|
|
|
|
Fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb. Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən 525.az-a verilən xəbərə görə, mərasimdə Komitə və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə 4 ailə - 11 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində 211 ailə, 808 nəfərin daimi məskunlaşması təmin edilib.
xxx
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 24 ailə - 89 nəfər köçürülür.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 672 ailənin, yəni 2513 nəfərin daimi məskunlaşması təmin edilib.