525.Az

Alimlik və şəxsiyyət nümunəsi - Vəfa Xanoğlan yazır


 

GÖRKƏMLİ ŞƏRQŞÜNAS RÜSTƏM ƏLİYEVİ ANADAN OLMASININ 95, VƏFATININ 30 İLLİYİNDƏ EHTİRAMLA ANIRIQ

Alimlik və şəxsiyyət nümunəsi - <b style="color:red"> Vəfa Xanoğlan yazır</b>

Elmi yaradıcılığı ilə böyük nüfuz qazanmış alimlərimizdən biri də məşhur şərqşünas, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Harvard universitetinin fəxri doktoru Rüstəm Əliyevdir. Rüstəm müəllimin özünü yaxından tanımazdan əvvəl onun haqqında atamdan eşitmişdim. Atam vətənpərvər alimin 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində "Kommunist" qəzetində "Vətəndən uzaqlarda" silsilə məqaləsindən və xaricdə yaşayan azərbaycanlılarla görüşünə həsr olunmuş televiziyadakı çıxışlarından böyük maraqla söz açardı. İş elə gətirdi ki, institutda təhsil aldığım illərdə professor mənə dərs demədi. Amma aradan bir neçə il keçəndən sonra elmi sahədə onun dissertantı olmaq imkanı qazandım.

Ali təhsili başa vurub orta məktəbdə dörd il müəllimlik etdikdən sonra 1978-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun "Cənubi Azərbaycan Ədəbiyyatı" şöbəsinin dissertantı oldum. O zaman Cənubi Azərbaycan ədəbiyyatı ilə məşğul olmaq, güneyli şairlərin yaradıcılığından yazmaq asan deyildi. Mənim namizədlik dissertasiyamın mövzusunu Rüstəm müəllim məsləhət bildi. Dissertasiya mövzum "Cənubi Azərbaycan şairi Həbib Sahirin poetik yaradıcılığının inkişaf yolu"na həsr olundu. Böyük qardaşım Şəfanın məsləhəti ilə professor Rüstəm Əliyev elmi rəhbərim oldu. Bizim tanışlığımız başlayanda o, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda Ərəbdili yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, mən isə rayondan gəlmiş müəllim idim. Tədqiqat işi üzərində çalışdığım zaman Rüstəm müəllim mənə deyərdi: "Alim o şəxsdir ki, öyrəndiyi ixtisası, çalışdığı işi mükəmməl bilir, sənətinə hərtərəfli bələddir, xalqa fayda verir. Sən də çalış ki, tədqiq etdiyin sahəni dərindən öyrənəsən, elmin çətin yollarında püxtələşəsən, kamil bir şəxsiyyət kimi formalaşasan".

Onun maraq dairəsi çox geniş idi, gözəl yaddaşı var idi. Olduqca ciddi və tələbkar bir adam idi. Dünya, eləcə də Şərq ədəbiyyatındakı yenilikləri diqqətlə izləyirdi. Hər görüşümuzdə xarici ölkələrə səfərlərindən maraqla danışardı. Görüşlərimizin birində o, İranda elmi ezamiyyətdə olarkən Şəhriyarla görüşməsindən, onunla bir neçə gün birlikdə ədəbi məclislərdə iştirak etməsindən danışmışdı. Professor bu səfərdən aldığı təəssüratını "Şəhriyarla görüşlərim" başlığı altında "Azərbaycan" jurnalında ("Azərbaycan" jurnalı, 1979, №5, səh.128) öz oxucuları ilə bölüşmüşdü.

Rüstəm müəllim yazır ki, görüşün birinci günü Cənubi Azərbaycanın görkəmli şairi Səhəndin evində təşkil olunmuş yığıncaqda ustad şair Həbib Sahir və bir sıra şairlər də iştirak edirdi. Stolun ətrafında çoxlu şair oturmuşdu. Qocaman şair Həbib Sahir də onların arasında idi. Ortaboylu, yaraşıqlı, ağsaçlı, qətiyyətli Sahir, Tehran ziyalılarının sevimlisi, dərin hörmət sahibi idi. O, ayağa durub yeni şeirlərini oxudu, hamı onu alqışladı. Şəhriyar da diqqətlə qulaq asırdı. O, qalxıb Sahirə təşəkkür etdi. Sonra başqa şairlər də çıxış etdilər. Rüstəm müəllim qeyd edir ki, məclisdə mənə də söz verdilər. Çıxışımda dedim ki, bir vaxt gələcək Şəhriyarın, Sahirin, Səhəndin, Behrənginin haqqında da tədqiqat əsərləri yazılacaq. Qeyd etdiyim kimi, Həbib Sahirin həyat və yaradıcılığını əks etdirən tədqiqat işinin yazılmasında elmi rəhbərim, professor Rüstəm Əliyevin əməyi böyük oldu. O, Sahirin bir neçə kitabını və əlyazmalarını mənə verdi. Şair haqqında bir neçə məqalə yazaraq qəzet və jurnal səhifələrində məlumat verdim. Sonralar isə şairin bir sıra şeirlərini Cənubi Azərbaycan ədəbiyyatı antologiyasının II, III, IV cildlərinə təqdim etdik. Bu, Azərbaycan Respublikasındakı oxucuların qocaman şairin yaradıcılığı ilə ilk tanışlığı oldu. Sahir professor Rüstəm Əliyevə həsr etdiyi şeirində görkəmli alimə olan dərin hörmət və ehtiramını ifadə etməklə onu iki qardaş arasında "uzaq yollardan hər səfər təzə təranə, təzə söz gətirən xoş müjdələr çarcısı" adlandırırdı.

Rüstəm müəllimin məsləhətləri həmişə karıma gəlirdi. Bəzən hansısa məsələ ilə bağlı axtarışlarım haqqında danışanda "filan arxivə bax!" - deyirdi və axtardığım materialları göstərdiyi mənbədən də tapırdım.

Rüstəm müəllimin məsləhəti ilə bir müddət Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunda mövzu ilə bağlı axtarışlar apardım. "Şairlər məclisi" məcmuəsindən, "Azərbaycan" və "Şəfəq" jurnallarından şairin xeyli şeirlərini əldə etdim. Dissertasiyamın taleyi ustad şairin taleyinə bənzəsə də, bədxahların əsassız maneələrinə baxmayaraq, elmi rəhbərimin qayğısı sayəsində müvəffəqiyyətlə müdafiə etdim. 2000-ci ildə Həbib Sahirin taleyi və ədəbi irsinə həsr olunmuş "Hürriyyət fədaisi" kitabını, 2004-cü ildə isə "Məndən salam deyin gözəl Təbrizə" adlı seçilmiş əsərlərini tərtib edərək çap etdirdim.

Rüstəm müəllim elmi rəhbəri olduğu çoxsaylı aspirant və dissertantlara mövzu seçimində xüsusi köməklik göstərirdi. O, farsdilli, ərəbdilli və türkdilli ədəbiyyatların məşhur tədqiqatçılarından idi. Alimin həm namizədlik, həm də doktorluq dissertasiyaları Sədi Şirazinin "Gülüstan" və "Bustan" əsərlərinin tədqiqinə həsr olunmuşdu. Rüstəm Əliyev Azərbaycan ədəbiyyatının dünya şöhrətli sənətkarlarının - Nizami, Nəsimi, Füzuli kimi şairlərimizin yaradıcılığına həsr olunmuş əsərlərin də müəllifidir. O, Füzulinin qəzəllərini və "Leyli və Məcnun" poemasını ön söz və izahlarla Moskvada rus dilində nəşr etdirmişdi. Rüstəm Əliyev 1955-1971-ci illərdə SSRİ EA Şərqşünaslıq İnstitutunda işləmiş, kiçik elmi işçidən Şərq mətnşünaslığı bölməsinin müdiri vəzifəsinədək yüksəlmişdi. O, 1965-ci ildə Amerikada uzunmüddətli ezamiyyətə olmuş və beş ay oranın səkkiz universitetində İran ədəbiyyatından mühazirələr oxumuş, Harvard universitetinin fəxri doktoru seçilmişdi. Ərəb, fars, ingilis, türk, rus dillərini mükəmməl bilən alim Amerika, İngiltərə, Fransa, Hindistan, İran, İraq, Misir, Suriya, Tunis və başqa ölkələrin elm və təhsil müəssisələrində dərin məzmunlu elmi məruzələrlə çıxış etmişdi. Öncə qeyd etdiyim kimi, Rüstəm Əliyev ötən əsrin 60-70-ci illərində İrana çoxsaylı səfərlər etmiş və Cənubi Azərbaycanın görkəmli şairi M.Şəhriyarla görüşmüşdü. Şəhriyar "Rüstəm körpüsü" vasitəsilə bir sıra şairlərimizlə yaradıcılıq əlaqəsi yaratmışdı. Ustad şair görkəmli alim R.Əliyevə bir neçə şeir həsr etmişdir. Şəhriyar "Döyünmə - söyünmə" şeirində yazır:

 

Sən təhvil alırsan məni, qardaşda sanırsan,

Minlər yad içində məni görcək də tanırsan,

Qəlbimdə, dilimdə nə sözüm varsa, qanırsan,

Rüstəm, Bakıdan söylə mənə, can sənə qurban,

Təbriz sənə layiq nədi, Tehran sənə qurban!

 

Rüstəm, sənə qurban! Bu salamı götürərsən,

Ol qəhrəman ellərdə gəzərkən yetirərsən,

Ordan da gələndə bizə şadlıq gətirərsən,

Deynə, Domurul bürcünü düşman yıxa bilməz,

Qardaş nə qədər yadlaşa, yaddan çıxa bilməz.

 

Rüstəm Əliyev Şəhriyarın ona həsr etdiyi şeirləri yüksək qiymətləndirərək yazmışdı: "Böyük iftixar hissilə bildirirəm ki, Şəhriyarın mənə ithaf etdiyi, Azərbaycan türkcəsilə üç şeiri və fars dilində yazdığı irihəcmli mənzumə mənim həyatımda təltif edildiyim ən böyük orden və medallardır".

Rüstəm müəllim ömrünün ən mənalı illərini Azərbaycan klassik ədəbiyyatının, Şərq ədəbiyyatının araşdırılmasına və öyrənilməsinə sərf etmişdi. Onun yaradıcılığında qarşılıqlı tərcümə fəaliyyəti də əsas yer tutur. Farsdilli ədəbiyyatın görkəmli nümayəndələrini dilimizə tərcümə etməklə yanaşı, Azərbaycan ədəbiyyatının tanınmış sənətkarlarının əsərlərini də rus dilinə çevirmişdi. Elmə yüksək tələbkarlıqla yanaşan Rüstəm müəllim Azərbaycan elminə və dünya şərqşünaslığına əsl alim cəfakeşliyi ilə xidmət etdi. Rüstəm müəllim qeyri-adi istedad sahibi, geniş dünyagörüşə malik, bənzərsiz, mərd, məğrur, heç kimin qarşısında əyilməyən, sözü üzə şax deyən insan idi. O, ömrünü bütün varlığı ilə sevdiyi elmi yaradıcılığa həsr etdi, onlarla elmi kadr yetişdirdi. Elmi rəhbəri olduğu kadrların bir çoxu müxtəlif elm sahələrində və təhsil sistemində çalışır. Zəngin mənəvi keyfiyyətləri ilə o, öz yetişdirmələrinin hörmətini və sevgisini qazanan alim kimi şöhrətlənmişdi. Həyat və fəaliyyətində obyektivliyi, düzgünlüyü müdafiə edər, bu prinsipləri üstün tutar, haqsızlığa məruz qalan gənc istedadları müdafiə edərdi.

Çoxşaxəli yaradıcılığı ilə dünyanın mötəbər alimləri cərgəsində yer tutan bu böyük şərqşünas alimin əsərləri indi də elmi dəyərini və aktuallığını saxlayır. İllər və onillər ötəcək, fundamental tədqiqatları, elmi-nəzəri məqalələri, maraqlı söhbətləri ilə seçilən o parlaq zəka sahibinin xatirəsi düşüncələrdən silinməyəcək. 65 il ömür sürdü, fəqət əbədiyaşarlıq qazandı professor Rüstəm Əliyev. Elmə həsr olundu bu ömrün çox illəri. O, mənim qəlbimdə təkcə bir elmi rəhbər kimi deyil, həm də xeyirxah bir insan, unudulmaz şəxsiyyət olaraq qalacaq. Şərqşünaslıq elmimizin patriarxı Rüstəm müəllim məğrur şəxsiyyəti və alim fədakarlığı ilə həmişə onu sevənlərin xatirindədir. Ruhu şad olsun!

 





01.03.2024    çap et  çap et