525.Az

3-5 il sonra sıradan çıxacaq peşələr - Sosial şəbəkədə yazılanlar


 

3-5 il sonra sıradan çıxacaq peşələr - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Elxan Şahinoğlu, politoloq:

- Fransa prezidenti Emmanuel Makronun Qərb dövlətlərinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə açıqlaması beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır. Makrondan başqa heç bir Qərb ölkəsinin lideri və ya müdafiə naziri bu barədə açıqlama verməyib. Belədirsə, Makron Qərb ölkələrinin adından niyə danışıb? Görünür, Makron bu yolla Rusiya ordusunun Ukraynada irəliləməsindən narahatlığını ortaya qoyub və bunun qarşısını almaq üçün məlum ifadəni işlədib ki, Kreml narahat olsun. Ancaq məsələ burasındadır ki, içi boş sözlərlə Rusiya geri çəkilməyəcək, tam əksinə, Makronun dedikləri reallaşmasa, rusiyalı rəsmilər "nə oldu, bəs üstümüzə gəlirdiz" kimi kinayəli cümlələr işlədəcəklər. NATO ölkələri Rusiya ilə Ukrayna ərazisində savaşmaq istəmirlər, hətta Ağ Ev və Pentaqon Makronun açıqlamasını dəstəkləməyib. Avropa dövlətləri də müharibədə iştirak etmək istəmirlər. Ukraynaya silah və hərbi texnika göndərməklə, vətəndaşlarını ölümə göndərmək arasında böyük fərq var. Fransanın özündə də Makronun açıqlaması tənqid olunub, fransalı gənclər Ukraynada ölmək istəmirlər.

Ukraynaya hərbi qüvvələrini göndərmək istəyən Makron eyni istəyi Ermənistan üçün də səsləndirə bilər. Ancaq Fransa hərbçilərini Ermənistanda da rahat həyat gözləməyəcək. Ermənistanın Baş naziri Nikol Paşinyan hazırkı siyasətinə görə ikiqat - Rusiya və Azərbaycanın təzyiqi altındadır, üstəgəl, çox sayda fransalı hərbçini ölkəsinə gətirmək istəsə, bölgədə vəziyyət daha da gərginləşəcək və sülh sazişi imzalamaq imkanları minimuma enəcək.

 

Mirvari Qəhrəmanlı, "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"nın sədri:

- Xahiş!

Hörmətli SOCAR prezidenti Rövşən Nəcəf. Xahiş edirəm şirkətə bir nəfər də ingilis-Azərbaycan dili üzrə təcrüməçi müşavir götürün. Ancaq ana dilimizi səlis bilən olsun ki, şirkət strukturuna göndərilən  əmrlər, təlimatlar və s. sənədlər  işçilər üçün başadüşülən olsun. Özləri deməyə çəkinirlər.

 

Aydın Quliyev, jurnalist:

- Yerevanın "Təpəbaşı" məhəlləsini satışa çıxardılar - Cinayət....

Yerevan meri qədim şəhərimizin mərkəzi sayılan "Təpəbaşı" məhəlləsinin adını "Kond" kimi dəyişərək hər kvadratmetrini 600 dollara satışa çıxardıb...

"Kultursid", yəni mədəniyyətə qarşı genosid budur...

 

Turan Etibaroğlu, yazar:

- İnsanlarımız çox qəddar və soyuqqanlı olub.

Deməli, Yeni Salyan yolunda 40 dəqiqəyə yaxın yol kənarında dayanıb maşınlara əl elədim. Təcili Lökbatan dairəsinə getməli idim. Tərslikdən "Bolt" və digər taksi şirkətləri alınmadı. Bu 40 dəqiqə ərzində bəlkə 50-60 maşın keçdi. Bir Allahın bəndəsi dayanıb məndən soruşmadı ki, "Ay oğul, ay qardaş hara gedirsən?". Bəlkə yol kənarında kimsə ölür? Ona görə əl edirəm. Boş maşınlar, mikroavtobuslar və s... Hamı eləcə mənə baxıb keçdi getdi

Çox soyuqqanlı olmuşuq vallah. Burdan köçüb gedənləri heç də qınamıram.

 

Elçin Əfəndi, Təhsil eksperti:

- Təxminən 3-5 il sonra sıradan çıxacaq peşələr:

- nəqliyyat sürücüsü;

- operator;

- məlumat mərkəzlərində vətəndaşları qəbul edən şəxs;

- işıqçı;

- qrimçi;

- aktyor;

-

montajçı;

- videoqraf;

- fotoqraf;

- rəssam;

- dizayner;

- kitabxanaçı;

- bank işçisi;

- səyahət agenti;

- telemarketoloq;

- kassir;

- anbar işçisi;

- dayancaq baxıcısı;

- sığorta işçisi;

- tərcüməçi;

- poçt işçisi;

- idman yarışı hakimi;

- qəzet müxbiri;

- mühasib;

- mühərrik və maşın mühəndisi;

- Fast-food işçisi;

- təsərrüfat işçisi;

- korrektor;

- ödəniş məntəqə operatoru;

- dispetçer;

- və s.

Ən dəhşətlisi odur ki, bütün bunları insan tərəfindən yaradılan robotlar, süni intellekt idarə edəcək. Elə isə ortaya sual çıxır: bəs bu peşələrə sahib insanlar necə olacaq?

 

Vüqar Bayramov, millət vəkili: 

- Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini təəssüf ki, davam etdirir. Avropa Parlamentinin sonuncu iclasında italiyalı Fabio Kastaldo və almaniyalı Viola Kramon öz çıxışlarında 30 il Azərbaycan torpağını işğal altında saxlayan və həmin əraziləri tamamilə dağıdıb xarabalığa çevirən Ermənistana dəstək olmaqla yanaşı, ölkəmizə qarşı təhdidlərə də cəhd göstəriblər. Öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanın antiterror əməliyyatlarını "hərbi aqresiya" kimi qələmə vermək nəinki ədalətsiz və qərəzli mövqedir, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir.

Azərbaycan öz suveren hüquqları çərçivəsində ərazi bütövüyünü bərpa edib. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bir daha təsdiq etdi ki, qalib xalq Müzəffər Ali Baş Komandanının siyasətini tam dəstəkləyir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülh və təhlükəsizliyin güclənməsinə xidmət edir.

Unutmayaq ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür. Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var.

Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhvə vermək olmaz.

 

Ərşad Hüseynov, hüquqşünas:

- Bakı-Quba-RF-lə sərhəd yolunda dəyərli qardaşımız Elgun bəyin başına gələn əhvalat yollarımızın cari təmiri məsələsinin çox vacib olduğunu bir daha qabarıq göstərir. Cari təmir yolun hər zaman istismara yararlı vəziyyətdə saxlanması üçün lazımdır. Belə təmir operativlik istəyir, yəni yolda təhlükəsizliyə, yol verilən sürətlə rahat hərəkətə mane olan qüsur yaranan kimi dərhal müdaxilə olmalıdır. Bunun üçün kiminsə müraciətinə, kiminsə tapşırığına ehtiyac olmamalıdır.

Ölkəmizdəki bütün yollar konkret qurumların balansındadır. Hər bir yol sahəsinin istismarına cavabdeh təşkilat var. Həmin təşkilatlar daim yola nəzarət etməli, aşkar edilən qüsurları (çalaları, qabarmaları, çökmələri, çatları və başqa deformasiyaları) kimdənsə razılıq almadan, kimdənsə göstəriş almadan aradan qaldırmalıdırlar. Özü də dərhal, uzağı bir neçə saata...

Yol təsərrüfatı publik bir xidmətdir. Bu xidmət keyfiyyətli olmalıdır. Yolda olan qüsur sadəcə avtomobillərə ziyan vurmur. Bu, həm də sürücünü lazımsız və təhlükəli manevrlər etməyə məcbur etməklə qəza riskini artırır, sürücünü yorur, rəvan hərəkətə mane olur və s. Bəzi qüsurlar sürücü və sərnişinlərin həyatı üçün təhlükə doğurur.

Ölkə ərazisinin hər yerində son ay yarımda şaxtalar oldu, qar yağdı. Şaxta və qar yol örtüyünün qüsurlarını daha tez üzə çıxarır, çünki zədəli asfaldın arasına sızan su dondusa, don açılandan sonra həmin yer mütləq dağılacaq. Həm respublika əhəmiyyətli yollarda, həm də şəhər və qəsəbə küçələrində belə qüsurlar çoxdur. Ona görə də yol istismar idarələri, icra hakimiyyətləri və bələdiyyələr dərhal müdaxilə edərək yolları normal hala gətirməlidirlər. Yol hərəkəti təhlükəsizliyi və keyfiyyətli xidmət bunu tələb edir...

 

Xaqani Səfəroğlu, jurnalist:

- "Prezident Xocalıdadır", "Xocalıda tikinit işləri başlanıb"... Bu xəbərləri oxuduqca son 32 ildə beynimizə buz topası kimi yapışmış qəhər qarşıq çarəsizlik hissi yaz qarı kimi əriyir sanki...

Xocalı bizim nəsil üçün dəhşətli travma oldu...

Mənim üçün Xocalı yaddaşımın qanla yazılmış bir hissəsidir. Hadisələrin baş verdiyi yerdən uzaqda yaşasam da, o dövrün bütün nəsli kimi, bu faciənin ömürlük daşıyıcısına çevrilmişəm.

Xocalı adına ilk dəfə orta məktəbdə oxuyanda rast gəlmişəm. "Azərbaycan tarixi" kitabında öyrəndiyimiz dərsdən biri "Xocalı-Gədəbəy mədəniyyəti" adlanırdı.

Onun yenidən, nə vaxtsa, özü də ömürlük yaddaşıma yazılacağını təsəvvür etməzidm.

1991-ci ildə AZTV-də Xocalı barədə verilən reportajı xatırlayıram.

Düşmən əhatəsində olan Xocalıya şəhər statusu verilmişdi. Kadrlarda yeni ev tikən gənc ailə, küçə ilə gedən qızlar, qayğılı ağsaqqal, milis zabiti mənə əski sovet zamanının sakit kənd həyatını xatırladırdı.

Çox illər sonra 1992-ci ilin fevralında rus jurnalisti Viktoriya İvlevanın ermənilər tərəfindən ələ keçirilmiş Xocalıda çəkdiyi fotoya baxarkən, yadıma AzTV-nin bu başıbəlalı şəhərin bir günlük dinc dövrünü əks etdirən kinokadrlar düşəcəkdi.

Rus jurnalistinin çəkdiyi fotoşəkil damarlarda qanı belə dondurardı: Palçıqlı küçə ilə şütüyən sovet "Jiquli"sinə ermənilərin qənimət kimi yüklədikləri yorğan-döşək və küçə boyunca səpələnmiş azərbaycanlıların meyitləri!

Kənddən çıxmağa macal tapmamış adamlarımız!

Qollarını açaraq arxası üstə yerə sərələnərək ölmüş bu uşaq bəlkə də bir il əvvəl kameraya əl edən həmin o uşaq imiş! Ayağı qatlanaraq yerə sərilmiş gənc qadın isə evini tikib içində bəxtvər yaşaya bilməyən qadın imiş, bəlkə...

...Erməni gülləsindən ölən nurani ağsaqqalın, süngüyə keçirilmiş körpələrin fotosu və Çingizin boğuq ağlamaq səsi 1992-ci ilin şaxtalı fevral ayının yaddaşımda ilişib qalan xatirəsi oldu.

...Yadıma uşaq vaxtı dəhşətlə baxdığım SSRİ-nin müharibəyə həsr etdiyi şedevr filmi "Get və bax" düşdü. Filmdə faşistlərin soyuqqanlı halda gülə-gülə insanları yandırma səhnəsindən qorxmuşdum. Atam mənə ürək-dirək verərək "Oğlum, bu, çoxdan olub, bunun intiqamını aldıq. Baban o faşistlərin hamısını öldürüb", - dedi.

...Qəhrəman əsgərimiz bu qanlı cinayətin də intiqamını aldı...

Bütün Qarabağ azaddır indi.

Bu dəhşətli tarixin acı xatirəsi isə ömür boyu bizimlə yaşayacaq!

 





01.03.2024    çap et  çap et