Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar 26 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində anım tədbiri keçirilib.
525.az-a səfirlikdən verilən xəbərə görə, tədbirdə Çində akkreditə olunan diplomatik nümayəndəliklər ilə yanaşı, elmi və ictimai dairələrin nümayəndələri, həmçinin Pekində yaşayan vətəndaşlarımız iştirak edib.
İlk öncə şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Səfirliyin həyətindəki Xarı bülbül barelyefinin önünə əklil qoyulub, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətə görə Qarabağ Ordeni ilə təltif olunmuş, hərbi attaşe polkovnik Teyfur Rüstəmov Xocalıda törədilmiş qətliam barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov çıxışında bildirib ki, artıq Xocalı faciəsini fərqli hislərlə yad edirik. Bu gün Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti və xalqımızın vəhdəti nəticəsində torpaqlarımız işğaldan azad olunub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Qaçqın köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunub. Xocalıda qətliam törədən canilərin bir qismi saxlanılıb və tezliklə ədalət mühakiməsinə çıxarılaraq layiqli cəzalarını alacaqlar. Əminik ki, bu soyqırımın törədilməsində əli olan digər canilər də layiqli cəzalarına çatacaqlar. İşğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən aparılan yenidənqurma işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyat bərpa olunur. Tezliklə Xocalı sakinlərinin də öz doğma yurdlarına qayıtmasının şahidi olacağıq.
Tədbir çərçivəsində Xocalı faciəsi barədə dünya mətbuatında çap olunan məlumatların foto sərgisi, həmçinin özündə soyqırımın şahidlərinin müsahibələrini və işğaldan azad olunmuş Xocalı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət bayrağının qaldırılması və şəhərdə aparılan quruculuq işlərini əks etdirən video çarx nümayiş olunub.