Ziya Bünyadov prospekti 3… Milli Arxiv idarəsi... O qos-qoca binanın içində yığcam bir otaq var. Gəlib çatmaq üçün keçdiyim yollar o qədər doğmadır ki, mənzil başına çatanacan qəlbin isinir. Görəsən, o otağın qapısını belə ürəkli döyməyə tələsən tək mənəmmi? Əlbəttə ki, yox. Çünki, rahatlıq mənim ürəyimdə deyil, otağın sahibinin səmimiyyətində, insanpərvərliyində və sadəliyindədir…
O zaman aparıcı arxivçi olmaq istəyirdim. Əvvəllər Əsgər müəllimi kitablardan, mətbuatdan tanıyırdım. Sorağını isə mənim əziz müəllimim, onun isə yaxın dostu rəhmətlik professorumuz Nəsir Əhmədlidən alırdım. Ürəyimdə Əsgər müəllimlə ilk tanışlığın həyəcanı var idi. Bakı Dövlət Universitetində dərsdə olduğu üçün “Bir qədər gözləyin” dedilər. Pilləkənlərlə aşağı düşürdüm. Elə enişdə üzü nurlu bir adam mehribanlıqla dedi:
— Kimi axtarırsan, qızım?
— Əsgər müəllimi gözləyirəm, filialdan gəlmişəm.
Bir az sevincək, bir az da ərkyana cavab verdim ki, Əsgər müəllimi gözlədiyimi bilib heç kim heç nə deyə bilməsin. Həmin şəxs gülümsəyərək “Ayaq üstə gözləmə, keç, əyləş” dedi və əli ilə foyedəki oturacaqlara işarə etdi. Həmin nurlu adamın elə Əsgər müəllimin özü olduğunu otağa daxil olanda bildim…
Həmin vaxtlar 4 il idi ki, Dövlət Arxivinin Şirvan filialında böyük fond mühafizəçisi işləyirdim. Arxiv sahəsinə təsadüfən gəlmişdim. Bəlkə də, müvəqqəti işləyəcəkdim. Əsgər müəllimin məni aparıcı arxivçi təyin edərkən dediyi sözlər həyatımın gedişatına təsir etdi:
“Nəsibə, qızım, sən öz zəhmətinlə bu yeri qazanmısan. Halal qismətindir. Ümid edirəm vicdanlı arxivçi olacaqsan!”
Həmin gündən çiyinlərimdə həmin cümlələrin məsuliyyətini hiss elədim.
Əsgər müəllim elə bir insandır ki, tanıdıqca kəşf edirsən, qəlbinin ucalığına şahid olursan. O qəlbin yazıb-yaradacağı hər bir cümləyə, hər bir sətirə xalqımızın, dövlətimizin və arxivimizin ehtiyacı var. Onun Azərbaycan arxiv sisteminin inkişafında, müasirləşməsində danılmaz əməyi var. Əsgər müəllimin bu gün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəhbəri kimi fəaliyyəti şəxsiyyətinə, elminə, təşkilatçılığına, əqidəsinə verilən dəyərdir. O qəlbin mükafatıdır ki, ətrafında peşəkar, özünəlayiq bir arxivçi ordusu, özündən sonra miras qoyacağı zəngin arxivi — qalaq-qalaq sanballı əsərləri var.
Əsgər müəllimin nəcib qəlbindən süzülən bu bəndi xatırlayıram:
"Əsli ilə düzdür” bütün surətlər,
İnsan birdir, altı milyard sayda da.
İnandırmaq üçün tək çarəm qalır,
Təsdiqlətmək notarial qaydada…
Əziz Əsgər müəllim, siz bu gün öz şəxsiyyətinizi bütün qaydalarda təsdiqlətmisiniz.
70 yaşınız mübarək, Əsgər müəllim!
Nəsibə Nəsibqızı