525.Az

PR menecer: "Dədə Qorqud da bir PR nümunəsidir"


 

BU GÜNÜN VƏ GƏLƏCƏYİN İXTİSASI - ŞİRİN DİLDƏ TƏQDİMAT

PR menecer: <b style="color:red"> "Dədə Qorqud da bir PR nümunəsidir"</b>

MÜSAHİBİMİZ PR MENECER  AİDA RAMİZDİR

 

- Aida xanım, bilirik ki, piarda təqdimatın mühüm rolu var. İstərdim, söhbətimizə elə buradan başlayaq.

- Sadə formada desək, piar şirin dildə təqdimatdır. Yəni sən hansısa bir qurumu şirin dillə insanlara sevdirir, inam, etibar, etimad körpüsü rolunu oynayırsan. Bəzən deyirlər ki, piar qarışqanı fil edir. Əslində isə məsələ olanı yaxşı bir şəkildə göstərməyə çalışmaqdır. Burada sən insanları aldatmalı deyilsən. Əgər sənin reklam etdiyin şampun kəpəyi məhv edirsə, bunu göstərməlisən. Bəzi influserlər var ki, özləri məhsulu istifadə etmədən tərifləyir. İnsanlar da onların izləyici kütləsinə aldanıb bu reklamlara inanır, ancaq sonda nəticə əldə edə bilmirlər. Ona görə də bugünkü rəqəmsal piarımız belə influser və blogerlərə görə zəifləməyə doğru gedir. Çünki inam itir. Mən bir telefon markasını istifadə edib başqa markanı tərifləyirəmsə, piar etikasından kənara çıxmış oluram.

- Bəzən piarı reklam, SMM kimi sahələrlə eyniləşdirirlər.

- Bu sahələri qarışdıran insanların sayı çoxdur, çünki sözügedən anlayışların hamısı çox yenidir. Bunların bir-biri ilə əlaqəsi var. Piar özü marketinqin altbaşlığıdır. SMM sosial media menecerdir. Piar özü iki yerə bölünür: rəqəmsal və ənənəvi piar. Rəqəmsal piarın tərkibində SMM var, amma ki, piar SMM işi ilə məşğul olmur. Piarın işi rəqəmsal mediada da imicin qorunmasına xidmət edir.

Piarla reklamı da çox qarışdırırlar. Bəzən deyəndə ki, piar işi ilə məşğulam, cavab verirlər ki, yəni reklamla? Əslində, reklam da piarın bir hissəsidir. Piar imici yaradaraq markanı sənə sevdirir, səndə inam yaradır. Ancaq reklam deyir ki, gəl bu məhsulu al. Yəni sənə çağırış edir. Sən reklamda daha çox pul xərcləyərək daha tez bir zamanda gəlir əldə etmiş olursan. Piarda isə daha uzun müddətdə pul xərcləyirsən və həmin pulun müqabilində bağlılıq və sədaqət götürmüş olursan.

- Bildiyim qədərilə hazırda bu ixtisas ölkəmizin ali təhsil müəssisələrində tədris olunmur. Siz özünüz də bu sahədəki təhsilinizi Türkiyədə almısınız. Bəs piarla məşğul olmaq istəyən gənclərimiz haradan başlamalıdır?

- Bu sahəyə yaxın olan ixtisaslar Azərbayanda bəzi universitetlərdə olsa da, sırf "Public realitions" adlandırdığımız bu ixtisas tədris olunmur. Təəssüf ki, ölkəmizdə bu ixtisasın nə bakalavr, nə də magistr təhsili var. Piara gələnlərin çoxu adətən, jurnalistika sahəsindən olur. Jurnalistika ilə piarın oxşarlıqları olsa da, əsas etibarilə fərqli sahələrdir. Çox istərdim ki, bu ixtisas ayrıca tədris olunsun. Çünki getdikcə piara tələbat artır. Bu isə gənclərə yeni qapı açmaq deməkdir.  İxtisaslaşma ilə bağlı bir məqamı da qeyd edim. Belə ki, bu sahədə elə şeylər var ki, onu sənə öyrətmirlər, candan gəlməlidir. Sən ünsiyyətcil olmalı, şəbəkələşməyi bacarmalısan. Əgər bu xüsusiyyətlərə sahib deyilsənsə, çox çətinlik çəkməli olacaqsan.

- Belə çıxır ki, introvert adamlar bu sahədən uzaq durmalıdır.

- İntrovert xarakterli insanlar nəzəri biliklər öyrənə bilər, ancaq bu sahədə işləmək onlar üçün çox çətin olur. Çünki piar insanla ünsiyyəti sevir. Sən ünsiyyət nəticəsində təqdim etdiyin məhsula dair fikirləri öyrənirsən. Sən bilməlisən ki, bu gün bazara bir fincan çıxarırsansa, insanlar bunu niyə almalıdır. Elə bir fərq yaratmalısan ki, bazarda satılan iyirmi fincandan seçiləsən. Çətin olmasına baxmayaraq, introvert adamlar da öz üzərində işləməklə müəyyən bir nəticə əldə edə bilər. Mümkünsüz heç nə yoxdur, yetər ki, istəyəsən.

- Hər xalqın özünəməxsus adətləri, yaşam tərzi var. Azərbaycanda piar hansı xüsusiyyətləri ilə seçilir?

- Dədə Qorqud Azərbaycan şifahi xalq ədəbiyyatında önəmli PR nümunəsidir. Şəxsi brendinq də ta qədimdən var. Sadəcə ad qoyulmayıb. Dədə Qorqud dastanında Qazan xan, Oğuzların rəhbəri kimi mühüm bir rol oynar. Qazan xan dastanda zəfər, mənəviyyat, cəsarət və ədalət kimi dəyərləri təmsil edir. Onun şəxsi brendinqi, oğuzların lideri kimi müstəqil, güclü, adil və mənəvi olaraq qarşımıza çıxır.

Əslində, bizdə bu yanaşma həmişə olub, sadəcə indi adına piar deyirik. Keçmişə baxsaq, bizim ən yaxşı piarımızı analarımız aparıb. Öz övladlarını tərifləyir, ən yaxşı özəlliklərini önə çıxarırdılar. Yaxud da o vaxtlar alverçilər haradansa mal gətirib satırdı. Onların reklamını kimsə aparmırdı, müştəriləri dildən-dilə dolaşan rəylərə əsasən qazanırdılar. Ümumiyyətlə, bizim həyatımızın hər sahəsində piar öz işini görür.

Hər ölkənin piar strategiyası fərqlidir, sən bu gün Türkiyədə öyrəndiyini heç bir zaman Azərbaycanda tətbiq edə bilmərsən. Çünki insanların psixologiyası fərqlidir. Məsələn, bizim insanlar göstərişi sevirlər. Nəyinsə tətbiqini gördükdən sonra almağı üstün tuturlar. Tutaq ki, meyvə-tərəvəz doğrayan bir aparatın satışından danışırıq. İnsanlar istəyir ki, o doğrama prosesini görüb, ən xırda detalına qədər izahını eşitsinlər.

- Yenə də keyfiyyət öz sözünü deyir.

- Əlbəttə ki. Sən piarda yalan təriflə müəyyən bir dövr üçün nəsə sata bilərsən, ancaq zəncir haradasa mütləq qırılacaq. Piarın vəzifəsi budur ki, sən insanlardan təqdim olunan məhsula dair fikirləri alıb, daha yaxşısını təqdim etmək üçün çalışırsan.

- Dövlət və özəl sektorda piar. Bir qədər bu haqda danışaq.

- Dövlət sektorunun müəyyən bir strategiyası var ki, ondan kənara çıxmaq olmur. Özəl şirkət isə biznes istiqamətli olduğuna görə daha çox kreativlik qata bilirsən. Ümumiyyətlə, strategiya hər qurum üçün fərqlidir. Məsələn, sən bir şirkət üçün yetmiş faiz imkanlardan istifadə edə bilərsən, amma dövlət sektorunda 40 faiz göstərici belə düzgün piar strategiyası qurmağa kifayət edir.

- Bəzən illərlə qurulan piar zəncirinin bir hadisə ilə qırıldığını görürürük. Krizisin yönləndirmə prosesində əsas məqamlar nələrdir?

- PR menecer krizisə hər an hazırlıqlı olmalıdır. Krizis baş verdikdə ilkin etapda o, hamıya tapşırmalıdır ki, heç kim baş verənlərlə bağlı media ilə əlaqəyə girməsin. İnformasiya bir mənbədən çıxmalıdır. Fərqli mənbələrdən yayılan xəbərlər ikinci bir krizisə səbəb ola bilər. Krizis komandası mütləq olmalıdır. Bu komanda operativ şəkildə ictimaiyyətə məlumat verməlidir. Ümumiyyətlə, ciddi bir hadisə baş verdikdə sən onu ictimaiyyətdən çox gizlədə bilməzsən. Məsələn, bir yağın son istifadə tarixi keçib, məhsulu istifadə edən müştəri zəhərlənib. Burada məsuliyyət daşıyan yağ istehsalçısı şirkətdir. Krizis komandası ilkin etapda etik qaydalara riayət etməklə cəmiyyətə məlumat verməlidir. Sən insanları gözlətdikcə inamı itirmiş olursan. Yaxud da əməliyyat zamanı xəstə həyatını itirir. Bu durumda ən önəmlisi odur ki, həkim açıqlama verməkdən qaçmamalıdır. Suallardan qaçırsansa, ictimaiyyətdə sənin günahkar olmağına dair fikir formalaşır. İkinci görüləcək iş həkimin müalicə edib sağaltdığı digər xəstələri xatırlatmaqdır. Qırx günün namazını bir günə qurban vermək məsələsi var. Ola bilər ki, səbəb heç həkimdən asılı olmasın. Xəstənin hər hansı orqanında mövcud problem, risk faktoru və digər nüanslar da nəzərə alınmalıdır. Hər şey həkimin açıqlamasından asılıdır. Yeri gələndə həkim üzr istəməyi də bacarmalıdır.

- Piar işində şəxsi keyfiyyətlərin rolu böyükdür. Bir PR menecer gündəlik həyatında hansı nüanslara daha çox fikir verməlidir?

- Mən həmişə tələbələrimə deyirəm ki, icma qarşısında çıxış edəndə loqolu paltarlar geyinməyin. Loqo sizin təbəqələşmənizdən xəbər verir. Bu loqolar sizin geyiminizin bahalı olduğuna işarədir.

İkinci bir məsələ ondan ibarətdir ki, sənin özünün cəmiyyətə faydan olmalıdır. Bu gün sən dayanıqlı inkişaf məqsədlərində təbiəti qorumaqdan danışıb sonra da şuba geyinirsənsə, hansı etibardan söhbət gedə bilər?

- Biz qurumların piar istiqamətindən bəhs etdik. Bir qədər də şəxsi brendinqdən danışaq.

- İnsanlar getdikcə özünü inkişaf etdirməyə daha çox meyl edir. On il bundan öncə ölkədə beş İT mütəxəssisi vardısa, bu gün 150 İT mütəxəssisi var. Bu 150 nəfərdən fərqlənməlisən ki, daha çox iş təklifi alasan. Burada artıq şəxsi brendinq məsələsi aktuallaşır. Biz bu zaman şəxsin imicini yaratmaqla, onda olan xüsusiyyətlərin üzə çıxarılmasına yardım edirik. Geyim, insanlarla rəftar, davranışlar hər bir şey sənin şəxsi brendləşmənə aid olan məsələlərdir. Şəxsi brendinq ona görə önəmlidir ki, əvvəllər biz 100-150 nəfər adam tanıyırdıq. Həmçinin özümüz də ailəmiz, qonşularımız, qohumlarımız, bir sözlə, məhdud bir çevrədə tanınırdıq. İnternet yox idi, maksimum qohum, ya dost icmasında olurduq. Bu gün dünyada milyonlarla internet istifadəçisi var. Şəbəkələşmənin aktual olduğu bir dövrdə fərqimizi ortaya qoymağı bacarmalıyıq.

- Bu sahədə qazanc necədir?

- Bu, artıq işlədiyin qurumun büdcəsindən asılıdır. Əgər işinin peşəkarı olmağı bacarsan, qazana biləcəksən. Bir sözlə, gəlirli sahədir. Hazırda rəqabətlilik də bu sahədə yüksək deyil.

- Piara gələcəyin ixtisası deyə bilərikmi?

- Bəli, piar həm bu günün, həm də gələcəyin ixtisasıdır.

Aytac SAHƏD

 





26.02.2024    çap et  çap et