525.Az

İtkin şəhid - Aynurə İnci yazır


 

İtkin şəhid - <b style="color:red">Aynurə İnci yazır</b>

Ana Vətən! Hər bir vətənpərvər insanın qəlbindən axan bu söz, bulaq kimi şəffafdır. Çünki, bir ana övlad gözündə hansı ucalıqdadırsa, Vətən də o ucalığa nur saçan günəşdir. Övladın borcu o ucalığı qorumaq, onu bütün bəlalardan, yad gözlərdən hifz etməkdir. Mərhum şairimiz Musa Yaqub bir bənd şeirlə bu sevgini necə gözəl tərənnüm edib:

Bəlkə də, borcunu çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın.

Əsirlər boyu xalqımıza yadellilər haqsızlıq edib, torpaqlarımıza göz dikiblər.  Ancaq hər dəfəsində Vətənin mərd övladları sinələrini sipər edib, canları, qanları bahasına öz analarını qoruyublar. Birinci Qarabağ müharibəsi zamanı da minlərlə Vətənimizin övladları gözünü qırpmadan ölümə qucaq açıb şəhadət zirvəsinə ucaldılar. Onların bir çoxu hətta Şəhid olduqları yerdə bir ovuc torpağa dönüb əbədiyyətə qovuşdular. Nəşi tapılmayan igidlərimizdən biri də Şəhid İsmayılov Məhəmməd Səfər oğludur. 

1991-ci ildə uşaqlığımın qaynar çağıydı. Cəbhə bölgəsində yaşayanların uşaqlıq xatirələri mərmi səsləri ilə düşən axşamlar, barıt qoxulu səhərlər bir də şəhid xəbəri...

O vaxt Ağcabədinin ilk itkin şəhidi xəbəri gələndə düşünürdüm ki, axı böyüklərimiz deyir şəhidlər əbədiyyətə qovuşur, onlar ölmür. Bəs necə olur ki, əbədiyyətə qovuşan şəhid itkin düşür? Ağlıma  gəlməzdi ki, "itkin şəhid” kimi yaddaşıma həkk olunan, hazırda müəllimi olduğum məktəbinin yeganə şəhidi haqqında yazı yazacam.

Ağcabədi şəhidləri haqqında yazdığım silsilə yazılarımın növbəti qəhrəmanı Şəhid İsmayılov Məhəmməd Səfər oğludur. Şəhidimizin bacısı Müşfiqə xanım Xocalı azad olunanda minlərlə şəhid ailələri mənəvi rahatlıq tapdığını deyir: "Bunun üçün şəxsən öz adımdan və şəhid ailələri adından başda Cənab Ali Baş Komandan olmaqla Müzəffər Azərbaycan Ordusuna təşəkkür edirəm. Qardaşım İsmayılov Məhəmməd Səfər oğlu 1969-cu il fevral ayının 4-də Ağcabədi rayonunda anadan olub. 1976-cı ildə 11 saylı orta məktəbin 1-ci sinifinə getmiş, 1986-cı ildə həmin məktəbin məzunu olmuşdu. 1987-1989-cu illərdə Moskva ətrafı Podolsk şəhərində həqiqi hərbi xidmətdə olub. Məktəbi bitirəndə sənədlərini Tibb Universitetinə versə də qəbul ola bilmədi. Həkim olmasını atası çox istəyirdi. Məhəmməd isə hüquqşünas olmaq orzusundaydı. O zamanlar hüquqa 2 il təcrübə tələb olunurdu. Ona görə də işləmək qərarına gəldi. Əvvəl zavodda qaynaqçı kimi fəaliyyətə başladı. Uşaqlıqda axşamları bir yerdə əyləşib məntiqi oyunlar oynayar, məktəbdən söhbət salardıq. Onun dostlarının bacıları ilə bir məktəbdə paralel oxuyurduq. Bizi də özləri kimi mehribanlaşdırmışdı. Təəssüf ki, o gözəl anlar çox az müddət içində oldu. O, toylarda "Ahu balası" mahnısını çaldırar və bizimlə rəqs edərdi. Məhəmməd əsgərliyə gedəndə bütün dostları və bacıları bizə gəlmişdi. Çoxlu xatirə şəkilləri çəkdirdik. Şəkillərin birində əlində məktub tutmuşdu, deyirdi ki, "məktubumu belə açıb oxuyacaqsınız". Doğrudan da biz tez-tez məktublaşırdıq. Amma o, əsgərlikdə olan çətinliklərdən bizə heçnə yazmırdı. Həmişə yaxşı olduğunu deyərdi.

Müşfiqə xanım qəmli xatirələrin izinə düşərək qardaşlı günlərini o qədər yanğınla anladırdı ki, illərdi könlünün susan fəryadı duyulurdu...

Kaş Şəhid olmazdı, tanınmazdı. İndi mənə ata əvəzi olardı, arxa-dayağım olardı. Dəli bir ağlamaq keçdi könlümdən, onun şəhid olduğu torpaqda olub qışqıraraq ağlamaq istəyirəm. Onun son dəfə udduğu havadan udmaq, ayaq qoyduğu torpaqdan öpmək istəyirəm. Mənim Məhəmmədlə çox oxşarlığım var. İtkin xəbəri gəldikdən sonra anam mənə deyirdi ki, mənim qarşımda durma. Bir dəfə xalam anamın bu sözlərini eşidib anamı danladı ki, bu uşağın günahı nədir? Ondan sonra anamın mənə istəyi ikiqat oldu, mənə həmişə deyərdi ki, "sənə də bir şey olsa mən yaşaya bilmərəm".

Valideyinlərim "Məhəmməd" deyərək gözü yolda qulağı səsdə köçdülər bu dünyadan...

Məhəmməd 1991-ci ilin yaz aylarında polis idarəsində işə düzəldi. Mən o il universitetə təzə daxil olmuşdum deyə döyüşə getdiyi son vaxtlarında bir yerdə ola bilməmişəm. Ancaq anam deyirdi ki, sənin universitetə daxil olmağını birinci Məhəmməd xəbər verdi. "Bu qızın da instituta girdi", demişdi. Elə döyüşlərə də könüllü polis dəstəsinə qoşularaq getmişdi. O, 1991-ci il Xocalı rayonunun Cəmilli kəndi uğrunda gedən mübarizə zamanı təkbaşına döyüşərək şəhid oldu. Dekabr ayının 15-i mənim üçün qanlı tarix kimi həkk olundu yaddaşıma. Döyüş zamanı yoldaşlarına "mən subayam, sizin ailəniz, övladınız var, mən sizi qoruyacam, siz geri çəkilin", - deyib özünü qabağa verib. Eləcə də onunla döyüşə gedənlər və kənd sakinləri sağ-salamat kəndi tərk etmişdi. Ancaq mənim qardaşımı o torpaqlar öz qoynuna aldı və bizi Məhəmmədsiz qoydu. O gündən üzərimizə qara buludlar çökdü. Həyat davam etsə də, biz bütöv ola bilmədik". 

Qeyd edək ki, Məhəmməd Ağcabədinin ilk itkin şəhidi və məzunu olduğu 11 saylı məktəbin yeganə şəhididir. Bu gün şəhidlərimizin bizlərə əmanət etdiyi Vətən torpağı azaddır. Bayrağımızın sancıldığı yüksəkliklər vətənin igidləri fəth etdiyi zirvələrdir. O zirvələrdəki dalğalanan zəfər bayrağının kölgəsi ana vətəndir.Vətəninə sahib çıxan oğul, torpağın azadlığı üçün sinəsini sipər edən şəhidim, məqamın uca olsun!

Aynurə İnci

 





27.02.2024    çap et  çap et