525.Az

“Xocalı soyqırımı XX yüzilliyin ən qəddar cinayətidir”


 

SƏFİR VİLAYƏT QULİYEV ANADOLU-BALKAN AGENTLİYİNƏ MÜSAHİBƏ VERİB

“Xocalı soyqırımı XX yüzilliyin ən qəddar cinayətidir”<b style="color:red"></b>

Xocalı soyqırımının 32-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Anadolu-Balkan Agentliyinin boşnak xidmətinə geniş müsahibə verib. “Xocalı soyqırımı XX yüzilliyin ən qəddar cinayətidir” adlanan müsahibədə azərbaycanlı diplomat ötən yüzilliyin əvvəllərindən başlayaraq beyinləri daşnak ideologiyası ilə zəhərlənmiş erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri etnik cinayətlərin geniş tarixini və coğrafiyasını açıqlayıb. Xocalıda Koçaryan, Sarqsyan, Balasanyan və b. erməni siyasi qatillərinin  planlı şəkildə törətdikləri etnik qırğının isə öz miqyas və amansızlığına görə xüsusi ilə seçildiyini vurğulayıb. Səfir böyük təəssüf hissi ilə dünyanın susaraq razılıq verməsi nəticəsində bənzər etnik təmizləmə siyasətinin Bosniya və Herseqovinada, ilk növbədə isə minlərlə insanın yalnız milli-dini mənsubiyyətinə görə soyuqqanlılıqla qətlə yetirildiyi Srebrennitsada da həyata keçirildiyini qeyd edib.

BiH Parlamentinin Xocalı soyqırımını tanıması, Sarayevonun mərkəzindəki Azərbaycan və boşnak xalqlarının Dostluq parkında Xocalı və Srebrennitsa analarının möhtəşəm heykəlinin ucaldılması xalqlarımızın etnik zəmində törədilmiş cinayətlərə qarşı mübarizədə birlik və əzmkarlığının rəmzi kimi qiymətləndirilib.

Səfir Vilayət Quliyev son 32 ildə ilk dəfə Xocalı şəhidlərinin xatirəsinin qəhrəman Azərbaycan Ordusunun erməni separatçılardan azad etdikləri Xocalıda qeyd olunduğunu bildirib. Hazırda burada böyük quruculuq-abadlıq işləri aparıldığını, tezliklə soyqırımı dəhşətləri yaşamış xocalıların öz yurdlarına qayıdacaqlarını deyib. Xocalı faciəsinin yaraları sağaldılsa da, Xocalı soyqırımının heç zaman insanlarımızın yaddaşından silinməyəcəyini, Yer üzündə oxşar cinayətlərin bir də törədilməməsi üçün  daimi yaddaş və xəbərdarlıq rəmzinə çevriləcəyini sözlərinə əlavə edib. 


 

 





26.02.2024    çap et  çap et