525.Az

Dəfn qarğaşası


 

"MƏCHULƏ GEDƏN BİR GƏMİ QALXAR BU LİMANDAN..."

Dəfn qarğaşası <b style="color:red"></b>

Cəmiyyət arasında üç-beş dəqiqəlik sorğu aparsan görərsən ki, əksəriyyət dünyasını dəyişən ölkə vətəndaşlarının yaxınlarına dövlət tərəfindən verilən dəfn pulunun hamıya şamil olunmadığından xəbərsizdir. Bəziləri isə dəfn pulu üçün müraciət etdikdən sonra ya neqativ cavab aldıqlarını deyir, ya da bürokratiyadan şikayətlənirlər. Əslində, bəlkə də, elə bu prosedurdan xəbərsiz olmaq daha yaxşıdır. Ən azından, başlarını yerə qoyub rahat ölə bilirlər ki, dövlət məni əfn-dəfn edəcək, basdıracaq, ortalıqda qalmayacam. Həyatda elə həqiqətlər var ki, onları biləndə ölmək də müşkülə dönür.

 

Mövzu ilə bağlı danışan bir xanım təəccübünü və hazırkı durumunu bizimlə bölüşür: "Sözün düzü, ilk dəfədir başımıza belə bir iş gəlir. Əvvəl elə bilirdik, dəfn pulu hamıya verilir. Atam qəfil vəfat etdi, uzun müddət idi xəstə olduğundan işləmirdi. İndiyə qədər pul yığmaq barədə düşünməmişdik, buna imkanımız da olmayıb. Maaşımızla başımızı birtəhər saxlamışıq. Qonşudan borc aldıq ki, heç olmasa, atamı son mənzilə yola salaq, sonrasına baxarıq. Düşündük ki, dəfn pulunu alıb borcumuzu verərik. Dəfn pulu üçün müraciət edəndə bizə dedilər ki, mərhuma dəfn pulu düşmür, işsiz kimi qeydiyyatı olmayıb, heç bir kateqoriyaya uyğun gəlmir. Bizə nə vaxt bununla bağlı məlumat verdilər? Hardan bilirdik məsələ belədir? Bizim kimi yüzlərlə ailə var..."

Əvvəlcə, bu suala cavab axtaraq: öləndən sonra sosial cəhətdən hansı kateqoriyaya daxil olan insanların yaxınlarına dəfn pulu verilir?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov dəfn pulunun hansı şəxslər üçün nəzərdə tutulduğunu qeyd edib: "Sağlığında dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş şəxslər dünyasını dəyişəndə onların yaxınlarına dəfn pulu verilir. Bundan əlavə, əgər şəxs işsizdirsə və işsizliyə görə sığorta ödənişi alırsa, əmək pensiyaçısıdısa, vəfat etdikdə onun da yaxınları bu imtiyazdan yararlana bilir".

S.Məmmədovun "525"ə açıqlamasında qeyd edib ki, dəfn pulu düşməyən şəxslərin ailə üzvlərinə nə vaxtsa hansısa birdəfəlik yardım göstərilsə belə, bu, Dövlət Sosial Sığorta Fondunun vəsaiti əsasında ola bilməz: "Ölüm hadisəsinə görə verilən dəfn pulu, əsasən, sığorta hadisəsidir. Sığorta hadisəsi o zaman hesab olunur ki, həmin şəxs ya vaxtilə sığortalanıb indi əmək pensiyası almalıdır, ya digər sadaladığım kateqoriyalara daxil olmalıdır. Başadüşüləndir ki, bu, bəzi narazılıqlara səbəb olur, elə insanlar var ki, hansısa sosial müavinət almayıb, yaxud sığortalanmayıb, amma ona dəfn pulunun ayrılmasına böyük ehtiyac var. Onlar üçün, gərək, başqa bir fond yaradıla, çünki bu, Dövlət Sosial Sığorta Fondunun vəsaitinə yönələ bilməz. Problem mövcuddur, bu problemin həll olunması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var".

Dəfn pulu üçün müraciət edənlərin bürokratiya ilə bağlı narazılıqlarına fikir bildirən S.Məmmədov şəffaflığın təmin olunması üçün sənədlərin sayca çoxluğunun labüd olduğunu qeyd edib: "Bəli, dəfn müavinətinə görə tələb olunan sənədlərin siyahısı uzundur. Zənnimcə, bu, obyektiv səbəblərlə bağlıdır. Bəzən dünyasını dəyişənin məlumatları ilə dəfni təşkil edənin arasında ziddiyyət ola bilər. Ona görə də, müəyyən etməyə çalışırlar ki, bu, həqiqətən, ünvanlı olsun".

Narazılıq doğuran birinci məsələ vətəndaşlar arasındakı ayrı-seçkiliklə bağlıdır. İnsanlar hesab edirlər ki, dəfn pulu nəzərdə tutulanlar da Azərbaycan vətəndaşıdır, digərləri də. Əgər bütün insanların hüquqları bərabərdisə, ümumiyyətlə, bu ölkənin qanunları, konstitusiyası hamı üçün nəzərdə tutulubsa, dəfn pulunun verilməsi bütün vətəndaşları əhatə etməlidir. İnsanlar arasında ölümlə bağlı məsələlər daha həssaslıqla qarşılanır.

İkinci məsələ işsizliyə görə sığorta ödənişi alan və tam əksinə, bu sığorta ilə bağlı məlumatı olmayanların sosial durumu ilə əlaqədardır. İnsanların əksəriyyəti yalnız bir yaxınını itirdikdən sonra sığorta ilə bağlı məsələdən xəbərdar olur. Görünür, bu istiqamətdə maarifləndirici tədbirlərin yetərsizliyi əksər işsizlərin haqqı olan müavinətdən kənarda qalması ilə nəticələnir. Belə olan halda imkansız bir şəxsin son mənzilə yola salınması necə mümkün ola bilər? Adətən, kasıb ailələr dəfn puluna arxayın olub kimdənsə borc alırlar. Əhalinin qanunlardan xəbərdar olmayan qismi isə həmişəki kimi əlacsız qalır. Obyektiv olsaq, işləməyən və avamlıqdan özünü sığortalamayan birinin, el dili ilə desək, "ortalıqda" qalmağı daha realdır, nəinki vaxtilə dövlət qulluqçusu olmuş və buna görə ömürlük müavinət alan bir şəxsin ölüm xərclərinin qarşılanmasında yaranan çətinlik... Hər kəsin öz hüquqlarını bilməsi üçün münbit şərait yaradılmalıdır.

Aydın məsələdir ki, əgər dəfn pulu bütün vətəndaşlara şamil olunsa, bundan sui-istifadə edib lazım oldu-olmadı müraciət edənlər tapılacaq. Bunun da araşdırılması üçün bələdiyyələrin kifayət qədər imkanı var. İstisna halların nəzərə alınması üçün bəzi müraciətlərə daha həssas yanaşılmalıdır".

S.Məmmədovun da dediyi kimi, bununla əlaqədar ayrıca bir fond, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, İcra Hakimiyyətlərində, bələdiyyələrdə şöbə yaradılsa, xüsusi müraciətlər əsasında, həqiqətən, dəfn üçün zəruri tədbirlərə maddi gücü çatmayan və vaxtilə sığorta məsələsi ilə maraqlanmayan ailələrə yardım edilə bilər.

İqtisadi məsələlər üzrə ekspert Rəşad Həsənov "525"ə açıqlamasında qeyd edib ki, məcburi dövlət sosial sığorta haqqını ödəyən şəxslə digər qism vətəndaşların eyni müavinəti alması qeyri-obyektivdir: "Bildiyiniz kimi, dəfn pulu sadəcə sosial müavinət alanlara yox, həm də sığorta olunanlara da təyin olunan birdəfəlik müavinət növüdür. Təbii ki, obyektiv və subyektiv səbəblərdən əhatə olunmayan insanlar da var. Əhalinin əhəmiyyətli hissəsi cavan yaşlarında öz əməyini leqallaşdırmağa cəhd göstərmir. Belə olduğu təqdirdə, sosial müdafiə mexanizmlərinin istifadə imkanları məhdudlaşır. Nəzərə almaq lazımdır ki, dəfn pulu məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərdən formalaşır. Bu o deməkdir ki, sözügedən vəsaitlər ödənişləri etməyən şəxslərə münasibətdə təyin edilərsə, təzad yaranar. Çünki faktiki olaraq, məcburi dövlət sosial sığorta haqqı ödəməyin təşviqediciliyini təmin edən məqamlardan biri bu məsələdir. Yəni birisi ödəniş edir, digəri ödəniş etmədən bu müavinətdən faydalanırsa, bu hal nəzəri və praktiki cəhətdən özünü doğrultmayan və müəyyən narazılıqlar yaradır.

R.Həsənov qeyd edib ki, belə problemlərlə qarşılaşmamaq üçün, ilk növbədə, əmək fəaliyyətinin qanuniləşdirilməsi labüddür: "Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda bəzi gerçəkliklər var ki, onlardan biri də əmək bazarında illeqallığın mövcudluğudur. Müəyyən mənada, bu məsuliyyətin paylaşılmasına ehtiyac var. Düzdür, həssas sosial qrupların əhəmiyyətli hissəsi bu mexanizmdən faydalana bilir. Amma ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin üzvlərinə, yaxud şəhid ailələrinə münasibətdə müvafiq imkanın yaradılması bu və ya digər şəkildə sosial müdafiə mexanizminin əhatə dairəsini genişləndirə bilər. Amma bu kimi problemlərin fundamental yolu əmək bazarının leqallaşması, əmək fəaliyyətlərinin qanuniləşdirilməsidir. Eyni zamanda, bəzi məsələlər sosial müdafiə mexanizmləri sahəsində dövlət siyasətini həyata keçirən qurumların fəaliyyətindən də qaynaqlanır. Elə insanlar var ki, onlar müavinət hüquqlarından yararlanmalı olduqları halda, müxtəlif səbəblərdən bu, mümkün olmur. Artıq burada subyektiv faktorlar üzə çıxır. Belə olduğu təqdirdə onlar dünyadan köçəndə yaxınları dəfn pulu əldə edə bilmirlər. Bu istiqamətdə fəaliyyətlərin şəffaflaşdırılması həm kiminsə haqsız şəkildə bu hüquqlardan yararlanmasının qarşısını ala bilər, həm də həqiqətən buna haqqı çatan insanların bu imkanlardan faydalanması üçün şərait yarada bilər".

Heç kim öz ölümünə inanmır. Həqiqəti bilsələr belə, bu fikri özlərinə yaxın buraxmırlar. Ona görə də, "Mən nə vaxtsa ölərəm... bir gün ölsəm, görəsən, mənim üçün ailəmə dəfn pulu verəcəklərmi?" barədə düşünən insanlara, demək olar ki, rast gəlməmişik. Keçmişin tədbirli ağbirçəkləri, ağsaqqalları kəfənini, xarasını, büküləcəyi xalçanı əvvəldən sandığına qoyur, yastıqlarının altına dəfn pulu yığır, hətta bəzən basdırılacaqları yeri də əvvəldən müəyyənləşdirirdilər.

İndiki zamanda qəpiyi qəpik üstünə qoymaq çətinləşib. Dövlətimiz bizdən daha tədbirli olduğu dövrdə gərək sonuncu tədbirimizdə də qeydimizə qalsın. Həm də axı biz qürurluyuq. Görünür, son mənzilə gedəndə də heç kimə yük olmaq istəmərik. Ona görə də elə tək ümidgahımız, umacağımız dövlətimizdir.

 

 





26.02.2024    çap et  çap et