525.Az

Ədəbiyyat Muzeyinin Aran regional filialında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub


 

Ədəbiyyat Muzeyinin Aran regional filialında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub<b style="color:red"></b>

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə regional filialın müdiri Yaqut Bahadurqızı M.Ə.Rəsulzadənin zəngin həyat yolu, ictimai-siyasi və ədəbi fəaliyyəti haqqında geniş danışıb.

Sonra Aran filialının elmi işçisi Ülviyyə Yusifova “M.Ə.Rəsulzadənin həyatı və yaradıcılığı siyasi fəaliyyəti fonunda” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə M.Ə.Rəsulzadənin yaratdığı, üzv olduğu təşkilat və qurumlardan, onun Azərbaycan və digər ölkələrdə həyata keçirdiyi dövlət əhəmiyyətli işlərdən söz açılıb. Həmçinin onun ədəbi-bədii yaradıcılığı, əməkdaşlıq etdiyi qəzet və dərgilər, ədəbiyyatşünaslıq üçün vacib monoqrafik əsərlərindən bəhs edilib.

Ülviyyə Yusifova M.Ə.Rəsulzadənin Cümhuriyyət dövründə misilsiz xidmətlər göstərdiyini deyib, Cümhuriyyət dağıldıqdan sonra mühacirətdə olan siyasi fəaliyyəti və ailəsinin acınacaqlı taleyi haqqında geniş məlumat verib.

Tədbirdə çıxış edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filiallar üzrə direktor müavini Ləman Muxtarzadə Cümhuriyyət yarandıqdan sonra yeni müstəqil dövlətin demokratik əsaslarla idarə olunmasında parlamentin vacibliyindən, M.Ə.Rəsulzadənin parlamentin təsis olunmasında rolundan, bu xüsusda olan yazıları və çıxışlarından danışıb.

Sonda şagirdlər M.Ə.Rəsulzadənin şeirlərindən nümunələr səsləndiriblər.

 





02.03.2024    çap et  çap et