525.Az

Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu - Telman Orucov yazır


 

Antoni ilə Kleopatranın gur məhəbbətinin faciəli sonluğu - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

 On iki illik məhəbbətə son nöqtə qəbirdə qoyuldu. Onların məhəbbətdən gələn nəhayətsiz sevincinə də, siyasətdən gələn bütün bədbəxtliklərinə də ölüm son qoydu. Məhəbbətdə onlar bir-birinə qovuşmaqla ən yüksək zirvəyə çatdıqları halda, ilk görüşdən sonra həyat məsələlərindəki, siyasət və hərb sahəsindəki uğursuzluqlar onların ömürlərinə zəhər qatmağa başladı. Lakin onları ağuşuna alan eşq, bir-birinə dəlicəsinə olan vurğunluq bütün bədbəxtlikləri onlara unutdura bilirdi. Ona görə də bir səhv addım digər daha böyük səhvlə tamamlanırdı. Bunlar isə qar topası kimi bir-birinin üstünə yığışdıqca böyüyürdü, onlar üçün olan bütün çıxış yollarının bağlanmasına səbəb olurdu. Bütün sevgi macəralarına, eyş-işrətə və ziyafətlərə baxmayaraq, uzun sürən xəstəliklər kimi bu uğursuzluqlar seriyası onların dayaqlarını zəiflədirdi, məğlubiyyətlər və xəyanətlərin sayı artır və miqyası böyüyürdü. Bu, bütünlüklə faciə ilə nəticələnə biləcək bir finaldan xəbər verirdi.

42-ci ildə Antoni və Oktavian birlikdə respublikaçılar Bruta və Kassiyə Fillipidə qalib gəldikdən sonra, Antoni hərb səhnəsində elə bir nəzərə çarpan qələbə qazana bilmədi. Adlı-sanlı Antoni hər dəfə məğlubiyyət acısı daddığı halda, təcrübəsiz Oktavian başqasının hesabına olsa da (əsasən, Mark Aqrippanın sərkərdəlik məharəti onun dadına yetirdi), 40-cı ildə o, Peruziyada üsyan edənlərin qoşunlarına, 36-cı ildə isə Yuli Sezarın qatı düşməninin oğlu Sekst Pompeyə dəniz döyüşündə qalib gəlmişdi. Aktsi müharibəsi isə məşhur sərkərdənin biabırçılığı, 32 yaşlı gənc sərkərdənin isə zəfəri ilə başa çatdı. Antoni, beləliklə, təkcə yaxşı səriştəsi olmadığı siyasət səhnəsində deyil, onun üçün ən əlverişli və tanış olan hərb səhnəsində də uduzmağa başladı. Oktavian siyasət sahəsindəki məharətinə hərbi sahədəki ustalığını da yaxınlaşdırırdısa, Antoni də siyasət elmindəki nisbi naşılığına və özündənrazılığa hərb meydanındakı vəziyyəti düzgün hesablamamağı və qiymətləndirməməyi əlavə edirdi, ağılsız risklərə getməklə hər şeyi taleyin, qismətin ümidinə tabe edirdi. Olduqca ehtiyatlı Oktavian isə macəra axtaran təbiətli Antonini asanlıqla belə bir yarışda udurdu. Müharibələrdə daim hərbi texnikanın səviyyəsindən və hərbi qüvvələrin miqdarından asılı olmayaraq, ağlın qalib gəldiyi, ağıl deyilən silahın daim güclü olduğu mülahizəsini əsas götürsək, çox hiyləgər və məharətli strateq və taktik olan Oktavianla, hər şeyi diqqətlə planlaşdırmaqdan uzaq olan və bəzi məsələlərdə bağışlanmaz sadəlövhlük göstərən Antoni arasında böyük fərq, iri məsafə olduğunu etiraf etmək lazımdır. Antoni daim özü yaratdığı çətinliyin girovuna, quluna çevrilmişdi.

Antoninin faciəsinin kökləri uzağa, Yuli Sezarın qətlə yetirilməsindən sonrakı günlərə gedib çıxır. Bu qətldən sonra diktatora yaxın olmasından istifadə edən konsul Mark Antoni çətin və qorxulu bir şəraitdə nəinki təşəbbüsü ələ ala bildi, həm də Senata öz iradəsini diktə etməyə, əslində, dövlətdə hökmran olmağa müvəffəq oldu. Əgər dostunun zorakılıqla ölümü ona qeyri-adi perspektiv vəd edirdisə, gənc Oktavianın Romada peyda olması əvvəlcə onun planlarına müəyyən düzəlişlər etdi, sonra isə onların arasında yaranan təfriqə 43-cü ildə vətəndaş müharibəsinin ilk mərhələsinin meydana gəlməsinə səbəb oldu və Antoninin qoşunlarının ilk dəfə darmadağın olunması ilə nəticələndi. Respublikaçılar üzərində qələbənin ləzzətini hələ lazımınca dadmamış, 41-ci ildə Antoninin arvadı Fulviya və qardaşı Lutsi Antoni Oktaviana qarşı geniş təbliğat kampaniyasına başladılar. Sonrakı ilin yazında Peruziya şəhərində üsyan edənlərin qoşunları məğlub edildikdə Oktavianın bu düşmənləri də ağır vəziyyətə düşdülər. Bu, iki əsas rəqib - Oktavianla Antoni arasında münaqişəni yetişdirirdi. Bundan başqa, Antoninin Parfiyaya yürüşü də uğurla nəticələnmədi. Bundan sonra o, Kiçik Asiyadakı qələbəsinin zəfər mərasimini Aleksandriyada keçirməklə romalıların heysiyyətinə toxunan qəbahətli hərəkətə yol verdi. Zəfər yalnız Romada keçirilə bilərdi və Kapitolidəki Yupiter məbədində qurban verilməli idi. Bunlar azmış kimi, o, öz arvadı, Oktavianın bacısı Oktaviya Afinaya gələndə, onunla görüşməkdən imtina etməklə təkcə öz arvadını deyil, həm də onun qardaşını təhqir etdi. Nəhayət, onun romalıları hiddətə gətirən vəsiyyəti elan olunduqda bu, səbir kasasını dolduran sonuncu damla oldu və artıq Kleopatraya müharibə elan edilməsi adı altında Oktavianla Antoni arasında həlledici müharibə başlandı. 31-ci ilin sentyabrında Aktsidəki döyüş Kleopatranın düşünülməmiş hərəkəti - qaçması, sərkərdə Antoninin isə daha böyük ağılsızlığı, döyüş səhnəsində fərarilik etməsi ilə əlamətdar oldu. Döyüşdən qaçmaqla o, bir hərbçi kimi özünü biabır etdi, bu alçaldıcı hərəkət onun bir sərkərdə kimi bütün qələbələrinin üzərindən xətt çəkdi, bu hadisə yaddaşlarda həkk olunmaqla onun uğurlu yürüşlərini, qələbələrini, mükafatlarını bütünlüklə yaddan çıxardı.

Döyüşdən qaçması onu kəmağıllılıq rəmzinə çevirdi, bu məsuliyyətsiz bir addım onu fəlakət uçurumuna atdı. Artıq bu uçurumdan onu allahlar da çıxarmağa cəsarət etmədilər və onun məğlubiyyəti Misirdə özünün gözlənilən finalına çatdı. Axı onun həyat tərzi də onu məhvə yaxınlaşdırırdı. Belə eyş-işrət ən ağıllı adamı poza bilərdi, Antoni isə heç də böyük ağlı və möhkəm iradəsi ilə qürrələnə bilməzdi. Son illərdəki yelbeyinliyini o, Kleopatraya vurulması ilə izah etsə də, ən məsuliyyətli anlarda o, iradəsini işə sala bilmirdi, hətta sınaq dəqiqələrində belə, təkcə özünü deyil, böyük bir ordunun tale adlanan gəmisini hadisələrin gedişi adlanan dəli dalğaların ixtiyarına buraxırdı. O, getdikcə real həyatdan aralanırdı, uzaqlaşırdı, qarşıya çıxan sınaqlardan baş açmaq, onları dəf etmək əvəzinə, özünü mistik düşüncələrə, uydurma fikirlərə həsr edirdi, gerçəklikdən çox-çox uzaq olan təxəyyülə tabe edirdi. O, özünü bütünlüklə təkcə vətəninin qayğılarından deyil, hətta öz ailəsinin, uşaqlarının bir hissəsinin qayğılarından azad etmişdi. Son vaxtlarda isə o, onu sıxan dərdlərdən canını qurtara bilmədiyinə görə öz ruhunu da itirirdi. Bu dövrdə ona dünyanın hökmranlığı da heç bir fayda verə bilməzdi. Bibliyada deyildiyi kimi, "bütün dünyanı əldə edən adam öz ruhunu itirirsə, bunun həmin adama nə faydası ola bilər".

O, həyatı tərk etməklə öz biabırçılıqlarını da özü ilə apardı. Lakin onun məhəbbəti bir qeyri-adi əhvalat kimi, yanğısını qurbanla söndürən və hər şeyi məhv edən bir alov kimi tarixin mənsubiyyətinə çevrildi. Ona görə də Antonini bütün başqa hərəkətlərində kim necə qınayırsa qınasın, onun məhəbbətini məzəmmət etmək mümkün deyil. Məhəbbət elə bir hissdir ki, hər şeydən yüksəkdə durduğundan ona haqq qazandırmağa da ehtiyac yoxdur. Bu iki fiziki cəhətdən gənclikdən çox uzaq olan, lakin son ana qədər gənclik ehtirası, dəlicəsinə bir çılğınlıqla sevən adamlar arasındakı eşq, əksinə, tərifəlayiqdir. Bu sevgi macərasına görə onlar yüksək qiymət almalı və bu qiymət çar Solomonun "Şərqilər şərqisi"ndən geri qalmayan ən ülvi nəğmələrdə vəsf olunmalıdır. Kleopatra kimi gözəl bir məxluq yalnız dəlicəsinə məhəbbətə layiq idi. Şekspir demişkən, "əgər qadın şeytan deyilsə, allahların xörəyidir".

Kleopatra miflərdən yerə enmiş və adamlar arasında yaşayan gözəllik ilahəsi idi. Bu ilahənin məhəbbət ağuşunda hər şey məhv olmalı, yoxa çıxmalı idi. Çünki odlu məhəbbət hər şeyi əridir, uca dağları da özünün tektonik qüvvəsi ilə uçurub-dağıda bilir. Antoni də bu məhəbbət qarşısında iradəsini və ağlını hifz etməklə dayana bilməzdi. Məhəbbət mehrabına əvvəlcə ən azı ağıl qurban verilir, sonra isə insan bütünlüklə məhv olur. Antoni ilə Kleopatranın sevgisi bir-birini axtarıb tapan ruhların görüşü, ruhların birləşməsi idi. Bu ruhların qılafı olan bədən isə yalnız erotik tələbatı ödəməyə xidmət edir, ruhların əlində sadə, bəlkə də, kobud alətdir.

Kleopatranın zərifliyi, gözəlliyi onun ruhunun yerləşdiyi bədənin də ali hissəyə yaxınlaşmasından, bu qaşı daha da məftunedici edən sağanaqdan, üzükdən xəbər verir. Onun ruh adlanan mirvarisini özündə gəzdirən bədən adlanan dəniz ilbizinin qılafı da cazibədarlığı ilə mirvarinin böyüməsinə, daha gözəl və parlaq olmasına şərait yaradırdı. Şekspir qələminin köməyi ilə o, ölüm anında olan Antoniyə onun üçün ən qiymətli olan hədiyyəni - dodaqlarının hərarətini bəxş edir: "Come then, and take the last warmth of my lips" - "Sonra gəl və götür dodaqlarımın son hərarətini". Çünki Kleopatranın bədəni də ruhu ilə bir ahəngdə yaşayır və bu harmoniyadan onun gözəlliyi daha əsrarəngiz, daha müqayisəyə gəlməz olurdu. Ona görə də adamlar gözlərini bu qadına, arı çiçəklərə baxan kimi dikirdi. Axı onun səsi də ən zərif musiqi kimi səslənirdi və hamını məftun edirdi. Təbiət onun gözəlliyində heç bir nöqsana yol verməməklə, onu əbədi gözəllik rəmzi kimi yaratmışdı. Bu gözəlliyin isə dillərdə əzbər olmasına da haqqı var idi. Axı belə gözəlliyin də məhəbbətin özü kimi nə həddi, nə də ölümü mövcud idi. Ona görə də Kleopatra öldükdən sonra belə, onun gözəlliyi əfsanələrdə yaşamağa başladı.

Antoni və Kleopatranın ölümü bu məhəbbət dastanına son qoydu. Bu əhvalatın baş verdiyi dövr qısa olsa da, məhəbbət özü onu daşıyanların ömrü ilə müqayisəyə gəlməyən əsrlər, min illər yaşadı. Həyat bu məhəbbət nektarına zəhər damcıları da qatırdı. Bu sevgi macərası, bu eşq poeması nə qədər fərəhli günlər və səadət anları bəxş etsə də, məşəqqətlərdən, acı həyat fəlakətlərindən uzaq qaça bilmirdi, buna görə də Antoni və Kleopatranın sevgi romanını dünyanın ən maraqlı və ülvi əhvalatlarından biri hesab etmək olar.

Bu məhəbbətin ən böyük bədbəxtliyi onda idi ki, o, siyasətlə bir məkanda yaşamağa məcbur idi. Siyasət adlanın qəfəs bu fağır quşcuğazı sıxıb öldürürdü və nəhayət, öz istədiyinə nail olub, onu məhv etdi. Öz antipodu tərəfindən qətlə yetiriən məhəbbət başqa çıxış yolu tapmayanda, onun daşıyıcıları məhəbbəti yenidən diriltmək üçün ölümə məhkum oldular. Kleopatra ilə Antoni dünyadan getdi, onların bəxş etdikləri məhəbbət adlı varlıq isə yaşamaq üçün qaldı və iki adamın mənsubiyyətindən çıxıb bütün bəşəriyyətin sərvətinə çevrildi. Müdriklər demişlər ki, yaxşı o vaxt hesab oluna bilər ki, qocalıq həyatın böyük pyesinin axırıncı səhnəsi kimi özünü göstərsin. Bu, iki qəhrəmanın, xüsusən, Kleopatranın həyatı isə qısa müddət davam edən bir dramı andırırdı. Onların həyat adlanan səhnənin pərdəsi tez ensə də, məhəbbət tamaşasının pərdəsi heç vaxt düşmədi, nəhayəti olmayan bir tarixi dövr ərzində öz füsunkarlığına çoxlu tamaşaçı cəlb etdi. Bu məhəbbətin aliliyinə heyranlıqla baxmaq üçün biz ətrafda baş verən qanlı döyüşlərin cingiltisini, müharibələrin qorxunc səsini eşitməməkdən ötəri, məhv edən sirenaların nəğmələrindən qorunmaq üçün dənizçilərin etdikləri kimi, qulaqlarımızı tıxamalıyıq. Bu vaxt bizim nəzərlərimiz yalnız heç bir ləkə götürməyən məhəbbətə və Kleopatranın ilahi gözəlliyinə dikiləcəkdir.

Yevripidin yazdığı kimi, qadın zəif məxluqdur, çox vaxt göz yaşlarına güc verir. Kleopatra da əksər hallarda bu zəifliyi nümayiş etdirirdi, lakin həlledici anda məhəbbəti və amalları yolunda özünü fəda edə bildi və bununla da, öz yenilməz eşq vəfasına şəxsi həyatı hesabına abidə yaratdı. Bu, bir də ondan xəbər verir ki, allahlar ilahələrə, gözəl qadınlara biganə qalmadıqları kimi, bu torpaq üstündə gəzən gözəllik ilahəsinin - Kleopatranın taleyinə də biganə qalmadı. Həyatın və ya ölümün yaxşı olması sualı isə yalnız Allaha məlumdur. Məhəbbəti ilahiləşdirən ölüm isə, bəlkə də, ülvi hisslərdən xali olan həyatdan, az mənalı ömür timsalındakı mövcudluqdan daha dəyərlidir.

Son

12.09.2023

 

 





04.03.2024    çap et  çap et