525.Az

Mərkəzi Asiya ölkələri üzünü Qərbə çevirir - Xaqani Cəfərli yazır


 

Mərkəzi Asiya ölkələri üzünü Qərbə çevirir - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Cozef Baydenin tarixi görüş adlandırdığı C5+1 formatında ABŞ, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət başçılarının Nyu-Yorkda baş tutan, budan sonra isə Berlində keçirilən "Mərkəzi Asiya-Almaniya" sammitindən sonra Mərkəzi Asiya ölkələri üzünü Qərbə tərəf çevirməyə başlayıb.

Mərkəzi Asiya ölkələri arasında ilk olaraq Özbəkistan Rusiyaya qarşı Qərbin maliyyə sanksiyalarına qoşulmaq istiqamətində ilk addım atıb. Özbəkistan parlamenti sanksiya tətbiq edilən fiziki və hüquqi şəxslərin Özbəkistanda bank əməliyyatları aparmasını qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu qanun layihəsi Özbəkistana qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi risklərini aradan qaldırmağa xidmət etməlidir. Rusiyaya qarşı sanksiyaya qoşulan Çexiya, Latviya və Estoniyanın təcrübəsi nəzərə alınaraq hazırlanan qanun layihəsi ölkənin Mərkəzi Bankına əlavə səlahiyyətlər verir.

Qanun layihəsi ilə bağlı parlamentdən yayılan açıqlamada qeyd olunur ki, müharibənin birinci ilində Özbəkistan 300 mindən çox rusiyalını qəbul edib. Onların 60 mini bank hesabı açıb. Eyni zamanda, Rusiyadan Özbəkistana pul köçürmələrinin həcmi 160 faiz artaraq rekord həddə - 14,5 milyard dollara çatıb. Lakin bütün bunlar "paralel idxal" əməliyyatları üçün də istifadə olunur. Avropa İttifaqı və ABŞ rəsmilərinin Mərkəzi Asiyaya ard-arda səfərlərindən sonra Özbəkistandakı banklar ruslar üçün şərtləri sərtləşdiriblər. Məlumata görə, Özbəkistan bankları Qərbin sanksiyasına məruz qalan hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmır. Bu mənada qəbul edilən qanun artıq tətbiq olunan qaydanın rəsmiləşdirilməsi demək olacaq.

Özbəkistanla yanaşı, Türkmənistanın da siyasətində də dəyişiklik baş verir. Türkmənistan və ATƏT 40-a qədər birgə layihə həyata keçirmək niyyətindədir. Bu məlumatı Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Nazirlər Kabinetinin həftəlik iclasında bildirib. Nazir əlavə edib ki, 2024-cü il üçün birgə tədbirlərin həyata keçirilməsi planı hazırlanıb. Nazir həmçinin bildirib ki, prezident Serdar Berdiməhəmmədov bütün tədbirlərin ən yüksək səviyyədə keçirilməsi barədə göstəriş verib. ATƏT-lə birlikdə keçirilən tədbirlər siyasi, iqtisadi, ekoloji və humanitar sahələri əhatə edir. Siyasi sahədə tərəflər sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, müasir çağırış və təhdidlərə qarşı mübarizəyə yönəlmiş bir sıra layihələr həyata keçirmək niyyətindədirlər. İqtisadi və ekoloji sahələrdə regional əməkdaşlıq, enerji səmərəliliyinin artırılması, ekoloji təhlükəsizliyin gücləndirilməsi və iqlim dəyişikliyi ilə bağlı tədbirlərə üstünlük veriləcək. Humanitar sahədə elm və təhsil, insan hüquq və azadlıqlarının müdafiəsi, ölkədə demokratik təsisatların əsaslarının təkmilləşdirilməsi, gender bərabərliyinin təmin edilməsi, vətəndaşlığı olmayan şəxslərin problemlərinin həlli, KİV-in inkişafı və digər məələrlə bağlı tədbirlər keçiriləcək.

Türkmənistanın ATƏT-lə münasibətlərində baş verən bu dəyişiklik Mərkəzi Asiya ölkələrinin yalnız Avropaya deyil, bütövlükdə Qərb dünyasına yönəlmiş tendensiyanın bir hissəsi hesab olunur. Mərkəzi Asiya ölkələrinin siyasətində baş verən geosiyasi dəyişiklik Avropa Parlamentinin Avropa İttifaqının Mərkəzi Asiya ilə bağlı yeni strategiyasının mümkün qədər tez işlənib hazırlanmasına çağıran qətnaməsinə verilən reaksiyada hesab oluna bilər. Avropa İttifaqı ilə yanaşı, Böyük Britaniya, Yaponiya və Cənubi Koreya da Mərkəzi Asiyada fəallaşıb. Müşahidəçilər qeyd edirlər ki, artıq Türkmənistanın rəsmi mediasında Çinin "strateji tərəfdaş" kimi qeyd edilməsi ənənəsinə son qoyulub. Hətta Çinə qarşı bir siyasət aparılmağa başlanılıb. Belə ki, bütün sahələrdə Çin texnologiyalarına alternativ tapmaq üçün türkmən diplomatlar təcili olaraq Avropa, ABŞ, Yaponiya və Cənubi Koreyanın biznes nümayəndələri ilə təmaslar təşkil edir.

Müşahidəçilər qeyd edirlər ki, Aşqabad Türkmənistan-Çin qaz kəmərinin dördüncü xəttinin tikintisi ilə bağlı danışıqları sabotaj edir. Arkadağ (Qurbanqulu Berdiməhəmmədov) və prezident Serdar Berdiməhəmmədov Çindən gələn yüksək rütbəli partiya heyətini qəbul etməkdən imtina ediblər. Müşahidəçilər qeyd edirlər ki, Türkmənistan hakimiyyəti nəhayət xarici siyasət vektorunu şərqdən qərbə dəyişmək qərarına gəlib. Türkmənistanla Avropa İttifaqı arasında ticarət-iqtisadi sazişin tezliklə bağlanması məsələsi ciddi müzakirə olunur.

Özbəkistan kimi Türkmənistanın da ikinci dərəcəli sanksiyaların tətbiqi, o cümlədən, SWIFT-dən kənarlaşdırılma sanksiyasından narahat olması Aşqabadın siyasətinə öz təsirini göstərir. Eyni zamanda Türkmənistan hakimiyyəti ABŞ və Çin arasında münasibətlərin gərginləşəcəyi halda Çinə qaz nəqlini "müvəqqəti olaraq" kəsmək zərurəti üçün hazırlaşır.

Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev martda Böyük Britaniyaya səfər edəcək. Səfərin əsas məqsədi parlamentlərarası və dövlətlərarası əlaqələri gücləndirməkdir. Bu görüş Qırğızıstan-Britaniya münasibətlərinin bütün tarixində ilk hadisə olacaq. Qırğızıstan Respublikası ilə Böyük Britaniya arasında diplomatik əlaqələr 1992-ci ildə qurulsa da, Britaniyanın Bişkekdə səfirliyi yalnız 2011-ci ildə açılıb. Bu illər ərzində London Qırğızıstan Respublikasına 150 milyon funt-sterlinqdən çox sərmayə qoyub. Sadır Japarov hakimiyyətə gəldikdən sonra Bişkeklə London arasında münasibətlərdə yeni mərhələ başlayıb. Belə ki, 2021-ci ildə Sadır Japarov Böyük Britaniyaya səfər edib, burada 26-cı İqlim Dəyişikliyi Konfransı çərçivəsində dünya liderlərinin sammitində iştirak edib.

Keçən ilin noyabrında Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Londona səfər etdi və burada o, "Rothschild & Co" maliyyə holdinqinin rəhbəri Ariel Rotşild ilə görüşüb. Bişkekdə ümid edirlər ki, bu münasibətlər Qırğızıstana daha çox investisiya cəlb etməyə imkan verəcək. Londonla Bişkek arasında münasibətlərin yaxşılaşması öz nəticəsini verməyə başlayıb. London ticarətdə prioritet veriləcək ölkələr siyahısına Qırğızıstanı da daxil edib. Bu o deməkdir ki, Qırğızıstandan faktiki olaraq bütün mallar heç bir əlavə vergi olmadan Böyük Britaniyaya ixrac edilə biləcək.

London Qırğızıstanda iqtisadi layihələrlə yanaşı, mətbuatın və Qeyri-Hökumət Təşkilatlarına da dəstək verir. Son zamanlar hərbi sahədə də əməkdaşlıq gündəmə gəlib. Qırğızıstan hərbi qulluqçuları Kral Hərbi Akademiyasında hazırlanır. Qırğızıstanlı tələbələr də Böyük Britaniyaya gedirlər. Qırğızıstan üçün hazırlanmış Chevening təqaüd proqramı çərçivəsində 30 il ərzində 100-ə yaxın qırğız tələbə Britaniyada təhsil alıb. Ötən il isə John Smith Trust proqramı fəaliyyətə başlayıb. Qırğızıstanda ingilis dilinin tədrisi və ingilis dili təhsil sisteminin tətbiqi üzərində işi davam edir.

Bişkeklə London arasında münasibətlərin inkişafı bu keçiriləcək Mərkəzi Asiya-Böyük Britaniya sammitinə öz təsirini göstərəcək.

Rusiyanın Ukraynada məruz qaldığı hərbi-siyasi uğursuzluq postsovet məkanında ciddi dəyişikliklər yaratmaqdadır. Şərqi Avropa və Cənubi Qafqaz respublikaları kimi Mərkəzi Asiya ölkələri də üzünü Qərbə çevirir. 

 

 





28.02.2024    çap et  çap et