Ərazilərimizi minalardan təmizləmək üçün beynəlxalq dəstək artırılmalıdır.
525.az xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statusuna malik “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində aparılan “İnsan hüquqlarının tətbiqinə dair illik Yüksək Səviyyəli Panel Müzakirəsi”ndə deyib.
O vurğulayıb ki, mövcud mina problem nəticəsində yüzlərlə azərbaycanlının sağlamlığını itirib. R. İskəndərli diqqətə çatdırıb ki, bu gün həmin şəxslər yardım istiqamətində işlərin aparılması, onlara beynəlxalq dəstəyin nümayiş etdirilməsi vacibdir:
“Əlilliyi olan şəxslərin (ƏS), xüsusilə mina qurbanlarının cəmiyyətdə səmərəli iştirakının və inklüzivliyinin təmin edilməsi hərtərəfli, əhatəli və hüquqa əsaslanan yanaşma tələb edən çoxşaxəli problemdir. QHT-lər əlilliyi olan şəxslərin iştirakçılığımı təşviq edən proqramların həyata keçirilməsində mühüm rol oynayır. Post-münaqişə dövründə məlum olub ki, işğalından azad edilən ərazilərdə təxminən bir milyon yarım mina və partlamamış sursat var. Mina problemi nəticəsində əlil olmuş şəxslərlə bağlı məsələ siyasi məsələ deyil, humanitar və insan hüquqları məsələsidir”.
R.İskəndərli bildirib ki, Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru və qeyri-dəqiq xəritələrin verilməsi azərbaycanlı keçmiş məcburi köçkünlərin vətənlərinə kütləvi qayıtmasını əngəlləyir, onların hərəkət azadlığı, sağlamlıq, məşğulluq və təhsil hüquqlarını pozur:
“Azərbaycanda bir çox QHT-lər humanitar minatəmizləmə və marrifləndirmə təşəbbüsləri, reabilitasiya xidmətləri, o cümlədən mina qurbanlarına fiziki və psixososial dəstək göstərmək üçün çalışırlar. Lakin ərazilərimizi minadan təmizləmək üçün beynəlxalq dəstək çox azdır. Hesab edirəm ki, beynəlxalq dəstək artırılmalı və bu problemlə mübarizədə səylərimizi səfərbər etməliyik”.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası Cenevrədə öz işinə başlayıb. Sessiya çərçivəsində “İnsan hüquqlarının tətbiqinə dair illik Yüksək Səviyyəli Panel Müzakirəsi” keçirilib. “Cəmiyyətdə tam və effektiv iştiraka və inklüzivliyə diqqət yetirməklə, əlilliyi olan şəxslərin hüquqlarını tətbiqi” panelin əsas müzakirə mövzusu olub.