525.Az

Ermənistan Fransa kəşfiyyatının nəzarətində  


 

ARZU NAĞIYEV: "FRANSA ERMƏNİSTANDAN VASİTƏ KİMİ İSTİFADƏ EDİB RUSİYANI REGİONDAN SIXIŞDIRMAQ İSTƏYİRSƏ, ARTIQ KREMLƏ CAVAB VERMƏLİDİR"

Ermənistan Fransa kəşfiyyatının nəzarətində  <b style="color:red"></b>

Qərbin diktəsi ilə hərəkət edən Ermənistan regionda gərginliyi artıracaq addımlarını davam etdirir. Xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyanın bu günlərdə Parisə, sonra Fransanın müdafiə naziri Sebastian Lekornun İrəvana səfəri zamanı verilən bəyanatlar, sövdələşmələr bir tərəfdən Qərbin Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırladığını, digər tərəfdən Rusiyaya qarşı yeni cəbhə açmaqdan xəbər verir. Ermənistan  öz "tarixi missiyası"na sadiq qalaraq xarici güclərin planlarının reallaşmasında alət olmaqdadır. Təəssüf ki, Ermənistan hakimiyyəti müstəqil siyasət aparmaq, öz dövlətinin və xalqının maraqlarına cavab verən qərarlar qəbul etmək əvəzinə, sadəcə forpost olmaqda davam edir. Bu gün artıq görünən odur ki, Qərb Ermənistanı tamamilə öz nəzarətinə götürür.

Azərbaycanla müharibəyə hazırlıq istiqamətində əsas addım isə Ermənistanın silahlandırılmasıdır ki, hazırda Fransa bu prosesi öz üzərinə götürüb. Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahların Ermənistana verilməsi, fransız hərbçilərin Ermənistan ordusunun piyada və dağatıcı bölmələrinə təlimlər keçməsi, eyni zamanda Avropa İttifaqının şərti sərhəddə müşahidə aparan missiyasının fəaliyyəti, antiazərbaycan bəyanatları, kəşfiyyat xarakterli addımları müharibəyə hazırlığın göstəricisidir. Bu yaxınlarda fransız generalın şərti sərhədə gəlməsi və binoklla ərazimizi müşahidə etməsi də məkrli niyyətlərdən xəbər verir.

Qeyd edək ki, Ermənistan və Fransanın müdafiə nazirlərinin imzaladıqları hərbi əməkdaşlığa dair sənədlər paketində Fransanın Vahid Xarici Siyasi və Hərbi Kəşfiyyat Xidməti (DGSE) ilə Ermənistanın Milli Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq anlaşması da var. Anlaşma Paris və İrəvan arasında 4 ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə barədə kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutur. Bundan başqa, Ermənistan sərhədləri boyunca hərbi-siyasi vəziyyat barədə peyklər vasitəsilə alınmış məlumatları Paris İrəvana verəcək. Fransa Cənubi Qafqaza soxulmaq istəyir, bu anlaşma da məhz qeyd edilən məqsədə xidmət edir. Baş verənlər bir tərəfdən sülh prosesinə zərbə vurur, digər tərəfdən region dövlətləri, xüsusilə Rusiya üçün təhdidlər yaradır. 2

Mövzunu "525"ə şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev xatırladıb ki, Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev keçirdiyi görüşlərdə bir daha Azərbaycanın sülhün bərqərar olması üçün hansı addımları atacağını bəyan etdi: "Əsas məsələ ondan ibarətdir ki, istənilən dövlətin nümayəndələri ilə görüşlərdə rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün öz təkliflərini, şərtlərini açılqlayır və bunu bütün dünya ictimaiyyətinə çatdırır. Lakin Paşinyan Azərbaycan Prezidenti ilə görüşdə birmənalı şəkildə sülhün bərqərar olması üçün guya səylər göstərilməsi haqqında müxtəlif vədıər versə də, sonradan Parisdə erməni diaspuru ilə görüşdə bunun tam əksinə olan bəyanatlarla yadda qaldı".

Deputat bildirib ki, Paşinyan Fransa prezidenti ilə görüşdə həmçinin belə bir bəyanatla çıxış etdi ki, Azərbaycan və regionda olan digər dövlətlər haqqında məlumatları məhz onların kəşfiyyatı toplayaraq Fransaya ötürəcək: "Fransa da təbii ki, məlumat mübadiləsi kimi onlara peyk sistemindən alınan bütün kəşfiyyat məlumatlarını ötürməkdə davam edəcək. Məlumdur ki, bu proseslərdə Rusiyaya qarşı addımların atılması hiss olunur və görünür. Qərb dövlətlərinin Ermənistandan bir vasitə kimi istifadə etmələri də açıq şəkildə ortadadır. Ukrayna ilə Rusiya arasında müharibədə Kiyevə dəstək verən Qərb Ukraynanı itirdi. Məhz onun əvəzində Cənubi Qafqazda Ermənistandan və Moldovadan bir vasitə kimi istifadə etməyə cəhd göstərir. Maraqlı olan budur ki, Fransa da NATO-nun üzvüdür, Türkiyə də NATO-nun üzvüdür, belə olan halda Türkiyə haqqında məlumatların toplanaraq Qərbə ötürülməsi absurddur. Eyni zamanda Rusiya və Ermənistan bu gün KTMT-nın üzvləridirlərsə, onlar haqqında məlumatlar niyə toplanır. Burda maraqlı bir tərəf də İrandır. Tehran ciddi-cəhdlə çalışır ki, ümumiyyətlə regiona NATO qoşunları gəlməsin. Türkiyə ilə münasibətləri normal səviyyədə olmasına baxmayaraq, digər NATO dövlətlərinin regiona gəlməməsində israrlıdırlar. Buna görə də Ermənistan artıq Fransa ilə hansı gizli görüşlər keçirsə də, məxfi məlumatlar ötürsə də mütləq şəkildə həm İran, həm Türkiyə, həm Rusiya, eyni zamanda Azərbaycan qarşısında hesabat verməlidir. Azərbaycanla sülh müqaviləsini imzalamaq istəyirsə, mütləq şəkildə bu məsələlərdən əl çəkməlidir".

A.Nağıyev deyib ki, Fransa Ermənistandan vasitə kimi istifadə edib Rusiyanı regiondan sıxışdırmaq istəyirsə, artıq Rusiyaya cavab verməlidir: "Eyni zamanda Türkiyə ilə böyük sərhədi olan Ermənistan Türkiyəyə cavab verməlidir. Düşnürəm ki, həm Türkiyə NATO sistemində, həm də Rusiya KTMT-da bu məsələni qaldırmalıdırlar. İran da ciddi bir bəyanatla çıxış etməlidir. Yəni bu proseslərdə birmənalı şəkildə Cənubi Qafqazda sülhü istəməyən qüvvə kimi Fransa çıxış edir və təbii ki, Fransanın da arxasında dayanan ABŞ və digər böyük güclərdir. Sadəcə olaraq bu gün Fransanı qabağa veriblər. Çünki Fransanın itirdiyi siyasi, iqtisadi rıçaqlar regionda sülh olduqdan sonra daha da yoxa çıxacaqdır. Yəni torpaqlarımız işğaldan azad olunduqdan sonra Fransa çox şeylər itirib. Buna görə də düşünürəm ki, Ermənistan rəhbərliyi bu prosesləri tənzimləməlidir. Fikirləşməlidir ki, bütün bunlar hara aparıb çıxara bilər. Artıq regiondan sanki bir barıt qoxusu gəlir. Bunun da başında duran Fransa və ermənilərin havadarları olan bir sıra dövlətlərdir. Onlara Cənubi Qafqazda sülhün bərqərar olması xeyr gətirmir. Nə qədər bölgədə qarşılıqlıq var,  öz silahlarını satırlar, gəlir əldə edirlər. Siyasətlərində qondarma insan haqları, qondarma soyqırımlar, etnik təmizləmə kimi məsələləri qabartmağa başlayırlar. Buna görə də bu məsələlər çox ciddi araşdırılmalı və bunlara son qoyulmalıdır". 

Deputat Berlində xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşünə də toxunub. Onun sözlərinə görə, bu, görüş naminə görüş deyil: "Müəyyən detalların çözülməsi, eyni zamanda müzakirəsi vacib məqam kimi yadda qalmalıdır. Bu görüşdən öncə Ermənistan tərəfi açıqlama verdi ki, guya Azərbaycanın fikirlərində müəyyən bir yumşalma var, bu, absurd yanaşmadır, heç bir yumşalma yoxdur. Biz öz təkliflərimizin üzərində dayanmışıq. Düşünürəm ki, bu görüşün nəticəsi olaraq Ermənistan müəyyən addımlar atmalıdır. Əks halda, Azərbaycan artıq birbaşa danışıqlarda özünün təkid etdiyi və qalib tərəfin təkliflərini birbaşa Ermənistana çatdıracaq və çatdırıb da. Erməni siyasətçiləri öz görüşlərində, öz havadarları qarşısında tam bir rakursdan çıxış edirlər. Bunların hamısı nəzərə alınmalıdır və düşünürəm ki, sülhün bərqərar olması ən çox Ermənistana lazımdır. Əgər sülhün bərqərar olmasını istəmirsə, tənəzzülə uğramış iqtisadiyyatını və digər sahələri yenidən bərpa etmək onun üçün çox çətin olacaq. Qonşuluq faktorlarını da nəzərə almalıdır ki, burda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran var. İrəvan eyni zamanda, 3+3 formatını da nəzərə almalıdır və onun başqa yolu yoxdur".

 

 

 

 





01.03.2024    çap et  çap et