525.Az

Qış günündə yay günəşi - Şahnaz Şahindən esse


 

Qış günündə yay günəşi - <b style="color:red"> Şahnaz Şahindən esse  </b>

Son həftələr yaman narahatam. Neyləsəm, nə iş görsəm, beynim elə hey o ladda səslənir, ürəyim o ritmdə atır, düşüncələrim qarmaqarışıq qamma halında. Əslində səbəbi bilirəm, amma özümü aldadıb ayrı sahilə üzürəm, səhv istiqamətə yollanıram. Elə bilirsiniz asandı düzünəqulu yol yerimək... Yol o deyil ki, durub evdən çıxasan, harasa gedəsən, məsələn işə, görüşə, gəzməyə və s. O qədər görünməz-bilinməz yollar çıxır ki, ortaya, qalırsan "nə edim, hardan gedim" deməyə. Hə, mənim də narahatlığım işinin peşəkarı olmaqdan əlavə, üz tutub üstünə gələn adamı öz dilində dindirməyi bacaran həkimdən yanadır. O həkim ki, Rentgen şüası kimi içini görüb narahat edən fikirlərini üzə çıxara, sonra da lap nağıllardakı kimi əlini uzadıb beynindən o əzabları silə. Sən də bu qədər vaxtı çəkdiyin nigaranlığın, çək-çevirin acısını atıb qış günündə yay günəşi kimi par-par yanasan sevincindən... Eh...

İnsanı emosiyaları idarə edir, onların biri də qorxudur. Boynumuzdan atmaqla deyil, bu dünyada qorxduğumuz çox nəsnələr var - uşaq olanda valideynlərimizdən qorxuruq, sonra müəllimdən, hələ bu azmış kimi xəstələnəndə həkimlə qorxudurlar uşağı. Sonra bu hiss bir az forma və mahiyyətini dəyişir, mükəmməlləşir, adam ona əziz olan nə və kim varsa onu itirməkdən qorxmağa başlayır. Çünki bütün qorxuların kökündə ölüm qorxusu dayanır... 

Platon hörmət və qorxu hissini birgələşdirərək söyləyirdi ki, hörmət olan yerdə qorxu da olar, amma qorxu olan yerdə hörmət olmaz.  Qorxu hissinə müxtəlif yöndən yanaşsaq, onun yaxşı və pis cəhətlərini görərik. "Qorxu və ümid insanı idarə edən iki alətdir", onlardan düzgün istifadə etməklə səhv addım atmaqdan xilas olmaq mümkündür. Hər halda qorxu insani bir hiss olduğuna görə bunu etiraf etməyən kimsənin də içində mütləq bir qorxusu olmamış deyil.

Bu gün geniş yayılmış bir xəstəlik var, adına "panik atak" deyirlər. Bir də görürsən dağ gövdəli sapsağlam insan düçar oldu bu xəstəliyə. Nə özü ilə bacarır, nə də düşdüyü quyudan çıxa bilir. Fərqli, müxtəlif xəstəliklərin əlamətlərlə meydana çıxan xəstəliyə səbəb beyin neyronları tərəfindən təbii şəkildə ifraz olunan və normalda insanın emosional həyatını tənzimləyən bəzi hormon maddələrin anormal işləməsidir. Odur ki, xəstə çox zaman müayinələrdən də tərtəmiz çıxır. Amma həyəcan, növbəti hücum fobiyası onu rahat buraxmır. Müalicələr isə nəticəsiz qalır...

Deyirlər, hər hadisə bir hekayədir - yaddaşda dərin iz buraxanı da var, silinib gedəni də. Ümidlərinin səni tərk etdiyi, həyatının bir saman çöpündən asılı qaldığı vaxtlar da olur. İllərin soyuqluğundan heç gözləmədiyin zaman bir əl uzanır sənə, bir söz kəsir yaman dilləri, bir baxış yandırıb yaxır şübhələrini...

Qarlı qış gecəsi, neçə gün yağan qar artıq yolların kənarında qum halında yığılıb qalıb, gediş-gəlişin səngidiyi vaxt, vur-tut ikicə sərnişini olan troleybusun "buynuzları" başından elə aralanır ki... Bir azdan sürücü soyuqqanlılıqla gözləməyin yersiz olduğunu bildirir... Mən bu "qumluqda" tənhayam, gecənin qaranlığı qarın soyuğuna qarışıb üşüdür məni. Əvvəl dörd tərəfi  nəzərdən keçirirəm, hələ "axşamdan" olmasına baxmayaraq, nə gələn var, nə gedən, yollar, səkilər bomboşdur... Gedəcəyim istiqaməti əlimə yığıb gedirəm, amma lap Leninin yazdığı "bir addım irəli, iki addım geri" alınır yerişim...

Qəfil arxadan gələn kişi səsi və şablon tanışlıq ifadəsi: "Adınızı bilmək olar?" Bu hardan çıxdı?! Yoluma davam edirəm, sual təkrarlanır, hələ əlavələr də edir: "Tanış ola bilərik?" Yenə susuram...  Qarşıda hündürboylu, ağır yerişli bir kişi, bir anlıq içimə ümid doğur, tək deyiləm! Böyrümcə addımlayan "cənab"ın da diqqəti mənim "ümidimdə"dir ki, qəfil qolumdan çəkib saxlayır və mən var gücümlə qolumu dartıb onu kənara itələyirəm. Ləngərli kişi geri dönür, qar işığında gözləri qəzəblə parıldayır: "Bu qızı tanıyırsan!?" Yox cavabı gecikmir: "Onda yolunla düz get"

Bax belə, qışın da yay qorxusu var,  ilıq hava üzümü yalayır, ayağımın altında buz qumluq bir andaca mavi Xəzərin uzanıb gedən sapsarı qumlu sahillərinə çevrilir. Ayaqlarımı ərköyün ləpələr qucaqlayır, göydə qızıl Günəşin şüaları yanaqlarımı oxşayır. Gözlərimi qıyıb göy üzünə boylanıram, düşünürəm, hər kəsin tanrısına bir təşəkkür borcu da var və o tanrı uzaqda deyil...

Deyirlər yenə qış gəlib, unutma, əlinin hərarəti onun kimin ovuclarında olmasına baxar - isidər də, üşüdər də... 

 

 





27.02.2024    çap et  çap et