525.Az

Təhsilin inkişafı üçün qrant müsabiqələri: innovativ və yaradıcı ideyalara mühüm dəstək


 

Təhsilin inkişafı üçün qrant müsabiqələri: innovativ və yaradıcı ideyalara mühüm dəstək<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə, bir neçə ildir ki, ölkədə "Təhsildə inkişaf və innovasiyalar" üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin davamı olaraq bu müsabiqələrin başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, yeni ideyaları stimullaşdırmaqdan ibarətdir. Müsabiqədə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Bu müsabiqə təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması mövzusunda təqdim ediləcək layihələrdə öyrədici resursların hazırlanması, yeni idarəetmə modellərinin tətbiqi, məktəb assosiasiyalarının yaradılması, mübadilə proqramlarının təşkili kimi məsələləri əhatə edir. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi təhsil sahəsində daha innovativ və yaradıcı ideyaların reallaşmasında mühüm əhəmiyyət kəsb edir. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin gücləndirilməsi, innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir. Daha innovativ və yaradıcı ideyaya malik layihə təqdim edən təhsilverənlər aşkarlanır, onlara öz layihələrini reallaşdırmağa geniş meydan verilir.

Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyevanın dediyinə görə, müsabiqəyə daxil olan bütün layihələr ilkin olaraq texniki ekspertizadan keçirilir. Texniki ekspertiza zamanı müsabiqə iştirakçılarına verilən tələblər "ödənir-ödənmir" prinsipi ilə yoxlanılır. Texniki ekspertizanın birinci mərhələsində "Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə layihələrin iştirak şərtlərinə cavab verib-verməməsi, "Fərdi layihələr" kateqoriyası üzrə isə iştirakçının təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı bir ümumi təhsil müəssisəsində təhsilverən olub-olmaması yoxlanılır. Məzmun ekspertizası mərhələsində bütün layihələr ekspert qrupları tərəfindən 100 ballıq şkala üzərindən 9 bal əsasında qiymətləndirilir: "Bu meyarlara uyğunluq, orijinallıq, problemin vacibliyi, məqsəd və vəzifələrin dəqiqliyi, faydalılıq, davamlılıq, fəaliyyət planı, monitorinq qiymətləndirmə və maliyyə səmərəliliyi meyarları aiddir. Layihələr qiymətləndirildikdən sonra orta bal çıxarılır. Müsabiqənin keçid balı 50 baldır. Bu o deməkdir ki, 50 və daha artıq bal toplayan layihələr qrant qazanmağa namizəd layihələr hesab olunurlar".

Vüsalə Əliyeva deyib ki, müsabiqənin prioritet sahələri müəyyənləşdirilərkən dünyada gedən təhsil trendləri, təhsil layihələri, təhsillə bağlı ölkədaxili tələbatlar təhlil edilir və 9 əsas prioritet sahə müəyyənləşdirilir. Bu prioritet sahələrə "Onlayn platformalar və tətbiqlər vasitəsilə öyrənmənin təşkili", "Fiziki fəallığın və ünsiyyətin artırılması", "Müxtəlif məzmunlu müsabiqələrə hazırlıq", "Fiziki-psixoloji zorakılığın və qısnamanın profilaktikası", "Yaşıl dünyanın təşviqi", "Təlim nəticələri zəif olan təhsilalanlarla iş", "Həyati bacarıqların inkişaf etdirilməsi", "Təhsilverənlərin fərdi inkişafı" və "Sərbəst seçim" aiddir. Bu prioritet sahələrin hər biri kifayət qədər innovativdir və həmin istiqamətlər üzrə maraqlı təhsil layihələrinin təqdim edilməsinə ümidliyik: "Ancaq mən burada diqqəti xüsusi olaraq "Sərbəst seçim" prioritet sahəsinə yönləndirmək istəyərdim. Çünki "Sərbəst  seçim" prioritet istiqaməti təhsilverənləri düşünərək təklif edilmiş sahədir. Bəzən belə olurdu ki, hər hansı bir icmada həqiqətən də faydalı bir layihə təşəbbüsü yaranırdı və həmin layihənin həyata keçirilməsi icmanın, məktəbin, təhsilverənlərin və təhsilalanların inkişafına səbəb ola bilirdi. Ancaq müvafiq prioritet sahə nominasiyaya uyğun gəlmədiyinə görə bu layihə müsabiqəyə təqdim edilə bilmirdi. Lakin indiki halda əgər belə layihələr varsa, təhsilverənlər tərəfindən çox rahatlıqla "Sərbəst seçim" prioritet sahəsi üzrə müsabiqəyə təqdim edilə bilər".

V.Əliyevanın dediyinə görə, müsabiqədə iştirak etmək istəyində olan hər kəs gərək əvvəlcə elanla ətrafl tanış olsun. Çünki müsabiqənin prioritet sahələri kifayət qədər geniş və şaxəlidir: "İnanıram ki, hər bir müəllimin mütləq öz sinfində reallaşdırmaq istədiyi hər hansı bir ideya olacaqdır. Bununla yanaşı, mən tövsiyə edərdim ki, müsabiqədə iştirak etmək istəyənlər qiymətləndirmə meyarları ilə tanış olsunlar. Layihə tərtib edərkən layihəniz sadaladığım qiymətləndirmə meyarları əsasında qiymətləndiriləcək. Layihəyə əvvəlcədən ad qoymağa çalışmasınlar. Bəzən olur ki, layihənin adı daha əvvəl qoyulur və daha sonra ad ətrafında layihə ideyası formalaşdırılır. Bunu düzgün yanaşma hesab etmirəm. Layihə tərtib edilərkən qiymətləndirmə meyarlarına uyğun iştirakçıların layihələrini özlərinin qiymətləndirməsini tövsiyə edərdim. Belə olan halda onlar, deyək ki, faydalılıq meyarları üzrə qiymətləndirəcəklər və özləri artıq ilkin olaraq layihələrinin faydalılıq meyarları üzrə neçə balla qiymətləndirilə biləcəyini başa düşə bilərlər".

V.Əliyeva qeyd edib ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi təhsil sisteminə bir sıra önəmli faydalar təqdim edə bilir. Bu faydaların əhatə dairəsi, spektri genişdir və təhsil keyfiyyətinin artırılmasından tutmuş təhsildə əlçatanlığın genişləndirilməsinə qədər uzana bilər. Bu müsabiqənin faydalarından biri də təhsilverənlərdə innovasiya və yaradıcılığın təşviq edilməsi, əməkdaşlığın və şəbəkələşmənin təhsilverənlər, təhsil icması arasında gücləndirilməsi, araşdırma və tədqiqatların aparılmasının dəstəklənməsindən ibarətdir: "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin fəlsəfəsi ondan ibarətdir ki, məktəblərə, təhsil işçilərinə öz məktəblərində ideyaları həyata keçirmək üçün şərait yaradılır, maliyyə ayrılır və bu layihənin icra edilməsi və qazanılması ilə təhsil işçiləri və müəssisələr arasında müəyyən rəqabətlilik də yarana bilir. Ümumiyyətlə, əksəriyyət təhsilverənlərdə reallaşdırmaq, icmasının inkişafına dəstək olmaq istədiyi hansısa bir ideya mütləq olur. Bu, həm də ondan irəli gəlir ki, təhsilverənlər öz icmalarını, mühitlərini digərlərindən daha yaxşı tanıyırlar. Bu baxımdan, qrant müsabiqəsinin yaratdığı imkanlar böyükdür".

O əlavə edib ki, hər bir ölkənin təhsil sisteminin inkişafı və nəticəliliyi müəllimin təcrübəsi, pedaqoji bacarıqları və digər peşəkar keyfiyyətlərindən asılıdır. Bu baxımdan ölkəmizdə təhsilverənlər üçün davamlı olaraq peşəkar inkişaf proqramları həyata keçirilir. Qeyd edilən istiqamətdə xeyli işlər görülsə də, təhsilverənlərin özləri yeni təhsil çağırışlarına uyğun olaraq dinamik dəyişmək və inkişaf etmək imkanlarına sahib olmalıdırlar. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr yerli peşəkar inkişaf proqramlarına əlavə olaraq təhsilverənlərin özlərinin tələbatına uyğun müəyyənləşdirdiyi mötəbər xarici təsisatların təklif etdiyi sertifikatlaşdırılmış proqramlarda (beynəlxalq reytinqli imtahan üçün hazırlığı təmin edən təlim proqramlarında), tədqiqat proqramlarında, mentorluq proqramlarında və digər peşəkar inkişaf proqramlarında iştirakına (əyani yaxud onlayn) hədəflənməlidir. Təqdim olunmuş layihə təhsilverənlərin tədqiqat, mentorluq və digər sertifikatlaşdırılmış peşəkar inkişaf proqramlarında iştirakının təmin olunması, seçilmiş proqram ilə əlaqələrin qurulması və iştirak razılığının alınması (və ya artıq qurulmuş və razılıq alınmış olması), səfərlərinin təşkili, əldə edilən bilik və bacarıqların məktəb icmasına hansı formada tətbiq ediləcəyi və digər aidiyyəti məsələləri əhatə edə bilər. Sertifikatlaşdırılmış peşəkar inkişaf, mentorluq və tədqiqat proqramlarında iştirak haqqının, səfər xərclərinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür: "Təhsilalanların həm məktəb illərindən başlayaraq, həm də müstəqil həyata qədəm qoyduqdan sonra daha uğurlu ola bilmələrində həyati bacarıqların, o cümlədən, rəqəmsal bacarıqların və incəsənətyönlü bacarıqların, yetərli savadlılığın böyük əhəmiyyəti vardır. Bu prioritet sahə üzrə təqdim ediləcək layihələr təhsilalanlarda yuxarıda sadalanan və sadalanmayan bacarıq və savadlılığın formalaşdırılmasına və inkişafına hədəflənməlidir. Zəruri tədris ləvazimatlarının əldə edilməsinin, müvafiq bacarıqların inkişafını təmin edəcək peşəkar mütəxəssis tərəfindən təlimlərin keçirilməsinin və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclərin layihə çərçivəsində maliyyələşdirilməsi mümkündür".

Sevinc QARAYEVA

 





29.02.2024    çap et  çap et