Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərəfindən Elm və Təhsil Nazirliyi ilə birgə "Azərbaycan məktəbi" - 100. Tədqiqat yönlü təhsil üçün əl-ələ" mövzusunda dəyirmi masa keçirilib. Tədbir nazirliyin "Azərbaycan məktəbi" elmi-nəzəri-pedaqoji jurnalının 100 illik yubileyinə həsr olunub.
Görüşdə AMEA Gəncə Bölməsinin, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi-tədqiqat qurumlarının əməkdaşları, eləcə də sözügedən jurnalın redaksiyasının rəhbərliyi iştirak ediblər.
AMEA Gəncə Bölməsinin sədrinin müavini Sara Əzizova qonaqları salamlayaraq, ölkəmizin tarixində ilk periodik elmi nəşr sayılan "Azərbaycan mətəbi" jurnalının bir əsrlik yubileyi münasibətilə Gəncənin alim və ziyalıları adından təbriklərini çatdırıb.
S.Əzizova bugünkü görüşdəki müzakirələrin təhsilimizin inkişafı, o cümlədən, müasir dünyanın tələbləri üzrə tədris ilə elmin qarşılıqlı münasibətləri məsələləri baxımından faydalı olacağını qeyd edib.
"Azərbaycan məktəbi" jurnalının baş redaktoru Arzu Soltan səmimi münasibət və yüksək elmi səviyyəli görüşün təkili üçün AMEA Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyev başda olmaqla, bu şəhərin başlıca elm ocağının kollektivinə dərin minnətdarlığını çatdırıb. O, jurnalın Azərbaycan təhsilinin inkişafına xidmət missiyasında daim elm adamlarına güvəndiyini qeyd edərək, bu yöndə bölgələrimizdə çalışan tədqiqatçılarla da əməkdaşlığı genişləndirməyə hazır olduqlarını dilə gətirib.
Nəşrin baş redaktorunun müavini Nurəddin Musayev "Azərbaycan məktəbi" jurnalının təqdim etdiyi yeni imkanlar", məsul katibi Tariyel Süleymanov "Azərbaycan məktəbi" jurnalının 100 illik tarixinə bir baxış", şöbə redaktoru Gülşən Hüseynova "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində elmi məqalələrin yazılması və jurnalda nəşrinin təmin edilməsi" mövzuları üzrə danışarkən, jurnalın ənənələri, xüsusiyyətləri və indiki dövrün tələblərinə cavab vermək baxımından perspektivləri haqda müfəssəl məlumat veriblər.
Qonaqlar "Azərbaycan məktəbi" jurnalı redaksiyasının əməyi ilə tərcümə edilərək, nəşrə hazırlanan, Nobel mükafatı laureatı Riçard Feynmanın "Altı dərsdə fizika" kitabını AMEA Gəncə Bölməsinin elmi kitabxanasına hədiyyə ediblər.
Dəyirmi masa müzakirələrində həmçinin AMEA Gəncə Bölməsinin, eləcə də Elm və Təhsil Nazirliyinin bu şəhərdə fəaliyyət göstərən elmi-tədqiqat İnstitutlarının əməkdaşları "Qərb ölkəsində elm və təhsilin inteqrasiyası məsələləri", "Yaşıl dünya naminə həmrəylik ili"ndə tədqiqatlar", "Qərb bölgəsində elmin gənc nəslə təbliğ edilməsi", "Gənc tədqiqatçıların beynəlxalq elmi əlaqələrə təşviqi", "Dövri elmi nəşrlərin əhəmiyyəti" və digər mövzular üzrə çıxış ediblər.
Dəyirmi masadakı çıxışlar və məruzələr ətrafında müzakirələr aparılıb və qarşılıqlı əməkdaşlıq məsələlərinə dair səmərəli təkliflər səsləndirilib.
Zakir MURADOV,
Gəncə