525.Az

Ədəbi köşk: Nə var, nə  yox?


 

Ədəbi köşk: <b style="color:red"> Nə var, nə  yox?</b>

Ötən həftə heç nə olmadı... Bəlkə də, elə nə olmalı idisə, oldu. Ana təbiətin hökmü bizim istəklərimizdən daha qətidir, mütləqdir, realdır. Elə həmin təbiətin bütün hadisələrini, səslərini, gözlə görünən və görünməyən nüanslarını adlandırmağı bacaran, hər şeyi öz ismi ilə səsləyən bir şəxsin cismani yoxluğu da bir hadisə idi - təbiət hadisəsi... Rubrikamızın budəfəki buraxılışını bu günlərdə cismən aramızdan ayrılan Xalq yazıçısı Mövlud Süleymanlıya həsr edir, vəfatından sonra haqqında yazılanlardan bəzilərini oxucularla bölüşürük...

"525"

***

Mir Şahin Ağayev: "Mövlud Süleymanlı keçindi - Şam kimi. Keçdi - Ocaq kimi. Çox böyük bir yazıçımız yazıldı, oxundu, bitdi. "Köç", "Dəyirman", "Səs", "Yel Əhmədin bəyliyi"...və s. Belə... "Və s." yazıram, amma o saat da yadıma düşür ki, həmişə "Əsərlərimdə bircə dənə də "və" tapa bilməzsən!" deyər, bununla fəxr edərdi. Qəribə yanaşması var idi, deyərdi ki, "və" ərəb istilasının rəmzi kimi qalıb cümləmizdə. Guya birləşdirir, əslində isə ayırır... Mövlud Süleymanlı Azərbaycan radiosunun əfsanəvi "Bulaq" verilişinin əsası idi, yaradanı idi. Dilimizi bu bulaqda suya çəkərdi, pak edərdi. Sözlərimizin, folklorumuzun dadı, tamı Səməndər Rzayevin Baba, Məhluqə Sadıqovanın Nənə səsi ilə burdan axıb keçərdi... Mövlud nəhəng yazıçımız idi. Xalis, sırf yazıçımız... Amma mən onu təkcə bədii əsərləri ilə xatırlamayacam...

O, dualar yazırdı. O dualar radioda oxunurdu... Hər günün duası var idi. Gecə səslənirdi. Səhər üçün...

Bax bu gün mən o duaları dinləmək istərdim! Həm də Mövludun ruhuna özünün oxuduğu dualar kimi! Allah rəhmət eləsin! Başqa dünya, bir ayrı aləm üçün Mövludun mübarək, Ədəbiyyatımızın Həyası!"

***

Azad Qaradərəli: "Bir dövr qapandı: Mövlud Süleymanlı vəfat etdi...

...Sözün "Səs"ini duyuran, otların, çiçəklərin sevişmələrini görən və göstərən, hekayə ilə uzun hekayənin, romanla şeirin arasında əsir-yesir olan, Eldar Baxışsız, İsa İsmayılzadəsiz, Akif Səmədsiz dünyayla barışa bilməyən böyük türk yazarı Mövlud Süleymanlı əbədi olmağa getdi...

Eldar Baxış bu dünyaya üz çevirib gedəndə hazırladığımız xüsusi buraxılış üçün söz istəmişdim ustaddan. Yarı gülər, yarı ağlar gözləri ilə "günah eləmişəm - şeir yazmışam" demişdi. İndi arxivimdən tapdığım o şeiri - bizi tərk edən Mövludun bizi tərk etmiş Eldara həsr etdiyi şeiri onun ölümünə ağı kimi ötürəm:

Ömrə yarıtək yaxın,

Sözə arıtək yaxın,

Dərdə Tanrıtək yaxın,

Dərdlərə qarışanıdı.

 

Qopmuşdu məhək daşınnan

Dünyanın düz o başınnan,

Bircə damcı göz yaşınnan,

Nəm alıb yaşaranıdı.

 

Yollara əzmnən baxan,

Millətə sözünnən baxan,

Göz yaşı gözünnən baxan,

Küsüb də barışanıdı...

 

Qaldı göylərdə şəkli,

Ağacdı - tarixə əkili,

Tanrı ətəyinə bükülü,

Uzaqdan işaranıdı...

Əlvida, ustad. Yerin uçmaq olsun. Ordakı dostlara salam apar. Onsuz da gec-tez hamımız ora yığışacağıq".

***

Vaqif Sultanlı: "Uzun illər idi ki, onunla görüşmək, çox sevdiyim yazılarının, mifik örtüyə bürünmüş yaradıcılıq dünyasının gizlinlərinə varmaq, ümumən, ədəbiyyatla bağlı söhbət etmək istəyirdim. Ancaq nə yazıqlar ki, mümkün olmadı... Bu gün dünyasını dəyişdiyini eşidincə büsbütün sarsıldım. Azərbaycan ədəbiyyatına "Köç", "Dəyirman", "Şeytan", "Yel Əhmədin bəyliyi", "Duzsuzluq", "Səs", "Günah duası", "Erməni adındakı hərflər" və başqa biri-birindən dəyərli əsərlər bəxş etmiş, bənzərsiz üslub gətirmiş görkəmli yazıçı Mövlud Süleymanlı artıq aramızda yoxdur. Nur içində uyusun. Adı və əsərləri heç zaman unudulmayacaq".

***

Alik Əlioğlu: "Mövlud Süleymanlı mənə Əli deyirdi. Torpağa qoyulanacan elə bilirdim yanımdadır, bəlkə də yanımda idi.

Evlərinə çatanda dəfnə gələn adamların azlığı məni kədərləndirdi. Elə bu an onun gülümsəyən siması gözüm önündə canlandı və qulağıma açıq aydın səsi gəldi:

- Əli, narahat olma.

Adamlara baxırdım, yadıma salırdım kim gəlib, kim gəlməyib.

- Əli, eybi yox.

Dəfnə getmək üçün oğlu Elbəyin maşınına mindim.

Oğulları haqqında özü çox danışmışdı. Elayı tanıyırdım, amma Elbəyi ilk dəfə idi görürdüm. Daşlı, palçıqlı yollarla gəlib Kərkənc kənd qəbiristanlığına çatdıq.

Bizi burada təmtəraqlı əklillər, kənd camaatı, çiskinli hava və Şamaxı rayon icra başçısı qarşıladı.

Molla şablon rituallar həyata keçirdi. Cənazənin yönünü müəyyən etdi.

Başçı Tahir Məmmədov danışdı, Orxan Fikrətoğlu danışdı.

Elbəy və Elay ağlayırdı.

 Cənazə torpağa qoyuldu.

- Əli, hələlik".

***

Asif Hacılı: "Dağ Borçalıdan qaynaqlanan türk ruhunu həyatı boyu varlığında yaşadan və əsərləri ilə oxucularına aşılayan, sovetin şax vaxtında cəmiyyətdəki eybəcərlikləri və riyanı cəsarətlə dilə gətirən, təzyiqlərə mərdanə sinə gərən, durğunluğu silkələyib gəncləri özgürlüyümüzə qoşan, ana dilimizin saflığını yaşadan, etnik köklərimizi canlandıran, müasir ədəbiyyatımızda mifopoetik cərəyanın banisi, görkəmli yazıçımız, ziyalılıq və millilik örnəyi, təvazökar insan, Xalq yazıçısı Mövlud Süleymanlının vəfatı mədəniyyətimiz, ədəbiyyatımız üçün əvəzolunmaz itkidir. Allah rəhmət eləsin!"

***

Bahəddin Həzi: "Mövlud Süleymanlının, demək olar, qələmindən çıxan bütün əsərləri oxumuşam. Bunların arasında, xüsusilə, "Köç" romanı əsl ədəbi şedevrdir. Yazıçı Qərbi Azərbaycanda "Qızıl Şəfəq" kəndində doğulub böyümüşdü. Adı bir az müasirliyə işarə etsə də, qədimliklə, həm də təbiətlə iç-içə bir kənddir. Məşhur qələm adamlarından birinin dediyi kimi, o kənddən ancaq Mövlud Süleymanlı kimi çıxmaq olardı.

...Mövlud Süleymanlının ən sevdiyim hekayəsi "Duzsuzluq" hekayəsidir. Bu gün (fevralın 21-i nəzərdə tutulub - N.Y.) Beynəlxalq Ana Dili Günü idi. Mövlud Süleymanlı öz ana dili - Azərbaycan türkcəsi üzərində həmişə əsirdi. Dilimizə çox zənginlik qatmışdı Mövlud Süleymanlı.

Millətimiz üçün, ədəbiyyat üçün çox ağır itkidir. Mövlud müəllimin məkanı cənnət olsun! Gəncliyimdən bəri şəxsən tanıdığım, əsərlərini sevə-sevə oxuduğum, sevdiyim böyük söz ustasıdır Mövlud Süleymanlı..."

***

Elçin Mirzəbəyli: "Xalq yazıçı Mövlud Süleymanlının ölümü çox böyük itkidir.

Mövlud bəyin yaradıcılığını təkcə ədəbiyyatla məhdudlaşdırmaq doğru olmazdı. Mövlud Süleymanlı istiqlal və Vətən savaşının ön sıralarında addımlayan bütöv bir nəslin formalaşmasında müstəsna rol oynayıb, əsərlərində genetik kodlarımızın, milli şüurumuzun alt qatlarına işıq salıb.

Millətimizin başı sağ olsun..."

***

Əkbər Qoşalı: "Dünən axşamüstü bir "Səs" yayıldı...

Bir şöhrətli, şərəfli ömrün "Dəyirman"ı dayandı dedilər... - Hamımız "Mehman" olduğumuz bu "Dünyanın işığı" bizdən sonra öləziməsin... - Bəlkə, bu, bir "Günah duası"dır?

"Yamacda bir kənd"in, o kənddəki "Armud ağacının nağılı" bitdimi?.. Bilmirəm, o kənddə "Qar" varmı bu əbədi "Köç" günlərində?..

Və bu da "Son dayanacaq"! -

Hamımızı gözləyən "Bir ünvan"!..

Daha nə olacaqsa,

"Ömürdən qıraqda" olacaq... "Söz içində söz" qalacaq... - "Ayın aydınlığında"...

"And olsun, əsrə"!..

Mövlud Süleymanlı bu dünyadan köçdü...

Ocağı sönməsin!

Ruhu şad olsun!"

***

Həmid Ormanlı: "Dilimizdən din yaratmışdı sanki... Əsərləri o dinin kitabı, özü peyğəmbəri idi. Və mən o dinə tapınırdım... Mövlud Suleymanlı itkisini zaman keçdikcə daha dərindən hiss edəcəyik. Dilimizin Mövlud müəllim işləyən qatlarına çətin bir də onun qədər varan olsun. Mənim üçün çağdaş Azərbaycan ədəbiyyatında az qala bir Mövlud Süleymanlı var idi, bir də digərləri. Dilimizin gücü ilə Mövlud müəllimin at işlətdiyi yerlərdə bəzən yazılı tariximizin atı dırnaq salıb geri qayıdırdı. Olduqca ağır itkidir..."

***

Pərviz Seyidli: "Azərbaycan ədəbiyyatının, romançılığının nəhəngi idi. Mən ilk dəfə onu oxuyanda, sözün əsl mənasında, heyrətlənmişdim. Bizim bu miqyasda, bu böyüklükdə yazıçımız var imiş. Yeganə yazıçılarımızdandır ki, kitabı həmişə iş masamın üstündədir. Ürəyimə düşdükcə bir neçə dəfə oxuduğum əsərlərini yenidən vərəqləyirəm. Dilin, təhkiyənin sehrinə düşürəm. Azərbaycan dilinə heyran oluram... Çox insan onu "Köç"lə, "Dəyirman"la tanıyır, onları daha çox sevir. Hər ikisi böyük əsərdir. Ancaq masterin "Şeytan" povesti, məncə, onun yaradıcılığının zirvəsidir.

Heyif, çox heyif ki, sizinlə görüşmək mənə qismət olmadı. Sizin ecazkar diliniz, min illik yaddaşlardan qopub gələn təfəkkürünüz, yazdığınız gözəl əsərlər hər zaman yaşayacaq. Azərbaycan dilini bu qədər gözəl bilən yazıçı Beynəlxalq Ana Dili Günü dünyadan köçdü! Sənin haqqında deyəcək sözlərim o qədərdi ki... Allah rəhmət eləsin! Sözün həmişə diridir!

***

Aqşin Evrən: "Ədəbiyyatımız daha bir Mövludunu itirdi. Allah hər ikisinə rəhmət eləsin.

Son vaxtlar ölkəmizdə, eləcə də dünyada yaşanan faciələrin bir səbəbi də müasir insan modelinin ölməsidir. Müasir insan özünü məhv etməkdədir. Artıq yeni növ - ultrayırtıcı insan yaranır.

Bu ağrılı prosesdə Mövlud Süleymanlı kimi ziyaların ölümü dünyanı aydınladan daha bir parıltının qeybə çəkilməsidir. Parıltı qeybə çəkildi, lakin Günəşi - əsərləri dünyamıza işıq tutmağa davam edəcək".

Hazırladı: Nadir YALÇIN

 





26.02.2024    çap et  çap et