525.Az

Mənim xalça yaddaşım - Təranə Arifqızı yazır


 

ANAMIN YUN KİLİMİ, BOYAQÇI MATAN XALA

Mənim xalça yaddaşım - <b style="color:red"> Təranə Arifqızı yazır</b>

Anam onları göz bəbəyi kimi qoruyub, əzizləyib həmişə. Çünki əlinin əməyi, gözünün nuru o naxışlara köçüb. Birimiz o xalçalara, kilimlərə, cecimlərə laqeyd yanaşanda, çox pis olur. Yadımdadı, üfürə-üfürə saxladığı yun kilimi gəlinə pay vermişdi. O da təzə çıxan İran, Türkiyə xalçalarından alıb evi döşəmişdi, anamın verdiyi rəngi solmamış kilimi astanaya ayaq altına salmışdı. Anam:

- Onun nə əziyyətlə toxunub başa gəldiyini bilsəydiniz, onu evin baş tərəfinə salardınız, elə başdansovdu yanaşmazdınız, - deyə incimişdi.

- Bunlar dəbdən düşüb axı, neynəyim bəs? - Zəmanə ilə ayaqlaşmaq istəyən gəlin özünə haqq qazandırmağa çalışmışdı.

Bəli, onların ikisi də haqlı idi. İndi, ana-nənələrimizin min bir əziyyətlə toxuduğu gəbə, palaz evlərdə muzey eksponatı kimi saxlanılır. Çox evdə izi- tozu da qalmayıb. Qədim, düşündürücü, göz oxşayan naxışları ilə adamın üzünə gülən xalçaların birini də anam mənə cehiz verib. Evimin ən gözəl əşyası, qış fəslinin əvəzolunmaz ev döşəməsi kmi əzizləyərək qoruyuram. Çünki, o ilmələrdə anamın, xalamın, qonşularımızın, əmiqızlarımın, bacılarımın gülüşləri, duzlu söhbətləri, şirin zarafatları gülə- çiçəyə çevrilib. O xalçalarda tarix var, mədəniyyət var, gözəllik var, zəriflik var, milli yaddaşımız var. O naxışlarda bizim uşaqlıq illərimizin maraqlı, yaddaqalan anları yaşayır.

Anamın əziyyət dediyi o məqamların canlı şahidi kimi deyə bilərəm ki, bəli, bir xalçanın toxunub hazır olması üçün uzun yollardan keçmək lazımdır.

Elə ki iyun ayı olurdu, evimizin bini-bərəkəti sayılan, qaragöz, sarıqulaq, kürən, kərəqulaq, qara, xallı, qotazlı kimi adlarla çağırdığımız qoyunların yun qırxımı başlardı. Sonra quzuların da kürkünü üstlərindən alıb, onları da yüngülləşdirərdilər. Çırpılıb yuyulmuş yunun pıtraqlarını gərək yaş-yaş təmizləyərdik. Yoxsa, quruyub, əlimizə batardı. Yunu didmək üçün anam hamımıza pay bölürdü. Yaxşı didməsəydik daranmazdı, anam əziyyət çəkərdi, ya da darağın dişi qırılardı. Biz didərdik, anam yun darağında əlçim- əlçim darayardı. Sonra zirzəminin bir küncündə öz növbəsini gözləyən cəhrə yağlanar, ipləri tarıma çəkilərdi. Gün boyu cəhrə çırıldayar, əlçimlənmiş yun əyrilib dükcəyə dönərdi. İki dükcəni bir yumaq sarıyardıq, bardaş qurub yumaqları mənikləyərdik (İndi bardaş qurub oturan adam az-az tapılar. Bu proseslərin hərəsi bir idman hərəkəti idi). Bir xalçalıq yun ip hazır olanda - bu, müxtəlif çəkidə - 14-18 kq kimi olurdu - anam boyaqçı Matan xalanı çağırardı. Ocaq qalanar, böyük bir boyaq vannası su ilə doldurulub qaynadılardı. Matan xalanın çox gözəl rəngləri olurdu. Hazır məniklər ayrı- ayrı müxtəlif rəngə boyanardı. Boyama prosesi açıq rənglərdən bağlayıb tündə doğru gedərdi. Rənglərin qarışımından başqa bir rəng alınardı. Cevizin qabıqlarını qaynadıb təbii ceviz rəngi alardılar. Çəpər boyunca rəngbərəng iplər düzülər, quruduqca daha da gözəlləşərdilər (Oğlan uşaqları aşıq-aşıq oyunu üçün yığdıqları aşıqları məhz, Matan xalanın boyaq qazanına atıb yaşıla, qırmızıya, abıya və s. boyayardılar). Maraqlısı onda idi ki, hansı xalçanın çeşnisini, yəni naxışını götürəcəkdisə, anam hansı rəngdən nə qədər ip lazım olacağını gözəyarı təxmin edərdi. Heç zaman da yanılmazdı. Hərdən Matan xala ilə də məsləhətləşərdi.

O vaxtlar yayın, yazın öz işi vardı, qışın öz işi. Payızın son ayları, elə ki, çöl-bayırdan əl-ayaq yığışdı, çöl işləri - üzüm, tütün, bostan yığımı başa çatdı, ot-saman yığıldı, tayalandı - balaca otağımızda xalça hanası qurulardı. Xalça toxumaq üçün nə lazımsa - həvə, kirgit, əriş, arğac, qaycı, balaca bıçaq- hamısı yığılardı. Hana uzatmaq üçün rəhmətlik əmicanım, Bəyim xala, Həbibə əmiqızım, bir də Firəngiz xalam, - bunlardan biri gələrdi. Anamla gün boyu səliqə ilə hananı uzadadılar. İşin himi, binası ordan qoyulardı. Rəngli məniklər bizim qolumuza salınıb açılar, balaca yumağa dönər, hananın üstündən asılardı.

Əgər köməkçi çox olsa, bir xalça 20-30 günə toxunurdu. İlməni ilməyə calayıb, pambıq ipdən hazırlanan balaca məniklə əriş-arğac keçər, kirkitləyib, həvə ilə döyərdilər. Dörd-beş ilmədən sonra artıq xovları iti gəbə qayçısı ilə qayçılayanda, gözəlliyi üzə çıxırdı. Anam öz fantaziyası ilə gözəl, fərqli naxışlar salırdı.

Kilim, cecim, palaz qismini o, cavan vaxtı toxuyub. Evimizdə yeddi xalça göyərib qırmızı rəng üstündə buta, qönçə, qızılgül, maral, əqrəb və s. olan zaman mən məktəbli olmuşam. Hərdən anam gülsüz, xəli yerləri toxumaq üçün mənə qırmızı ip verərdi. Xalçanın yelənləri, gölləri, fərqli naxışları ilmə sayına görə toxunardı. Mələksuma xalagildə qədim naxışlı xalça vardı. Onun naxışını anamdan gözəl, aydın toxuyan olmadı. Məhlədə kimin evində qızı vardısa, mütləq cehizlik gəbə  toxuyardılar. Bizim cehiz xalçamız hər kəsinkindən seçilərdi. Xalçanı uğurlu bir gündə kəsərdik. Elə ki, dörd metrlik gəbə göydən yerə endi, tam füsunkar mənzərə ilə qarşı-qarşıya qalırdıq.

İndiki gənclər şanslıdırlar. Analarının, özlərinin əl əməyi olmasa da, istənilən qiymətə, istənilən zövqdə xalça almaq imkanları var. Hər şey onlar üçün əlçatandır.

Məncə, biz daha çox şanslıyıq. Bir qədər əziyyətli olsa da, o gözəllikləri görüb, yaşamışıq. Bizim xalça yaddaşımız daha zəngindir.

 

 





27.02.2024    çap et  çap et