Hamının bu dünyada üç-beş yaxşı adama umudu var. İnsan təhsil aldığı ocaqda, işlədiyi müəssisədə, həmkarları arasında, hətta öz qohum-əqrabası içində, nəhayət, ailə içində çalışır ki, xoş ünsiyyət, isti münasibət, anlayışlı davranış görsün. Bu sadaladıqlarımın hansısa şəxsdə cəmləndiyini görəndə dünyanın bəxtəvərinə çevrilirsən və yaşamaq xoş olur... Əsgər Rəsulovla ünsiyyətdə olanda həyatda daha bir yaxşı adam da qazandığına görə uca yaradana şükranlıq ifadə edirsən və üzündə uzunmüddətli təbəssüm yaranır.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi, görkəmli şərqşünas-türkoloq, filologiya elmləri doktoru, professor Əsgər Rəsulovun 70 yaşının tamam olması xəbərini eşidəndə təəccübləndim. Sərrast nitqi, adekvat reaksiyaları ilə müsahibini dərhal cəlb edən Əsgər Rəsulova 70 yaş vermək çətin gəlir adama. Onun enerjisi illərin hökmünü azaltmağı, zamanın sürətini qabaqlamağı bacarır. İnsanlar var, ömrünün heç bir mərhələsində rəqəmlərdən asılı olmur. Əsgər müəllimin nə elmi fəaliyyəti kəmiyyət göstəricilərinə hesablanıb, nə də gördüyü işlər hansısa planı doldurmağa xidmət edib. O, hər zaman düz bildiyini reallaşdırıb, daha yararlı olmağa çalışıb, günü bu gün - inandırıcı gəlməyən 70 yaşında da belədir... Bu mənada, Əsgər müəllimin həyatında təvəllüd məsələsi, yaş amili çox da funksional deyil. İllər yalnız rəqəmlərdən ibarət göstəricidir, Əsgər müəllim yaşından daha irəli işlər gördüyündən, bu ömürə tutumundan artıq nəsnələr yerləşdirdiyindən 70 yaşa görə onu sadəcə ürəkdən təbrik etmək olar. Hətta 10 il, 20 il sonra da, qismət olsa, Əsgər müəllimi təkcə yeni yaşına görə yox, bütün yaşadığı səmərəli, faydalı, xeyirxah illərə görə təbrik etmək mümkündür.
Əsgər müəllimlə barmaqsayı görüşlərim olduğundan, demək olar ki, bütün söhbətlərini xatırlayıram. İlk dəfə imzamı eşidəndə yazılarımı oxuduğunu dedi və sonradan məlum oldu ki, təkcə mən yazmışam deyə yox, ümumiyyətlə, Əsgər müəllim "525-ci qəzet"in bütün nömrələrini oxuyur. Qəzetimizin sadiq oxucularından biri kimi, bu fakt ilk dəfə ona qəlb isindirməyimə vəsilə oldu. Sonradan nəzərimdə bir-birindən maraqlı xatirələrin, söhbətlərin ünvanına çevrilən Əsgər müəllim öz peşəsinin siması kimi yaddaşıma həkk olundu. Arxiv bir ölkə üçün var olmanın istinad nöqtəsi kimi ən əlahiddə bir sistemdir. Bütün gizlin və aşkar mətləblərin ilk işartısı arxivlərdə qorunur. Əsgər Rəsulov öz vəzifəsini layiqincə yerinə yetirdiyindən, peşəsinə ürək yandırdığından və ən əsası, vicdanla bu xalqa, dövlətə xidmət etdiyindən milli arxiv sistemimizin aydın, uğurlu simasına çevrilib. Əsgər müəllim öz dostları, tanışları, bir sözlə, onunla ünsiyyətdə olan hər bir kəs üçün istinad nöqtəsidir, bir çox mətləblərin dəqiq bilicisidir. Bu mənada, onu nəfəs alan arxiv, milli yaddaşın insan halıda adlandırmaq yerinə düşər...
Əsgər Rəsulov 1954-cü il martın 3-də Naxçıvan şəhərində anadan olub. 1960-1970-ci illərdə Naxçıvan şəhərində Əkbər Ağayev adına 1 nömrəli orta internat məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub və 1971-1976-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra dörd il SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Türkiyə Cümhuriyyətində tərcüməçi, 1989-1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent vəzifəsində işləyib. 1983-cü ildə "Türk ədəbiyyatında oçerk janrı" mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə isə "Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları" mövzusunda filologiya üzrə elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Əsgər Rəsulov respublikamızda ilk dəfə 1989-cu ildə nəşr olunmuş və bu günə qədər hər dəfə yenidən işlənib təkmilləşdirilərək müxtəlif illərdə dörd dəfə nəşr edilən ilk "Türk dili" dərsliyinin (prof. R.Rüstəmovla birgə), eləcə də "Türk sənədli-bədii nəsri", "Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili", "Türkcə-rusca-azərbaycanca dilçilik terminləri lüğəti", "Dilmanc" kimi 10-a yaxın kitabın, 15 fənn proqramının, Azərbaycanda və xaricdə nəşr edilmiş 100-dən artıq elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. 20-yə qədər kitabın ixtisas və tərcümə redaktoru olub. Bir çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib. 1980-ci ildən bu günə qədər BDU-da baş laborant, müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi çalışıb və elmi-pedaqoji fəaliyyətini indi də davam etdirir.
Əsgər Rəsulovu tanıyanlar Əsgər Rəsulu da tanımalıdır... Əsgər Rəsulovun nizamlı fəaliyyətinin, yaşam tərzinin bədii inikası Əsgər Rəsulun, Füzuli demiş, "nəzmi-nazik"lərində obrazlı şəkildə özünü büruzə verir. Əsgər müəllimin şeirlərində də o ruhu, həssaslığı, düşüncə dərinliyini duymaq olur. Əsgər Rəsul imzası ilə ara-sıra şeirləri mətbu orqanlarda çap olunan görkəmli alim sözü sanbaldan salmır, sehrini itirmir, qələmindən çıxanların təəssübünü çəkir, qiymətini bilir.
Şərqşünaslıqla bağlı fikirlərini bölüşəndə də Əsgər müəllim əsla "şparkalqa"lı çıxış etmir, orijinallığını qoruyub saxlayır. Elmi mülahizələrində nə qədər orijinaldırsa, bədii yaradıcılığında da bir o qədər təbiidir. Bu təbiilik onun xarakterindən irəli gəlir.
Azərbaycan Respublikası Prezidentinin 2 mart 2024-cü il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi Əsgər Rəsulovun zəhmətinə verilən böyük qiymət kimi hər birimizi sevindirdi.
"525-ci qəzet"in əziz dostu, tanınmış fikir və söz adamı, öz parlaq zəkası ilə çox qaranlıqları aydınlandıra bilən Əsgər Rəsulovu yubileyi münasibətilə kollektivimiz adından təbrik edir, ona cansağlığı, fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!