndə işıqlandırılmışdır. Hazırda Xocalı soyqırımının dünya mediasına daha geniş çatdırılmasına ehtiyac var, bu da soyqırım gerçəkliklərimizin dünya ictimaiyyətinə tanıtdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsinin 26-cı ildönümündə şəhidlərimizin ruhunu rəhmətlə yad edərək qeyd etmişdir: “Amma hər kəs unutsa da, biz unutmayacaq və unutdurmayacağıq. Xocalı qətliamını da, qardaşlarımıza qarşı işlənən bütün insanlıq günahlarını da hər zaman xatırlayacaq və xatırladacağıq”. Hər il Xocalı soyqrımının ildönümü münasibəti ilə Türkiyənin bir sıra şəhərlərində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində konfranslar, “dəyirmi masalar”, rəsm sərgiləri, etiraz nümayişləri və digər məlumatlandırma aksiyaları keçirilir”.
Xocalı soyqırımı haqqında xəbərlər mahiyyət etibarilə Türkiyə mətbuatında 2 cür təzahür edir: hadisənin bütün gerçəklikərini ortaya qoyan canlı şahidlərin gözü ilə (Xocalı soyqırımından sonrakı xəbərlər) və başqa mətbuat nümunələrindən qaynaqlanan xəbərlər.
Xocalı soyqırımının törədilməsindən əvvəl erməni vəhşiliyi, cinayətləri ilə bağlı Türkiyə mediasında informativ xarakterli məlumatlar gedirdi və məlumatların içərisində daha çox ölənlərin və yaralıların sayı barədə statistik rəqəmlər, Xocalı soyqırımından əvvəl Türkiyə mətbuatında çap olunan xəbərlərdə qaldırılan digər problem ermənilərə Qərbin silah yardımı məsələsi yer alırdı. Bu məsələ o zaman Azərbaycan mətbuatında tamamən gizlədilirdi. Türkiyə mətbuatındakı bu tipli xəbərlər gələcəkdə dəhşətli soyqırım törədiləcəyindən xəbər verirdi.
Xocalıda gedən döyüşlərdən əvvəl ermənilərə silah yardımı ilə bağlı xəbərlərdən aydın olur ki, ermənilər soyqırımları planlı surətdə həyata keçirirdilər. Moskvada barış sazişi etməyə çalışanlar ermənilərə silah yardımı edərək azərbaycanlılara döyüşə yardım etməsi, Ermənilərə İsrail, Fransa, Rusiyadan silah yardımı gəlməsi kimi xəbərlər yer almışdır.
Ancaq Türkiyə mətbuatının Azərbaycanı müdafiə etməsi erməni mətbuatını və onları dəstəkləyənləri qıcıqlandırır, buna görə də yalan informasiyalarla Azərbaycana silah yardımı etmək kimi böhtanla günahlandırırdı.
Xocalı soyqırımı haqqında ilk xəbər Türkiyə mətbuatında canlı şəkilləri ilə “Hürriyet” qəzetinin Xocalıda olan hərbi jurnalisti İrfan Sapmaz tərəfindən dünyaya bəyan edildi. “Dünya bu katliama dur demeli” başlıqlı yazısı ilə İ.Sapmaz Xocalı faciəsini ilk dəfə Türkiyə mediasına bildirərək belə yazırdı: “Azərbaycanlılar bütün çətinliklərə rəğmən, Dağlıq Qarabağda bir qəhrəmanlıq dastanı yazdılar. Modern silahlarla təchiz olunmuş Qızıl ordu dəstəyi ilə erməni işğalçılarına qarşı azərbaycanlılar qanları bahasına da olsa, mübarizə aparırdılar. Ancaq Xocalının işğalına mane ola bilmədilər”.
Xocalı işğalından əvvəl ermənilərin Əsgərana hücum edəcəyini zənn edən azərbaycanlı qoşunları Xocalıdan insanları qurtarmaq üçün cəhd edəndə azərbaycanlı döyüşçülər şəhid olması, qadınları və uşaqları xilas etməyə çalışan gənc oğlanların tibbi yardıma gələn həkimlərin ermənilər tərəfindən güllələnməsi, yaralıların Ağdama gətirilməsi, Şuşanın alınması, Rusiya televiziyasında azərbaycanlıların kimyəvi silahlarını ələ keçirmək məqsədi ilə ermənilərin Xocalı hücumuna əsas qazandırması, həmin vaxtı İran xarici işlər naziri Əli Əkbər Vilayətinin Qarabağa səfəri ləğv olunması İrfan Sapmazın “Dünya bu katliama dur demeli” adlı məqaləsində öz əskini tapmış məsələlərdir.
Daha sonra “Türkiye”, “Tercüman”, “Meydan” qəzetləri, “Azerbaycan türk kültür dergisi” Xocalı soyqırımını Qarabağ müharibəsinin faciəsi kimi adlandırılmışdır. Ancaq “Türkiye”, “Tercüman”, “Meydan” qəzetlərindəki xəbərlərə nisbətən “Hürriyyet” və “Milliyet” qəzetləri Xocalı soyqırımının tam mahiyyətini açıb göstərə bilmiş və oxucuya canlı faktları geniş şəkildə çatdıra bilmişdi.
“Milliyet” qəzeti Xocalı soyqırımını sensasiyalı xəbəri digər mətbu orqanlarına nisbətən gec, 1992-ci ilin mart ayında işıqlandırmışdı. “Milliyet” qəzetinin Qarabağdakı müxbiri Rehber Beşiroğlunun “Kar yeyerek hayatta kaldılar” adlı məqaləsi Xocalı soyqırımdan qurtularaq Ağdama qaçan 5 nəfər (3-ü qadın) dağlarda ancaq qar yeyərək sağ qalmış, ayaqları donmuş halda xəstəxanaya yerləşdirilməsi soyqırım psixologizminin hüznlü faktlarıdır: “Öncə rus əsgərləri Xocalıya girdi, arxasınca ermənilər gəldi. Sonra yıxılan evlər, meşəlik düzlüyə sürülən, insanlar və qətliam, ölənlərin parçalanması... Anladıq ki, qardaş, bizim düşmənimiz insan deyil, vəhşi heyvandır”.
Rehber Beşiroğlu Xocalı soyqırımının şahidləri ilə görüşmüş, ermənilər tərəfində törədilən soyqırımlar şahidlərin ifadələrində “Sinələri süngülənmiş qadınlar, gözləri oyulmuş, qulaqları, burunları kəsilmiş cəsədlər, gözlərinə şiş batıraraq işgəncə görən kəndlinin iztirabına ortaq oldum. Xəbərin emosional gücünü artıran hedlaynlardır” deyilir. Erməni canilərinin işgəncə metodları arasında qulaq kəsmə, qaş yolma, dırnaq çıxartma da var.
Türkiyə mətbuat nümunələrini araşdıranda belə nəticəyə gəlinir ki, Xocalı soyqırımın törədilməsində əsas səbəbkar amil erməni və Rusiyanın çirkin siyasəti, digər tərəfdən eks-prezident Ayaz Mütəllibovun zəif idarəetmə sistemi, buna görə dövlət adamlarının özbaşına fəaliyyəti və Azərbaycan Ordusunun o zamanlar başsız qalıb göstərdiyi zəifliyidir. “Azerbaycan türk kültür dergisi”nin 1995-ci il 301-ci sayında Mehmet Kengerli “Hocalı Katliamının İhanetlerle Dolu İç yüzü” adlı məqaləsində həmin dövrdə Xocalı soyqırımın baş verəcəyi hamıya məlum idi və Xocalı prokuroru A.Atakişiyev 3 ay insanların Xocalıda işıqsız, çörəksiz yaşadığını qeyd edir. Rayon statusunu verən eks-prezident Ayaz Mütəllibovun fərmanından danışan zaman Xocalı prokuroru qeyd edirdi: “Həmin fərman imzalayanlar çoxdan o rayonu da, orada yaşayanları da unutmuşdular”.
Xocalı soyqırımına qarşı dünya mediasının münasibəti də Türkiyə mətbuat səhifələrində yer almışdır. Hətta ilk dəfə dünya mediasına “Sunday” qəzetinin müxbiri Tomas Golts və onun türk həyat yoldaşı Hicran Golts “Sunday Times” qəzetinə Xocalı faciəsi haqqında xəbər vermişlər, qəzet məlumatı çap etdirsə də, BBC məlumatı bildirməkdə ehtiyat etmiş, ancaq Moskva müxbirinin xəbərindən sonra Xocalı faciəsini dünyaya bəyan etmişdir .
“Milliyet” qəzeti 5 mart 1992-ci il sayında Temuçin Tuzecan, Ahmet Sever, Mehmet Aktanın “Karabağ katliamı. Fransa yine kalleş” məqaləsində İngiltərə mətbuatı daxil olmaqla Qərb mətbuatının Xocalı soyqırımı faciəsini dünya ictimaiyyətinə çatdırmaqda soyuqqanlıqla yanaşdığı göstərilmişdir. Hətta Türkiyə mətbuatında “Guardan” qəzetinin heç bir məlumat verməməsi, “Times” qəzetinin müxbiri Anatol Lieven faciəni olduğundan zəif işıqlandırması, “Times” qəzetinin digər müxbiri Baroness Cox öldürülən ermənilərə göz yaşı tökməsi qeyd olunmuşdur. Londonun türkiyəli müxbiri bu məsələyə aydınlıq gətirən zaman din faktorunun rolunu diqqətə çatdırmışdır. Digər Fransa qəzeti olan “Le Figaro” qəzetində yalnız bir şəkil verməsi, “Liberation” heç bir sətir yazmaması, Belçika qəzeti “Le Soir” erməni tərəfkeşliyini nümayiş etdirməsi, Almaniya qəzetləri içərisində “Frankfurter Rundschau” qəzeti ermənilər MDB əsgərlərinin öldürdüyü, “Welt am Sonntag” qəzetində faciəni ermənilər başlatdığı, “Bonner General Anzeiger” qəzeti isə azərbaycanlıları erməni soyqırımda günahlandırdığı bildirilir. Onun Xocalı soyqırımını yayımladan zaman hansı problemlərlə qarşılaşması, “Vaşinqton post”dakı erməni əsilli redaktorların icazə verməməsi, buna görə “Vaşinqton post”dakı istefa verməsi, ABŞ konfransında ifadə verərək and içib yayımladığı faktları həqiqət olduğunu təsdiq etməsi dünya mediasında Xocalı soyqırımının tanınmasındakı əngəllərə nümunədir. Məhz bu səbəbdən bəzən azərbaycanlıların faciəsini əks etdirən Türkiyə mətbuatı dünya mediyasını susmaqda günahlandırırdı, Türkiyə Azərbaycanın çətin vəziyyətində dünya gücünü barışa səsləyirdi.
Əslində Xocalı soyqırımı informasiyasının mətbuatda tirajlanmasındakı əngəllərin iki səbəbi vardı. Birincisi, ermənilərə xarici dövlətlərdən göstərilən erməni lobbisinin dəstəyi, digər tərəfdən ermənilər güclü təbliğatı nəticəsində Qarabağda baş verənlərin “xristian-müsəlman qarşıdurması” kimi qələmə verərək, azərbaycanlıları “cinayətkar” millət kimi qələmə verilməsidir.
Əlbəttə, erməni lobbisi uzun illərdir nə qədər maddi və mənəvi gücünü öz cinayətlərini kölgələməyə səfərbər etsə də, Azərbaycanın gücü və əzmi qarşısında tab gətirə bilmədi. 15 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyev Xocalıda Azərbaycanın üçrəngi bayrağını ucaltmaqla Xocalı da daxil olmaqla bütün Qarabağ torpaqlarını işğaldan azad etdiyini bəyan etdi. Bir daha biz öz haqq səsimizi dünyaya bəyan etmiş olduq.
Aynurə Hüseynova,
Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru