525.Az

Ekranda parlayan "Ovqat" Səyyarəsi - Barat Vüsal yazır


 

Ekranda parlayan "Ovqat" Səyyarəsi - <b style="color:red"> Barat Vüsal yazır</b>

Səyyarənin "Ovqat"ı efir məkanına səyyarələrdən enib gəlib, məncə. Özünün və sözünün gözəlliyinə, özüylə bahəm gizli aparıcılıq edən təbəssümünün özəlliyinə, yüksək aparıcılıq mədəniyyətinə heyran olmayan qalıbmı ki?! İnanmıram, xatırlamıram!

Dərin biliyi, düşüncə tərzi, "ovu bərəsində vurmaq" bacarığı tamaşaçıları əfsunlayıb. İlk "Ovqat"dan başlayan o vurğunluq, heyranlıq, əfsun davam etməkdədir. Bir sözlə, Səyyarənin "Ovqat"ı sanki yerdə yox, göydə-səyyarələrdə qurulmuş məclisdir.

"Ovqat" verilişi çox qısa müddətdə öz ətrafında xüsusi fanatlar toplayıb. Səyyarənin "Ovqat"ı başlayanda adamlar ekran qabağına tələsməkdən çox qaçışırlar. "Ovqat" başladımı adamlar papaq edib, zəng edib bir-birini muştuluqlayırlar, "Ovqat"in birinə baxmayanda özlərini pis hiss edirlər. Nəinki "Ovqat" a baxanlar, bu verilişdə efirə çıxanlar da özlərini xoşbəxt sanırlar. Belə bir xoşbəxtlik mənə də nəsib olub. 2006-cı ilin sentyabr ayında! Qazaxda, Səməd Vurğun Poeziya evində!

Həmin veriliş ekranda təzəcə bitmişdi ki, bayırdan həyəcan dolu bir səs gəldi:

- Ay Barat!

"Höy" deyib eşiyə çıxdım. Baxdım ki, məni çağıran əmimoğlu Əliymiş.

Az qala əmr edirmiş kimi səsləndi:

- Tez bura gəl görüm!

Getdim. Çatan kimi məni basmarlayıb öpməyə başladı.

Bir öpmür, beş öpmür, məni eşim-eşim eləyirdi. Sən demə, "Ovqat"a baxıb gəlibmiş. Sevincini mənimlə belə bölüşürmüş.

Bu vaxt çəpərin o üzündən qonşunun arvadı bu hay-harayı görüb, elə bilib ki, biz tutaşmışıq. Odur ki, birdən onun da hay-harayı yüksəldi:

- Ədə, niyə dalaşırsınız?

Əli, axır ki, məni buraxıb üzünü qonşu arvadına tutdu:

- Dalaşmırıq, ay xala, təbrikləşirik!

Məsələdən halı olanda arvad da bizə qoşulub o ki var güldü...

Bax, "Ovqat" bizlərə belə ovqatlar bəxş edib. Əlbəttə, bunun əsas səbəbkarlarından biri yox, birincisi aparıcı Səyyarə Səyyafdır!

lll

"Ovqat"ın, doğrudan da, öz gözəlliyi və özəlliyi var. "Ovqat", yəni Səyyarə xanım həm özü danışır, həm də çağırdığı qonaqları özündən danışdırır, onları könlüylə, ruhuyla görüşdürür. Elə bil hər verilişdə adamların könlünü axtarıb tapır,  özünə qaytarır.

Pakistanın məşhur şairi Məhəmməd İqbal deyirdi: "İşim könülə düşdü". Biz deyə bilərik ki, nə yaxşı ki, bizim də işimiz "Ovqat"a - Səyyarə Səyyafa düşdü.

"İnsanı insandan oğurlamışıq" deyən Şəhriyar necə də düz deyirmiş. Amansız dövrdə yaşayırıq. Ruhun, insanın xilası uğrunda mübarizə gedir. Təkcə ayrı-ayrı insanların yox, bütün bəşərin ovqatı təlx olmaqdadır. Bu faciənin qarşısını almaq üçün S.Səyyaf da 20 ilə yaxındır ki,  mücadilə verir, mübarizə aparır. Zərdüşt sayağı, inanır ki, "Gətirəcəm sözlə haqqa insanları!"

Frans Kafka yazır: "Mən bütünlükdə ədəbiyyatam və ayrı heç kim, heç nə olmaq istəmirəm!"

Bu gün Səyyarə də birbaşa, tərəddüd etmədən deyə bilər: "Mən bütünlükdə "Ovqat"am və ayrı heç kim, heç nə olmaq istəmirəm!"

Belə bir ovqat sahibi olmaqsa, Daonun (Yolun) tapılmasıyla bağlıymış. Bunu Çin filosofu Çjan Tzsı hekayələrinin birində belə bəyan edirdi ki, "Hər zərrə pərdədi, Cananın (Allahın) üzünü yad baxışlardan gizləmək üçün!"

Mənsə düşünürəm ki, Səyyarənin üzündə də pərdə var, onun kimi könül adamını (könül sultanını) ovqatın (və "Ovqat"ın) nə olduğundan xəbərsiz olanlardan gizləmək üçün!

Səyyarə öz Daosunu (Yolunu) çoxdan tapıb. O, getdiyi yolda heç də çoxları kimi yalnız hansısa dağ zirvəsini hədəfə almayıb. O, məchul olduğu qədər də məlum olan, hər gözə görünməyən, hər könülə əyan olmayan daha uca bir zirvəyə yol getməkdədir. Və əslində ondan ötrü əsl zirvə yolun özüdür! Əmindir ki, "Yol üstündən aşar dağın, Yol ucadır zirvədən də" (B.Vahabzadə).

Yolun özünün zirvə olmağı üçünsə insan çox saf olmalıdır. İsa Muğanna demişkən, Saf Ağ insan olmalıdır! Bilməlidir ki, Allah sözüylə könül sözünü bir-birindən bircə hərf ayırır. Könül sultanları Allahın qonşuluğunda yaşayırlar. S.Səyyaf da ilk vaxtlardan bu cür yer bələdləyib tapdı, məramını bəyan etdi: "Əmr eylədi fələk, yerəkim mən ömür boyu" (Füzuli).

Səyyarə xanım öz "Ovqat"ıyla belə bir əkinçi ömrü də yaşamağa başladı. Ruh qardaşı olan ənim kimi, o da nadanlara, üzüdönüklərə, əkinin nə olduğunu bilməyən "əkinçilərə" dedi:

Sən əkəndə qapı-baca,

Mən əkəndə Vətən əkdim!

Orxan Pamukun yazdıqlarından bəlli olur ki, Əziz Nesin hamının bildiyi, amma bilmədiyini bildiyi həqiqətləri parlaq şəkildə bir cəhddə  deyə bilmək xəyalıyla yaşayırmış...

Bu cəhdlərin "Ovqat" verilişində də dəfələrlə şahidi olmuşuq. Səyyarənin ağlına, hissinə, incə könül duyğularına, qəfildən ustalıqla gözlənilməz yerlərdən açdığı "atəşlərə" - suallarına heyran qalmışıq. Cavab verənlərimiz də olub, çaşıb qalanlarımız da.

Bu günlərdə "Ovqat"ın yenə qonağıydım. "Xətadı qeyri-eşq" adlı esselər kitabımın ətrafında gəzişmələr edirdik. Bir çox oxucular oxumuşam desə də, əslində oxumamışdılar. Səyyarə xanımsa esselərin dərin fəlsəfi qatlarındakı çətinliklərə baxmayaraq, bu kitabı oxumuş, mənimsəmişdi və yenidən mənə - müəllifin özünə "oxutdururdu!" Əsl tədqiqatçı kimi! Alim kimi! Filosof kimi! Və az qala kitabın yeni, əsl müəllifi kimi! Mən həmin verilişdə onun dərin biliyinə, intuisiyasına, erudisiyasına o qədər heyran qalmışdım ki, elə bilirdim, bu dəfə "Ovqat"ın aparıcısı mən idim, qonağı isə o!

İnsan nə qədər gizli elmlərdən, ilahi eşqdən, sufi dünyasından xəbərdar olarmış! Məhz bu üzdəndir ki, "Ovqat" verilişi, yaşından asılı olmayaraq, saysız tamaşaçının rəğbətini qazanıb. "Ovqat" sxematiklikdən və sentimentallıqdan uzaq olan, ədəbi-bədii, musiqili, etik və estetik, sosial-fəlsəfi mahiyyət kəsb edən, tamaşaçılara məzmunlu gözəl hisslər aşılayan çoxşaxəli bir verilişdir. Aparıcı, şəffaf təbiətli Səyyarə Səyyafın geniş erudisiyalı, geniş profilli bir jurnalist olduğu hamımıza bəllidir. Aparıcılıq vəzifəsi televiziyada, ekranda ən mürəkkəb, ən çətin və ən məsuliyyətli bir sənət növüdür. Bu mənada Səyyarə xanım işinin ustasıdır.

"Ovqat" sadəcə televiziya verilişi deyil. Etik normalarımızdan, mənəviyyatımızdan, mədəniyyətimizdən, ənənələrimizdən, xalqımızın tarix boyu keçdiyi keşməkeşlərdən, onun klassik fəlsəfi baxışlarından tutmuş, ta müasir dövrün məişət baxışlarına qədər bütün sahələri tam əhatə edən vacib və zəruri, vaxtında  "doğulan", boya-başa çatan əxlaq haqqında bir elmdir, mənəviyyat, etika dərsimizdir!

Onun auditoriyası təkcə Azərbaycana deyil. Dünyaya yayılan dalğaları milyonlarla insanın şüuruna, varlığına sirayət edir. "Ovqat" dünya azərbaycanlılarının birləşməsi, onlarda həmrəyfikirlərin formalaşdırılması, inkişaf etdirilib möhkəmləndirilməsi sahəsində əməlli, təməlli iş aparır, insanların zövqünü formalaşdırır" (Sabit Məmmədov, "Naxçıvan" qəzeti, 7 yanvar 2009-cu il). Həmin məqalədə müəllif bizi tamaşaçı qiyməti ilə də tanış etmişdi. Göstərmişdi ki, "Sanatoriyada tanış olduğum, 70-dən çox yaşı olan Əlimuxtar müəllimin ötən verilişə baxa bilmədiyi üçün necə təəssüfləndiyinin şahidi oldum. "O aparıcı xanım... Səyyarə Sərraf! Özü də gözəldir, verilişi də gözəldir! Elə səyyarə kimi parlayır Səyyarə xanım!" - dedi".

Müəllif daha sonra bir misal da çəkmişdi: "Görün, yaşı 80-i ötən professor, tarix elmləri doktoru Aslan Atakişiyev nə deyir: "Ovqat" veriliş olmaqla yanaşı, məntiq, psixologiya, filologiya, tarix, həm  mühazirə, həm də seminar məşğələləri keçən elm məbədidir..."

Gətirilən misalları adi tamaşaçı fikri saymaq olmaz. Bu, "Ovqat"a olan ümumxalq məhəbbətinin  təzahürüdür. Bu məhəbbəti qazanmasaydı, "Ovqat" günü bu gün də fəaliyyətini davam etdirə bilməzdi.

Səyyarə Səyyafın özünün və verilişinin məxsusi, bənzəri olmayan işığı, enerjisi vardır. Onun tərəf-müqabiliylə etdiyi söhbətlər hamıdan ötrü olan, hamını işıqlandıran, saflaşdıran söhbətlərdir. "Bu gün söhbət bizim oldu, Bizə "bizim" deyən gəlsin" söyləyən "Bizim Yunus"un - övliya şairin sözünə qüvvət olaraq onu demək istərdim ki, bizim Səyyarənin verilişinə də gərək "bizim söhbət" deyənlər baxsınlar! Hər kəs bizə lazım olan söhbətləri edə bilirmi? Özünü də, sözünü də bizimkiləşdirməyi bacarırmı? Əsla!

Bu məqamda Amerika yazıçısı Tomas Vulfun məşhur bir fikri dadımıza çatır: "İnsanlar ona görə heç nə yarada bilmirlər ki, güclərini səfeh söhbətlərə, cəfəngiyyatlara, intriqalara sərf edirlər. Mən anlamağa başlamışam ki, yeganə yol dişimi bir-birimə sıxıb öz işimi görməkdir".

Səyyarə xanım da özünə belə bir yol seçib. Ağır, məşəqqətli! O da çox vaxt dişini bir-birinə sıxa-sıxa verilişlə bağlı çəkdiyi əzabları, çətinlikləri gizləyir, ağrısını daha bir "ağrı həbi"ylə müalicə edir. Axı "bizim" olmağın başqa bir yolu yoxdur. Səyyarə Səyyaf hələ də bu verilişi bəs nədən ötrü aparır?" Səfeh söhbətlər, cəfəngiyyatlar, intriqalar olmasın, ən azından azalsın deyə!

O, öz "Ovqat"ıyla böyük bir missiyanı həyata keçirir. Səyyarə Səyyafın missiyasını düşündükcə yadıma Ekzüperinin "Hərbi təyyarəçi" əsərindən bir epizod gəlir. Həmin təyyarəçi gecələr İspaniyanın üzərindən keçəndə, hər yan zülmətə qərq olsa da, amma yaxşı tanıdığı bir qarı ilə qocanın yaşadığı kənd evindən sönük də olsa, işıq gəldiyini görürmüş. O xəfif lampa işığını görəndə bilirmiş ki, yolunu düz gedir, azmayacaq. Qoca ilə qarının "Kompas"ı -lampası buna yol verməyəcək!

Belə məqam V.Mayakovskinin bir şeirində də yer alıb:

 

Qulaq asın!

Bu ulduzlar hər gecə

Yanırsa əgər,

Demək, kiməsə lazımdı

Bu ulduzların yanması.

Demək, kiminsə xətrinə

Damların üstdə

Hər gecə

Heç olmasa bircə dənə

Ulduz yandırmağa dəyər!

 

Məncə, şairin dediyi o ulduzlardan biri olan Səyyarə (və onun "ovqat"ı da) adi ulduzlardan - səyyarələrdən deyil! Səyyarənin "Ovqat"ı ulduza dönüb, "Ovqat"ın Səyyarəsi yerlərə enib... Daim parlasın, parlaq qalsın!

 





01.03.2024    çap et  çap et