525.Az

Tiraspol Rusiyadan kömək istəyir


 

Tiraspol Rusiyadan kömək istəyir<b style="color:red"></b>

Separatçı "Dnestryanı Moldova Respublikası"nın "ali orqanı" olan, bütün seçki orqanların deputatlarının fevralın 28-də keçirilən "qurultayı" öncəsi Tiraspolun müstəqilliyinin tanınması ilə bağlı Moskvaya müraciət edəcəyi gözlənilirdi. Lakin bunun əvəzində "DMR"in deputatları Moldovanın təzyiqinə görə Rusiyadan kömək istəmək barədə qətnamə qəbul ediblər. Qətnamadə deyilir ki, "DMR" bu günə qədər görünməmiş iqtisadi, sosial, humanitar, hərbi-siyasi xarakterli təhlükələrlə üzləşib. Sənəddə Dnestryanıdakı gərgin vəziyyətin təcili və ən fəal beynəlxalq müdaxilə tələb etdiyi qeyd olunur. Lakin Moskvanın respublikanı qorumaq üçün hansı tədbirlər görməli olduğu açıqlanmır.

Qeyd edək ki, 2008-ci ilə "DMR"in deputatları Rusiyanı respublikanın müstəqilliyini tanımağa və bölgədə hərbi iştirakını artırmağa çağırmışdı. Lakin 16 il sonra deputatlar yalnız yardım istəməklə kifayətləniblər. Amma bu köməyin də nədən ibarət olduğuna aydınlıq gətirməyiblər. Belə görünür ki, "qurultay" Tiraspolla Kişinyov arasındakı əsəb müharibənin bir hissəsindən başqa bir şey deyil. Çünki Tiraspolda və Moskvada gözəl bilirlər ki, Rusiyanın hazırda "DMR"in müstəqilliyini tanımaq və ya ona hərbi yardım göstərmək imkanı yoxdur. Müstəqilliyin tanınması ilə bağlı Moskvaya müraciət Rusiyanı daha əlverişsiz vəziyyətə sala bilərdi. Lakin Tiraspol hakimiyyəti anlayır ki, Qərbin güclü dəstəyinə malik Kişinyovun "DMR"ə təzyiqlərini artırmasının qarşısının alınmayacağı halda "respublika"dan kütləvi köç yarana bilər. Bu isə "DMR"in süqutu ilə nəticələnər. Ona görə kömək üçün Rusiyaya ünvanlanan müraciətdə  "respublika"da yaşayan 220 min nəfər Rusiya vətəndaşının hüquqlarının qorumasının zəruriliyinə vurğu salınıb.

Tiraspol Rusiyadan yardım istəməsinə qarşı NATO-dan Kişinyova dəstək çağırışları səslənib. Şimali Atlantika Alyasının baş katibinin müavini, rumıniyalı siyasətçi Mirça Coana bəyan edib ki, Rusiya Dnestryanı ərazini ilhaq etməyə çalışsa, NATO Moldovanı dəstəkləyəcək. NATO ilə yanaşı, Avropa İttifaqı da Kişinyova tam dəstəyini ifadə edib. Brüsselin mövqeyi belədir ki, Dnestryanı ətrafındakı münaqişə sülh yolu ilə, Moldovanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həll olunmalıdır.

NATO və Avropa İttifaqının siyasi dəstəyinə malik Moldovanın Rusiya ilə qarşıdurmada ən güclü müttəfiq Ukraynadır. Dnestyanı bölgə Moldova ilə Ukraynanın arasında yerləşir və Rusiya ilə birbaşa quru sərhədi yoxdur. Ukrayna prezidenti Volodimir Zelenski Kişinyovun müraciəti olacağı halda Moldovaya Dnestryanı bölgədəki Rusiya bazasını zərərsizləşdirməyə yardım edə biləcəklərini bir neçə dəfə dilə gətirib. Ekspertlər hesab edirlər ki, Dnestryanı bölgədəki Rusiya bazasının ləğvi məsələsində Kiyevlə Kişinyovun marağı üst-üstə düşür. Əgər bölgədəki Rusiya hərbi bazası zərərsizləşdirilsə, Kiyev həmin istiqamətdə saxlamağa məcbur olduğu hərbi qüvvəni Rusiya ordusuna qarşı göndərə biləcək. Kişinyov, Tiraspol və Moskvada da bunun fərqindədirlər. Çox böyük ehtimalla, bu separatizm ocağı məhz Ukraynanın müdaxiləsi ilə söndürüləcək. Ukrayna Rusiya ilə cəbhədə kiçik üstünlük qazanan kimi Moldova ilə birlikdə "DMR"ə qarşı antiterror əməliyyatı keçirə bilər. Belə bir hərbi əməliyyata isə NATO ölkələri, xüsusilə Rumıniya ciddi dəstək verər. Belə görünür ki, postsovet məkanındakı ən uzunmüddətli münaqişə bölgələrindən biri də qondarma "DQR"in taleyini yaşaya bilər. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra bu ehtimal xeyli artıb.

 





04.03.2024    çap et  çap et