525.Az

"Bizdə kino sahəsi ağsaqqalsız qalıb"


 

KAMAL YAŞAR: "ELƏ REJİSSORLAR TANIYIRAM Kİ, DÖVLƏT ŞƏRAİT YARATSA BELƏ, YÜKSƏK SƏVİYYƏDƏ FİLM ÇƏKMƏK BACARIQLARI YOXDUR"

"Bizdə kino sahəsi ağsaqqalsız qalıb"<b style="color:red"></b>

Bu gün mədəniyyət sahəsində ən çox müzakirə olunan məsələlərindən biri də Azərbaycan kinosunun mövcud durumudur. Kinorejissor, dublyaj aktyoru Kamal Yaşar ilə söhbəyimiz də elə bu mövzudadır.

 

-  Kamal bəy, sizcə, müasir dövrdə kino bazarının əsas tələbi nədən ibarətdir?

 - Əgər kino sferasında formalaşmış bir toplum olsaydıq,  bizim təkliflərimiz də, tələbimiz də olardı. Amma bir az sərt səslənsə də, deməliyəm ki, biz nə  istədiyimizi bilmirik, formalaşan toplum hərdəmxəyaldır, nə istədiyini bilməyən bir toplumun əhatəsindəyik.

- Bir neçə ay öncə videoformatda ölkə ictimaiyyətinə müraciət edərək kino və dublyaj sahəsində mövcud olan ciddi problemlərə toxunmuşdunuz. Müraciətdən sonra həyatınızda dəyişən nəsə oldumu?

- Mənfi mənada dəyişən o oldu ki, altı ay hər kəs məndən uzaq gəzdi, işsiz qaldım və həmin müddətdə xeyli borcum yarandı.

Müsbət tərəfinə gəlincə, bir sənətçi kimi məni narahat eləyən məsələləri açıqlaya bildiyimə görə özümü vicdanım qarşısında rahat hiss edirəm. Düzdür, bu müddətdə dərhal dəyişən nəsə olmayıb, amma inanıram ki, bundan sonra  çox şey dəyişəcək.

- Peşman deyilsiniz ki?

- Xeyr, peşman deyiləm. Sadəcə gülüb keçirəm. Dost bildiyim bir çox insan məndən uzaq durdu. Düşünürəm ki, nəsə qazanmaq istəyirsənsə, nəyisə qurban verməlisən. Uzun illər müxtəlif televiziya və radiolarda layihələr həyata keçirmişəm. Hesab edirəm ki, bu layihələrin insanlara, cəmiyyətə, balalarımıza faydası dəyib. Mən bu işləri görərkən heç vaxt qarşılıq gözləməmişəm. Düşünürəm ki, həyatda olduğu yerinə görə Allah hər kəsi mükafatlandırır. Əgər Allah səni şərəfləndirib yaradıbsa, sən də öz əməlinlə olduğun yeri  işıqlandırmalı, gözəlləşdirməlisən.  Bu, mənəvi öhdəlik, mənəvi borc kimidir.

Belə götürəndə o qədər də böyük bir gözləntimiz olmasa da, hər halda bizim üçün nələrsə edə bilərdilər. Həm də bu, çox asan bir şeydir. Ümumiyyətlə, mədəniyyət sahəsini idarə edənlər dövlət konsepsiyasına uyğun olaraq insanları, yaradıcı şəxsləri tanımalıdırlar. Bu vaxta kimi  "Space" radiosunda "Şeir mənim üçün", "Mədəniyyət" kanalında "Kino kitab" layihələri, balaca uşaqlar üçün müxtəlif verlişlər hazırladıq. Modern dünyada dəyişən tendensiyalara uşaqların həssaslığını artırmaq üçün müxtəlif mövzulu hekayələri özündə cəmləşdirən bir animasiya layihəsinə başlamışıq. Bu işləri gedib başqa bir ölkədə görsəydim, artıqlaması ilə qonararımı alardım. Amma "Qoy bizim balalar xoşbəxt olsunlar" deyib üstündən keçirəm. Mən həm özümə, həm cəmiyyətdə fayda verə bilirəmsə, nə xoş mənə. Qiymət mənim üçün elə də mühüm deyil.

- Amma qiymət verməyəndə adam həvəsdən düşür.

- Mən həvəsdən düşmürəm. Lakin mədəniyyət sahəsində bu işləri görürəmsə və hansısa bir qurumu öz böyüyüm kimi qəbul edirəmsə, onlar də öz böyüklüyünü mənə göstərməlidirlər.

- Belə bir deyim var, rejissorlar 50 yaşdan sonra daha gözəl filmlər çəkirlər. Razılaşırsınız?

- Bu fikirlə qismən razıyam. Sırf əlli rəqəminin üstündə durmasaq da, yaş artdıqca insanın düşüncəsi formalaşır. 30 yaşım olanda "Dan yeri" filmi çəkdik. Həmin film çəkəndə çox dərin bir ümid var idi məndə. Böyük planlar qururdum. Həmin ərəfələrdə kinostudiyada üç dəfə direktor dəyişdi və film bir qıraqda qaldı. Ancaq bu yaxınlarda yutuba qoya bilmişik onu. Əvvəllər buna məyus olurdum, lakin sonra bu, məni sevindirdi. Adam düşünəndə anlayır ki, bu dünya təkcə səndən ibarət deyil. Ondan sonra çox şeyə görə şükr elədim ki, nə yaxşı ki olmadı. Çünki orda böyük xətalar edə bilərdim. Hazırkı məqamda özümü çox yaxşı hiss edirəm. Yaş artdıqca  həssaslıq da çoxalır. Amma yenə də düşünürəm ki, əlbəttə, kiminsə fürsəti varsa, gənc vaxtı çəksin və  özünü ifadə eləsin. Lakin kimsə yaşına görə bundan narahatdırsa, narahat olmasın. Rejissor kimi mən bizim cəmiyyətin tələbini hiss edə bilmirəm. Qeyd edim ki, həm də rejissor kimi davamlı film çəkmək komfortum yoxdur. Bizim cəmiyyətdə rejissor kimi ancaq acından ölmək olar. Təəssüf ki, bu qədər çılpaq bir həqiqətlə üz-üzəyik. Rejissor olsam da, yaxşı ki digər bacarıqlarım da az deyil. Fəaliyyətimi televiziyada, teatrda, radioda, mətbuatda şaxələndirə bilmişəm. Yoxsa münasibətlər sisteminin məhv olduğu yerdə rejissor kimi fəaliyyət göstərib yaşaya bilməzdim. Ölkəmizdə dövlət dəstəyi ilə çəkilən filmlər adətən çox problemli olur. Ömrün sonuna kimi ancaq rejissor kimi qalmaq istəyirsənsə ya xəstə düşməlisən, ya da dəli olmalısan.

- Sizin sözünüzdən belə çıxır ki, bizim filmlərin dünya səviyyəsinə çıxmamasının səbəb qurumların lazımi dəstək göstərməməsidir?

- Bu, bir az da həssas mövzudur. Elə rejissorlar tanıyıram ki, dövlət şərait yaratsa belə, yüksək səviyyədə film çəkmək bacarığı yoxdur. Düşünürəm ki, əsl Azərbaycan filmləri sovet dövründə qalıb. Kino cavan sahədir və bizim kinonun parlaq dövrü sovet dönəminə düşdü. Məsələn, bu gün dünyada daha  çox italyan kinosu, fransız kinosu, alman kinosu, gürcü kinosu anlayışları var, amma Azərbaycan kinosu anlayışı yoxdur. Problem təkcə qurumlarda deyil, həm də yaradıcı adamlardadır. Mənə elə gəlir ki, bu gün ölkəmizdə kino sahəsi ağsaqqalsız qalıb. Rəsmi idarəçilikdən əlavə, mənəvi olaraq dəstək göstərəcək, bu sahədə tapşırıqlar verəcək bir adam yoxdur.

- Bayaq filminizin adını çəkdiniz, bəs təqdimat etməyi düşünmürsünüz?

- 2019-cu ildə Milli kino günü qeyd edilərkən həmin film də nümayiş olundu. Lakin o film festival həyatı yaşamadı. Mənim narahatlığım onda idi. Yəni o film sadəcə çəkildi, uzun müddət qıraqda qaldı və indi yutuba qoyuldu. Dövlət sifarişli film idi deyə, təqdimatı da dövlət səviyyəsində təşkil olunmuşdu.

- Nə qədər qonorar aldınız?

- Açıqlaya bilməyəcəyim qədər az idi.

- Son dövrlər çəkilən yerli filmlər qane edir sizi?

- Kinostudiya film istehsal eləmir, bu da ayrıca bir problemdir. Bu sahədə olan insan yeniliklərlə maraqlandırmalıdır. Son dövrlər çəkilən heç bir filmə baxmamışam. Bu gün bizdə kino bazarı canlı deyil, bu sahəni canlandırmaq lazımdır.

- Bəs gələcəklə bağlı hansısa layihələriniz, planlarınız varmı?

- Bir layihəm var, hazırda dəstək axtarmaqla məşğulam. Fiziki məhdudiyyətli bir idmançı haqqında film çəkmək istəyirəm. Hekayə real motivlər əsasındadır. Oradakı qəhrəmanın hekayəsi həddindən artıq motivasiyavericidir. Bu, elə bir hekayədir ki, bütün cəmiyyətə, insanlara, dünyaya lazım ola bilər. Amma maddi dəstək üçün gedib hansısa bir şirkətə müraciət edə bilmirəm, heç etmək fikrim də yoxdur.

- Filmin çəkilişlərinə başlamısınız?

- Xeyr, bundan əvvəl də bir layihəm var idi, o da maddi məsələyə görə yarımçıq qaldı. Pul olmadan başlasam, planlar yarımçıq qalır.

- Bəs niyə əlaqədar qurumlara müraciət etmirsiniz?

- Düşünürəm ki, əgər niyyətim təmizdirsə, doğrudursa və eşidilməlidirsə, demək, eşidiləcək.

- Söhbəti nikbin notla bitirək deyirəm. Ona görə də belə bir sual: siz həm də qiraətçisiniz, heç olubmu ki, ilhamlanıb nə vaxtsa şeir yazasınız?

-  Məktəb illərində çox şeir yazmışam. Uşaq təxəyüllü ilə yazdıqlarım idi. Hazırda ssenari və hekayələr yazıram. Əgər bir işi məndən daha yaxşı görənlər varsa, bu işi onlar görməlidir. Bir çox şairlər yaxşı şeir deyə bilmədiyi kimi, əksər qiraətçilər də yaxşı şeir yaza bilmirlər. Məsələn, Nazim Hikmət çox gözəl şeirlər yazıb, amma qiraəti yox idi, səsi şeir üçün uyğun deyildi. Onlar uğurlu yaza bilirlər, biz də uğurlu səsləndirə bilirik.

Havar ŞƏFİYEVA

 

 





26.02.2024    çap et  çap et