525.Az

Rəssamın payızlaşan ömrü - Allahverdi Eminov yazır


 

Rəssamın payızlaşan ömrü - <b style="color:red"> Allahverdi Eminov yazır</b>

Mən birinci sinifdən şəkil çəkməyə başladım və ilk işim "Fərhad dağ çapır" oldu. Sonra portretlər silsiləsi başladı. Lakin illər keçdikcə bu həvəs soyudusa da, vərdişimdən qalmadım. Beləliklə, böyük rəssamların yaradıcılığını izlədim. Leninqradda olarkən, 1970-ci ildə Tretyakov qalereyasına gedərkən dahi rəssamların əl işlərinə heyranlığımı gizlətmədim və bir neçə dəfə bu sənət ocağına baş çəkdim. Yaddaşımda bəzi rəssamların adı, soyadı əbədiləşdi, biri də İsaak Levitan oldu. Həyatı elə də fərəhli keçməmişdi. O, gəncliyindən meyxanalara güzarını salır, xidmətçilər bu gəncə hörmət edirdilər, cibindəki qəpik-quruşları xərcləyib meyxanadan çıxırdı. Budur, Levitan Moskva meyxanasında Koronun rəsmlərini xatırlayır, çirkli paltar geyinmiş adamlar mahnı oxuyur, səs-küy salırlar. Acı maxorkanın tüstüsü meyxananın divarlarını cırmaqlayır. Sulu qar yağır, küçələrə yapışır.

Ata-anasını vaxtsız itirməsi, yeganə bacısı ilə az vaxt keçirməsi onun üçün əzab idi. Moskvada tək yaşamaq yəhudi oğlan üçün elə də asan deyildi. Gecələr cansıxıcı keçirdi. Qonşu bağın balkonunda işıq yanırdı, gecə böcəkləri işığın həndəvərində uçuşur, özlərini lampa şüşəsinə çırpırdılar. Bağda qadınlar qəmli romanslar oxuyurdular. Bu qadını hey dinləmək istəyirdi, romansda məhəbbətdən doğan göz yaşları titrəyirdi, ağacların yarpaqlarında gecələyirdi. O, vaxt tapan kimi bağdakı gölün qamışlığına gedir, etüdlər çəkirdi. Qayıqda tənha olmağı sevirdi. Amma bir qadın üçün darıxırdı, sınmış pəncərənin qarşısında oturub buludlara baxırdı. Günəş günbəzin üstündə sarı şüaları ilə oynayırdı, havada zəncirotu kəpənəksayağı uçurdu.

Qar əriyir, soyuq su yarğanlardan axıb gedir, cökə göyərir, yağışlar sanki göydən süzülən gümüşdü. Levitan dodaqaltı mızıldanır: "Mən nə üçün bu mənzərələri kətana köçürmürəm?.." Ancaq o çalışırdı, hər otu, yarpağı şəffaflığı ilə çəksin, ətrafdakı bitkilər parlaq görünsün. Rəssam bu mənzərənin soyuğunu, qoxusunu duymaq istəyirdi.

O naməlum qadın Levitanın xəyalında yaşamaqda idi, küçəyə tələsəndə çətirini açmaqda çətinlik çəkirdi və stansiyaya doğru irəliləyirdi. Heç biri o birinin üzünü görmürdü. Az sonra Levitan qadının üzünü görə bildi, o, qəşəng idi, solğun olsa da.

Levitan pərişan halda otağına qayıtdı. Şam tüstülənir, yağış hələ yağırdı. Stansiyada sərxoş adamlar çığırışır, mahnı oxuyurdular. İ.Levitan zəngin təəssüratdan ayrılmamışdı, payız onun yaddaşından silinib getməmişdi. "Sokolnikidə payız günü" beləcə kətana köçdü! Levitanın öz həyatı kimi qüssə gətirdi.

Bu rəsm bəlkə də rəssamın yeganə əsəriydi ki, insan obrazı vardı. Sonralar çəkdiyi tablolarda heç vaxt insan görünmədi, görünən isə rus meşəsi, tənha daxmalardı. Bir də buludlu gün, zəmilərdi. İ.Levitanın dünyagörüşündə Anton Çexovun ailəsilə tanışlıq böyük rol oynayır, üç ay birlikdə olurlar, günləri şən və zarafatla keçir. Levitan "qəşəng ərəb"ə oxşayırdı və Çexov özünü Levitana ox-şadırdı. Məktubların birində yazırdı ki, təbiət burada bizdə olduğundan daha Levitanlıqdır. Bu söz orta Rusiya mənzərəsini xüsusi ifadə edirdi, bunu isə o zamankı rəssamlardan yalnız Levitan bacarırdı.

Babkino çox görümlü məkan idi və Levitanı özünə bağlayırdı. Anton Çexov köhnə tüfənglə kolların dibində pusquda durardı. Sübh vaxtı rəssam balıq tutmaq üçün Çexovla İstraya gedir, kollu sahil, ağ süzan bağı bitən, qırmızı üzgəcli balıqların üzlüyü, sakit burulqanlı yer seçirdilər. Levitan şair Tütçevin şeirlərini astadan deməyi xoşlayırdı. Şeir oxuya-oxuya gözünü qarmaqdan çəkməzdi. Qaş qaralanda bədirlənmiş Ay ağacların üstündə görünəndə çay içir, cavan qadınların utana-utana gülümsədiklərinə nəzər yetirir, duyğulanırdı. Xəyalında hamının gördüyü əyri-üyrü yollar dağ ətəyində yoxa çıxırdı, uzaq üfüqlər, seyrək meşələr, tarlaların arasından keçən cığırlar, buludlar, tənbəl-tənbəl axan çaylar, sahil boyu tilov atan uşaqlar. Rəssam üçün daha nə lazım idi? Bu mənzərəni iki dahi  sənətkar görür və duyurdu: Anton Çexov və İsaak Levitan. Yazıçı yazırdı: "Təbiət son dərəcə gözəldir, füsünkardır. Hər şey təzə, xarüqəladə, sadəlövh, şairanədir. Çay kolları, sərv, sidr, palma ağacları, qu quşları, eşşəklər, kəllər, göy durnalar, başlıcası isə dağlardır, ucu-bucağı görünməyən dağlar..."

Anton Çexov romantik əhvallı yazıçı idi, xatirələrə qapılmağı xoşlayırdı, bu mənada o, Levitanla ruhən yaxındı. Hər ikisində xoşbəxtlik həsrəti vardı. İnsanları süzür, sərxoşluqdan şişmiş lət üzlü adamlarda mərhəmət hissi görürdü və dərin kədər oyadırdı. Qarşısında cavan qız xəyala dalırdı, yazıçı ona baxdıqca öz gəncliyini, təmizliyini, xoşbəxtliyini görürdü. Və hiss edirdi bu qız onun deyil, özünün vaxtından əvvəl qocaldığını kədərlə ürəyində dolandırırdı.

Anton Çexov ruhi sarsıntıların öhdəsindən gəlməyi bacardı, yaradıcılığı barədə qəti qərara gəldi.

Levitan yorulmadan işləyirdi, daxilən sevinc hissindən uzaqda idi, qəm-qüssəni kətana köçürürdü, bu mənzərələr qüssə gətirirdi, axı, insan ovqatı kədərə büküləndə mənzərə də kədər gətirir.

Rəssamın xəstəliyi, ruhi sarsıntıları onu ruhdan salmırdı, amma əsəbləri dözmürdü, belə günlərində təbiət onun karına çatırdı, təskinlik tapırdı. Gecələr sakitləşirdi. Buna baxmayaraq, bir neçə dəfə özünə qəsd etmək istəmişdi, lakin Çexov onu xilas edə bilmişdi. Əsəbləri sakitləşəndə şəkil çəkir, sevir, insan münasibətlərinə uyuşur, özünə qayıdırdı.

Krım səfəri, Volqaboyu gəzinti onun əsəblərinə məlhəm olur, etüdlər çəkib sərnişinlərə bağışlayırdı. Levitan gözəlliyə biganə qalmırdı, gəncliyini xatırlayır və düşünürdü. Günəşi arzulayırdı, tutqun havaya xas boz və göy rəng çalarlarını nəzərlərindən qaçırmırdı. Yağışlar isə səngimirdi, ağacların yamyaşıl yarpaqlarından torpağa süzülürdü. Bu arada rəssam iki məşhur tablosunu çəkdi: "Yağışdan sonra" və "Əbədi dinclik". "Yağışdan sonra"nı o, dörd saata çəkdi. Buludlar və Volqanın qalay rəngli suları zəif işıqda parıldayırdı. "Əbədi dinclik" tablosunda isə tutqun günün şeiriyyəti daha yüksək enerjilə təsvir olunmuşdu. Levitan bu rəsmi Tver quberniyasının Udomli gölü sahilində kətana köçürmüşdü.

İ.Levitanın A.Çexovla arasının dəyməsi Volqaya ikinci gəlişində baş verdi. Əlbəttə, bu hadisə gözlənilməz oldu: Levitan tək deyildi, rəssam Kuvşinnikova ilə birlikdə idi. Bu qadın Levitanı həyəcanla sevirdi. Anton Çexov da bu qadını tanıyırdı və rəssam qadını "Narahat qadın" hekayəsində təsvir etmişdi. Bu hekayədən sonra Levitan dostu Çexovdan bərk incidi, dostluq pozuldu. Və Levitan Kuvşinnikova ilə Ryazana yollandı, Oka çayı ilə gəmidə Çulkova qəsəbəsinə endilər, qəsəbədə xeyli dayandılar. Levitan rəssam qadınla gəmiylə Nijniyə qədər endi, bütün günü Kuvşinnikova ilə göyərtədə oturub sahilə baxır, etüd çəkməkdən qalmırdılar.

Volqa ətrafına ikinci səfərində Levitan çox rəsmlər çəkdi, Çexov bu mənzərələrə heyranlıqla baxır, dahi rəssamın naxoş taleyinə acıyırdı. O, düşünür və pıçıldayırdı ki, Levitanın rəsmlərində artıq təbəssüm vardır. Bu cizgilər rəssamın "Qızıl Plesdə", "Sərin külək", "Gecə zəngi" və sair əsərlərində meydana çıxdı. Onun mövzusu tükənməz idi: meşədəki talalar, Rusiyanın soyuq günəş altında işıqlanan gözəl və darıxdırıcı guşələr, lal sularda köçəri quşların çığırtısı. Bu mənzərələri xatırlayanda ötən çağlara qayıtmamaq olmur. Yaşadığın günlər bir-bir gözümün qabağında yenidən canlanır. Sularda uzun dimdiyilə qida axtaran cüllütlərin səksəkəsi, qatarla gedərkən pəncərədən baxdığım bağ-bağatlar, pambıq tarlaları, qazların uzaq diyarlardan gəlişi və ilaxır mənzərələr sanki dünən olub. Həyəcan və xoşbəxtlik duyğusu oyanır. Ürəyimdən keçir ki, tənhalaşasan, pəncərədən gördüyün, tanımadığın göllərin, axan çayların, meşələrin xışıltılı səsini eşidəsən...

İsaak Levitanın "Volqa" və "Payız" tablolarını xatırlayıram. O, artıq ömrünün payızının yaxınlaşdığını hiss edirdi və daha çox payız mövzusuna qayıdırdı. Hətta bahar mövzusunda çəkdiyi şəkillərində də payızın rəngi duyulurdu. "Böyük su", "İlk bahar", "Mart" rəsmlərində - tablolarında su basmış meşəlik, dərin çay yumşaq qara bürünmüş, qarla örtülmüş təpələrin üstündəki parlaq səma, sarımtıl günəş şüası, taxta evin eyvanından süzülən, şüşə kimi parıldayan qar suyu təsvir olunmuşdu.

Payız fəsillərin ən çoxçalarlı romantikidir, sənətkarların əbədi mövzusudur. İ.Levitan üçün payız təbiətdən rəng umur, yağışlar yaşıllıqları yuyub aparır, ağaclarda yuva qurub balalarını uçuran quşlara "əlvida" deyir. Torpağın rəngi, havası dəyişir, daha soyuq olur.

O, şəhərdən uzaqlarda yaşayırdı, təbiətin ağuşunda nəfəs alırdı, ağlayır, ümidsiz hala düşürdü, bilirdi ki, onu heç bir qüvvə sağaltmaq iqtidarında deyil. Bu, o vaxtdı ki, A.Çexov Yaltada yaşayırdı, köhnə tanışlar bir-birindən soyumuşdular. Vaxtilə küsüşdüyü rəssam dostu əl ağacı ilə gəzirdi, gözlərilə yazıçı dostunu axtarırdı. Onlar, nəhayət, tapışdılar və barışdılar. Xəstə Levitan Çexovdan bir parça karton istədi və yağlı boya ilə "Tarlada axşam"ı çəkdi. Bu etüdü yazıçı stolunun yanında buxarının üstünə qoydu. Ona tez-tez baxır, köks ötürürdü.

Levitanın yaşadığı ev qarşısında yasəmən çiçəkləmişdi. Otağın içi yağlı boyaların qoxusu ilə doluydu. Bu tablolarda rus təbiətinin kədəri əks olunmuşdu...

2023

 





01.03.2024    çap et  çap et