525.Az

Dini təhsildə xaricə meyl: təhlükəli nəticələr və çıxış yolları


 

Dini təhsildə xaricə meyl: <b style="color:red"> təhlükəli nəticələr və çıxış yolları</b>

Statistika göstərir ki, Azərbaycan müstəqillik qazanandan sonra xaricdə dini təhsil almaq üçün müxtəlif müsəlman ölkələrinə üz tutan şəxslərin sayı əvvəlki illərə nisbətən çoxalıb. Sovet dövründə dini ayinlərin qarşısının alınması, İslamın təbliğinin məhdudlaşdırılması xalqımızın dini-mənəvi dəyərlərə bağlılığına təsir etməyib. Ancaq məsələ burasındadır ki, müstəqillikdən öncəki illərdə din müstəvisində problem ocaqları, demək olar ki, yaranmayıb. Bir tərəfdən müstəqilliyin əhaliyə verdiyi sərbəstlik, digər tərəfdən də İslam dininə dövlətin münasibətinin müsbət olması, təəssüf ki, bəzən sui-istifadəyə, dinə çoxtərəfli yanaşmalara, bəzi qruplaşmaların yaranmasına gətirib çıxardı. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda deyilir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Həmin qruplaşmalar bu fikirlərdən sui-istifadə edib müxtəlif təsirlərlə müəyyən ambisiyalara xidmət edən zərərli qüvvəyə çevrildilər. 

Dini müstəvidə neqativ halların yaranmasının səbəbləri çoxdur. Təəssüf ki, o səbəblərin sırasında xaricdə dini təhsil məsələsi də var. Xaricdə dini təhsil alıb müsbət yönə istiqamətlənən, sağlam düşüncəli gənclərin sayı kifayət qədərdir. Amma xaricdə dini təhsil alanlar arasında populist düşüncələrlə hansı qüvvələrin təsiri altına düşüb cəmiyyətimizdə "hər zaman partlaya biləcək bomba"ya çevrilən şəxslər də mövcuddur.

Əvvəlcə, xaricdə dini təhsilin mexanizmi ilə tanış olaq.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yalnız Azərbaycanda dini təhsil almış şəxslər din xadimi kimi fəaliyyət göstərə, mərasimlərin aparılmasında iştirak edə bilərlər. Xaricdə dini təhsil almış şəxslər isə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər. Dini təhsil üçün xaricə yollanmazdan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən razılıq almaq mütləqdir. Əks halda, xarici diplomun Azərbaycanda tanınması, həmin şəxsin dini xadim kimi təsdiq olunması məsələlərində problem yaranır.

Dövlət yaxşı seçim təqdim edir: Ürəyin istədiyin yerdə dini təhsil al, yalnız mənimlə məsləhətləş, əks halda, mən sənə cavabdeh ola bilmərəm. Bundan əlavə, təhsil sistemimiz hansısa problemlər yaranmasın deyə, alternativ seçim təklif edir: İlahiyyat İnstitutu... İnstitutda hansısa məzhəbə əsaslanan dini təhsil verilmir.

Məsələ ilə bağlı fikirlərini "525-ci qəzet"lə bölüşən ilahiyyatçı Ağa Hacıbəyli qeyd edib ki, xaricdə təhsil alan tələbələrin maddi və mənəvi durumu ilə mütəmadi maraqlanmaq lazımdır ki, onlar hansısa mənfi təsirə düşməsinlər: "Müsəlman ölkələrində dini təhsil alan gənclərin əksəriyyəti sadəcə elmə, biliyə yiyələnib, ölkəmizə qayıdıb, Azərbaycandakı din mühiti, birliyimizi daha da qüvvətləndirməyə xidmət ediblər. Bir qisim gənclərimizin isə beyinlərini oğurlayıb inanclarından istifadə ediblər, onları milli kimliyimizdən ayıraraq alət kimi istifadə etməyə çalışıblar. Onların bir çoxu yanlış yolu seçdiklərinə görə peşman olub, ziyanın yarısından qayıdaraq çirkin təklifləri rədd ediblər, ölkəmizə qayıdıblar. Amma elələri var ki, kənar güclərin xüsusi təlimlərinə aldanıblar və bu şəkildə Vətənimizə xəyanət qapısını açıblar. Təkcə dini zəminlə xaricdə təhsil alan tələbələr yox, eyni zamanda, digər ixtisaslara yiyələnən gənclər də oxşar hallarla qarşılaşıblar. Ona görə də, biz gənc nəslin yetişməsi üçün elmi mühiti daha da inkişaf etmiş ölkələrə göndərilən gənclərin arxalarında dayanmalı, onların maddi və mənəvi təminatı ilə ciddi məşğul olmalıyıq ki, bizim övladlarımız zərərli xarici xidmət orqanlarının təsirinə düşüb yollarına azmasınlar... Medianın bu sahədə köməyinə hamımızın ehtiyacı var. Sağlam fikirlərin, dini təhsillə bağlı düzgün istiqamətləri özündə ehtiva edən düşüncələrin təbliği üçün mətbuatımız xüsusi rol oynamalıdır".

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Əhməd Niyazov "525"ə açıqlamasında məsələyə geniş aspektdən nəzər salaraq problemin kökündə dayanan səbəblərdən bəhs edib: "Dini təhsil almaq üçün xaricə üz tutanların mənfi istiqamətə yönəlməmələri, həmçinin bu səpkidə arzuolunmaz təmayüllərin cəmiyyətimizdə özünü büruzə verməməsi üçün xaricdə dini təhsil məsələsinə geniş və obyektiv aspektdən yanaşmaq lazımdır. Dini-ictimai məsələlərin həllində arzuolunmaz nəticələrdən qaçmaq üçün mənfi tendensiyaları doğuran səbəbləri götür-qoy etmək əhəmiyyətli məqamlardan biridir. Mövzumuz təhsillə bağlı olduğundan, bu taleyüklü məsələ  mühüm səciyyə kəsb edir. Toxunduğumuz məsələ həm də sosial islahatçılıq tələb edən bir sahədir. Xaricdə dini təhsil məsələsinə bir neçə aspektdən yanaşmaq lazımdır. Xaricdə ilkin dini təhsil almaq, bu sahədə təhsili davam etdirmək üçün əcnəbi ölkəyə üz tutmaq - bunlar, ilk növbədə, adi görünən hallardan hesab edilə bilər.  Mübahisə obyektinə çevrilən əsas məqam isə xaricdə dini təhsilin müasir şəraitə uyğun elmi müəssisələrdə deyil, illeqal mərkəzlərdə, şübhəli mühitdə qeyri-peşəkarlar tərəfindən tədris olunmasıdır. Dini əxz etmək məqsədilə xaricə üz tutmaq, dini savad əldə etmək, əslində, sosial bir ehtiyac olaraq yaranır. Bu hal hər bir vətəndaşın öz subyektiv hüququ ilə bağlı bir məsələ olsa da, mövzu dini təhsil olduğu üçün vətəndaş bu sahədə qərar verərkən yaxşı-yaxşı düşünməli, götür-qoy etməli, lazımi məqamları prioritet bir məsələ kimi  qarşısına qoymalıdır. Bu məqamlar nədən ibarətdir? İlk növbədə, hamılıqla nəzərə almalıyıq ki, xaricdə dini təhsil məsələsi digər təhsil istiqamətlərindən fərqlidir".

Ə.Niyazov deyib ki, dini təhsil sahəsi üzrə ölkələrin fəaliyyət proqramları müxtəlifdir və müəyyən fərqli məqamları ehtiva edir. Bu tədris sahəsinin bütün müsəlman ölkələri üzrə eyni olduğunu söyləmək çətindir. Bir-birindən fərqli olan ölkələrin təhsil proqramları əksər hallarda öz dini təhlükəsizliklərini təmin edəcək tərzdə qurulur. Bu da işin əsasını təşkil edir və həmin proqramlar təbii olaraq o ölkələrin mənafeyinə xidmət edir: "Bəzi hallarda isə ölkə maraqları, mənafeyi düşünülməyərək, müəyyən ideoloji əsaslar üzərində qurulan dini təhsil proqramı mücərrəd prinsiplərə xidmət göstərir. Belə olduğu halda, ölkələrin öz dini təhsil sistemlərini qurması xüsusi önəm daşıyır. Xaricdə, qeyd edilən mühitdə təhsilini başa vurub vətənə dönən tələbələrin bir qismi təhsil aldıqları əcnəbi ölkənin mövqeyindən çıxış edərək, dini sahədə fəaliyyətlərini davam etdirməsi arzuolunmaz nəticələr doğurur. Onlar birbaşa olaraq təhsilin keyfiyyəti yönündə bizə uyğun gəlməyən iş nümayiş etdirir  və  bu fəaliyyət tələbənin tədris etdiyi bazaya xidmət mahiyyəti daşıyır. Nəticə isə bu olur ki, onlar öz ölkəsinin milli maraqları ilə üst-üstə düşməyən istiqamətlərə yönəlir".

Ə.Niyazov ilahiyyat elminin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb: "Məlumdur ki, dinin əsası fərdə və cəmiyyətə mənəvi dayaq olmaqdan ibarətdir. Belə olduğu təqdirdə, istənilən fərd xaricdə təhsil alsa da, öz ictimaiyyətinə yad mövqedə ola bilməz. Əgər dinin bu cəhətini mənimsəyən və ictimaiyyətə yad ünsürlərə yönələnlər varsa, bunun təqsiri dində deyil. Necə deyərlər, günah dərin quyuda deyil, qısa olan ipdədir.

Bütün qeyd edilənləri nəzərə alaraq söyləyə bilərik ki, insan ictimai varlıqdır və hər bir şəxsin ehtiyacları müqabilində öz cəmiyyətindən müəyyən gözləntiləri vardır. Din bəşər tarixi qədər qədimdir və hər dövrdə insanın mühüm mənəvi dəyərinə çevrilir, fərdlərin ilkin tələbatları sırasında sadalanır. Bu baxımdan, hər bir cəmiyyətdə dinə olan mənəvi ehtiyacı nəzərə alaraq, bu sahədə savadlı mütəxəssislər yetişdirmək, ilahiyyat elminin inkişafını təmin edəcək addımlar atmaq, sözügedən sahədə bütün ehtiyacları qarşılayacaq tədbirlər görmək böyük zərurət kəsb edir".

Ə.Niyazov bu fikirdədir ki, təhsil sahəsində maksimum fayda metodu mühüm məsələdir. Şübhəsiz, bu sahədə müəyyən qrupların öz maraqlarını həyata keçirmələri üçün din amilindən istifadə etməsi, həmçinin bəzi xarici qüvvələrin də belə məqamlardan ustalıqla yararlanması bir faktdır: "Bütün bunların öhdəsindən gəlmək mümkündür. Belə ki, cəmiyyətimizin düzgün dini biliklərə sahib olması, bu sahədə fəaliyyət göstərəcək sağlam müəssisələrin yaradılması, həm də bütövlükdə ictimaiyyətin bu sahəyə dəstək olması vacibdir. Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat Kollecinin yaradılması dövlətimiz tərəfindən sözügedən sahədə atılan mühüm addımlardandır. Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunun əsas məqsədi də ölkəmizdə bu sahədə peşəkar və yüksəkixtisaslı kadrların hazırlanmasıdır".

Ekspertlərin fikirlərindən də bu nəticəyə gəlmək olar ki, əgər, həqiqətən, məqsəd ilahiyyat elminin dərinliklərinə nüfuz etmək və kamil imanla xalqa xidmətdirsə, sağlam düşüncə və güclü psixologiya mütləqdir. İfrat əmmaməçilik insanı xurafata sürükləyir, insanlar arasına nifaq toxumu səpir. Hələ böyük satirik şairimiz Mirzə Ələkbər Sabir keçən əsrin əvvəlində bu barədə yazır, şəriəti bayraq edərək öz ambisiyalarını güdənləri sərt tənqid edirdi. İndi dövr Sabirin dövrü deyil, amma bəzi problemlər elə həminkidir, xüsusən də dinə yanaşma məsələsində. Mütləq xaricdə dini təhsil almaq istəyənlərə deyiləcək vacib söz bir də bu ola bilər ki, Allah bütün dilləri bilir və bizi öz diyarımızda da eşidir...

 

 

 





04.03.2024    çap et  çap et