525.Az

Savaş ruhumuzun səs təcəllisi - Etimad Başkeçid yazır


 

ŞƏMİSTAN ƏLİZAMANLININ 65 YAŞI ÜÇÜN ÜRƏYİMDƏN KEÇƏNLƏR

Savaş ruhumuzun səs təcəllisi - <b style="color:red"> Etimad Başkeçid yazır</b>

Ötəri diqqət yetirsək, görəcəyik: sevə-sevə dinlədiyimiz sənətkar Şəmistan Əlizamanlının mahnıları və onların remikslərinə baxışların sayı Azərbaycan, Türkiyə və digər türk respublikalarının ən müxtəlif internet resurslarında yüz milyonu keçir. Xüsusən də, Şəmistan bəyin öz ifasındakı, dillər əzbəri olmuş "Tanrı türkə yar olsun" (Allah Nizami Saraclıya rəhmət eləsin!) şərqisi!

Bildiyim və gördüyüm qədər, Şəmistan Əlizamanlı əsərlərini təbliğ etmək və tanıtmaq üçün əldən-ayaqdan getmir, kompüter qrafikası, video, yeni rəqəmsal texnologiyalardan istifadə etmir, vizual effektlərdən yararlanmır. Təbii ki, çox zaman başqalarının hazır videosıralar və mövzuya aid şəkillərdən istifadə edərək yerləşdirdiyi mahnıları nəzərə almasaq.

Elə isə sənət, yaradıcılıq və kommersiya arasındakı sərhədlərin itdiyi indiki zamanda, çırtma çalan kimi cüşə gələn ibtidai instinktlərə isnad etməyən Şəmistanın nəğmələrinin populyarlığını şərtləndirən nədir?

Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur - müxtəlif səbəblər göstərmək olar, məsələn, sənətkarın öz xarakterindən irəli gələn ərdəmli duruşu, məsələlərə yanaşma və ifa tərzi və sair. Amma bütün bunların başında, mənə görə, Şəmistan bəyin hər zaman yeni mənalar və simvollar formalaşdıran tarixi yaddaşa müraciət etməsi dayanır. O yaddaşa ki, qərinələr boyu bizə atavizm kimi göstərməyə, həyatımızdan silib atmağa çalışıblar.

Şəmistan Əlizamanlının səsi, üslubu əsrlərin bağrından qopub gəlir; bütöv bir etnosun qitələri titrədən savaş ruhunu və ehtişamını özündə əks etdirir. Dünya musiqisində böyük bir tarixi olan, "Alla turca" (türk stili, türksayağı) adlanan anlayışın ifadəsidir bu nəğmələr. Motsartın bütün dünyada ən populyar əsəri "Rondo alla turca"dır - "Türk rondosu". Sonralar ifaçılar Motsartın özündən soruşmadan əsəri "Türk marşı" adlandırıblar ki, bu da səbəbsiz deyil: "Türk rondosu" avstriyalılara yaxşı tanış olan türk hərbi marşları üslubunda yazılıb.

XVII əsrin əvvəllərindən başlayaraq, Köhnə dünyada "yeniçəri musiqisi" o qədər populyarlaşmışdı ki, avropalılar saxta "türk orkestr"ləri düzəldir, yeniçərilər sayağı geyinib, Türkiyədən apardıqları musiqi alətləri ilə konsertlər verirdilər.

Müasir Avropa orkestrinin tərkibinin müəyyənləşməsində türk orkestrinin əhəmiyyətli rolu olub. Yeri gəlmişkən, 1453-cü ildə Sultan Mehmet təntənəli yürüşlə İstanbula varid olanda, onu 300 nəfərlik nəhəng orkestr qarşılayıbmış.

Orta əsrlərdən başlayaraq, ta Osmanlı imperiyası çökənəcən, yeniçəri musiqi ənənəsi bütün Avropada dəbdəydi. 1725-ci ildə rus imperatriçə I Yekaterina İstanbuldan bütöv bir orkestr gətirtmişdi. Polşa, Avstriya, Prussiya və demək olar, bütün digərAvropa ölkələrində yeniçəri tembr kaloritindən istifadə olunur, stilizə olunmuş türk hərbi marşları çalınırdı.

Modern hərbi marş, hərbi orkestr anlayışları Avropaya məhz türklərdən keçib. Bununla iş bitmir, ümumiyyətlə, akademik musiqinin, Avropa opera və simfonik musiqisinin yeni xarakterinin formalaşmasında "alla turca"nın roludanılmazdır. "Alla turca"nın rəng qatdığı, xüsusi kalorit verdiyi məşhur əsərlərdən yalnız bir neçəsi: A.Qretrinin opera orkesti ("Gizli magiya" - 1778), K.V.Qlyukun "İfigeniya Tavridada" (1779) operası, Qaydın "Hərbi simfoniya"sı (1794), Bethovenin 9-cu simfoniyası və "Afina xarabalıqları" üçün yazdığı üvertura və marşı, Q.Malerin ikinci simfoniyası, L.Sporun "Qarmonium və yeniçəri musiqisi üçün noktyurn" əsəri və sair. Qeyd etmək lazımdır ki, bu ənənə qədim türk dövlətlərində Osmanlıdan əvvəl də mövcud idi. Mənbələrdən bilirik ki, I Osmana ilk hərbi orkestri səlcuqlu sultanı Keyqubad hədiyyə göndərmişdi... Şəmistan Əlizamanlı bu böyük ənənənin haqqını verdiyi üçün, Özü olduğuna, yaddaşların tozunu aldığına, toplumun qəhrəmanlıq ruhunu təzələdiyinə görə qəlblərə yol tapır, milyonların ürəyində özünə yuva qurur. Bu dünyada önəmli bir missiya yerinə yetirir, tək canıyla bütöv bir ordudur Şəmistan Əlzamanlı. O, "dağlarda gəmi gəzdirən, daşlara dastanlar qazdıran, tarixi başdan yazdıran" həmin insanlarımızın - köhnə kişilərin nəğməsini oxuyur. Onun musiqisi evfemer, ötəri ehtirasların yox, həmişə var olan və yaddaşlardan silinməyən, qədim miflərdəki Orfey kimi ölümə meydan oxuyan qədim-qayım bir mədəniyyətin izini daşıyır.

Öz yaradıcılığında musiqinin mütləq ideyasını ifadə edən, ürəyi sevgiylə vuran, yükü sevgi olan usta sənətkarın yubiley yaşı - 65 illiyi ilə bağlı bunları demək ürəyimdən keçdi...

 





26.02.2024    çap et  çap et