525.Az

Korrupsiyaya bulaşmış Avropa Parlamentinin Azərbaycan aqressiyası 


 

"SAXTA DƏYƏRLƏRLƏ REGİONDA SÜLHƏ TÖHFƏ VERMƏK OLMAZ"

Korrupsiyaya bulaşmış Avropa Parlamentinin Azərbaycan aqressiyası <b style="color:red"></b>

Avropa Parlamenti növbəti dəfə Azərbaycan əleyhinə qətnamə qəbul edib. Ermənipərəst dairələrin yuva saldığı bu qurum çoxdan öz obyektivliyini itirib və sifarişlə hərəkət edir. Ümumiyyətlə, Avropa təsisatlarının Azərbaycana yönəlik bu cür addımları yumşaq desək, təəssüf doğurur. Bundan əvvəl, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərəzli qərar qəbul edildi. Həmin qərar da məhz bu qurumdakı ermənipərəst dairələrin sifarişinin nəticəsi idi. 

Avropa Parlamenti dəfələrlə ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirib, heç bir əsası olmayan qətnamə qəbul edib. Azərbaycana qarşı çıxan deputatlar da eyni simalardır. Onların əvvəl də Avropa Parlamentində eyni mövqe sərgilədiklərini nəzərə alsaq, bir daha bu kağız parçalarının sifariş əsasında qəbul edildiyi məlum olur.

Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu çirkin kampaniyanı aparanları növbəti dəfə ifşa edib. Dövlət başçısı vurğulayıb ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən, Avropa İttifaqı üçün adi hala çevrilib. Səbəb isə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsidir. Azərbaycan bununla bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlət başçısı təəssüf hissi ilə qeyd edib ki, Aİ-nin, daha dəqiq ifadə etsək, Fransanın qeyri-adekvat bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir.

Qeyd edək ki, Azərbaycana qarşı sanksiyalara çağırışların yer aldığı AP-nin qətnaməsində ölkəmizin guya Ermənistana hücum edə biləcəyi ilə bağlı reallığa uyğun olmayan, əsassız ehtimallar yer alıb. Prezident İlham Əliyev Almaniya nümayəndə heyəti ilə görüş zamanı bu məqama da toxunaraq deyib ki, bu bəyanatlar heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Azərbaycanın Ermənistana hücum etmək kimi planları yoxdur. Bunlar sadəcə, cənab Makronun insinuasiyalarıdır. Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan antiazərbaycan siyasətinin bir hissəsidir. Rəsmi Bakı növbəti dəfə bəyan edib ki, Azərbaycan sülh prosesinə sadiqdir.

Avropa Parlamentinin məlum qətnaməni Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda qəbulu da həmin qüvvələrin sifariş əsasında sülh prosesinə mane olmaq niyyətlərini göstərdi.

Təbii ki, bütün bu oyunların arxasında Fransanın dayandığı heç kimə sirr deyil. Makron hakimiyyəti öz gücünü Azərbaycana qarşı kampaniyalara, ölkəmizə zərər gətirəcək planların qurulmasına yönəldib. Bunun üçün də bütün imkanlardan istifadə edir. Amma Prezidentin dediyi kimi, Azərbaycan haqlıdır və  beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Ona görə də Makron kimilərin bu çirkin planları həyata keçməyəcək.

Avropa Parlamentinin bu qərəzinin əsas səbəblərindən biri də iyunda keçiriləcək seçkilərdir. Azərbaycana qarşı çağırışları da erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirirlər. Bu maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməni əsilli Yunanıstan vətəndaşı Kaspar Karapetyan dayanır. Karapetyan mənfi imicə malik, adı çirkli pulların yuyulması, şübhəli maliyyə əməliyyatlarından tutmuş müxtəlif neqativ məsələlərdə çəkilən şəxsdir.

Almaz biznesi ilə məşğul olan Karapetyan ələ aldığı bir qrup deputatdan istifadə edərək hətta Avropa İttifaqının ümumi gündəliyinə müdaxilə etməyə, öz biznes maraqlarına uyğun olmadığı üçün Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiya paketinə almaz biznesinin daxil edilməməsinə çalışır. Qeyd edək ki, Rusiyadan almazlar Belçikaya gətirilir, orada cilalanır və satılır. Ermənistandan da almazlar eyni qaydada Belçika vasitəsilə cilalanıb satılır. Karapetyanın biznesi bunun üzərində qurulub və AP deputatlarına verilən rüşvətin mənbəyi də burdandır.

Beləliklə, Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kayli ilə bağlı rüşvət qalmaqalından dərs çıxarmayan Avropa Parlamentinin bəzi üzvləri bu dəfə Kaspar Karapetyanın pul tələsinə düşüblər.

Eva Kayli demişkən, ümumiyyətlə, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Avropa Parlamentinin yaxın tarixinə baxsaq, bu qurumun korrupsiya mənbəyi olması bir daha öz təsdiqini tapır. Xanım Eva Kayli iki il əvvəl polisin həyata keçirdiyi əməliyyat nəticəsində rüşvət və korrupsiya ittihamı ilə həbs edilmişdi. Polisin apardığı axtarışlar zamanı Eva Kaylinin evindən 600 min avro, iş otağından isə 20 min avroya yaxın nəğd pul tapılıb. O və əlbir olduqları təbii ki, bu pulların mənbəyini izah edə bilməmişdilər. Bunlar polis tərəfindən aşkara çıxarılan işlərdir, ictimaiyyətə məlum olmayan belə faktlar əlbəttə ki, çoxdur.

İndi belə bir təşkilatın Azərbaycanı ittiham etməsi həm də gülüc görünür. AP artıq nüfuzunu itirmiş bir təsisata çevrilib.

İstənilən halda,  AP-nin bu cür qətnamələrinin heç bir əhəmiyyəti və mənası yoxdur. İllərdir ki, biz eyni yanaşmanı görürük və Azərbaycan bununla heç nə itirmir. Əksinə, Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının özü üçün faydalıdır. Söhbət enerji əməkdaşlığından və digər sahələrdən gedir. Onu da vurğulayaq ki, Aİ özü və üzv dövlətlər belə sənəddə əks olunan xülyaları qəbul etmirlər.

Onu da unutmaq lazım deyil ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan öz yolu ilə addımlamaqda, dövlətimizin, xalqımızın maraqlarını üstün tutan siyasətini həyata keçirməkdə davam edəcək. Bu cür kağız parçaları isə onun müstəqil siyasət xəttinə təsir etməyəcək. Həmin qərəzli qətnamələri qəbul edənlər bu barədə düşünsələr, yaxşı olar. Qərb həm də mütləq monopoliya dövrünün artıq başa çatdığının fərqində olmalıdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə bildirib ki, Avropa təsisatlarının, qurumlarının Azərbaycana qarşı təxribatları, qərəzi davam edir: "Deyə bilərik ki, artıq bu təxribat, bu yanaşma ikilistandart, qərəz, ədalətsizlik çərçivəsini də keçib. Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlayan, Xocalı soyqırımını törədən, Qarabağda, Şərqi Zəngəzurda Azərbaycanın bütün mədəniyyət abidələrini dağıdan, davamlı olaraq atəşkəsi pozan Ermənistanla bağlı heç bir addım atmayan həmin qurumlar indi ölkəmizi bu kimi məsələlərdə ittiham edirlər. Artıq neçənci dəfədir ki, Avropa Parlamenti Azərbaycan əleyhinə belə qətnamələr qəbul edir. Bu, açıq-aydın onu göstərir ki, burda birmənalı qərəz, ədalətsizlik var, onlar bu cür yanaşma ilə bölgədə gərginliyin davam etməsinə çalışırlar və Ermənistanı yeni müharibələrə təşviq edirlər. Düşünürlər ki, bu kimi addımlarla Azərbaycana qarşı nəsə həyata keçirə biləcək və ölkəmizin müstəqil siyasət həyata keçirməsinin qarşısını ala biləcəklər. Amma nəzərə almaq lazımdır ki, bu cür addımlarla onlar heç bir məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan öz haqlı mövqeyini sonadək müdafiə edəcək.

Cənab Prezidentin qeyd etdiyi kimi, əgər bu kimi təxribatlar davam edərsə, Azərbaycan ümumiyyətlə AŞPA-dan çıxmaq barədə də ciddi şəkildə düşünə bilər. Yəni Azərbaycan bu ikili standartlara, qərəzə uzun müddət dözmək fikrində deyil. Çünki bu cür təxribatlar, qərəz artıq davamlı xarakter alıb, özünü açıq-aydın göstərir. Ona görə də Azərbaycanın tam haqqı var ki, adekvat qərarlarını qəbul etsin. Onlar çalışmalıdırlar ki, bu cür addımlara son qoyub, təxribatlardan əl çəksinlər".

Deputat Vüqar Bayramov isə deyib Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini davam etdirir. Avropa Parlamentinin sonuncu iclasında italiyalı Fabio Kastaldo və almaniyalı Viola Kramon öz çıxışlarında 30 il Azərbaycan torpağını işğal altında saxlayan və həmin əraziləri tamamilə dağıdıb xarabalığa çevirən Ermənistana dəstək olmaqla yanaşı, ölkəmizə qarşı təhdidlərə də cəhd göstəriblər. O bildirib ki, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanın antiterror əməliyyatlarını "hərbi aqressiya" kimi qələmə vermək nəinki ədalətsiz və qərəzli mövqedir, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir.

Deputat xatırladıb ki, Azərbaycan öz suveren hüquqları çərçivəsində ərazi bütövüyünü bərpa edib: "Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bir daha təsdiq etdi ki, qalib xalq Müzəffər Ali Baş Komandanının siyasətini tam dəstəkləyir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülh və təhlükəsizliyin güclənməsinə xidmət edir. Unutmayaq ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür. Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var.

Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz".

 

 





04.03.2024    çap et  çap et