525.Az

Fransa "siyasi hərarəti" artırır - Xaqani Cəfərli yazır


 

Fransa "siyasi hərarəti" artırır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Fevralın 26-da Parisdə keçirilən Ukraynaya dəstək sammitindən sonra çıxış edən Fransa prezidenti Emmanuel Makronun NATO ölkələrinin gələcəkdə Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya qoşun göndərə biləcəyi ilə bağlı açıqlaması əsas müzakirə mövzusuna çevrilib. Bu da təsadüfi deyil. Fransa son zamanlara kimi Rusiyaya qarşı ən mötədil mövqe tutan ölkələrdən biri sayılırdı və buna görə rəsmi Paris sərt tənqid olunurdu. Buna görə də, Fransa prezidentinin Rusiyanın əleyhdarları üçün radikal görünən təkliflə çıxış etməsi təəccübə səbəb olmaqla yanaşı, geniş müzakirəyə çevrilib. Fransa prezidenti Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya ordu göndərilməsi ilə bağlı Şimali Atlantika Alyansının üzvləri arasında konsensus olmadığını bildiyi halda, bu təklifini gündəmə gətirməsi, hadisələrin inkişafı baxımından heç nəyi istisna etməməyə çağırması diqqətçəkicidir. Qərb mediasında yer alan məlumatlardan aydın olur ki, bir neçə ölkənin xüsusi təyinatlı qüvvələri Rusiya iğalına qarşı döyüşməkdə Ukrayna Silahlı Qüvvələrinə yardım edir. Nüfuzlu "Financial Times" nəşri yüksək rütbəli mənbələrinə istinad edərək Ukraynada Qərb ölkələrinin xüsusi təyinatlılarının olduğu haqqında məlumat yayıb. Bu məlumat indiyəcən təkzib edilməyib.

"The New York Times" qəzetində dərc edilən səsli-küylü məqalədən məlum olur ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Ukrayna ərazisində 14 bazası mövcuddur. Onlardan 12-si ön cəbhəyə yaxın ərazilərdəki əməliyyat bazalarıdır. MKİ-nin hərbiləşdirilmiş kəşfiyyat idarəsi olduğunu nəzərə alsaq, Ukrayna ərazisində ABŞ-nin xüsusi təyinatlı qüvvələrinin mövcudluğu təəccüblü görünməz. Digər tərəfdən, elektron kəşfiyyat məlumatları əldə edən xüsusi texniki avadanlıqların təhlükəsizliyini MKİ bir qayda olaraq özü həyata keçirir. Bundan başqa, Qərbin Ukraynaya hərbi təlimatçılar göndərdiyi haqqında çoxsaylı məlumatlar var. Bütün bunları nəzərə alanda Makronun təşəbbüsü sensasiya sayılmamalıdır. NATO-ya üzv ölkələrin Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya ordu göndərməsi sadəcə Qərbin Kiyevə hərbi dəstəyinin növbəti mərhələsi olacaq. Təəccüblü olan isə Fransa prezidentinin bu təşəbbüslə çıxış etməsidir. Üstəlik, Makronun bu təklifini Fransa preidentinin düşünülməmiş addımı kimi dəyərləndirmək də mümkün deyil. Çünki Fransanın Baş naziri Qabriel Attal Senatda keçirilən dinləmələrdə deyib ki, Fransa hakimiyyəti hava hücumundan müdafiəni gücləndirmək, Ukrayna ordusuna təlim keçmək və sərhədləri qorumaq üçün öz hərbi qulluqçularının Ukraynaya göndərilməsini istisna etmir. Attal bəyan edib ki, Fransa hökumətinin heç bir üzvü Rusiyanın Ukraynada qələbəsi perspektivi ilə barışa bilməz: "Reallıq ondan ibarətdir ki, Rusiya hər baxımdan Fransa üçün birbaşa təhlükə yaradır".

Senatda keçirilən dinləmələrdə Fransanın Avropa məsələləri üzrə dövlət katibi Jan-Noel Barro da Ukrayna ordusunun həm də Avropa İttifaqı və Fransanın təhlükəsizliyi üçün mübarizə apardığını qeyd edərək, Kiyevin məğlub olacağı halda cəbhə xəttin Qərbə doğru yuvarlanacağının qaçılmaz olduğunu bildirib: "Qonşunun evi alovlananda və yanğının yayılmaq təhlükəsi ilə üzləşdikdə, biz boş dayanmırıq, ayağa qalxırıq və tədbir görürük".

Fransa prezidentinin bəzi həmkarları NATO-ya üzv ölkələrin Ukraynaya ordu göndərməsinin əleyhinə çıxsalar da, Makronu dəstəkləyənlər də var. Estoniyanın Baş naziri Kaya Kallas deyib ki, Qərb liderləri belə bir ehtimalı istisna etməməlidir. "Politico" qəzetinin yazdığına görə, Estoniyanın Baş naziri deyib ki, NATO üzvü olan bütün ölkələr başa düşüb ki, biz Ukraynanın qalib gəlməsi üçün hər şeyi etməliyik.

Fransa prezidentinin təklifinin əleyhinə olanlar iki məqama görə bu təşəbbüsə qarşı çıxır. Birincisi. onlar hesab edirlər ki, NATO-ya üzv ölkələrin Ukraynaya ordu göndərməsi Şimali Atlantika Alyansı ilə Rusiya arasında birbaşa müharibəyə səbəb olar. Rusiya rəsmiləri də dəfələrlə bəyan ediblər ki, belə bir hal müharibəyə səbəb olacaq. Eyni zamanda, Rusiya rəsmiləri belə olacağı halda Avropanın aparıcı paytaxtlarına nüvə zərbəsi endirəcəklərini bəyan edirlər. Doğrudur, bu bəyanatı səsləndirən Rusiya rəsmilərinin NATO-ya üzv ölkələrinin bir neçəsinin nüvə silahına sahib olduğunu unutduğu qənaəti yaranır. Ən son olaraq prezident Vladimir Putin fevralın 29-da Federal Məclisə müraciətində Qərbin müdaxiləsinə Rusiyanın cavabının fəlakətli olacağını bəyan edib.

Bütün bunlar hər kəsə aydın olduğu halda Fransa prezidentinin ən radikal mövqeni nümayiş etdirməsinin səbəbləri maraq doğurur. ABŞ Konqresində partiyalar arasında yaranmış fikir ayrılığına görə Vaşinqtonun Kiyevə yardımı ləngiyir. Bu vəziyyət Fransaya önə çıxmaq, təşəbbüsü ələ almaq imkanı verir. Rusiyaya qarşı ən radikal mövqe tutmaqla Fransa itirdiyi mövqeləri yenidən geri qazanmağa çalışır. Digər tərəfdən, Rusiyanın Ukraynaya qarşı müharibədə qalib ola bilməyəcəyi yəqinləşməkdədir və belə görünür ki, Fransa bu vəziyyətdən yararlanmaq niyyətindədir. Müharibə çoxsaylı problemlər yaratdığı kimi, müharibədən sonra böyük imkanların yaranacağı da məlum məsələdir. Həmin imkanlardan isə öncə Rusiyaya qarşı müharibədə Ukraynaya yardıma öncüllük edənlər faydalanacaqlar. Fransa da məhz həmin dövrə hazırlaşır və məqsədlərinə çatmaq üçün "siyasi hərarəti" artırmaqdan çəkinmir.

 





05.03.2024    çap et  çap et