Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
XİN-dən 525.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub.
Almaniyanın xarici işlər naziri Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında son dövrlərdə dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.
Almaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür bildirilib.
Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirilib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
xxx
Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb.
525.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, nazirlər ölkələr arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.