525.Az

"Dünyadan sürgün edilmiş" - "Bir rəsmin dedikləri"


 

"Dünyadan sürgün edilmiş" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Anar İbrahimovdur. Onunla Xalq rəssamı Sakit Məmmədovun "Dünyadan sürgün edilmiş" əsəri haqqında danışmışıq.

Sakit Məmmədov 1958-ci il avqustun 5-də Neftçala şəhərində anadan olub. O, 20 yaşında Azərbaycanın böyük sənətkarlarının yetişdiyi Əzim Əzimzadə adını Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1978-1980-ci illərdə hərbi xidmətdə olan rəssam 1981-ci ildən 1987-ci ilə qədər İlya Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsində sənətin sirlərini öyrənməyə davam edib və orada Lenin təqaüdü ilə oxuyan ilk azərbaycanlı tələbə olub. Sakit Məmmədov Leninqrad Rəssamlıq Akademiyasında SSRİ Xalq rəssamı Yevsey Yevseyeviç Moiseyenkodan dərs alıb. 30 ildən çoxdur ki, peşəkar bədii yaradıcılıq fəalliyyəti ilə məşğul olur.

 

- Anar bəy, əsərin maraqlı adı var. Çox güman, adı kimi interpretasiyası da maraqlıdır.

- Həyatda heç nə birdən-birə yaranmır. Hər bir şeyin var olması üçün əvvəlcə səbəb, sonra isə zaman lazımdır. Ələlxüsus da rəsm əsərinin ortaya çıxması üçün geniş təxəyyül və daimi müşahidələrə ehtiyac var. Haqqında danışdığımız rəsm dünyada yaşanan mənfiliklərə qarşı üsyanın təzahürüdür. Burada ilk olaraq yerin məhv olması ilə nəticələnə biləcək ekoloji problemlərə diqqət çəkilir. Sonrakı mərhələlərdə isə insan nəfsi ucbatından törədilən dəhşətlər və onların acı nəticələrinin qarşısının alınması üçün rəsm dilindən istifadə olunub. Burada yer alan əhəmiyyətli hissə isə hər an yaşana biləcək nüvə silahlarının istifadə olunması ilə qarşılaşılacaq fəsadlardır. Bütün bunlar dünyanı həm orbitindən, həm də məcazi mənada da desək, özündən çıxarmağa başlayır. Yuxarıda qeyd olunan bir çox səbəb rəsmin yaranmasına əsaslı şəkildə zəmin yaradıb.

- Əsərin rəng həlli necədir?

- Rəng həlli haqqında ilk növbədə onu demək olar ki, əsər təzadlı rənglərin harmoniyasından qurulub. Kosmik fəzanı daha aydın hiss eləmək üçün tünd göy rəngdən istifadə olunub və dünyanın ətrafında bu rəngin açıq tonları üstünlük təşkil edir. Əsərin məzmununa uyğun olaraq bütün mənfiliklərin atılması ilə dünyanın bürünəcəyi saflıq ağ rəng vasitəsilə nümayiş olunur. Eyni zamanda, ağ rəngin müxtəlif çalarlarından kompozisiyanın fərqli yerlərində məzmuna uyğun şəkildə istifadəsini də görmək olar. Kompozisiyanın aşağı hissəsində daha çox qara, sarı, qırmızı rənglərin tünd çalarlarını görə bilərik. Bütün bunlar həmin hissədə yerləşdirilən komponentlərin ifadə etdiyi mənaları qüvvətləndirmək üçün seçilib.

- Bəs kompozisiya necədir?

- Əsər böyük semantik məna daşıyan hissələrlə zəngindir. Təsviri xəyali olaraq iki hissəyə bölə bilərik. Yuxarı sol hissədə ay, mərkəzə yaxın Adəm ilə Həvva, onlara yaxın sağ tərəfdə isə əlində alma ilə dayanan iblisi görmək olar. Adəm və Həvva göbəksiz təsvir olunub. Bu nüans rəssamın özünəməxsus tapıntısıdır. Digər insanlardan fərqli olaraq ana bətnində olmayan bu ilk insanlarda göbəyin olduğunu deyə bilmərik. Bilinən tarixi hadisə onların qadağan olunmuş meyvəni yemələri, dünyaya sürgün edilmələri ilə başlayır və ilk sürgün baş tutur. İnsanların yaratdıqları əşyalar və vərdişlər nəticəsində dünya tədricən qaralmağa başlayır. Rəssam bu əsərdə həmin adları çəkilənlərin atılması ilə dünyanın nura qərq olması üçün ikinci sürgünün də olması ideyasını irəli sürür. İlk olaraq həm insanları, həm də insanların istər yaşayış, istərsə də ərsəyə gətirdikləri müxtəlif məqsədlər üçün istifadə olunan memarlıq abidələrini bir göz qırpımında dağıda bilən raketlər və digər odlu silahların adlarını çəkə bilərik. Fikrimizi qüvvətləndirmək üçün müasir Suriya və İraq ərazisində dağıdılan bəşəriyyətin bir çox mədəni irs nümunələrini qeyd etmək yerinə düşər. Onun aşağısında saatı xatırladan və artıq əqrəblərin hərəkət etdikcə güclü atəşin başladığını göstərən kiçik dünya modeli yerləşdirilib. Onlara yaxın isə bəşəriyyətin böyük bəlasına çevrilən narkomaniyanı simvolizə edən müxtəlif vasitələr və alkoqolizmi işarə edən içki şüşəsini görə bilərik. Yerləşdirilən müxtəlif detallar arasında tərsinə çevrilən tac və taxt - hakimiyyət hərsliyini, pul və üzərinə milçək qonmuş dişlənmiş alma - nəfsi, telefon - zamanı boşa sərf etməyi göstərir.

- Tablo hazırda harada saxlanılır?

- Əsər hazırda rəssam Sakit Məmmədovun şəxsi muzey-emalatxanasında saxlanılır.

- Rəssamın üslubu bu əsərdə özünü necə göstərir?

- Məlum olduğu kimi, rəssam Sakit Məmmədov Opalizm adlı yeni bir üslubun əsasını qoyub. Bu rəsm nümunəsində də biz kompozisiyanın aşağı hissəsində opal daşlarını görə bilərik. Bundan əlavə, bu nüanslar seçilən rənglərdə, formalarda və qurulan kompozisiya həllində də özünü büruzə verir. Əsər daha çox rəssamın yaradıcılığının hazırkı dövründə aktual olan simvollardan geniş istifadə və mürəkkəb kompozisiya həlli ilə diqqət çəkir. Bu formaya uyğun olanlar sırasına "Yozulmamış yuxularım", "4 fəsil" və hələ də davam edən "24 gözəl" əsərləri daxildir. Fərq isə adları çəkilən əsərlərin ifadə etdiyi mənaya uyğun olaraq seçilən rənglərlə müşahidə olunur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Rəsmdə dünyadan sürgün olunanlar arasında kitabı, elmi tədqiqat üçün istifadə edilən laborotoriya ləvazimatlarını, fırçanı, kətanı və bunlar kimi incəsənətdə istifadə olunanları görə bilmərik. Məhz onlar sayəsində dünya tərəqqi edir və gözəlləşir. Elmin və sənətin olmadığı dünyada zülmətin hakim olması qaçınılmazdır.

Aytac SAHƏD

 





28.02.2024    çap et  çap et