Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində tədbirlər keçirilir.
BŞTİ-dən 525.az-a bildirilib ki, layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir. Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, anım günləri ilə bağlı ümumi təhsil məktəblərində tədbirlər təşkil olunur. İstedadlı şagirdlər tərəfindən ölkəmizin dünyaya tanıdılması istiqamətində müxtəlif dillərdə materiallar hazırlanır və internet resurslarında yerləşdirilir, Qarabağa həsr olunan tədbirlər və görkəmli ziyalıların şagirdlərlə vətənpərvərlik mövzusunda görüşləri keçirilir. Bundan əlavə, məktəb kitabxanaçılarının iştirakı ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi təşkil edilir. “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində şagirdlər tərəfindən yaradıcılıq nümunələri də hazırlanır.
Qeyd edək ki, layihə çərçivəsində ümumi təhsil məktəblərində həyata keçirilən tədbirlərdə fərqlənən şagirdlərin müxtəlif nominasiyalar üzrə təltif olunması nəzərdə tutulur.
Sevinc Qarayeva