525.Az

"20 günə yoqa müəllimi olub şarlatanlıq edənlər var" 


 

JALƏ ORUCLU: "YOQA İLƏ MƏŞĞUL OLMAĞA BAŞLAMAZDAN ÖNCƏ FƏLSƏFƏNİ ARAŞDIRMAQ LAZIMDIR"

"20 günə yoqa müəllimi olub şarlatanlıq edənlər var" <b style="color:red"></b>

Müasir həyatda üzləşdiyimiz problemlər, qeyri-standart iş rejimi psixologiyamızda müəyyən neqativ izlər buraxır. Hər gün təkcə canlı ünsiyyətdə olduğumuz insanlarla münasibətlər yox, ictimai nəqliyyatda mobil əlaqələrə qədər hər şey bizdən diqqət tələb edir və bütün bunlara böyük enerji sərf olunur.

Bəs sərf edilən bu enerjini necə bərpa etmək olar?

Mütəxəssislərə görə, belə situasiyalarda həyat və sağlamlıq üçün ən faydalı vasitələrdən biri yoqa təlimləri ola bilər. Araşdırmalar göstərir ki, yoqa nəinki insanı sağlamlaşdırır, həm də onu streslərdən azad edir. Təsadüfi deyil ki, sanskrit söz olan  "yuj" sözündən yaranan "yoqa" "bütövləşmə", "cəmləşmə", "birgə qovuşma" anlamını verir. Yoqa ilə bağlı yazılı məlumatların təxminən 5 min il yaşı var. Bu minilliklər ərasində yoqa bir çox deformasiyalara uğrayıb, dəyişib və təkmilləşib.

Yoqa üzrə mütəxəssis Jalə Oruclu ilə söhbətimiz də elə bu mövzudadır.

 

- Jalə xanım necə oldu ki, həyatınızı yoqaya həsr etdiniz?

- Şərq fəlsəfəsi ilə tanış olduqca həqiqət mənə insanlığın amalı kimi görünməyə başladı. Tək, əbədi olan bir şey vardı və mən onun yerini bilməliydim. Yoqaya yolumun başlanğıcı belə oldu. Dərinliyə endikcə mənə ən ideal yaşam tərzi kimi gəldi yoqa. Məşq və meditasiyaların həm fiziki baxımdan xeyri olurdu, həm də zehnim sakitləşir, qəlbim rahatlıq tapırdı. Yeni başladığım zamanlarda qazandığım ilk üstünlük fiziki irəliləyiş idi. Yeniyetmə yaşlarımdan bel ağrılarından, skolyozdan əziyyət çəkirdim. Hətta bir dəfə həkimim mənə demişdi ki, yaşa dolduqca bədənin skolyoza görə çox eybəcər formaya düşəcək. Bu sözlərdən sonra özümü ümidsiz və çarəsiz hiss etmişdim. Yoqaya başlamağımın 6-cı ayında gözlə görünən əyilməm, şiddətli bel və ayaq ağrılarım aradan qalxdı. Özümü bu qədər sağlam, dinc və rahat hiss etməmişdim. Hər gün bir az daha yaxşı olduqca, yoqa yaşam tərzimə çevrildi. Öz ustama tamamilə təslim olmuşdum. Həyat mənim yolumu Rusiyadan elə-belə salmamışdı. 5 il ərzində yoqa ilə davamlı məşğul olub praktikadan keçirdim. Artıq vətənimdəyəm və  bir daha Rusiyaya geri qayıtmağı düşünmürəm. Bundan sonra öz ölkəmdə çalışmağı qərara almışam.

- Yoqa insanlara nə verir?

- Yoqa bizə ilahi mənşəyimiz və taleyimiz haqqında fikir əldə etmək imkanı verən vasitə, insanın özünü dərk etməsi üçün qurtuluş yoludur, bədənin, ağlın və ruhun bütün gücü ilə Allaha bağlanmasıdır.

Bayaq dediyim kimi, başlanğıclarda yalnız fiziki mübarizə aparırsan. Adətən yoqaya yeni başlayan insanlar elə düşünür ki, 21 gün məşğul olmaqla nirvanaya yüksəlməlidirlər. Təbii ki, belə bir şey yoxdur. İlk aylar çox əziyyət çəkirsən. Bədən öz komfort zonasından çıxmaq isəmir. Hətta 6 ay bədənlə ağır şəkildə mübarizə aparırsan, onunla münasibət qurursan, onu tərbiyə edirsən, onu şəfalandırırsan. Tədricən bədən elastikləşib, gücləndikcə zehnə keçid edirsən. Bu zaman artıq təmizlənmə mərhələsi başlayır, öz zəif tərəflərini görməyə başlayırsan və davam etdikcə artıq yoqa etmədən dayanmaq istəmirsən. Bədən və zehin şəfalandıqdan sonra insanın içində sükut hökm sürür. Bu sükutla insan yaşamın harmoniyasını duyur, aydınlanmaya doğru yol qət etməyə davam edir.

- Yoqa ilə məşğul olmaq üçün ilk mərhələdə nədən başlamaq lazımdır?

- Bu, insandan insana dəyişir. Kimisi üçün yoqa təkcə fiziki idmandır. Ancaq bu fikir yoqanın illər öncə formalaşmış tarixinə qarşı haqsızlıqdır. Başlamadan öncə mütləq fəlsəfəsini araşdırmaq və bu işi bilən bir insanla addım atmaq lazımdır. Əks halda yoqanın əsl mahiyyətindən anlayışsız olarsan. Hətta məlumatsız şəkildə başlasan,  bir müddət sonra buraxmaq fikrinə də düşə bilərsən. Ona görə başlamazdan öncə bir az araşdırmaq və yoqanın sutralarını oxumaq lazımdır.

- Bunu bəzən dinlə əlaqələndirirlər, bu haqda nə deyə bilərsiniz?

- Yoqa bizim iradəmizi Allahın iradəsi ilə birləşdirən birlik yolu olduğu üçün bəzən dindən bir fərqi olmadığını deyirlər. Bu, yaradanı öldürmək üçün hər şeyə əl atan insanların uydurduğu bir fikirdir. Din olsa da, olmasa da, sevgi, şəfqət, birlik olan hər yol gözəldir.

- Yoqa ilə bağlı kifayət qədər  yanlış təsəvvürlər və fikirlər də mövcuddur. Səbəb nədir?

- Əvvəllər insanlıq hər şeyi gizli və özünəməxsus şəkildə edərdi. İndi isə artıq hər şey əlçatan, sıradan, bəsit şəkildə ortalıqdadır. Hər şeyi dəb halına gətirib çıxarıblar. Elə yoqanı da. Bu gün 20 günün içində yoqa müəllimi olub şarlatanlıq edənlər var, spiritual başlıqlı mövzularla milləti dolandırırlar. Bunun fərqində olan insanlar da başlayırlar yoqa haqqında yanlış fikirlər irəli sürməyə.

- İnsanlar yoqa ilə məşğul olanda  bəzən göz yaşı tökürlər, bunu necə izah edərsiniz?

- Bədənimizin duyğu yaddaşı var. Yoqa ilə məşğul olduqca insan o duyğularla üzləşir. O duyğunun nə zaman, niyə orada olduğunu xatırlamasaq da, yoqa ilə məşğul olanda həmin duyğular emosional şəkildə yenidən yaşanır və bədəndən təmizlənir. Ancaq bu proses qısa müddət ərzində yoqa edənlərə aid deyil. Bu halı yaşamaq üçün uzun müddət sistemli şəkildə yoqa ilə məşğul olmaq lazımdır.

- Ölkəmizdə bu sahəyə maraq göstərənlər varmı?

- Ümumi ölkə haqqında fikir deyə bilmərəm. Sumqayıtda yaşayıram, burada hələ ki bir o qədər də maraq görmürəm. Əslində, yoqaya maraq göstərmək lazım deyil. Bu, əyləncəli və maraqlı yol deyil, çətin və əzimli yoldur. Ona görə də hər kəs elə özünə uyğun sahəyə maraq göstərsə, yaxşıdır.

Havar ŞƏFİYEVA

 





26.02.2024    çap et  çap et