525.Az

Çin Rusiyadan üz döndərir - Xaqani Cəfərli yazır


 

Çin Rusiyadan üz döndərir - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Çinin ən böyük dörd bankından üçü - Sənaye və Kommersiya Bankı (ICBC), "China Construction Bank" (CCB) və "Bank of China" sanksiyalara məruz qalan Rusiya bank və maliyyə təşkilatlarından ödənişləri qəbul etməyi dayandırıb. Bu banklar Çində aktivlərinin həcminə görə müvafiq olaraq birinci, ikinci və dördüncü yerləri tuturlar. Çin bankları ötən ayın əvvəllərindən Rusiyanın müfaviq qurumlarına ödənişləri qəbul etməyi dayandıracaqları barədə xəbərdarlıq etməyə başlayıb. Çin bankları yalnız sanksiyalara məruz qalmayan bank və şirkətlərlə əməliyyat aparacaqlarını bildirib. Rusiya bankları SWIFT-dən kənarlaşdırılsa da, Rusiyanın SPFS və ya Çinin CIPS sistemləri ilə işləyirdilər. Pekində narahatdırlar ki, Rusiya bankları SPFS və CIPS sistemləri ilə işləmələrinə baxmayaraq, ABŞ onların izini müəyyən edə bilər. Bu isə Çin banklarının sanksiyaya məruz qalmasına səbəb olardı. ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün Çin bankları Rusiya ilə əməkdaşlığı dayandırmağa üstünlük verib. Bunun əsas səbəbi ABŞ-la Çin arasında ticarət dövriyyəsinin Rusiya ilə Çin arasındakı ticarət dövriyyəsindən bir neçə dəfə yüksək olmasıdır. Bundan başqa, Çin bankları ABŞ və Qərbin kreditlərinə çıxış imkanlarını heç nəyə qurban vermək istəmir. Çinin dörd böyük bankından üçünün Rusiya ilə əməkdaşlığı məhdudlaşdırması rəsmi Pekinin razılığı olmadan mümkün deyil.

Bankların bu qərarının rəsmi Pekinin razılığı, bəlkə də göstərişi ilə verdiyi qənaətini yaradan çox önəmli məqamlar var. Çin Rusiyadan deyil, Qətərdən daha çox qaz almaq qərarı verib. Çinin Milli Neft Şirkətinin ("China National Petroleum Corporation", CNPC) Qətərin dövlət korporasiyası "QatarEnergy" ilə mayeləşdirilmiş təbii qazın (LNG) alışı ilə bağlı 27 illik müqaviləsi var. İndi Çinin ikinci ən böyük neft-qaz şirkəti olan "Sinopec" Qətər şirkəti ilə oxşar müqavilə bağlamaq niyyətindədir. Bu isə artıq Çinin dövlət siyasətidir. Pekinin bu siyasəti isə Moskvanın istəklərinə qarşıdır. Rusiya Çinə qaz satışını ildə 100 milyard kubmetrə çatdırmağa çalışır. Bu məqsədlə Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpinlə iki görüş keçirsə də, rəsmi Pekinin razılığını ala bilməyib. Ötən ilin mart və oktyabr aylarında iki lider arasında keçirilən görüş heç bir nəticə vermədi. Çin rəsmiləri "Sibirin gücü-2" kəmərinin inşası üçün müqavilə imzalamadılar.

Çox maraqlıdır ki, Çin hökuməti bir yuan xərcləməyəcəyi kəmərin çəkilməsində maraqlı deyil. Pekin yalnız Rusiyanın qazın qiymətinə Çinin tələb etdiyi endirimləri edəcəyi halda razılıq verəcəyinə işarə vurub. Ekspertlər hesab edirlər ki, Pekinin təklif etdiyi şərtlər çərçivəsində "Sibirin gücü-2" kəməri heç zaman rentabelli olmayacaq və çəkilən xərclər batacaq. Ekspertlər bildirirlər ki, Çin bütün hesabı Rusiyanın ödəməsinə çalışır.

Pekində hesab edirlər ki, Qərbin təzyiqləri qarşısında Rusiyaya verdiyi dəstəyə görə Moskva Pekinin iqtisadi maraqlarını təmin etməlidir. Siyasi təhlilçilər isə hesab edirlər ki, Çin Rusiyanın daha da zəifləməsində maraqlıdır. Ona görə də ən əlverişli şərtlər olmasına baxmayaraq, Rusiyadan qaz almaq istəmir. Çin rəsmiləri bu mövqelərini enerji resurslarının idxal edilməsində bir ölkədən asılı düşməmək istəkləri ilə izah edirlər. Lakin bu, gerçəkliyi ifadə etmir. Çünki Çin ABŞ, Avstraliya, Qətər, İran, Səudiyyə Ərəbistanı və Türkmənistandan qaz və neft alır. Rusiyadan daha çox qaz almaq heç bir asılılıq yaratmır.

Rusiyanın qaz nəhəngi "Qazprom" Çinə təxminən 22 milyard kubmetr qaz satıb. Bu il "Sibirin gücü" vasitəsilə Çinə qaz ixracatının 30 milyard kubmetrə qədər artacağı istisna deyil. Qeyd edək ki, bu kəmər tam gücü ilə işlədikdə ancaq 38 milyard kubmetr qaz ixrac etmək mümkündür. Bu isə Rusiyanın Çinə satmaq istədiyi miqdardan üçdə biridir. Ekspertlər hesab edirlər ki, hətta Rusiya bu rəqəmi 100 milyard kubmetrə çatdıra bilə, Avropadakı itkiləri əvəz etməyəcək.

Ən çox diqqət çəkən məqam Çinin Rusiyadan qaz idxalatını artırmaqdan yayınması, bank əməliyyatlarını məhdudlaşdırmasıdır. Bütün bunlar Çinin hansısa maraqlarının olduğundan xəbər verir. Mediada belə bir məşum fikirlər yayılır ki, Çin 2030-cu ilə kimi itirilmiş torpaqlarını geri qaytarmağı planlaşdırır. Pekin bu vəzifəni güc tətbiq etmədən həyata keçirmək niyyətindədir. Bunun üçün Rusiyanın zəifləməsi və Çinin istəklərinə tabe olması lazımdır. Eyni zamanda Pekinin bu məqsədinə nail olmaq üçün ABŞ-la gizli danışıqlar apardığı haqqında iddialar da var. Bu iddiaların gerçək olduğunu hələlik sübut edən dəlil yoxdur. Ancaq Çinin Rusiya ilə bağlı siyasəti düşünməyə və narahat olmağa yetərlidir.

 





26.02.2024    çap et  çap et