525.Az

İnformasiya müharibəsinin ən mühüm vəzifəsi - Sosial şəbəkədə yazılanlar


 

İnformasiya müharibəsinin ən mühüm vəzifəsi - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Xəqani Səfərov, idarəetmə mütəxəssisi:

- Oyuna Budapeştdən Varşavaya uçanda yolda çox şəraitsiz bir vəziyyətdə baxırdım. Bütün internetim fəda olsun "Qarabağ"a. Oyun bitəndə telefonda 17 faiz enerjim qalmışdı. Bir idarəetmə mütəxəssisi kimi isti-isti hisslərlə bu yazını yazmaya bilməzdim. Şükür bitirə bildim.

Bədavinin Nərimana ötürdüyü top idarəetmə kitablarına düşəcək təhlili var. Vaxtım, şəraitim yaxşı deyil deyə qısa yazacam.

Təsəvvür edin hesab bərabər olsa da, bir neçə dəqiqə əvvəl sadə epizodda penaldan qol buraxmısan və psixoloji olaraq rəqib üstündür. Son dəqiqə artırmaları oynayırsan və oyunun müzakirəsiz qəhrəmanı Yankoviç yıxılıb zədə alıb. Yanında, qabaqda xüsusi bir komanda yoldaşları da yoxdur. Bu epizodda ən yaxşı hal "gözlə Yankoviç dursun və komanda yoldaşların rəqib meydanında yığışsın ki, bəlkə bir təhlükəli vəziyyət yaransın"dır. Amma... Arxadan qaçaraq gəlib gözləmədən 120+2-ci dəqiqədə topu qabağa qaçan Nərimana ötürmək. Bax bu, ciddi idarəetmə tələb edir. 

1. Duyğusal olmamaq: Rəhbər bəzi epizodlarda duyğusal davranmayıb tam vəziyyəti analiz edib qərar verməlidir. Bədavi yıxılan və zədədən ağrıyan bütün oyun boyu qəhrəmanlıq edən Yankoviçi vecinə də almadan pas atır. Bu, əjdaha bir psixologiya tələb edir. Liderlik tələb edir.

2. Böhrandan istifadə: hamı, hətta hakim də çaş-baş içində olan vaxt Bədavinin bunu bir fürsət hesab etməsi çox ideal idarəetmə addımıdır. Xüsusən də yuxarıda dediyim psixoloji gərgin olan bir vəziyyətdə.

3. Məsuliyyət götürmək: Əslində Bədavinin o pası ciddi risk idi. Necə ki, rəqib çaş-başda idi. Eləcə də "Qarabağ" da cəriməyə köklənirdi. Yəni bu pas düz olmasaydı, "Qarabağ" üçün çətin vəziyyət yaranması mümkün hal idi. Amma Bədavi bu riski üzərinə götürür

4. Sona qədər inanmaq: Son dəqiqələr olsa da, qol vurmaq ümidi ölmədən qol pasına qaçmaq çox ciddi bir idarəetmə zəkası tələb edir.

5. Vəziyyətin analizi: Biz ekran arxasında ürəyimizi yeyirdik. Amma o, meydanda son 2 dəqiqədə vəziyyət analizi edə bildi. Bu saniyənin neçədə birində verilən qərar idi.

Bir məsələni də Nəriman haqqında deyim. Əlbəttə, keçən oyun qol vəziyyətini qaçıran Nərimanın indi qol vurması qədər gözəl hadisə yoxdur. Qurban müəllim demiş, adam böyüdü. Amma Yankoviçi yerdə olduğu epizodda "ağzı ayırıq" ora bura baxmayıb vəhşi kimi qabağa şığıyan Nərimanın çox böyük gələcəyi var deməkdir. Burdan çıxarılan dərs budur ki, həyatda baş verənlərə "ağzı ayırıq" baxmaq lazım deyil, işinə, hədəfinə fokslanmalısan. 

Başda Qurban Qurbanov olmaqla bütün "Qarabağ" oyunçuları bu gün möhtəşəmin üzərində idi. Təbriklər "Qarabağ" FK!

 

Aydın Bağırov, jurnalist:

- Yeri gəlmişkən, futbol bir kənara, Portuqaliya insanlarının yüksək insani mədəniyyətini, qonaqlarına qarşı istiqanlı davranışını qeyd etməmək olmur.

Medialarının "Qarabağ" klubuna, onun tarixinə isti yanaşması, bizim bir zamanlar çəkdiyimiz ağrı-acıları obyektiv şəkldə işıqlandırması isə ayrıca vurğulanmalıdır.

Avropada heç də həmişə özümüzə, təmsilçilərimizə qarşı belə xoş münasibətə rast gəlmək olmur.

 

Sənan Abdullayev, Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri:

- Ümid edirəm ki, bu qələbə bizə ən çətindən bir hissəni - özümüzə dəyər verməni qazandıracaq. Məsələn, "Qalatasaray" kimi infrastrukturu, büdcəsi, transferləri ilə az qala 4-5 dəfə üstün olan bir klubun dayanması fonunda "Qarabağ"ın simasında özümüzə qiymət verə biləcəyik. Arzu edirəm ki, Qurban Qurbanovun üstünlüyünün təkcə azərbaycanlı pasportunda yox, Azərbaycanın bir futbol adamının həqiqətən savadda, təfəkkürdə, zəhmətkeşlikdə nəhənglərin başında olanlardan geri qalmadığının dəyərini hər birimizə bir qırıntı da olsa həsr edə biləcəyik. Anlayacağıq ki, hətta gələcəkdə məğlubiyyətlər olsa belə, biz 1966-cı ildəki bürüncün möhüründən qopmuş Azərbaycanın vətəndaşlarıyıq. Hansısa klubumuzun adı önəm daşımır. Özümüzü zəif, başqalarına nisbətdə aciz görməkdən qoparmalıdır bu qələbə. Nərimanın bir həftədə böyüdüyü qədər böyüməyə bilərik, amma mütləq anlamalıyıq ki, bizə gələcəkdə hər hansı məğlubiyyət sadəcə dərs olmalıdır, daha da böyümək istəyimizə maneə yox. Hər addımda peşəkar olduğumuzu düşünmək yox, göstərməliyik. Təsadüfi deyil ki, Qarabağdakı qələbə kimi, "Qarabağ"ın qələbəsini də peşəkarlığın həvəskarlığı üstələməsi gətirdi. İllərdi buna gedən yolda ilk olaraq döyüş, sonra isə real şəkildə futbol meydanında qorxaqlıqdan uzaqlaşdıq. Bəli, illər aldı. Amma hər qalibiyyət bir dərsdir! Yorucu olur, amma öyrədir, inam, dəyər verir. Təşəkkürlər, "Qarabağ"!

 

Elnur Məcidli, politoloq:

- "Qarabağ" FK yenidən "Bayer 04" Leverkuzen ilə qarşılaşacaq. Qrup oyunlarında, bu komandaya 2 dəfə məğlub olmuşduq.

Etiraf etməliyik ki, Xabi Alonsonun başçılığındakı "Bayer" öz tarixindənki ən güclü dövrlərdən birini yaşayır.

Əzəli rəqibi "Bavariya"nı məğlub elədi və Bundesliqada 8 xal öndə liderdir. Buna baxmayaraq, Allahdan ümidi kəsmək olmaz və top yuvarlaqdır. "Qarabağ", "Bayer"lə Bakıda oynadığı sonuncu oyunda, qələbəyə daha çox layiq idi.

İndi, qrup oyunlarının əksinə, ilk oyun Bakıda, cavab qarşılaşması Leverkuzendə keçiriləcək. İnşallah, Bakıda minimal hesabla belə olsa, qələbə qazansaq, Leverkuzendəki oyun daha maraqlı olacaq və turu keçmə şansımız yaranacaq.

Ruhdan düşmək olmaz, Qurban Qurbanov və komandasının əzmkarlığına inanırıq.

Bugünkü, püşkatmada "Bayer"in çıxması, təqdiri-ilahidir.

Hələ 1 ay əvvəl, "Braqa" oyunlarından öncə, Qurban Qurbanov Leverkuzenə gedərək, "Bayer"in düşərgəsini ziyarət etdi, məşqlərini izlədi və taktiki oyun quruluşlarıyla bağlı Xabi Alonso ilə söhbət etdi.

Bax, indi əldə edilən həmin informasiya və məlumatlar, qızıl dəyərindədir! Bunu, biz Qurban Qurbanovun uzaqgörənliyi və özünü daima inkişaf etdirmə əzmi kimi də dəyərləndirə bilərik.

Bəlkə də, Xabi Alonso, bugünkü püşkatmanın nəticəsini görüb, Qurban Qurbanovla paylaşdığı stratejik məlumatlara görə peşmançılıq hissi keçirir.

Bilmək olmaz!

Ancaq bilinən odur ki, UEFA Avropa Liqasında 1/8 finalında ilk dəfə bir Azərbaycan klubu var! Bu gün bütün Avropada Qarabağın adı, Azərbaycanla birlikdə çəkilir.

Niyə də olmasın, itirəcəyimiz bir şey yoxdur, planı artıqlamasıyla doldurmuşuq. Nəfəsimiz yetirsə, gücümüz və əzmimiz varsa, niyə sevinən tərəf biz olmayaq?!

Tarix yenidən yazılsın!

 

Asəf Quliyev, jurnalist:

- Həmkarlarımız arasında söhbət Xocalı faciəsindən düşəndə həmişə bir fikri təkrarlayıram: Xocalı faciəsi barədə danışanda, yazanda pafosa, gücləndirici epitetlərə, yersiz əlavələrə ehtiyac yoxdur, həqiqəti demək yetərlidir. Və bu həqiqəti elə formada demək lazımdır ki, buna tək Azərbaycan vətəndaşı yox, Gürcüstan vətəndaşı da, Rusiya vətəndaşı da, Almaniya vətəndaşı da, Fransa vətəndaşı da, ABŞ vətəndaşı da, bütün dünya inansın. Çünki informasiya müharibəsinin ən mühüm vəzifəsi İNANDIRMAQDIR.

Bu gün belə həqiqətlərdən birinin ekran həllinə tamaşa etdik. Nizami Kino Mərkəzində "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gətirdiyi "13" bədii-sənədli filmin təqdimatı oldu.

Həmkarımız Mübariz Əsgərov müəllifi olduğu filmin bədii-estetik cəhətlərini yəqin ki, bu sahənin peşəkarları daha yaxşı təhlil edə bilər.

Mənim üçün çox mühümü bu filmdə jurnalist işi idi. Hər bir məqama aydınlıq gətirilməsi üçün faktların müxtəlif mənbələrlə araşdırılması, faktlara pafosla, şişirtmələrlə yox, soyuq başla yanaşılması çox mühümdür. Çünki bu film tək bizim üçün deyil. Bu film həm də Azərbaycana qarşı törədilən faciələrə dünyanın inanması üçündür.

"13" inandıra biləcək!

 

Elxan Şahinoğlu, politoloq:

- Fransa prezidenti Emmanuel Makron yalnız Azərbaycanla münasibətləri korlamayıb, qonşusu və tərəfdaşı İtaliyaya qarşı da yekəxana siyasət aparır. Makron İtaliyanın sağ mühafizəkar hökumət başçısı Corciya Melonini bəyənmir, onunla müxtəlif mövzularda ixtilaf yaradıb. Makron beynəlxalq tədbirlərdə Meloni ilə üz-üzə gəlməməyə çalışır. Bu dəfə də belə olub. Makron "böyük yeddilər"in Ukrayna ilə bağlı Kiyevdən idarə olunan videokonfransında iştirakdan imtina edib. Səbəb konfransa Corcia Meloninin sədrlik etməsidir. Makron toplantıya qatılmamasını daxili işlərin çoxluğu ilə izah etsə də, buna inanan azdır. Ekspertlər Makronun son hərəkətini "böyük yeddilər"dəki tərəfdaşlarına hörmətsizlik kimi qiymətləndiriblər. Tərəfdaşlarına hörmət etməyən lider Fransaya uzaq olan Cənubi Qafqazla bağlı normal siyasət yürüdərmi? Makronun balansı tam pozaraq Cənubi Qafqaz siyasətini tam Ermənistan üzərində formalaşdırmasının ən böyük zərəri İrəvana dəyəcək.

 

Fazil Mustafa, millət vəkili:

- Yazar Mövlud Süleymanlını ölüm xəbəri ilə tapdıq. İtirmişdik. Feysbuk qaragüruhunun, tik-tok bambılılığının, instaqram surətbazlığının içində itirdiyimiz Mövlud Süleymanlını əslində  şükürlər olsun ki, ölüm xəbəri ilə tapdıq. Əlbəttə keçicidir, üç-beş gün sonra yenə unudacağıq. Sözün tamını itirmiş bir cəmiyyətdə o tamı dadızdıran Mövludu niyə də xatırlasınlar ki?.. Ağır xəstələnəndə itmiş Məmməd İsmayılı, itmiş Cavanşir Quliyevi də tapmaq mümkün oldu. Dəyərli tarixçi Aydın Balayevi isə ölümündən sonra da tapa bilmədik. Həsən Məmmədovu, Hamlet Xanızadəni, Səməndər Rzayevi, Həsən Turabovu də eləcə tapa bilmirik. Ona görə də ölümündən öncə itirdiklərimizə, "dəyərli yazarımızı, sənət adamımızı... itirdik" deyə başlıq qoymaqla özünüzü gülünc duruma gətirməyi unudun. Bu itkilər, elə unudulanların tapılması deməkdir.

Mövlud bizim nəslin ədəbi zövqünün mövludu idi. Peyğəmbərlərin mövludu olduğu kimi, ədəbi zövqün də mövludu olur. Bizim zövqümüzü öz DƏYİRMANda üyüdüb ŞEYTANın şəri ilə zarafatlaşa-zarafatlaşa tarixi yolçuluqdan yeni zamana KÖÇürə bildi.

Mövlud daşan-coşan dağ çayı deyildi, heç sakit axan aran çayına da uyğun gəlmirdi. Səssiz bir BULAQ idi, öz səssizliyi ilə hamıdan daha aydın səsini duyururdu.

İlk, həm də son görüşümüz Şuşada oldu, iki il öncə Vaqif Poeziya Gnlərində bir neçə saatlıq yol yoldaşlığımızda gözəl ədəbiyyat söhbətləşməmiz oldu. Vaqif Əlixanlı ilə birlikdə peşəkar söhbət üçlüyü yarada bildik. Bu zaman dostlardan kimsənin zəngi Əhməd Oğuzun ölüm xəbərini çatdırdı. Əhməd Oğuzun ölümü onu sarsıtdı. Elə söhbətimiz burada tamamlandı.

Mövlud ötən əsrin 70-ci illərinin böyük ədəbiyyat hadisəsi idi. Sonrakı dövrlərdə gözdən-qulaqdan uzaqda özünü xatırlatmadan yaşadı. Ancaq o sözün tamını bilənlər üçün ədəbiyyatımızın başına gələn ən yaddaqalan hadisə olaraq xatırlanacaq. Ruhu şad olsun. Sonda diqqət yetirdim ki, bu yazıda Mövludun sevmədiyi "və" bağlayıcısından istifadə etməmişəm.

 

 





27.02.2024    çap et  çap et